MASALLI ƏSİLLİ - Respublika prokuroru, Ədliyyə naziri, Xalq Təsərrüfatı Şurasının sədri və s. vəzifələrdə çalışan görkəmli dövlət xadimi, yazıçı-publisist, jurnalist Böyükağa Talıblıya sahib çıxaq.
Cənub.az bildirir ki, Son illərdə yazıçı-publisist, jurnalist-tədqiqatçı Xodaşirin Cəbiyev (Cabbari) bir sıra tanınmış və adlı-sanlı şəxsiyyətlərin həyat və yaradıcılığı ilə bağlı tədqiqat işləri aparır. İndiyə kimi Teymur bəy Bayraməlibəyov, Məryəm xanım Bayraməlibəyova, Cavad bəy Məlik-Yeqanov, Əli bəy Bələrbəyov, Böyükağa Talıblı, Molla Cəlal Axund Gülməmməd oğlu, Mir Kazım Aslanlı - Sarəng, Azad Talışoğlu, Məmmədhüseyn Əliyev, İmamverdi Həmidov və b. haqqında onun qələmə aldığı publisistik yazılar geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. ”Cenub.az” internet onlayn qəzeti olaraq gələcəkdə X. Cəbiyevin bu silsilədən olan yazılarını oxuculara təqdim edəcəyik. İndi isə B. Talıblının qızı Sona xanımın həyat faciəsi ilə bağlı məqaləni oxuculara təqdim edirik.
I YAZI
MASALLI ƏSİLLİ - Respublika prokuroru, Ədliyyə naziri, Xalq Təsərrüfatı Şurasının sədri və s. vəzifələrdə çalışan görkəmli dövlət xadimi, yazıçı-publisist, jurnalist Böyükağa Talıblıya sahib çıxaq.

Son illərdə mətbuat səhifələrində - qəzet və jurnallarda, sosial şəbəkələrdə adlı-sanlı tarixi şəxsiyyətlərin həyat və yardıcılıqları, xalq qarşısında xidmətləri ilə bağlı xeyli sayda tədqiqat işlərim, araşdırmalarım dərc edilib. Onlardan biri də, əslən Masallı rayonunun Qodman İ.Ə.D.-nin Əzizabad kəndindən olan, Salyan şəhərində doğulmuş hərbiçi, jurnalist, yazıçı-publisist, görkəmli dövlət xadimi Böyükağa Mirqasim oğlu Talıblının həyat salnaməsi ilə bağlı olmuşdur. O cümlədən, 28.12.2022-ci il tarixdə FACEBOOK, ODNOKLASSNİKİ, GOOGLE internet saytlarında olan şəxsi hesablarımda
“İNQİLAB FIRTINASININ FƏDAİSİ. ƏHMƏD CAVADI VƏ SƏMƏD MƏNSURU HİMAYƏ ETDİYİ BƏHANƏ GƏTİRİLƏRƏK AMANSLZCASINA QƏTLƏ YETİRİLƏN DÖVLƏT XADİMİ”
https://m.facebook.com/story.php?story_fbid=5663478450436412&id=100003229390674&mibextid=Nif5oz
adlı sənədli-publisistik geniş məqalə ilə çıxış etmişəm. Eyni zamanda, 27.09.2022; 04.05.2025-ci il tarixlərdə yuxarıda adlarını sadaladığım saytlarda B. Talıblının adının Masallıda əbədiləşdirilməsi ilə bağlı təşəbbüs göstərərək yazılar dərc etməklə, ictimaiyyətə və aidiyyəti dövlət qurumlarına çağırışlar etmişəm.
https://www.facebook.com/share/p/1CDXh8Aiyz/
https://m.facebook.com/story.php?story_fbid=9677978855652998&id=100003229390674&mibextid=Nif5oz
B. Talıblının həyatı, inqilabi fəaliyyəti və xidmətləri ilə bağlı araşdırmaları apararkən məlum oldu ki, onun Sona adında yeganə qız övladı olmuş və xoş bir təsadüfdən 01-10 sentyabr 1971-ci il tarixdə - tələbəlik illərimin ilk günlərində həmin qadının evində müvəqqəti, pulsuz-parasız kirayədə yaşamışam. Bu məsələnin təfərrüatı barədə yuxarıda adını çəkdiyim məqalədə müfəssəl məlumat vermişəm. Lakin həmin hadisənin üstündən 51 il keçəndən sonra bilmişəm ki, evində yaşadığım Sona xanım kim imiş və onun barəsində o zaman məlumatsız
olduğuma görə bu gün dərin təəssüf hissi keçirirəm.
