Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Masallı ensiklopediyası” –28-ci yazı. Musaküçə İnzibati Ərazi dairəsi


Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məm-mədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədə-niyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə  yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik.  Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa  da tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.

İşçi qrupun telefonları:

Zahir Əmənov (qrupun rəhbəri): - 0 50 322 75 23 (Həm də NAR-la)

Əlizaman Baxış:  - 0 50 427 70 25
Akif Ağayev – 050 3713513
Faiq Hüseynzadə - +7 921 278 51 21 (ancaq vatsap)

     Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızıla-var, Mahmudavar, Təzəkənd,  Köhnə Alvadı, Qodman, Yeyənkənd, Səmidxan, Çaxırlı, Miyankü, Təklə, Göyəçöl, Türkoba, Həsənli, Lürən, Şərəfə, Öncəqala, Tüklə, Qarğalıq, Sərçuvar, Güllütəpə İnzibati Ərazi Dairələri  ilə bağlı  yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Musaküçə İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:

1. Boradigah
  2. 
Qızılağac
  3. 
Kolatan
4. Xırmandalı
5. Qəriblər
6. Qızılavar
7. Mahmudavar
8. Təzəkənd
9. Köhnə Alvadı
10.Qodman
 11.
Yeyənkənd
12. Səmidxan
13. Çaxırlı
14. Miyanku
15. Təklə
16. Göyəçöl
17. Türkoba
18. Həsənli
19. Lürən
20. Şərəfə
21. Sığdaş
22. Öncəqala
23. Tüklə
24. Qarğalıq
25. Sərçuvar
26. Təzə Alvadı 

27. Güllütəpə


Özəlliklər


1. 1947-ci ildə Musaküçə kəndinin 7 sakini (Əhədov Əjdər, Seyfullayev Böyükxan, Rzayev Mican, Əzizov Heydər, Ağayev Əli, Abbasova Reyhan, Qasımov Museyib) ölkənin ən ali mükafatına - Lenin ordeninə, Sosialist Əməyi Qəhrəmanını adına layiq görülüb. 


2. 28 il Azərbaycan Energetika Komitəsinin sədri vəzifəsində çalışmış Yusif Museyib oğlu Kərimov bu kənddəndir.

3.20 il Azərbaycan Dövlət Şosse Yolları Naziri vəzifəsində işləmiş, Azərbaycanın Hidro-Elektrik sənayesinin banilərindən biri Müseyib Allahverdi oğlu Kərimov bu kəndəndir.


Qədim dövrlərdən Azərbaycanda, xüsusən cənub regionunda geniş yayılan qamış çubuğundan toxuculuq – həsirçilik sənəti yalnız Musaküçə kəndində qalıb. 


Musaküçə kənd məscidin həyətində 200-ə yaxın yaşı olan Nil ağacı var.


Tanınmışlar:


Kənddə:

Əhədov Əjdər Baba oğlu (1881-1972) –Sosialist Əməyi Qəhrəmanı,. Kənddəki Çapayev adına kolxozun sədri olub. 


İmanqulu Rəcəb oğlu Abuşov (1925-2002) –   Çapayev adına kolxozun sədri olub.

Məlik Qənbərov – kənddə kolxoz sədri işləyib. 


Müctəba Məmmədov (1921-1976) –kənd məktəbinin direktoru işləyib. 


Qaraxan Kərimov (1935-1982) – kənd məktəbinin direktoru işləyib. 


.Cabbarov Tarverdi – kənd məktəbinin direktoru işləyib.


Cahangirov Abbas  -  kənd  məktəbinin direktor uişləyib.


Gülpaşa Kərimov   – kənddə XDS-nin  müavini, kənddə bələdiyyə sədri işləyib. 


Əhməd Ağababa oğlu Şahverdiyev (1955) – RİHB-nın Musaküçə kənd ərazi nümayəndəsi, 


Rayonda: 

Ağamməd İsa oğlu Nuriyev (1935) - Masallı rayon Partiya Komitəsinin III katibi, rayon icrayə komitəsinin sədri, Çapayev adına sovxozun direktoru vəzifəsində işləyib.


İsa Balaş oğlu Nuriyev - Masallı Rayon İcra Hakimiyyəti Başçısının müavini, Viləşçay Su Anbarının İstismarı İdarəsinin rəis müavini vəzifəsində çalışıb. 
 

Məmmədağa Eynullayev –Biləsuvar Gömrükxanasının rəisi, Masallı RİHB-nın hüquq şöbəsinin müdirivəzifəsində işləyib. 
 

Əbülfəz Nuriyev - Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi.


Fərmanlı Famil Fərman oğlu (1959) - Masallı Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru vəzifəsində işləyib. 

Teymurov Şəmsəddin Əvəz oğlu – Təhsil Nazirliyi 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəis müavini. 


Nəsib Bəhlul oğlu Alışov  –Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin rəis müavini.


Ölkədə:


 
Sərxoş Bəşirov (vəfat edib) – Salyan rayonunda (Xıllı) məhkəmə sədri işləyib. Yusif Museyib oğlu Kərimov –Azərbaycan Energetika Komitəsinin sədri vəzifəsində çalışıb.

