Siyavar Lənkəran rayonunun yaşayış məntəqələrindən biri olub, kənd adıdır.
Siyavar kəndi Lənkəran şəhərindən 20 km cənub-şərqdə, Xəzər dənizinin sahilində yerləşir. Şimaldan Vel, qərbdən Mamusta, cənubdan Astara rayonunun Qamışoba kəndləri, şərqdən isə Xəzər dənizi ilə həmsərhəddir.
Ərazisi 443 hektar, əhalisi təqribən 1500 nəfərdir.
Siyavar toponiminin etimologiyası ilə bağlı müxtəlif mülahizələr vardır.
Musarza Mirzəyev yazır: “Siyavər – Toponimdə “siya” farsca qara (siyah), “vər” isə “ön, qabaq” deməkdir. Siyavər – önü, qabağı qaratorpaq olduğu üçün belə adlanıb. Bu toponim talışca Siyovo sözü ilə səsləşir, mənası “qara yel” deməkdir” (Talış toponimlərinin qısa izahlı lüğəti. B., 1993, səh. 23).
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” kitabından oxuyuruq: “Siyavar kəndi. Yerli əhali bu oykonimi Siyovo kimi tələffüz edir və Muğandan əsərək bitkilərə zərər gətirən s i y o v o (qara yel, qara külək) adlanan küləklə əlaqələndirir. Tədqiqatçılara görə isə, kəndin adı fars dilindəki s i y a (qara) və v ə r (ön, qabaq) komponentlərindən düzəlib, “önü qara torpaq olan” mənasındadır” (II cild. B., 2007, səh. 192).
“Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti” kitabında Siyavar toponimi ilə bağlı yazılır: “Siyavar kəndi. Siyo (siya) talış dilində qara, var qədim türk dillərində “kənd” deməkdir – Qarakənd” (Budaq Budaqov, Nadir Məmmədov. B., 2008, səh. 109).
Göründüyü kimi Siyavar toponimi “önü, qabağı qara torpaq”, “qara yel”, “Qarakənd” mənalarında izah olunmuşdur.
Qeyd edək ki, Siyavar talış dilində Siyovə adlanır. Siyavar Siyovə və ya Siyovonun təhrifə uğramış adıdır. Siyavar/Siyovə paralel, yəni gətirilmə toponimdir. Belə ki, qədim Siyavar kəndi Xəzər dənizi ilə Xolmili kəndi arasında yerləşmişdir. Səfəviyyə təriqətinin – Səfəvi sülaləsinin banisi Şeyx Səfiəddinin müəllimi və qaynatası, Lənkəran rayonunun Şıxəkəran kəndində adına türbə olan, XIII əsrin böyük sufi alimi Şeyx Zahid (1215-1300) qədim Siyavar kəndində doğulmuşdur.
Siyavar kəndini tez-tez su basdığı üçün sakinlər bir qədər aralıda yerləşən indiki əraziyə köçmüş və məskunlaşdıqları yeni məntəqəni doğma kəndlərinin adı ilə Siyovə/Siyavar adlandırmışlar.
Şeyx Zahidin məzarı isə qonşu Hiləkəran (Hiləkon), indiki Şıxəkəran (Şıxəkon) kəndinə köçürülmüşdür.
Siyavar toponimi talış dilində Siyovə və Siyovo variantlarında izah olunur. Siyovə və Siyovo talış dilində şəffaf toponim sayılır.
Talış dilində Siyovə (“siyo”- qara, “və”- ön, qabaq) “önü qara torpaq”, Siyovo (“siyo”- qara, “vo”- külək, yel) isə “qara yel”, “qara külək” deməkdir.
Siyavar kəndi dəniz sahilində yerləşdiyi üçün toponimin Siyovo variantında, yəni “qara yel”, “qara külək”, “bəd külək” mənasında izahı daha inandırıcı görünür.
Digər tərəfdən talış dilində “vo”- (külək, yel) komponenti ilə bitən yer adları Azərbaycan dilində “var” komponenti ilə bitir. Misal olaraq Şilvo-Şiləvar (Lənkəran), Ğızıləvo-Qızılavar, Sərçivo-Sərçivar (Masallı), Teləvo-Telavar, Quqəvo-Gügavar (Yardımlı) və digərlərini göstərmək olar.
Qeyd edək ki, rus dilində tərtib olunan 1849 və 1859-cu illərə dair siyahıyaalınma sənədlərində Siyavar kəndinin adı Siyavrud (Сиявруд), 1911-ci ilə dair siyahıyaalınma sənədlərində Siavavrud (Сiававруд), 1921-ci ilə dair kənd-təsərrüfat siyahıyaalınmasında Siyavar (Сиявар), 1933-cü ilə dair inzibati-ərazi bölgüsündə isə Siyabur (Сиябур) şəklində yazılmışdır.
Siyavar, Siyovə və Siyovo adlarından fərqli olaraq Siyavrud fars mənşəli sözdür. Siyavrud/Siyahvrud fars dilində şəffaf toponim olub, “siya/siyah” – qara və “rud”- çay sözlərinin birləşməsindən yaranaraq Azərbaycan dilinə tərcümədə “Qaraçay” deməkdir.
İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta ümumtəhsil məktəbinin müəllimi, tədqiqatçı-tarixçi