... Tədqiqat zamanı B. Talıblının sağlığında onun evinə gedib-gələn yaxın dostlarının, əqidə və məslək yoldaşlarının kimliyi də bəlli oldu. Və o da məlum oldu ki, onlardan biri inqilabçı, jurnalist, görkəmli dövlət xadimi, Azərbayan SSR-nin ilk maarif komissarı (1920), Ərzaq komissarı, Torpaq komissarı, Ali İqtisadi Şura və XKS-nin sədr müavini, Dövlət Plan Komissiyasının sədri, Zaqafqaziya Pambıq Komitəsinin sədri, Xalq Komissarları Sovetinin sədri (1930-1932) və s. mühüm dövlət vəzifələrində çalışan Dadaş Bünyadzadə (08.04.1888 - 21.04.1938) olmuşdur.
İş belə gətirdi ki, 28.12.2022-ci il tarixdə sosial şəbəkələrdə yuxarıda qeyd etdiyim məqaləni paylaşdıqdan bir neçə gün sonra MESSENCER internet rabitə sistemi vasitəsilə bir cavan izləyizi mənimlə əlaqə saxladı və məlum oldu ki, Xəyal Bayramlı adlı bu yaradıcı, təşəbbüskar və xeyirxah gənc Dadaş Bünyadzadənin qardaşının nəticəsidir. Həmin vaxtdan etibarən Xəyal bəylə işgüzar əlaqələrimiz bu günə kimi davam edir. Onu da əlavə edim ki, Xəyal bəy babası D. Bünyatzadə ilə bərabər həm də onun yaxın dostu və silahdaşı olan B. Talıblının da həyat və fəaliyyətinin arxivlərdə, mətbuat səhifələrində araşdırılması istiqamətində ciddi işlər aparır. Atalar demişkən: ”Ot kökü üstə bitər” və ya “Hər kəs öz əsəb-nəsəbinə çəkər”.
İndi isə X. Bayramlının gərgin əməyinin bəhrəsi olan ürək dağlayıcı, hər kəsi düşündürə biləcək bir məqaləni oxucuların nəzər-diqqətinə çatdırıram. Həmin məqalənin müəllifi Z. Rüfətoğlu 2014-cü ildə dünyasını dəyişib. Amma tarix, tarix olaraq, fakt da fakt olaraq qalır. B. Talıblının qızı Sona xanım Talıblının sağlığında Z. Rüfətoğlunun qələmə aldığı “Xalq düşməninin qızı” adlı məqalə qarşımızdadır. Hesab edirəm ki, ciddi maarifləndirici və tərbiyəvi əhəmiyyət daşıyan bu bir neçə səhifəlik məqalə, sovet - Stalin rejiminin əsl mahiyyəti, bütün amansızlıqları, qəddarlıqları və çılpaq çalarları ilə oxucuların yaddaşında, düşüncəsində dərin iz buraxacaq. Əslinə qalsa, tarix və zaman kimlərin haqlı, kimlərin isə haqsız olduğuna, günahkarlara və günahsızlara az qala, yüz ilə yaxındır ki, qəzavət edir...
Mənbələrdə - B. Talıblının istintaq materiallarında onun barəsində ölüm hökmünün çıxarıldığı, ölüm aktında güllələndiyi göstərilsə də, o 1937-ci ildə güllələnməmiş, məhz amansız cəza və işgəncə tədbirləri zamanı vəhşicəsinə qətlə yeririlmişdir. Hələlik onun dəfn yeri bəlli olmasa da, bu istiqamətdə X. Bayramlı ilə birlikdə axtarışlarımız davam edir. Eyni zamanda, apardığımız araşdırmalardan belə məlum olur ki, B. Talıblının həyat yoldaşı N. Talıblı təqribən ötən əsrin 70-ci illərində, qızı Sona Talıblı isə 90-cı illərin axırlarında vəfat etmişlər. Onların uyuduqları məzarlığın müəyyən edilməsi istiqamətində də haliyədə ciddi araşdırmalar aparırıq.