Qənbərov Ülvü Oktay oğlu –İmişli rayon Məhkəmisinin hakimi 
 

Müseyib Allahverdi oğlu Kərimov(1898 - 1974) –Azərbaycanın Hidro-Elektrik sənayesinin banilərindən biri. Azərbaycan Dövlət Şosse Yolları Naziri vəzifəsində işləyib. 


Ənvər Abı oğlu Qasımov –Azərbaycan Kəndtikinti Nazirinin müavini, "Azərkəndtikinti" Səhmdar Cəmiyyətinin sədr müavini və digər vəzifələrdə çalışıb.


Ağazadə Müzəffər Abuzər oğlu (1958) – hüquq  elmlər doktoru, Ali Məhkəmənin elmi-məsləhət şurasının üzvü, Dövlət qulluğunun baş müşaviri.


Ağaşir Sərxoş oğlu Bəşirov (1951-2009) - “Azərkənd” tikinti istehsalat birliyinin rəis müavini və digər vəzifələrdə çalışıb. 12-ci çağırış Respublika Ali Sovetinin deputatı seçilib. 


Mirzəağa Müseyib oğlu Kərimov –Respublika Kənd-Tikinti nazirinin birinci müavini vəzifəsində işləyib. 


Şahverdiyev Məmmədəli - Ali məhkəmədə məsul vəzifədə işləyib. 

 
Seyran Allahşükür oğlu Şahverdiyev (1971) - Lənkəran Regional Qaz İstismar İdarəsinin rəis müavini


Kəndin 1-ci Qarabağ savaşında həlak olan şəhidləri:


Xancanov Fayəddin Həsənağa oğlu (1975-1993)

Rəhimov Coşqun Hakim oğlu (1973-1993)


Kəndin alimləri:


Ağazadə Müzəffər Abuzər oğlu – hüquq üzrə elmlər doktoru


Abbasov Qədir Adıgözəl oğlu (rəhmətə gedib) –Azərbaycan Neft Akademiyasının müəllimi, dosent, elmlər namizədi. 


Həsənov Ələfsər Məmmədyar oğlu (rəhmətə gedib) – kənd təsərrüfatı üzrə elmlər namizədi 



Əhalisi:

 
4260 nəfər

Bunun 2140 nəfəri qadın, 2120 nəfəri kişilərdir.

Ərazidə 1237 təsərrüfat var.


Ərazisi:


905,23 hektar

Kənd təsərrüfatına yararlı 784 hektar sahədə 631 hektar torpaq sahəsi xüsusi mülkiyyətdədir.

Kənd torpaqlarının bir hissəsi “Dənizkənarı” hissədə (keşmiş “Aeorodrom” adlanan ərazidə - Təzəkənd) yerləşir.

Coğrafi mövqeyi:

Düzənlik. Talış dağları ətəyində. 


Əhalinin əsas məşğuliyyəti:

Heyvandarlıq, əkinçilik, qismən həsirçilik. 

Həmsərhəd əraziləri:
Lürən kəndi, Gəyəçöl kəndi, Öncəqala kəndi və Masallı şəhəri. 

Kəndin tarixi, adının mənası: 

 
800-810 il bundan əvvəl “Viləş çayı” indiki Musaküçə kəndinin yerindən axıb. Çayın kənarı ilə köçəri yolu olub, ən qısa yolla Məşhədə, Kərbalaya ziyarətə  gedənlər buradan keçmiş.  Musa adlı bir şəxs öz tayfası ilə bu əlverişli yerdə məkan tutaraq yurd salıblar. Bu tayfanın başçısı qatı  dindar, həm də molla olub. Sonda burada məskan salan adamlar çayın sahilində qındarğılığı (yəni yabanı bitmiş kiçik boylu ağacları) təmizləyərək  Molla Musanın adını veriblər. 
Buna görə də “Musaküçə” sözü ilk sakin kimi Musa kişinin adı ilə adlandırılıb. 


Musa – adam adı, küçə sözü isə yurd, məskən deməkdir. Musa kişinin qəbri isə su basardan aralı – hazırkı qəbiristanlıqda olan ocağın yerində basdırılıb. Hazırda bu ocaq qalır və “Musa ocağı” adlandırılır. 

 
Digər mənbələrə,  1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Musakücə kəndində 83 evdə 312-sikişi, 269 qadın olmaqla 581 nəfər yaşayıb. Viləşçay sahilində yerləşən kənd həmin tarixdə həm dövlət xəzinəsinə, həm də mülkədara məxsus imiş. 

Viləş çayının şimal sahilində (İndi Masallı şəhərinə daxil Dadva yaşayış məntəqəsinə tərəf) Niftulla Niftullayevə məxsus kərpic kürələri olub. 


Deyilənə görə, kənd ərazisi vaxtilə tikanlıq, qanqanlıq olduğuna görə burada şir, pələng olub. Hətta Hacı Albala adlı bir kişinin də gözünü şir pəncəsiylə yaralayıb. Yerli sakinlərin dediyinə əsasən kəndə yaxın Viləş çayının sahilində, körpünün aşağı hissəsində “Şirələn” (şir ölən yer) adlı yer var. Bu səbəbdəndir ki, musaküçəli, Azərbaycan Yollar naziri Müseyib Kərimovun təşəbbüsü ilə ərazidə (köhnə körpü (indiki körpüdən şəhərə tərəf 15-20 metr məsafədə) tərəfdən kəndə giriş hissədə) şirin heykəli də qoyulub (hazırda mövcud deyil).


