Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İNAMI HƏQİQƏT, AMALI İNSANLIQ OLAN QƏLƏM SAHİBİ - XODAŞİRİN CƏBİYEV (CABBARİ)


XODAŞİRİN CƏBİYEV (CABBARİ) - Masallı şəhərində yaşayan, ixtisasca provizor-təşkilatçı, provizor-homotoksikoloq, yazıçı-publisist, jurnalist-tədqiqatçı, şair, poliqlot, tərcüməçi, musiqiçi-ifaçı, həvəskar bəstəçi, kinossenarist, maarifçi, polimat-filosof, ictimai xadim.

 

     Ədəbi janrın müxtəlif sahələrində qələmə aldığı publisistik məqalələri, hekayələri, şeirləri dövri mətbuatda dərc edilən, tarixi şəxsiyyətlərin həyat və yaradıcılığı ilə bağlı ərsəyə gətirdiyi iri həcmli kitabları ilə oxucuların rəğbətini qazanan müəllifin bu günlərdə Azərbaycan və talış dillərində “HƏQİQƏTİN GÜZGÜSÜNDƏ – ROSTİƏTİ OVƏYNƏDƏ adlı şeirlər toplusu çapdan çıxıb (“DODO” MMC nəşriyyatı. Bakı. 2026. 280 səh) .

 

      Kitabda müəllifin son illərdə Azərbaycan və talış dillərində, şeirin müxtəlif janrlarında qələmə aldığı ictimai-siyasi məzmunlu, habelə, lirik, satirik, ithaf, uşaq şeirləri, lirik-epik poemalar toplanmışdır. Müəllif, cəmiyyətdə və ümumiyyətlə dünyada baş verən haqsızlıqlara, ədalətsizliklərə qarşı sözün bədii ifadəsi ilə etiraz edərək öz üsyan səsini qaldırır. O, həmçinin həyatda rast gəldiyi hadisələrin fonunda insanlığa yaraşmayan neqativ əməlləri pisləyir, belə hallara qarşı cəmiyyəti səfərbər etməyə çalışır. 

     Həvəskar bəstəçilik fəaliyyəti ilə də məşğul olan müəllifin lirik-aşiqanə mövzularda qələmə aldığı bir sıra şeirlər, milli muğamlarımızın ayrı-ayrı şöbələrinə bəstələnmiş mahnı və təsniflərə aiddir. 

     Kitab, şairin yaradıcılığına maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 

 

     Qeyd edək ki, bu kitab müəllifin oxuculara sayca 4-cü töhfəsidir. Onu da diqqətə çatdıraq ki, 2024-cü ildə ədibin 70 illik yubileyi ərəfəsində onun həyat və yaradıcılığını əks etdirən “Xodaşirin Cəbiyev (Cabbari) - 70. İNSANLIĞIN ÜNVANI” adlı bədii-publisistik kitab çapdan çıxıb (redaktor: Əlizaman Baxış, məsləhətçi: Ələşrəf Niftiyev. “Bakı Mətbəəsi” ASC. Bakı. 2024. 352 səh.). Həmin kitabda 68 alim, ictimai xadim, şair və yazıçının müxtəlif illərdə X. Cəbiyev (Cabbari) yaradıcılığı barədə elmi rəyləri, ona həsr etdikləri şeirlər, publisistik məqalələr, esselər toplanmışdır.

     Haliyədə X. Cəbiyev (Cabbari) Masallı rayonunun musiqi və mədəniyyıt taixini əks erdirən “MASALLININ MUSİQİ ULDUZLARI” adlı tədqiqat əsəri üzərində işləyir. Bu yolda ona möhkəm can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

     Aşağıda X. Cəbiyevin (Cabbari) qələmə aldığı şeirlərin bir neçəsini oxucuların diqqətinə çatdırırıq:

 

DÜNYAMIZ 

Qoy sənə mən bir söz deyim, qardaşım! 

Sahibi yox, yiyəsizdir dünyamız. 

Baş alıbdır pis niyyətə, heçliyə, 

Məzhəb itib, yüyənsizdir dünyamız. 

 

Çal-çağırlı günlərimiz var idi, 

Həyət-baca köksümüzə dar idi. 

Geydiyimiz gödək şalvar ar idi, 

İndi tamam, kəfənsizdir dünyamız. 

 

Belə getsə, doğmalar da yad olar, 

Gen düşərik, evimiz bərbad olar. 

Yadlar gülər, düşmənimiz şad olar, 

Bu gedişlə, gərəksizdir dünyamız. 

 

Şan-şöhrəti əziz nemət bilərdik, 

Şadlanardıq, sevinərdik, gülərdik. 

Sevincdən bir, özgəyə pay verərdik, 

Heyif, indi ləzzətsizdir dünyamız. 

 

Başı-başa, aşı-aşa qatmışıq, 

Bunu ona, onu buna satmışıq. 

Bu minvalla, xirtdəyəcən batmışıq, 

Tərs xoruz tək, fərəsizdir dünyamız. 

 

Susmaq yoxdur, indi hamı danışır, 

Yalan sözə rəng qatmağa çalışır. 

Gündən-günə dünya yaman qarışır, 

Mizan itib, pərsəngsizdir dünyamız. 

 

Bu oyunda uduzan kim, udan kim, 

Əzilən kim, əyilən kim, sınan kim. 

Arzusuna, niyyətinə çatan kim, 

Nisgil artıb, fərəhsizdir dünyamız. 

 

Gəl mənimlə qol-qola gir yarış sən, 

Harayıma yetişməyə çalış sən. 

Dünya qopur, reallıqla barış sən, 

Sanki ölüb, nəfəssizdir dünyamız. 