KÖLGƏDƏ QALMIŞ SƏHİFƏLƏR
“XALQ DÜŞMƏNİ”NİN QIZI
Məqalənin müəllifi: ZÜLFÜQAR RUFƏTOĞLU
“AÇIQ SÖZ” jurnalı № 3. Mart 1990.
Azərbaycan Jurnalistlər İttifaqının nəşri. “AŞKARLIQ”.
Nağıllar həmişə belə başlanır: biri vardı, biri yox... 30-cu illərdə «xalq düşməni» damğası vurulmuş qurbanların övladlarının, indi artıq saçları da ağarmış, son şahidlərin də hekayətləri beləcə eyni bir deyimlə başlanır: «Gecəyarı qapımızı döydülər...».
Amma Sona xanım Talıblı, hekayəsinə belə başlamadı. Atalı-analı günlərini anlatdı. Hiss olunurdu ki, uşaqlıq illəri haqqında söhbətini uzadır. Uzadır ki, ömrünün «gecəyarı qapımızı döydülər» məqamına «gec çatsın».
- Bəlkə sizə çay gətirim, ... - deyə təklif edir. Qəhərini boğmaq üçün onun «mətbəxdən çay gətirməyə» daha çox ehtiyacı var. Mətbəxdən qayıdır.
- Bilirsiniz, hər dəfə masanın üstünə çay-çörək qoyanda onlar gəlir gözümün qabağına. Gülərüz, şən, həyat eşqilə coşub-daşan o adamlar, atamın dostları.
Və Sona xanım, Böyükağa Talıblının əqidə dostlarının adlarını çəkir:
- Sultan Məcid Əfəndiyev, Dadaş Bünyadzadə, Topçubaşov...
Adlarını kitablardan oxuduğumuz, küçə lövhələrində gördüyümüz bu adamlar haqqında Sona xanımın xatirələrində nəsə daha dərin məna var:
- Hər birini çox gözəl xatırlayıram. Sultan Məcid xalis aristokrat idi. Danışığı da, hərəkətləri də, yeyib-içməyi də... Dadaş əmi belə şeylərə bir az həqarətlə baxırdı.
Evimiz marksistlər klubuna bənzəyirdi. Atamın dostları daha çox gələcəkdən danışırdılar. Bu söhbətlərdə kommunizm vardı, bolluq, səadət, güman vardı. Repressiya, reabilitasiya sözləri isə o vaxt bir məna daşımırdı.
- Sona xanım, o da sizə gəlirdi?
Qəribə fəhmlə «o»nun kim olduğunu anlayır:
- Bağırovu deyirsiniz. Gəlirdi. Qaraqabaq, adamayovuşmaz idi. Az danışardı. İşinin çoxluğundan elə gileylənirdi ki, hətta mən də, yeniyetmə olmağıma baxmayaraq, bu gileyin sırf lovğalıqdan gəldiyini duyardım. «Guya bütün dünya inqilabının yükü bunun çiyinlərindədir», «Yaman yoruluram», -deyərdi, - “о qədər yoruluram ki, hətta morfi də karıma gəlmir».
Bu «morfi» söhbətinə о zaman heç kəs fikir vermədisə də, sonralar Bağırovun xasiyyətindəki morfinist qəddarlığının bir kökünü də bunda axtarmışam. Doğrudan da, bu qədər qətlə fitva vermək üçün gərək ya dəli olasan, ya da tiryəkçi.
Sona xanımın gözlərində 30-cu illərin Bakı məktəblisinin könül qığılcımları yanıb-sönür, uzaqlarda sayrişan ulduzlar kimi...
Ata-anasının - Böyükağa Talıblının və Natalya Çexovanın fevral inqilabı ərəfəsində Petroqradda tələbə mitinqlərindən birində sonralar izdivacla sonuclanan tanışlıqlarından danışır. Natalya Mixaylovna məşhur Çexovun uzaq dvorjan qohumlarından olub. İnqilabın təlatümündən məst olmuş qafqazlı gəncə dərhal vurulub. Qohumlarının bütün çiddi-cəhdinə baxmayaraq taleyini «tüzemets»lə (rus dilindən: yerli sakin, gəlmələrdən və əcnəbilərdən fərqli olaraq, müıyyən bir ərazidə, ölkədə doğulmuş və orada daimi yaşayan şəxs - X.C.C.) bağlayıb...