Kənddəki   Çapayev adına sovxoz 


Kolxozlar ləğv edildikdən sonra kənddəki təsərrüfat Çapayev adını daşımış və 1970-ci ildən sonra toxumçuluq sovxozu kimi ixtisaslaşıb. . Planı vaxtında və yüksək faizlə yerinə yetirdiyinə görə “millioner” sovxoz kimi şöhrətlənib.

1992-ci ildən isə toxumçuluq sovxozu təsərrüfatın ilk rıhbəri Əjdər Əhədovun adını daşıyıb. 


Musaküçənin “sədir düyüsü”


1940-1970-ci illərdə Musaküçə zəhmətkeşləri “Sədri” düyüsü ilə bütün respublikada ad qazanıblar. 


1936-cı ildən Musaküçə, Lürən və Gəyəçöl əraziləri (mərkəz Musaküçə kəndi olmaqla) Çapayev adına kolxozda birləşib. 

1963-ci ildə sovxozlaşma dövründə Gəyəçöl kəndi ayrılaraq “Komsomol” sovxozu kimi fəaliyyət göstərib.


1970-ci illərdə Musaküçə  Sovetliyin ahatəsində beş kənd (Musaküçə, Gəyəçöl, Lürən, Pircana, Yusifli) olub. 

1983-cü ildə Gəyəçöl kəndi Musaküçə sovetliyindən ayrılıb.

2001-ci ildə isə Lürən, Pircana və Yusifli kəndləri Musakücə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Lürən kəndi mərkəz olmaqla Lürən kənd inzibati ərazi dairəsi yaradılıb.


Kənddə kolxoz, sovxoz sədrləri:


Əjdər Əhədov (Musaküçə) – 1940-50-ci illər

İmanqulu Abuşov (Musaküçə) – 1958-1971-ci illər

Məlik Qənbərov (Musaküçə) – 1971-75-ci illər

Ağamməd Nuriyev (Musaküçə) – 1975-77-ci illər

Maral Əjdər qızı Nəzərova (Hişkədərə kəndindən) – 1978-1985-ci illər

Ağamməd Nuriyev – 1985-1993-cü illər


Kəndin tarixi abidələri:

 
1903-cü ildə Musaküçə kənd məscidi bişmiş kərpicdən tikilib. Yaşlıların dediyinə görə bu məscid – köhnə torpaq məscidinin yerində inşa edilib (1902-1903-cü ildə).

Kənd qəbiristanlığında yerləşən “Molla Musa ocağı”nın tarixi kəndin tarixi ilə eynidir (1200 – 1210). 


XIX əsrin ortalarında tikilən dəyirman


İnzibati tikintilər:


       Hazırkı məktəb binası1962-ci ildə inşa edilib. Bu gün,şəhid Fayəddin Xancanovun adını daşıyan Musaküçə kənd tam orta məktəbində 532 şagirdin təlim-tərbiyəsilə 38 müəllim məşğul olur. 


RİHB-nın Ərazi nümayəndəliyi binası


21 sentyabr 2021-ci il tarixdə Musakücə kəndində yeni həkim məntəqəsiistifadəyə verilib.

Futbol stadionu1975-80-ci illərdə kənddə sovxoz direktoru işləmiş Cəmil Aslanovun (İsgəndərli) köməyilə yenidən qurulub. Hətta o zamanlarda futbol üzrə respublika çempionatının oyunları Musaküçə kəndində keçirilib. 


1970-ci illərin sonlarında inşa edilən uşaq bağçası 1990-cı ildən fəaliyyət göstərmir.


Musaküçə məscidi

Deyilənə görə, 1918-ci ildə Türk Ordusunun əsgərləri bu məscidin önündən keçib(əvvəllər Musaküçə və Xıl kəndlərinin arxa tərəfindən əsas marşrut kimi istifadə olunan yol ilə (Sirəbil-Boradigah-Lənkəran yoluna çıxış) Lənkərana gediblər.


2013-cü ildə məscidin həyətində Mərasim evi inşa edilib.


Ziyarətgah:“Molla Musa ocağı” (1200 – 1210-cu illərə aid edilir). 
 

1986-cı ildə istifadə verilmiş kənd mədəniyyət evi2014-cü ildə Musaküçə Kənd Sənətkarlıq Evi kimi fəaliyyət göstərir.


Kənddəki şadlıq sarayı

Kənddəki istirahət mərkəzi



EATS binası

Poçt binası


İlklər:


İlk ZDS-nin sədri

Abıyeva Balabəyim Müseyib qızı (Musaküçə) 


İlk XDS-nin sədri

Mirəziz Fəttayev (Lürənli) – 1970-ci illərdə


İlk RİH ərazi nümayəndəsi:


Mərdalı Nağdəli oğlu Şükürov (Lürənli) – 1987-1999-cu illərdə


Əhməd Ağababa oğlu Şahverdiyev – 1994-2006-cı illərdə 


1973-cü ildə kəndin küçələrində işıqlandırma sistemi qurulub (mühəndis-ixtiraçı Yusif Kərimovun dəstəyi ilə). 


İlk məktəb:

Şəkildə orta məktəbin ilk buraxılışı.

1928-ci ildə Musaküçə kəndində ilk məktəb hacı Seyfulla Seyfullayevin evində açılıb. 


