Könül Nuriyeva - yazçı, tərcüməçi.
Həmyerlimiz (Masallı rayonu Ərkivan qəsəbəsi). (Birinci yazı)
Ən çox qorxduğumuz hadisə — insanın robotların üsyanı ilə məhv edilməsi — bizim tədqiqatlarımızı və ilahilik iddiamızı dayandıra bilmir. Smartfonların bizi idarə etməsi ilə ilk baxışda razılaşmayan önyarğımız, özümüzü kənardan müşahidə etsək belə, sonu görünməyən istəklərimizdən əl çəkə bilmirik. Görəsən, bu doğrudanmı belə olacaq? Tanrı iddiasında olan insan, robotlar vasitəsilə öz sonunu hazırlayacaq?
Bu sayımızdan başlayaraq Könül Nuriyevanın yazılarını sizə təqdim edəcəyik.
Yaradan olmaq arzusu
(Elmi məqalə)
Könül Nuriyeva 1977-ci ildə Masallı rayonunun Ərkivan kəndində, Bağlaküçə məhəlləsində anadan olub. 1994-cü ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Dillər İnstitutunun Fransız dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1998-ci ildə universiteti müvəffəqiyyətlə başa vurub və Cəfər Cabbarlı adına Ərkivan kənd orta məktəbində fransız dili müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Məktəb rəhbərliyi onun tarix fənninə olan marağını və ikinci ixtisas kimi bu sahəni seçmək istəyini nəzərə alaraq, yuxarı siniflərdə tarix dərslərini də ona tapşırıb. Pedaqoji fəaliyyəti dövründə Fransadan gəlmiş dil mütəxəssislərinin müşahidəsi ilə keçirdiyi açıq dərslər yüksək qiymətləndirilib. Şagirdlərin etirafına görə, məhz onun dərs dediyi illərdə uzun müddət dərslə maraqlanmayan şagirdlər həm tarixə, həm də fransız dilinə böyük həvəs göstərməyə başlayıblar. O, rəhbəri olduğu siniflə birlikdə kənddəki təqaüddə olan yaşlı müəllimləri mütəmadi ziyarət edərək, onlara maddi və mənəvi dəstək göstərib. Sonrakı illərdə Bakıya köçərək dil kurslarında müəllim kimi fəaliyyətini davam etdirib. 2001-ci ildə Sumqayıtdakı "English Center"də ingilis dili ixtisasına da yiyələnib və bu sahədə şagird hazırlığı ilə məşğul olub. Yaradıcılıq fəaliyyətində Azərbaycan Yazıçılar Birliyinin tədbirlərində fəal iştirakı, Gənc Türk Yazarlar Birliyi ilə əməkdaşlığı və "525-ci qəzet"dəki fəaliyyəti xüsusi yer tutur. Hazırda əsasən dünya ədəbiyyatının tədqiqi ilə məşğuldur. On ilə yaxındır ki, kitab təhlilləri ilə bağlı həm müxtəlif saytlarda yazılar dərc etdirir, həm də video-söhbətlər hazırlayır. "Qaynarinfo.az" saytı ilə mütəmadi əməkdaşlıq edir; sayt üçün hazırladığı 41-ci məqaləsi hazırda dərc olunmaq ərəfəsindədir. Bundan başqa, "edebiyyat.az", "kontekst.az" və "daha.az" kimi ədəbi platformalarda yazıları mütəmadi olaraq işıq üzü görür. Yaradıcılıq portfelində 800-ə yaxın şeir olsa da, Könül Nuriyeva özünü şair hesab etmədiyini xüsusi vurğulayır. Hazırda hekayələr kitabının nəşrinə hazırlaşır. Ədəbi fəaliyyəti əsasən ədəbi-tənqidi, elmi və publisistik mətnlərdən ibarətdir. Yazıçı və şairlərin əsərlərini təhlil edərək ədəbi mühitlə sıx təmasda olur. Eyni zamanda, maarifçilik missiyasını davam etdirərək, xüsusilə bayram günlərində regionlarda yaşayan oxuculara kitablar hədiyyə edir. |
İbtidai icma quruluşunun insanı və iyirmi birinci əsrin insanı... Fərqlər saysızdır, lakin oxşarlıq dəyişməzdir: yaradan axtarışı, yaradana bənzəmək və yaratmaq eşqi.
Yayılmış nəzəriyyələrdən birinə görə, insanların tanrı mərtəbəsinə yüksəlməsi üç yolla baş verə bilər: biomühəndislik, kiborq mühəndisliyi və qeyri-üzvi canlıların hazırlanması.
Əvvəlcə biomühəndislik haqqında danışaq. Biz üzvi cisimlərin potensialını tam dərk etmirik. Dörd milyard il ərzində amöbdən "Sapiens"ə qədər yol gələn təbii seçmə, bizə "Sapiens"in təkamülün son mərhələsi olduğunu düşünməyə əsas vermir. Genlərimizin və sinir hüceyrələrimizin dəyişməsi nəticəsində biz primitiv əl alətləri düzəltməkdən başlayaraq, süni intellekt hazırlayan varlıqlara çevrildik. Hormonlarımızdakı cüzi dəyişikliklər nəticəsində gələcəkdə daha nələr hazırlaya biləcəyik? Bu məqamda biomühəndislik fəal şəkildə ortaya çıxır və "Mən təbii seçmənin növbəti mərhələsini gözləməyəcəyəm!" deyir. Beyin sinirlərini dəyişməyi, hormonlara müdaxiləni və genetik kodumuza elmi hücum etməyi qarşısına məqsəd qoyan biomühəndisliyin yeni "sürprizlərinə" hazır olmalıyıq.