- Bilirsiniz, - deyə Sona xanım söhbətinə davam edir, - atamın bir balası vardı. Ətrafdakılarda qibtə oyadırdı… Qibtə hissi oyadanların “37 taleyi” isə heç kəsdə qıbtə oyatmırdı.
Gecəyarı qapımızı döyüdülər, - nəhayət, Sona xanım söhbətinin arzulunmaz hüduduna gəlib çatır. - NKVD-nin bu ziyarəti azı on gün əvvəl bizi bəlkə də təəccübləndirməzdi. Çünki 1936-cı ilin axırlarında partiya biletlərinin dəyişməsinə başlamışdılar. Köhnə biletlər yığılmış, təzələri paylanmağa başlanmışdı. Nə isə Talıblının partbiletini zamanca ləngitmişdilər və o, on gün əvvəl Moskvaya şikayətə getmiş, qayıdan kimi də təzə partiya bileti almışdı və indi yanvar gecəsində sadist Atakişiyevin mənzilimizin ortasında dayanb axtarış aparan, evin altını üstünə çevirən başkəsənlərinə göstəriş verməsi, İsa Peyğəmbərin zühuru qədər möcüzəli bir şeydi. Nədənsə mənə elə gəldi ki, atamın saçları gözüm baxa-baxa ağarır və bu axtarış bir az da çəksə, qarşımda atamı yox, ağsaçlı ixtiyarı görəcəyəm. Axtarış da ki, nə az, nə çox, sübhə qədər çəkdi.
- Nə tapdılar, Sona xanım?
- Gizlədilmiş nə vardı ki... Əski əlifba ilə yazılmış kitabları, türk vallarını, bəzi kağızları, bir də atamın ov tüfəngini əşyayi-dəlil kimi götürdülər. Atamı özləri ilə apardılar.
Sonrası oxuculara da bəllidir. Ayda bir bağlama, «istintaq», «trojka», ... qətl.
Talıblıların evindən dost-tanışın da, qohumların da ayağı kəsildi, telefon susdu. Geniş mənzil Sabunçu vağzalının yanındakı kiçik otaqla əvəz edildi.
Ta oktyabra qədər atam üçün səksəkədə yaşadıq. Oktyabrın 15-nə keçən gecə qapımız bir də döyüldü. Gələn üç nəfər hərbi geyimli adam idi. Anama bircə kəlmə dedilər: «Geyin, bizimlə gedəcəksən». Sonra əlavə elədilər: «Qız da geyinsin, dəyişəcək götürün...». Vəssalam. Ana-bala küçəyə çıxıb qara maşına mindik. Qısa yürüşdən sonra NKVD-nin dənizə baxan tərəfində maşın dayandı və bayaqkı kişinin amiranə səsi gəldi: «Qız düşsün». Bu kəlmə qulaqlarımda şillə kimi partladı. Daha heç nə bilmədim. Anam mənı bağrına basdı və onda başa düşdüm ki, balanı anadan qopartmaq nə deməkdir.
Məni həmin binada bir otağa saldılar. Dadaş əminin uşaqlarını, Axundzadəgilin körpələrini, Sənaye naziri Hacıyevin uşaqlarını dərhal tanıdım. Ertəsi gün hamımızı maşına doldurub Bakıdan çıxartdılar. Xəstəxananı xatırladan bir yerə gətirdilər. Onda bildik ki, bura Şüvəlandır və biz «detpriyomnikdəyik» (rus dilindən: uşaqların qəbulu məntəqəsi - X.C.C.).
«Detpriyomnik»
Sona xanımın bu son kəlməsini nə illah elədimsa, dilimizə çevirə bilmədim. Mənim ana dilimdə «detpriyomnik» sözü yoxdur, hərçənd özü olub. Mənim ana dilimdə heç bir dilə dəqiq tərcümə olunmayan «qeyrət» sözü var, «insan adamdır» ifadəsi var, amma öldür məni «detpriyomnik» yoxdur.
- Bizə çay-çörək verilən saxsı qablar, saxsı dolçalar indi də gözümün qabağındadır, - Sona Talıblı həyatının «detpriyomnik» səhifəsini bu sözlərlə açır. - Bir də axşamlar «ay ana!» - deyərək xısın-xısın ağlaşan körpələr, keçmiş inqilabçı balaları, indi isə «kontrrevolyusiyon küçükləri...». Onu da deyim ki, burada təkçə biz - siyasi məhbusların balaları deyil, həm də canilərin uşaqları saxlanılırdı və aramızdakı ixtilafların təfərrüatına ehtiyac qalmır.