1936-cı ildə Musaküçə kolxozu tərəfindən qəbiristanlığın yanında 7 illik məktəb tikilib. 


1962-ci ildə kənddə yeni məktəb istifadəyə verilib. 


1968-ci ildə səkkizillik məktəb orta məktəbə çevrilib.


1980-ci illərdə məktəbdə işləyən müəllimlər.


Kəndin ilk müəllimi 

Həmidov Səmid Sadıq oğlu - 1916-cı il təvəllüdlü (vəfat edib)  

 
Kəndin ilk qadın müəllimi:


 
Babayeva (Qasımova) Firuzə Yasər qızı – uzun illər Musaküçə orta məktəbində ibtidai sinif müəllimi işləyib. Təqaüddədir.

Kəndin ilk ali təhsilli qadını: 


Məmmədova Cəmilə Əliheydər qızı -   İbtidai sinif müəllimi 

 
İlk ali təhsilli müəllim:


İlk tibb işçiləri:

Məmmədov Məmmədhəsən Məmiş oğlu 

Ağadadaş Haqverdiyev


İlk ali təhsilli həkimlər:

Vaqif Əsgər oğlu Rzayev (vəfat edib)

Əzizağa Mirzə oğlu Rzayev (vəfat edib)


Kəndin ilk hüquqşünasları:
Şahverdiyev Məmmədəli - Ali məhkəmədə işləyib. 

Aslanov Əhəd Həzi oğlu – Bakıda hüquqşünas kimi çalışıb. 

 
Şəhidlər:

Xancanov Fayəddin Həsənağa oğlu (22.01.1975-23.07.1993) –1992-ci ildə kənd tam orta məktəbini bitirib. 

1991-ci ilin aprel ayında hərbi xidmətə gedib. Mingəçevir şəhərindəki “N” saylı hərbi hissədə qısamüddətli təlim-məşqlərdən sonra Ağdərə bölgəsinin müdafiəsinə qalxıb.Qısa müddətdə döyüş dostları arasında böyük nüfuz və hörmət qazanıb. Ağdərənin bir çox kəndləri uğrunda döyüşlərdə igidlik göstərib.

Fayəddinin son döyüşü 1993-cü il iyulun 23-də - Ağdərə rayonunun Levonarx kəndi ətrafında olub. Qeyri-bərabər döyüşdə başından aldığı yaradan şəhid olub.

Şəhadətindən bir gün sonra doğma kənddə torpağa tapşırılıb. 

Musaküçə kənd orta məktəbi şəhid Fayəddin Xancanovunadını daşıyır. 

Subay idi.


 

Rəhimov Coşqun Hakim oğlu (24.06.1973-23.08.1993) -.Məktəb illərindən idmana marağı olub. 1989-1991-ci illərdə “Viləş” futbol komandasında oynayıb. 1991-ci ildə kənd tam orta məktəbini bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə verib. İmtahanlardan müvafiq qiymətlər alsa da konkursa düşüb, təhsilini universitetin hazırlıq kursunda davam etdirib. 

Qarabağ uğrunda gedən döyüşlərə biganə qala bilməyən Coşqun 1991-ci ilin oktyabrında könüllü olaraq orduya yazılıb. Ağdam-Füzuli istiqamətində döyüşlərə qatılıb.1992-93-cü illərdə Füzulinin Aşağı və Yuxarı Veysəlli, Qacar və bir neçə kəndi uğrunda döyüşlərdə 814 nömrəli batalyonun minaatan tağımının komandiri kimi şücaət göstərib. Bu etimad ona hərbi bacarığına görə göstərilmişdi. Məhz buna görə idi ki, ermənilər Coşqunun ölümünə görə pul mükafatı da ayırıblar.Səngər yoldaşlarının dediyinə görə ağır döyüşlər zamanı o yaralansa da düşmənə aman verməyib.

1993-cü ilin avqustunda Füzulinin Nervinli kəndi uğrunda döyüşlər zamanı itkin düşüb. 

2001-ci il 18 iyulda C.Rəhimova şəhidlik statusu verilib. 

 

II Dünya müharibəsində:
 

BVM-də 88 nəfər cəbhədə həlak olub. 162 nəfər (34 nəfər əlil, 128 nəfəri iştirakçı kimi) cəbhədən sağ qayıdıb.

 

Kənddə 8 nəfər I Qarabağ müharibəsi veteranı, 2 nəfər Çernobıl əlili var

 

II Qarabağ müharibəsində  Musakücə kəndindən 48 nəfər iştirak edib.


Təltif olunanlar:


Musakücə tütünçüləri yüksək əmək nailiyyətləri əldə etmiş, bütün ölkədə tanınmışdılar. Kənd üzrə 7 nəfər SSRİ-nin əmək fəaliyyəti sahəsində ən yüksək dövlət təltifi olan Sosialist Əməyi Qəhrəmanıadına layiq görülüb.



Lenin ordenli Sosialist Əməyi Qəhrəmanları:


1. Əhədov Əjdər Baba oğlu (1881-1972)


 

2. Seyfullayev Böyükxan Nüsrət oğlu (1927-1981)

3. Rzayev Mican Məmmədrza oğlu

 

4. Əzizov Heydər Hüseyn oğlu (1887-ci il təvəllüdalü, rəhmətə gedib)– 1933-65-ci illərdə Çapayev adına kolkozda manqabaşçısı işləyib. 1968-ci ildən İttifaq əhəmiyyətli fərdi təqaüdçü olub.

