Mollakənd kəndi Lənkəran rayonunun yaşayış məntəqələrindən biridir. Kənd Lənkəran şəhərindən 13 km cənub-qərbdə, Lənkərançayın sağ qolu olan Vazəru çayının sahilində, Lənkəran-Lerik yolunun üstündə yerləşir. Şərqdən Rvo kəndi, qərbdən, şimaldan və cənubdan meşə zolağı ilə həmsərhəddir.
Ərazisi 40 hektar, əhalisi 519 nəfərdir (01.01.2024).
Kənddə 1933-cü ildə 95 nəfər (kişi 48, qadın 47), 1989-cu ildə 210 nəfər, 1999-cu ildə 339 nəfər, 2009-cu ildə 428 nəfər, 2019-cu ildə 491 nəfər qeydə alınmışdır.
Mollakənd ərazi və əhalisinin sayına görə Lənkəran rayonunun kiçik yaşayış məntəqələrindən biridir. Kənd Lənkəran rayonunun 93 yaşayış məntəqəsi sırasında əraziyə görə Aşağı Apu, Alazəpin və Haftaruon kəndləri ilə birlikdə 85-88-ci yerləri bölüşür. Əhalinin sayına görə isə 77-ci yerdə durur.
Mollakənd şəffaf və eyni zamanda kalka, yəni tərcümə olunmuş toponimdir. Toponim talış dilində Məlodi adlanır. Talış dilində “məlo” – molla, “di” – kənd deməkdir. Məlodi-Mollakənd kalka toponim olduğundan hər iki dildə (Azərbaycan və talış dillərində) eyni məna kəsb edərək “molla kəndi”, “molla yaşayan kənd” mənasını verir.
Qeyd edək ki, rus dilində tərtib olunan 1921-ci ilə dair kənd-təsərrüfat siyahıyaalınmasında kəndin adı Molla Kənd (Молла Кенд), 1933-cü ilə dair inzibati-ərazi bölgüsündə isə Molladi (Моллади) şəklində yazılmışdır. Burada Molladi artıq hibrid toponimdir, yəni toponim Azərbaycan dilində “molla” (ərəb dilindən alınma söz) və talış dilində “di”- kənd sözlərinin birləşməsindən yaranmışdır.
Məlodi-Molladi-Mollakənd hər üç halda eyni məna kəsb edir.
Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, sitrus meyvəçiliyi və heyvandarlıqdır. Sovet dönəmində kənddə kollektiv təsərrüfat yaradılmış, təsərrüfat əvvəl Dmitrov adına kolxoz, sonra isə Babək adına sovxoz adlanmışdır. Mollakənd, Rvo, Narbağı, Qurumba, Əşlə, Şovu, Siyablı və Təngivan kəndlərini əhatə edən Babək adına sovxoz çayçılıq və tərəvəzçilik üzrə ixtisaslaşmışdır. Sovxozun həmçinin sitrus bağları və heyvandarlıq ferması da olmuşdur.
Babək adına sovxozun 1987-ci ildə illik tərəvəz planı 210 ton, çay planı isə 163 ton olmuşdur.
Babək adına sovxozun inzibati binası Mollakənd kəndində yerləşmiş və binanın qarşısında Xalq qəhrəmanı Babəkin abidəsi (1975) ucaldılmışdır. SSRİ parçalandıqdan sonra Babək adına sovxozun əhatə etdiyi kəndlərdə həmin yaşayış məntəqələrinin adları ilə əlaqədar əvvəl sovxoz, sonra isə istehsalat kooperativləri yaradılmışdır. Mollakənd Rvo kəndi ilə “Rvo” sovxozu adlanan bir təsərrüfatda birləşmişdir.
1997-ci ildə ölkəmizdə həyata keçirilən Aqrar islahat nəticəsində kolxoz-sovxozlar və istehsalat kooperativləri ləğv edilmiş, onların mülkiyyətində olan torpaqlar paybəlli torpaq sahəsi kimi pulsuz olaraq kəndlilərə paylanılmışdır.
Mollakənd kəndində məscid, şadlıq sarayı (“Murad”), ticarət-iaşə və digər obyektlər vardır. Rvo kənd tam orta məktəbi kəndin ərazisində yerləşir. Bir neçə il öncəyə qədər fəaliyyət göstərmiş Rvo poçt şöbəsi də Mollakənd ərazisində yerləşmişdir.
Mollakənd kəndi Rvo kənd inzibati ərazi dairəsinin və Rvo kənd bələdiyyəsinin tərkibindədir.
Kənd əvvəl Rvo kənd cəmiyyətinin və Davradibi kənd şurasının tərkibində olmuşdur. Rvo kənd inzibati ərazi dairəsi (1992)-ci ilə qədər kənd sovetliyi, 1992-2002-ci illərdə inzibati ərazi vahidi adlanmışdır) Rvo, Mollakənd və Əşlə, Rvo bələdiyyəsi isə Rvo, Mollakənd, Əşlə, Narbağı, Qurumba, Şovu, Siyablı və Təngivan kəndlərini əhatə edir.
Qeyd edək ki, Rvo kənd icra nümayəndəliyi və bələdiyyəsinin inzibati binası Mollakənddə yerləşir.
Mollakənd kəndinin tanınmışlarına misal olaraq Haftoni qəsəbə və Liman şəhər 1 saylı tam orta məktəblərin direktoru işləmiş və hal-hazırda Lənkəran şəhər 9 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışan, biologiya üzrə fəlsəfə doktoru Sevər Ağayeva, tanınmış həkim Nadir Məmmədov, Lənkəran şəhər Mənzil-İstismar Sahəsinin müdiri Vüqar Məmmədov və digərlərini göstərmək olar.
Tarix elmləri doktoru, etnoqraf Qəmərşah Cavadov 1969-cu ilin iyun-iyul aylarında bölgəyə etnoqrafik səfəri zamanı Mollakənddə olmuş, talışların əkinçilik mədəniyyəti, habelə texnikası haqqında materiallar toplamışdır (Q.Cavadov. “Talışlar”. I cild. B., 2004, səh. 74).
Qeyd edək ki, Kürdəmir rayonu ərazisində də Mollakənd adlı kənd vardır.
İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta ümumtəhsil məktəbinin müəllimi, tədqiqatçı-tarixçi
