«Detpriyomnik»in böyüyü Aqranat familiyalı birisiyidi. «Küçüklər»in axşam
«ulaşması» ərşə çıxanda hərəyə bir parça kağız və qələm paylatdırardı. «Uşaqlar, ağlamayın, əvəzində gəlin analarınıza məktub yazın». Ağlaşma xırp kəsilirdi və cocuqlar çiyinlərini karandaşlara söykəyib «Anacan!», yazırdılar. Hələ yazı-pozu bilməyənlərsə, başlarını uzadıb «bəxtəvərlərə» mane olurdular. Burdan yazılan məktublara heç vaxt cavab almırdıq. Odur ki, Bakıya qaçmaq, anamın yerini qohumlardan öyrənmək fikri məni rahat buraxmırdı, bircə təkan gərək idi. Və bu təkan da oldu.
Aqranatın növbəti məktub «anesteziyasından» sonra körpələr yataq otağına keçdilər. Mənim daha yetkin çağım idi. Məktubları yığıb Aqranata verdim və o, çönüb gözümün qarşısında onları cırıb cibinə doldurdu. Ürəyimin başı göynədi. Deməli, aylarla yazdığımız bütün məktubların da aqibəti beləymiş. Nifrətlə «tərbiyəçi»nin gözünün içinə baxdım. Duruxdu. Peşman olduğu bilinirdi, amma nə fayda, səhv buraxmışdı.
Səhər obaşdan xəlvəti «kukuşka» deyilən qatara minib Bakıya gəldim. Vağzaldan Zevin küçəsinədək nə çəkdiyimi özüm bilirəm. Xalam burada yaşayırdı. Məni qapıda görüb əvvəl qorxdu, sonra bağrına basıb ağladı, dedi ki, anan Bayıl həbsxanasındadır. Anamın yerini biləndən sonra, arxayın Şüvəlana qayıtdım. Bu dönüşdən sonra məni həbsxana gözlədiyini bilirdim, amma onsuz da vaxtım çatmışdı, çünki «detpriyomnik»dəki uşaqlar 16 yaşına çatan kimi həbsxanaya köçürülürdülər və uşaq sadəlövhlüyü ilə inanardım ki, anamla bir kamerada yatacağam. Şüvəlandakı uşaqlar elə belə də dedilər: «Bəxtəvər, türməyə gedəcəksən».
Sürgün
- Bəxtəvər deyiləmmiş. Məni həbsxanaya göndərmədilər. O vaxt artıq həddi-buluğa çatanları, daha doğrusu, azadlıqda qohumları olanları yazılı iltizamla onlara təhvil verirdilər. Məni xalam zaminə götürdü. Açığını deyim ki, tutulanların qohumları «siyasi məhbusların» balalarından çox vaxt boyun qaçırırdılar, heç kandara da buraxmırdılar.
…Hər gün həbsxananın həyətinə gəlirdim. Adam əlindən tərpənmək olmurdu. Bağlamaları vermək üçün siyahı ilə çağırırdılar. Familiyamda da bəxtim gətirməmişdi, «T» hərfi rus əlifbasının 18-ci hərfidir. Odur ki, növbəm çatanadək vaxt qurtarır, ya da gün axşam olurdu. Həbsxana baxıcısı Koqan qapıda görünən kimi yüzlərlə adam onun üstünə cumurdu ki, bəlkə anasının, bacısının, qızının taleyindən xəbər tuta. «Çernaya vorona» (rus dilindən: Qara qarğa - X.C.C.) deyilən həbsxana maşınının da üstünə beləcə cumurdular ki, heç olmasa barmaqlıqlar arasından kimin yatanla sürgün üçün vağzala aparıldığını görsünlər.
Bəzən darvazalardan qara örtüklü araba da çıxırdı. Bu vaxt cummağa heç kəs tələsmirdi. Hamının ürəyinə qorxu düşürdü ki, qara örtüyün altında məhz onun əzizinin cansız cəsədi gəlir.