5. Ağayev Əli Ağababa oğlu

 

6. Abbasova Reyhan Ağadədə qızı - 2 dəfə Lenin ordeninə layiq görülüb.

 

7. Qasımov Museyib Əbilqasım oğlu


İmanqulu Rəcəb oğlu Abuşov (1925-2002) – Lenin ordeni.

 
Məmmədyar Həsənov (vəfat edib) – Lenin ordenli. Kolxozda anbar müdiri işləyib.


Orucəli  Hilal oğlu Abuzərov (vəfat edib) – Lenin ordenli. Kolxozda ferma müdiri işləyib. Böyük Vətən Müharibəsi iştirakçısı olub.


Sərxoş Abukərim oğlu Bəşirov (vəfat edib) – “Şöhrət” ordeni


Ənvər Qasımov - “Şərəf nişanı” ordeni


Ağamməd Nuriyev – “Şərəf nişanı” ordeni


Müzəffər Ağazadə - “Tərəqqi” medalı


Tanınmışlar:


Kənddə:


Müctəba Nüsrət oğlu Məmmədov (1921-1976) – ixtisasca riyaziyyat müəllimi. 1975-ci ilə kimi kənd orta məktəbinin direktoru işləyib. BVM iştirakçısı olub. 

Qaraxan Hüseyn oğlu Kərimov (1935-1982) – ali təhsilli dil-ədəbiyyat müəllimi olub. Məktəb direktoru işləyib. Orta məktəb onun dövründə açılıb.


Məlik Qənbərov – 1971-73-cü illərdə kolxoz sədri işləyib. 



Cabbarov Tarverdi Abusət oğlu (1938-2002) - ixtisasca fizika müəllimi olub. Musakücə kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyib.

Hüseynov Zəki Heydər oğlu (1923-2009) - ibtidai sinif müəllimi olub. Yaradıcılıqla məşğul olub, əsasən şeirlər yazıb.   Atası Heydər kişi Sosialist Əməyi Qəhrəmanı olub.


Qulamhüseyn Rza oğlu Xancanov (1897-1978) – kənd ağsaqqalı, BVM iştirakçısı olub, şəhid Fayəddin Xancanovun babası.  


Cahangirov Abbas Cahangir oğlu (1954-2015) - 1971-ci ildə Musaküçə kənd məktəbini,1977-ci ildə Naxçıvan Pedeqoji İnistutunu bitirib. İxtisasca kimya müəllimi olub. 3 il Yardımlının Arvana kəndində, 1980-ci ildən isə Musaküçə kənd məktəbində işləyib. 2003-cü ildən Musaküçə kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışıb.

Həyat yoldaşı Zəhra müəllimə Musaküçə kənd tam orta məktəbində kimya fənnini tədris edir, oğlu İlqar isə məktəbin direktorudur. 


Yunusov Rəcəb Fidi oğlu (1930-2016) - İxtisasca coğrafiya müəllimi olub. 


Kərimov Gülpaşa Sərxoş oğlu (1946) – kənddə sovxozda aqronom, fəhlə komitəsinin sədri, kənd XDS-nin katibi (11 il), müavini (11 il), kənd bələdiyyə sədri işləyib. Hazırda Masallı Mənzil Kommunal Təsərrüfatı İstühsalat Birliyində (yığım nəzarətçisi) çalışır.



Surəddin Qəyyum oğlu Qulamov (1955) – Azərbaycan Pedaqoji İnstitutunu (dil-ədəbiyyat), Bakı Sosial-İdarəetmə və Politologiya İnstitutunu bitirib. Musaküçə kənd Mədəniyyət Evinin müdiri, Çapayev sovxozunda ilk komsomol və partiya  təşkilatlarının katibi, sovxoz direktorunun müavini, Hüseynhacılı və Musaküçə kənd orta məktəblərində direktor müavini vəzifəsində çalışıb.


Din xadimləri:

Abdulhüseynov Bəxtiyar Məmməd oğlu (vəfat edib) – 25 il İranda dini təhsil alıb. Axund kimi böyük nüfuz qazanıb. 


Abbasov Qəni Həsənbala oğlu - İranda dini təhsil almış axund rütbəsinə yüksəlmişdir. 

 
Əliməmməd Əsəd oğlu Dadaşov (1952) – kənd ağsaqqalı, məscidin imamı, dini icmanın sədri. 


Rayonda: 


Əhədov Əjdər Baba oğlu (1881-16.06.1972) – “Şərəf nişanı”, Lenin ordenli, Sosialist Əməyi Qəhrəmanı. 1920-40-cı illərdə Masallı rayonunda müxtəlif vəzifələrdə çalışıb. 1940-1958-ci illərdə Çapayev adına kolxozun sədri olub. 1958-ci ildə İttifaq əhəmiyyətli təqaüdçü olub.

 

İmanqulu Rəcəb oğlu Abuşov (1925-2002) – Lenin ordenli. 1958-1971-ci illərdə Çapayev adına kolxozun sədri olub.

