Bir də onun yeni, möhtəşəm “Zəngəzur” mahnısı barədə
Çoxlarının yaxşı tanıdığı, əslən Masallı rayonunun Qızılağac kəndindən olan şair, həkim və bəstəkar Şahin Musaoğlunun adı və yaradıcılığı geniş ictimaiyyətə yaxşı bəllidir. Onun “Cənab Leytenant”, “İgid əsgər, möhkəm dayan!”, “Vətən Əmanəti”, “Birinci Batalyon” və digər vətənpərvərlik ruhunda bəstələdiyi mahnılar uzun illərdir dillər əzbəridir.
Bu günlərdə isə Türkiyənin ən aparıcı kanallarından biri olan TRT 1-dən ona maraqlı bir zəng gəlib. Zəng zamanı Şahin Musaoğluna bildirilib ki, hazırda kanal “Mehmed: Fetihler Sultanı” adlı serial üzərində işləyir. Həmin serialda Şahin Musaoğlunun “Salam,Dar Ağacı!” adlı vətənpərvərlik mahnısından istifadə etmək istəyirlər.
Serial üçün seçilmiş mahnının sözləri Rüstəm Behrudiyə, musiqisi isə Şahin Musaoğluna məxsusdur. Artıq tərəflər arasında rəsmi müqavilə də imzalanıb. Yaxın günlərdə mahnı TRT 1 kanalında bəhsi keçən serialın sezon finalının son səhnəsində təqdim olundu.
Bu xəbəri hazırladığımız vaxtda Şahin Musaoğlu ilə bağlı başqa bir maraqlı məlumat da aldıq. Belə ki, o, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin sifarişi və dəstəyi ilə “Zəngəzur” adlı yeni bir mahnı üzərində çalışırdı. Hazırda bu mahnının klip işləri görülür.
“Zəngəzur” mahnısının YouTube linkini, AzərTAG-ın bu barədə yaydığı məlumatların bağlantılarını və mövzu ilə bağlı fotoları bu yazıya əlavə edirik.
Şahin Musaoğlunu yeni yaradıcılıq uğurları münasibətilə təbrik edirik!
Buna da bax:
Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin ərsəyə gətirdiyi “Zəngəzur mahnısı” bu gündən radiolarda səslənəcək
Bakı, 11 iyun, AZƏRTAC
“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi Qərbi Azərbaycan mövzusunda musiqi əsəri - “Zəngəzur mahnısı”nı ərsəyə gətirib. Mahnının ideya müəllifi tanınmış vokal ifaçısı, Əməkdar artist Ramil Qasımovdur.
AZƏRTAC xəbər verir ki, musiqi əsəri üzərində peşəkar komanda çalışıb. “Zəngəzur mahnısı”nın sözlərini yazan Şahin Musaoğlu dillər əzbəri olan mahnıların müəllifidir. Əsərin bəstəkarı tanınmış sənətkar, Əməkdar artist Vüqar Camalzadədir. Mahnının ruhuna uyğun olaraq onu görkəmli sənətkarlar - Xalq artistləri Mübariz Tağıyev, Tünzalə Ağayeva, Əməkdar artistlər Aybəniz Haşımova, Samirə Əliyeva, Ehtiram Hüseynov, gənc ifaçı İlkin Dövlətov birlikdə ifa edib. Balaban zurnanı Fəqan Rəhmanoğlu dilləndirib. Layihədə səs rejissoru Əməkdar incəsənət xadimi Faiq Babayev, prodüser Riad Quliyevdir. Layihənin koordinatoru Fərqanə Cabbarovadır.
“Zəngəzur mahnısı” mədəni-tarixi irsimizin təbliği, milli yaddaşın gücləndirilməsi və Azərbaycanın qarşıdakı milli hədəfinin incə, estetik dillə musiqidə ifadəsidir.
Qərbi Azərbaycana qayıdış kimi ülvi arzunu tərənnüm edən əsər “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin ilk işidir. Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.
“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi bu mənalı və yüksək emosional yüklü musiqi əsərinin dinləyicilərin ruhunu oxşayacağına ümidvar olduğunu bildirib. Musiqi əsərinə Şərqi Zəngəzurda klip də çəkiləcək. Bu gündən isə əsəri Azərbaycan radiolarında dinləmək mümkün olacaq.
Elcan Bəhlulzadə