Vağzaldan gedən örtülü taxta vaqonların arakəsmələri araşından kağız qırıntıları tökülürdü. Son məktublar: «Maqadana getdim», «Novosibirskə aparırlar», «Kolımaya gedirik» və on dəqiqədən sonra perronun üstündə bircə kağız parçası da qalmırdı.
Sona Talıblı anasından məhbus qadınların elan etdikləri açlıqdan sonra ancaq xəbər tuta bildi. Uşaqlarından nigaran məhbus anaların Bayıl məhbəsindəki son döyüşü belə başa çatdı.
...Yeniyetmə Sona, anasının sorağıyla Novoçerkasska yollandı. Bir il ana-bala sürgün çəkdilər. Sonra Natalya Mixaylovna zorla qızını Azərbaycana göndərdi. Qızcığaz Altıağacda yaşadı (Bakıda yaşamaq ...hüququ, seçkilərdə iştirak etmək hüququ yox idi). Sonra Taqanroqa köçdü. Baytarlıq oxudu, harada işə düzəlirdisə, tərcümeyi-halında mütləq yazmalı idi: «Xalq düşməninin qızıyam»,… «Xalq düşməninin qızıyam...».
- Birçə dəfə 1955-ci ildə yazmadım, sənədlərimi xüsusi şöbə dərhal geri qaytardı: nə çarəm vardı. Bir də yazdım ki, «xalq düşməninin qızıyam». O vaxtlar artıq anam Azərbaycana qayıtmışdı və birlikdə Şamxora köçmüşdük. Tıbb başçısı işləyirdi. Onun əmək fəaliyyətinə də mənim dikbaşlığım son qoydu. Baş həkim qadın idi. Bir gün anama əmr elədi ki, su gətirib onun ayaqlarını yusun. Elə bilirdim ki, anam indicə onun başına qapaz vuracaq. Amma belə olmadı. Yazıq arvad sakitcə suyu vedrədən ləyənə töküb, gözlədi ki, sahibəsi ayaqlarını onun içinə salacaq. Gör Sibir dvorjan qızından nə əntiqə qaravaş düzəltmişdi! Daha dözə bilmədim. Ləyəni qaldırıb həkimin təpəsinə əndərdim. Şamxor epopeyamız da beləcə bitdi.
...Bakıya qayıtmaq hüququ aldıq. Bızə şəhərdə həlak olmuş bir əsgərin ailəsi ilə
birgə yaşamaq üçün kommunal mənzil də verdilər. Əsgərin dul arvadı elə hey, qalmagal salırdı: «Bu xalq düşmənlərini əsgər balalarının çörəyinə ortaq eləyiblər» (hərçənd ortaq deyildik). «Bunları güllələmək lazım idi», - deyə hey, deyinirdi.
- Və bilirsiniz nə oldu sonra?
Sualdan diksinən kimi oldum.
- 1955-də əsgər gözlənilmədən qayıtdı. Əsir düşübmüş. Arvadı heç qapını da açmadı üzünə...
Sonaxanım birdən-birə pıçıldadı:
- Adamlarda xeyirxahlıqdan çox, bədxahlıq var. Mən buna qəti inanmışam. Nə ailə qurmuşam, nə oğul-uşaq sahibiyəm. Yanıb kül olmuşam.
«Xalq düşməninin qızı» - bu sözləri deyəndə sanki mənə 30-cu illərin bütün mexanizmi aşkar olur. Demək, bu imiş «detirpiyomniklərdən», «arvad həbsxanalarından», tərcüməyi-halların son bəndlərindən məqsəd. Repressiya olunanların kökünü kəsmək. Kəsmək ki, nə şahid qalsın, nə qisas alan...
Böyükağa Talıblı nəslinin günahı onun günahsızlığında idi. Daha doğrusu, fanatizmində idi. Hər hansı fanatizm isə ən sonda fanatikin məhvinə fərman verir. Talıblı nəslinin inqilabi ideallara sədaqət fanatizmi də heç bir istisna deyildi. İnqilab o illərin gənçləri üçün hürriyyət adlı bir sənəm, ilk sevgi idi. İlk sevginin gözü kordur, deyiblər. Və bu məhəbbət onları o qədər bihuş eləmişdi ki, bilməmişdilər: birçə aprel gecəsinə musavat biletlərini bolşevik biletinə dəyişən, qanuni çümhüriyyətə xəyanət edən «siyasi tülkülər», əslində bir gecəyə bolşevik olmamışdılar, əslində onlar heç zaman musavatçı da olmamışdılar və biletinin rəngindən asılı olmayaraq bir sədaqətli övlad var və bir də...