 
Rəhim Məhəmməd oğlu Hüseynov (1925-2013) – ixtisasca tarix müəllimi. Masallı rayon XDS İK-də təlimatçı, Musaküçə kənd yeddiillik, Sərçuvar kənd səkkizillik məktəblərinin direktoru vəzifəsində çalışıb.



Fərmanlı Famil Fərman oğlu (24.04.1959) - AZDBTİ-ni bitirib. 1987-ci ildə Masallı Uşaq-Gənclər Şahmat Məktəbində dərs hissə müdiri, direktor (1993-2017) vəzifəsində işləyib. 

2013-cü ildə Azərbaycan Respulikası Bədən Tərbiyəsi və İdman işçisi, 2019-cu ildə Əməkdar Məşqçi fəxri adlarına layiq görülüb.


Rəhbər vəzifədə çalışmış və hazırda çalışanlar:

 
Rayonda:



 Ağamməd İsa oğlu Nuriyev
 (10.03.1935) - "Şərəf nişanı" ordenliMasallı rayon Partiya Komitəsinin III katibi, rayon icrayə komitəsinin sədri, Çapayev adına sovxozun direktoru vəzifəsində işləyib.

1950-ci ildə Musakuçə yeddillik, 1953-cü ildə Masallı 1 saylı orta məktəbini, Azərbaycan Pedaqoji İnstitutunu (riyaziyyat şöbəsi), Kirovabad (Gəncə) şəhərindəki Kənd Təsərrüfatı İnstitutunu (iqtisadçı ixtisası üzrə), Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini bitirib. 

Çapayev adına kolxozda (sovxoz) baş mühasib müavini, baş iqtisadçı, komsomol komitə katibi (1959-1965), Masallı Rayon Partiya Komitəsinin təlimatçısı, rayon ZDS İcraiyyə Komitəsində plan komissiyasının sədri, rayon Kənd Təsərrüfatı İstehsalat İdarəsində Maliyyə və əmək haqqı şöbəsinin rəisi, Çapayev adına sovxozun direktoru (1975-77), (1985-93), Masallı Rayon Partiya Komitəsinin katibi (1977-83), Masallı rayon XDS İcraiyyə Komitəsinin sədri (1983-85), rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini, pensiya və müavinət üzrə şöbə müdiri, Masallı TKQ-da kadrlar işi üzrə mühəndis vəzifəsində çalışıb. 1996-cı ildən təqaüdə çıxıb. 
1965-ci ildən rayon sovetinin deputatı olub. Ağamməd NuriyevMusakuçədə təsərrüfat rəhbəri işləyən dövrdə klub, həkim məntəqəsi, məişət evi, hamam, aptek, məktəblər üçün sinif otaqları, anqar tipli toxum anbarı, 30 ailə üçün 2 mərtəbəli 2 ailəlik yaşayış binaları, 5 otaqdan ibarət ferma evi və digər sosial binalar tikilib istifadəyə verilib, kənd yolları asfaltlaşdırılıb.

1980-ci ildə "Şərəf nişanı" ordeni ilə təltif olunub.

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalını (15-29 fevral 1965), bir neçə il "Sosializm yarışının qalibi" döş nişanını, SSRİ Qırmızı Aypara Cəmiyyətinin medalını alıb.

 
Sərxoş Abukərim oğlu Bəşirov (vəfat edib) – ali təhsilli hüquqşünas, “Şöhrət” ordenli, Böyük Vətən Müharibəsi iştirakçısı. Salyan rayonunda (Xıllı) məhkəmə sədri işləyib. Masallı rayonunda müxtəlif vəzifələrdə çalışıb.


 
İsa Balaş oğlu Nuriyev - Masallı Rayon İcra Hakimiyyəti Başçısının müavini, Viləşçay Su Anbarının İstismarı İdarəsinin rəis müavini vəzifəsində çalışıb. 

 
Məmmədağa Bəndalı oğlu Eynullayev(1954) –Bakı Politexnik Texnikumunu, Naxçıvan Universitetini bitirib. 31 nömrəli İxtisaslaşdırılmış Səyyar Mexaniki Dəstədə mühəndis, həmkarlar komitəsinin sədri, Biləsuvar GömrükxanasınınBiləsuvar rəisi, Masallı RİHB-nın hüquq şöbəsinin müdirivəzifəsində işləyib. 
 M.Eynullayev idman sahəsində də uğurlu nəticələrə imza atıb. 1976-cı ildə Xankəndidə keçirilən respublika birinciliyinin (kross qaçışı üzrə) qalibi olub. 1976-87-ci illərdə “Viləş” (Masallı) futbol komandasında oynayıb. Komandanın kapitanı olarkən “Viləş” respublika çempionatının bürünc medalına, respublika kubokuna (1977-78), 2 dəfə Məhsul KKİC-nin “Qızıl Sünbül” kubokuna sahib olub. Futbol üzrə respublika yığması tərkibində (1977-80) Gürcüstan, Özbəkistan, Ermənistan, Ukrayna və digər ölkələrdə keçirilən ittifaq əhəmiyyətli yarışlarda Azərbaycanı təmsil edib.


Talıbov İnşalla Novruz oğlu - Masallı rayon EMBAWOOD Mebel Fabrikinin icraçı direktoru vəzifəsində çalışıb. 

 

Əbülfəz Asif oğlu Nuriyev (20.08.1963) - Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi.