Masallı şəhəri. 11.12.2023-cü il

 

DOSTLARIM 

(Dünyasını dəyişən qədirbilən, təmənnasız, sədaqətli 

dostlarımın əziz xatirəsinə ithaf edirəm.) 

 

Fələk mənə qəsd eləyib, min sınağa çəkəndə, 

Namərd kəslər həyatıma şər-böhtanı əkəndə, 

Nanəciblər siçovul tək, qınına çəkiləndə, 

Qılınc çəkib, meydan tutan, şücaətli dostlarım. 

 

Yıxılana, əzilənə hər an qucaq açmışam, 

Neçə sönən ocağa mən, yeni ovqat qatmışam. 

Harayına yetişmişəm, köməyinə çatmışam, 

Hər işimə dəstək olan, əzəmətli dostlarım. 

 

Çoxu bilmir, saya salmır insanlığın qədrini, 

Hiss etməyir əziyyətli duz-çörəyin ətrini. 

Sevən kəslər əzizləyər bir-birinin xətrini, 

Yaman gündə şax dayanan, düz qamətli dostlarım. 

 

Bu dünyaya zinət verən, qüvvət verən paradır, 

Para ilə çiçək açır, insan qurub-yaradır. 

Pul-parası olmayanın günü zülmət, qaradır, 

Parasın ortaya qoyan, səxavətli dostlarım. 

 

Dostlar var ki, ürək qoyar, can da verər yolunda, 

Dostlar var ki, tikəsini yarı bölər yolunda, 

Dostlar da var, sinəsini sipər edər yolunda, 

Məqamında haray salan, şərafətli dostlarım. 


Qorxu bilməm, mən ölümün gözünə dik baxmışam, 

Ömrüm boyu susmamışam, həyatdan dərs almışam. 

Əbləhlərin cəmdəyinə, çox vəlvələ salmışam, 

Dar günümdə qahmar çıxan, “Xan qeyrətli” dostlarım. 

 

Dost seçməkçün aradabir insanları sına sən, 

İmtahan et, göz-qulaq ol, nəzər yetir ona sən. 

Əyriliklə rastlaşanda, üz çevirmə yana sən, 

Hər sınaqda şax dayanan, mətanətli dostlarım. 

 

Dost insana bir nemətdir, qoru onu, əzizlə, 

Gözlərinə nəm qonanda, göz yaşını təmizlə. 

Əsl* dostdan uzaq gəzmə, qarşıla xoş bənizlə, 

Taleyimə dastan yazan, sədaqətli dostlarım. 

 

Döyüşlərdə zəfər çaldım, rəqiblərdən öc aldım, 

Qədirbilən dostlarımın dayağından güc aldım. 

Doğmaların “bəstəsindən”, tənəsindən qocaldım, 

Çətin gündə yorulmayan, kəramətli dostlarım. 

 

Dərd-sərimiz çox olsa da, yükləməyək dostlara, 

Qəm-qüssəni pünhan tutaq, dərd etməyək dostlara, 

Yerli-yersiz bezikdirib, gəyişməyək dostlara, 

Hər dərdimə çarə tapan, fərasətli dostlarım. 

 

Vətən oğlu, üzə gülən hər yetənə dost demə, 

İlqarına bel bağlayıb, bihudə şey istəmə. 

Şirin dilə çox güc verib, yağlı-yağlı tost demə, 

Sınamışam, usanmayan, dəyanətli dostlarım.

 

 *Əsl dost - yaxşı, dəyanətli, sədaqətli, qürurlu, fəxr etməyə dəyən, təmiz, xalis, mayası pak insan.  


Masallı şəhəri. 02.02.2024-cü il

 

SƏXAVƏTLİ ADAMLAR 

(Qələmə aldığım əsərlərin işıq üzü görməsində əməyi olan, mənə maddi dəstək verən səxavətli adamlara ithaf edirəm.) 

 

İnsanlığı uca tutan, 

Ürəklərdə heykəl quran, 

İşi daim haqq vuran, - 

Ləyaqətli, səxavətli adamlar. 

 

Heyrət dolu nitq söyləyən, 

Qəlbi sözlə fəth eyləyən, 

Fikri nizamla xərcləyən, - 

Bəlağətli, səxavətli adamlar. 

 

İstedadın aşiqləri, 

Yada salırsız bizləri. 

Şad edirsiz könülləri, - 

Kəramətli, səxavətli adamlar. 

 

Urək sizdə nə boydadır? 

Hikmət nütvədə, soydadır. 

Əl tutmaq Sizdə qaydadır, - 

Nəcabətli, səxavətli adamlar. 

 

Səhərləri Siz açırsız, 

Aləmlərə nur saçırsız. 

Gecə-gündüz hey, qaçırsız, - 

Fərasətli, səxavətli adamlar. 

 

Qorxu yoxdur gözünüzdə, 

İnam vardır özünüzdə. 

Yoxdur yalan sözünüzdə, - 

Cəsarətli, səxavətli adamlar. 

 

Göydən düşmə Aysınız, 

Sayca kiçik paysınız. 

Mələklərə taysınız, - 

Şərafətli, səxavətli adamlar. 

 

Bağlısınız Yaradana, 

Baş qoşmayın hər nadana. 

Uzaq durun şarlatana, - 

Şəhamətli*, səxavətli adamlar. 

 

Ruziniz daim bol olsun, 

Gücünüz vuran qol olsun. 

Getdiyiniz işıqlı yol olsun! 

Əzəmətli, səxavətli adamlar.

 

* Şəhamət - qoçaqləq, igidlik, şücaət, nəciblik 


Masallı ş. 27.03.2026-cı il







{sape_links}
Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10