İnqilab fədailəri onu da görə bilməmişdilər ki, Bağırov sifətli Azərbaycan Fuşeləri* (Fransanın 3 inqilabında da öz vəzifəsini saxlaya bilmiş polis rəisi) günlərin bir günü hakimiyyətə gələcək və kəllələrdən
düzəldilmiş nəzarət qüllələrinə qalxıb hərbi düşərgəyə döndərdikləri və hürriyyəti özündən də çox sevən bu ölkəni böyrü üstə qoyacaqlar. Nərimanovların inqilab deyə, başladıqları bu istiqlal vuruşunu, «revolyusiya»ya çevirib qanı su yerinə axıdacaqlar. Bu idi 30-cu illərin
qurbanlarının başlıca faciəsi.
Sırf məişət epiloqu
Getmək istədiyimi görən Sona xanım soruşdu:
- Bəs mətbəxin tavanına baxmayacaqsınız? Açıqı, bayaq sız gələndə, elə bildim ki, bu, mənim şikayətimlə əlaqədardır.
Mətbəxin, dəhlizin vəziyyətini təsvir etmək istəmirəm. İnanıram ki, Sona Talıblının repressiya illərindəki tavanı bundan abırlı olub.
- 21 №-li Mənzil-İstismar Sahəsinə gedib-gəlməkdən yorulmuşam. Kimdir şikayətə baxan. Süründürmədən tənkə gəlmişəm. Nə də o pulum yoxdu ki, usta tutub ev təmir elətdirəm.
Hərçənd, S. Talıblı repressiya olunmuşların müsadirə edilmiş əmlakının qaytarılması haqda Sov.İKP MK-nın qərarından sonra atası -yazıçı Böyükağa Talıblının bir neçə əsəri üçün 200 manat pul alıb. Amma bunun özü də bir ayrı tarixçədir. Soruşuram:
- Nijə belə az?
- Yenə sağ olsunlar. O pulu alanacan neçə idarənin qapısını döydüm. Məni heç vərəsə kimi tanımaq da istəmirdilər. Əvvəl VVAQ idarəsində dedilər ki, atamın ölümü haqqında arayış gətirim. Bəraət kağızını apardım. Dedilər, «bu, ölüm haqda şəhadətnamə» deyil. Dedim, «axı, burada yazılıb ki, «B. Talıblıya ölümündən sonra bəraət verilib». Məhz ölümündən sonra. Onda arayış istədilər ki, mən doğrudan da onun qızıyammı. Bütün bu get-gəllərdən sonra nə irad tutsalar yaxşıdır: “Ərizəni rusca yazmısınız, biz isə dövlət dilinə keçmişik”. Başa sala bilmədim ki, sürgündə bizim üçün Azərbaycan dili kursu açmayıblar. Axırda DTK, Ədliyyə Nazirliyi işə qarışandan sonra vərəsə oldum, 200 manat pul aldım.
VVAG işçilərinin bu Azərbaycan dili metamorfozu məni lap coşdurdu. Məgər bu həmin VVAG idarələri deyil ki, familiyalarının sonluğundakı «ov», «yev»i dəyişmək üçün müraciət edənlərdən azı 30–40 arayış istəyirlər.
- Bu söhbət də qurtardı, - dedi, daha mənə vərəsəlik də düşmür. Qayda belədir ki, valideynin çap olunan əsərlərindən yalnız 50 il müddətinə 25 faiz ala bilərsən. Atamın güllələndiyi gündənsə düz 51 il keçib.
* * *
SONA xanımla vidalaşıb pillələri enirəm. Düzü heç bilmirəm nə yazacağam. Bəlkə yazıda ondan başlayım ki, Böyükağa Talıblı adında bir yazıçı vardı. Ədliyyə naziri işləyəndə kurorta getmişdi. Qayıdanda arvadı görür ki, şinelsiz qayıdıb. İstəyib ki, soruşsun: “Ay kişı, bəs şinelin hanı?” Macal tapmayıb. Əri boxçadan çıxardığı yağı, yumurtanı masanın üstünə boşaldıb...
P.S. (X.C.C.)