Musaküçə kənd tam orta məktəbini, Azərbaycan Politexnik İnstitutunu (mühəndis-mexanik ixtisası üzrə) bitirib. 4№-li Masallı rayon Meyvə-tərəvəz müəssisəsində təhlükəsiz üzrə mühəndis (1986-1987), LKGİ-nin Masallı rayon komitəsinin idman və kütləvi müdafiə şöbəsinin müdiri (1987-1991), AGİ rayon komitəsinin təşkilat şöbəsinin müdiri (1991-1992), AGİ rayon Məclisinin sədr müavini, sədri (1992-1994), Masallı rayon Gənclər və İdman idarəsinin rəisi (1994-2001), Masallı rayon Mətbuatyayım şöbəsinin (indi 2 saylı Regional Mətbuatyayım İdarəsidir) rəisi (2001-2021) vəzifələrində çalışıb.
 

Teymurov Şəmsəddin Əvəz oğlu – Azərbaycan Respublikası Təhsil Nazirliyi 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəis müavinidir.


Nəsib Bəhlul oğlu Alışov (1964) – Masallı RİHB aparatında köməkçi, məsləhətçi vəzifəsində çalışıb. Hazırda Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin rəis müavinidir.


Tofiq Səmid oğlu Aslanov (vəfat edib) – uzun müddət Masallı Rayon İcra Hakimiyyətinin ümumi şöbəsinə rəhbərlik edib. 


Abdulla Məmmədyar oğlu Həsənov(1949) – inşaat üzrə iqtisadçı-mühəndis. 40 nömrəli İSMD-nin rəisi, 10 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi, Respublika Kəndtikinti Nazirliyinin 3 nömrəli “AzərKəndtikinti Tresti”nin müdir müavini vəzifəsində işləyib. Hazırda “Qala Həyat” Sığorta Şirkəti ASC-də mütəxəssis kimi çalışır. 


Hüseynov Abdulrəhman Hüseyn oğlu (1956) – Masallı Rayon Mərkəzi Xəstəxanasının fizioterapiya şöbəsinin müdiri.  


Məzahim Barat oğlu Məmmədov – həkim-terapevt. Astara rayonunda həkim mənətəqəsinin müdiri işləyib. Hazırda Xıl kənd həkim məntəqəsinin müdiridir.


Rəhimov Nahid Hakim oğlu – «Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri» İctimai Birliyinin Masallı rayon filialının sədri, I Qarabağ müharibəsi veteranı.



Ölkədə:

Yusif Museyib oğlu Kərimov – mühəndis- ixtiraçı. 

SSSRİ Energetika Komitəsinin üzvü olub, 2 ali təhsil alaraq Azərbaycan Energetika Komitəsinin müavini (12 il), sədri (28 il) vəzifəsində çalışıb. 


Müseyib Allahverdi oğlu Kərimov(1898 - 1974) – elektrik mühəndisi, Azərbaycanın Hidro-Elektrik sənayesinin banilərindən biri.

İbtidai təhsilini Musaküçədə alıb. Lənkəran şəhərində rus gimnaziyasını, 1930-cu ildə Leninqrad Kommunal Təsərrüfatı Kadrları Hazırlayan Akademiyanı bitirib. 

Masallı Rayon XDS İcraiyyə Komitəsinin (1937-1939-cu illərdə), Lerik və Xızı Rayon İcraiyyə Komitəsinin sədri olub. Gəncə şəhərində kommunal işlərə, Lənkəran-Lerik yolunun çəkilişinə rəhbərlik edib. 1948-ci ildə Azərbaycan Dövlət Şosse Yolları Naziri təyin edilib. 20 il bu vəzifədə işləyib və təqaüdə çıxıb. 


 

Ənvər Abı oğlu Qasımov –inşaatçı-mühəndis.

1941-ci ildə Musakücə kəndində anadan olub. 1953-cü ildə Musakücə kənd ibtidai, 1958-ci ildə Lənkəran şəhər 1 saylı məktəbini, 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirib. Həmin il Sentrosoyuzun Lənkərandakı trestində baş mühəndis inşaatcı, 1964-cü ildə trestin baş mühəndisi, 1966-cı ildən Azərbaycan Respublikası Kənd Tikinti Nazirliyinin 2 saylı trestinin 22 nomrəli SMD-də baş iş icraçısi, baş mühəndisi, rəisi, 1970-ci ildən "KürArazsutikinti" baş idarəsinin 2 nomrəli trestinin 5 nomrəli SMD rəisi, 1971-ci ildən Kəndtikinti Nazirliyinin 3 nomrəli trestinin müdiri, 22 iyul 1977-ci ildən isə Azərbaycan Kəndtikinti Nazirinin müavini, 1986-1993-cü illərdə Respublika Kəndtikinti İstehsalat Birliyinin rəis müavini, baş mühəndisi, 1993 -1999-cu illərdə Respublika Kəndtikinti Dövlət Şirkətinin vitse-prezidenti, 1999-cu ildən ömrünün sonuna qədər "Azərkəndtikinti" Səhmdar Cəmiyyətinin sədr müavini vəzifələrində çalışıb "Şərəf nişanı" ordeni və bir neçə medalla təltif edilib, Masallı Rayon Sovetinin deputatı olub.