Tədqiqat araşdırmalarında da qeyd etdiyimiz kimi B. Talıblının atası Mirqasım Talıblı Lənkəran qəzasının Əzizabad kəndində doğulub. Kəndin adı da ulu babaları seyid Əziz kişinin adı ilə bağlıdır. Onların nəsil şəcərəsi Lənkəranda və ümumən tespublikamızda nüfuzlu “kələntərlilər” tayfasına gedib çıxır. Masallı rayonunda həmin tayfadan öz dövrünün tanınmış hüquqşünasları, xanəndələri və b. peşə sahibləri (o cümlədən; Qodman kəndindən Rəzi bəy, Kamil, Qəyyum, Mürüvvət Həşimov qardaşları, Rövşən Həşimov, Əzizabad kəndindən filoloq (fars dili üzrə), şərqşünas Muxtar Əsədov, Məmmədrazakücə kəndindən tanınmış din xadimi Molla Şadulla) çıxıb. Yeri gəlmişkən onu da qeyd edək ki, B. Talıblı bu sətirlərin müəllifi X. Cəbiyevin həyat yoldaşı Q. Cəbiyevanın atası Kərim Baxışovun əmisidir.
Ailəsinə çörək pulu qazanmaq məqsədilə mühasiblik peşəsinə yiyələnən Mirqasım kişi, əvvəl Lənkəranda işləmiş, sonralar Salyana köçərək orada bir varlı tacirin yanında hesabdarlıq etmişdir. Mirqasım Salyanda nüfuzlu və varlı bir tayfadan qız qaçırmış, həmin səbəbdən öldürülmək təhlükəsi ilə üz-üzə qalmışdır. Müdrik və xeyirxah adamların vasitəçiliyi və işə qarışması nəticəsində canını qutarmış, 21 mart 1897-ci ildə gənc ailədə Böyükağa adlı oğlan uşağı dünyaya gəlmişdir. Bunları bir daha diqqətə çəkməkdə məqsədimiz ondan ibarətdir ki, həqiqətən də B. Talıblı həm də Masallının dəyərli və ləyaqətli övladlarından biridir. Və 27.09.2022; 28.12.2022; 04.05.2025-ci il tarixlərdə sosial şəbəkələr vasitəsilə onun adının əbədiləşdirilməsi ilə bağlı dönö-dönə Masallı rayonunun aidiyyəti dövlət qurumlarına müraciətlər ünvanlamışıq və bir daha bu barədə israrla çağırış edirik! Axı, B. Talıblı ən azından, Azərbaycan ədəbiyyatında, fikir tariximizdə öz dəsti-xətti seçilən M. S. Ordubadi, Y. V. Çəmənzəminli, Ə. Haqverdiyev, S. S. Axudov kimi sənət nəhəngləri ilə bir sırada dayanır.
Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda canını qurban verən görkəmli dövlət xadimi Böyükağa Talıblıya, həyat yoldaşı Natalya Talıblıya, onların yeğanə nişanəsi olan Sona Talıblıya və bu yazıda adları keçən, dünyasını dəyişən hər kəsə Böyük Allahdan rəhmət diləyirəm! Ruhları şad, məkanları Cənnət olsun! Amin ya rəbbəl aləmin!
Məqalənin axtarılıb-tapılmasında misilsiz zəhməti olan tədqiqatçı-jurnalist, yazıçı Xəyal Bayramlıya dərin təşəkkür və minnətdarlığımı bildirirəm!
Qeyd:
1. Məqalənin müəllifi əslən Astara rayonunun Pensər kəndindən olan talış əsilli şair, publisist, tərcüməçi, naşir, görkəmli itimai-siyasi xadim, sovet rejiminin repressiya qurbanlarından biri olan Zülfüqar Əhmədzadənin nəvəsidir. Z. Rüfətoğlu tanınmış jurnalist, şair,
tərcüməçi idi. 09. 11. 2014-cü ildə Londonda vəfat etmişdir.
2. Məqalənin mətni xırda qrammatik xətalar istisna olmaqla, heç bir düzəliş aparılmadan, olduğu kimi dərc edilir.
Cənub.az üçün hazırladı: Xodaşirin Cəbiyev (Cabbari) Yazıçı-publisist, jurnalist-araşdırıcı.
Masallı şəhəri. 08.09.2026-cı il.