Ağazadə Müzəffər Abuzər oğlu – hüquq  elmlərİ doktoru, Ali Məhkəmənin elmi-məsləhət şurasının üzvü, Dövlət qulluğunun baş müşaviri.

1939-cu ildə Müsaküçə kəndində anadan olub. 1958-ci ildə orta məktəbi bitirdikdən sonra Masallı Rayon Məhkəməsində katib işləməyə başlayıb. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini (qiyabi) bitirib.

Bakı şəhəri, Oktyabr Rayon Xalq Məhkəməsində iclas katibi (1964-1968), Azərbaycan SSR Nazirlər Soveti Hüquq Komissiyasının Məhkəmə Ekspertizası İnstitutunda baş elmi işçi (1968-1969), Yasamal rayon məhkəməsində iclas katibi vəzifəsində işləyib. Universiteti bitirdikdən sonra Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu və Ali Məhkəmənin nəzarət şöbəsində baş məsləhətçi, Daşkəsən rayon Məhkəməsində hakim (1970-1976), Bərdə rayon Məhkəməsinin sədri (1976-1987), Ağdam rayon Məhkəməsinin sədri (1987-1990), Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi (1990-2010), Sumqayıt Apelyasiya Məhkəməsinin aparat rəhbəri (2010-2015) vəzifələrində çalışıb. O, 55 illik əmək fəaliyyətinin 40 ilini məhkəmə hakimliyi kimi şərəfli və məsuliyyətli işə həsr edib.

1987-ci ildə SSRİ Ədliyyə Nazirliyi tərəfindən “Təşəkkürnamə“ verilib.SSRİ və Azərbaycan SSR Ədliyyə Nazirliklərinin, Respublika “Bilik” Cəmiyyətinin fəxri fərmanlarına, 2006-cı ildə Əməkdar hüquqşünas adına layiq görülüb, 2008-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Bir neçə kitab və elmi məqalələrin müəllifidir. 


Ağaşir Sərxoş oğlu Bəşirov(04.01.1951-23.07.2009) - Salyan rayonunun Xıllı kəndində anadan olub.  Masallı şəhər 2 saylı orta məktəbini, Azərbaycan Politexnik İnstitutunu (sənaye və mülki tikinti fakültəsi) fərqlənmə diplomu ilə bitirib. 1973-cü ildən 3 nömrəli kənd tikinti trestində mühəndis, 37 nömrəli SPMK-nın baş mühəndisi, müdiri, 1989-cu ildən 3 nömrəli KTT-nin rəisi, “Azərkənd” tikinti istehsalatbirliyinin rəis müavinivəzifələrində çalışıb.

Dəfələrlə rayon və şəhər sovetinin deputatı, 267 saylı Ərkivan kənd seçki dairəsində 12-ci çağırış Respublika Ali Sovetinin deputatı seçilib. Bu müddətdə Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun üzvü olub. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Aktının tərtib olunmasında iştirak edib.

A.Bəşirovun rəhbərliyi altında cənub bölgəsində yeni tikililər vüsat alıb - təkcə Masallıda 5yeni məktəb tikilib, biri isə əsaslı təmir edilib.


Mirzəağa Müseyib oğlu Kərimov – ixtisasca mühəndis olub. Respublika Kənd-Tikinti nazirinin birinci müavini vəzifəsində işləyib. 


Süleyman Mirəhya oğlu Salayev (1968) – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Daxili təhqiqat şöbəsinin baş inspektoru vəzifəsində işləyir.   

 
Qənbərov Ülvü Oktay oğlu – Astara rayon Məhkəməsinin ikinci hakimi vəzifəsində işləyib. Hazırda İmişli rayon Məhkəmisinin hakimidir. 


Seyran Allahşükür oğlu Şahverdiyev (1971) - Masallı Rayon Qaz İstismar İdarəsinin rəisi işləyib. Hazırda Lənkəran Regional Qaz İstismar İdarəsinin rəis müavini vəzifəsində çalışır.


Yazarlar:


 

Abdullayev Novruz Məmmədəli oğlu (Novruz Xoşbəxt, 1932-1986) – müəllim-şair. 


1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Sərçuvar və Musaküçə kənd orta məktəblərində dil-ədəbiyyat müəllimi işləyib.


Gənc yaşlarından ədəbi yaradıcılıqla məşğul olub. "Çayçı qızlar" adlı ilk şeiri 1957-ci ildə rayon qəzetində - “Çağırış”da çap olunub.

İki kitab və bir neçə poemanın müəllifidir. 


 
Abidələr:


1941-45-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarının xatirə abidəsi


20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılanabidə


Xeyriyyə işləri


2020-ci ildən etibarən yerli sakinlərin və Rusiyada yaşayan iş adamlarının təşkilatçılığı və dəstəyilə ilə fəaliyyət göstərən “Musaküçə Xeyriyyə Cəmiyyəti”nin kənddə yolların təmiri, 3 kilometrə yaxın küçənin işıqlandırılması, qəbiristanlığın dəmir çərçivə ilə hasarlanması (155 m) və işıqlandırlması, məktəb ətrafının (240 m) çəpərlənməsi, şəhid F.Xancanovun məzar üstü abidəsinin yenilənməsi, eləcə də şəhid, qazi və imkansız ailələrinə yardım edilməsi və s. işlərdə xidməti olub.


“Masallı ensiklopediyası”nı hazırlayan qrup

 









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10