Növbəti sahə kiborq mühəndisliyidir. Bu sahənin mütəxəssisləri üzvi bədəni qeyri-üzvi cisimlərlə əvəz etdikdə, böyük nailiyyət əldə etdiklərini düşünürlər. Məsələn, süni gözlər, bionik əllər ya da nanorobotlar... Nanorobotların işi daha maraqlıdır; onlar qan dövranında hərəkət edir, oradakı xəsarətləri və problemləri aradan qaldırırlar. Kiborqlar üzvi bədənin malik olmadığı üstünlüklərə sahibdir. Üzvi bədənin normal fəaliyyəti üçün bütün üzvlər bir-biri ilə əlaqədə olmalıdır; insanın gözləri ikinci mərtəbədə, ayaqları isə şəhərin o biri başında ola bilməz. Amma kiborq evindən çıxmadan dünyanın müxtəlif yerlərində işini görə bilir. Həkim kiborq olsa, uzaqdan cərrahiyyə əməliyyatı icra edə bilər, yaxud kosmik sahədə çalışırsa, Marsdakı proseslərə başçılıq edər. Bunun üçün ona sürətli internet, bionik əllər və gözlər kifayətdir. Bir elmi məqalədə oxumuşdum: "Həkim-kiborq öz zehnini bilavasitə alətlərə birləşdirə bilirsə, nə üçün əlləriylə skalpel tutmalıdır?" Fantastik görünür, amma reallığa çox yaxındır.
Meymunun beyninə elektrod implantasiya edilir və bunun sayəsində meymun bədənindən ayrı olan bionik ayaqları idarə edir. İflic xəstələri düşüncələrinin köməyi ilə bionik üzvləri hərəkət etdirə bilirlər. Hətta bir şlem vasitəsilə uzaqdan otağın işığını yandırmaq mümkündür. 400 dollar dəyərindəki bu cihaz, başın dərisindən keçən elektrik siqnallarını oxuyur və yerinə yetirir. 2015-ci ildə Stokholmda işçilərin əlinə düyü dənəsi böyüklüyündə mikroçiplər yerləşdirildi. Bu çip təhlükəsizlik məlumatlarını daşıyır və işçi əlini tərpədərək qapını açır, yaxud cihazları idarə edirdi. Kiborq mühəndislər qeyri-üzvi hissələrin hegemonluğu üçün çalışırlar. Cəsarətli ideyaları üzvi kimyadan almağımıza baxmayaraq, qeyri-üzvi inkişaf təbii üzvlərimizin sıradan çıxmasına səbəb olur. Ən güclü bakteriyalar belə Marsda yaşaya bilmir, amma süni zəka yad planetdə asanlıqla mövcud ola bilər. Bu, qalaktik imperiyanın yaranmasına gətirib çıxaracaq.
Bütün bu yeniliklərə baxmayaraq, insan beyninin dərin qatları dəyişməyib. Dini kitablarda və antik ədəbiyyatda təsvir olunan emosional gərginlik və rahatlıq arzusunda olan insan, elə bizim kimidir. Eyni hadisələrə gülür, eyni hadisələrə ağlayırıq. Əgər bu belədirsə, niyə insan daim özü üçün ilahi qabiliyyətlər axtarışındadır? Ölümdən və əzabdan qaçmaq üçün yaratmaq və məhv etmək çıxış yoludurmu? Əgər uzun əsrlər əvvəl insan bədənini dəyişmək, uzaqdan ünsiyyət qurmaq, təbiətə nəzarət etmək, göydə uçmaq və fikirləri oxumaq kimi istəklər üçün çalışırdısa və bu gün bunların hər birinə nail olubsa, niyə "hər şeyə qadir olmaq" arzusunun qarşısını ala bilmir?
İnsan elmi təcrübə adı altında, əslində tanrı mərtəbəsinə yüksəlmək xəyalları üçün çalışır. Şor suyu sutəmizləyici cihazlarla içməli suya çevirən insan, dini kitablarda insanların tanrıdan gözlədiklərindən daha çoxunu elmlə qazanır. Dua edib bol məhsula ümid etmək yerinə, gübrələr, zərərvericilərlə mübarizə və geni dəyişdirilmiş toxumlar vasitəsilə qısa zamanda uğur qazanırlar.
Ən çox qorxduğumuz hadisə — insanın robotların üsyanı ilə məhv edilməsi — bizim tədqiqatlarımızı və ilahilik iddiamızı dayandıra bilmir. Smartfonların bizi idarə etməsi ilə ilk baxışda razılaşmayan önyarğımız, özümüzü kənardan müşahidə etsək belə, sonu görünməyən istəklərimizdən əl çəkə bilmirik. Görəsən, bu doğrudanmı belə olacaq? Tanrı iddiasında olan insan, robotlar vasitəsilə öz sonunu hazırlayacaq?
(Yaxın günlərdə Könül Nuriyevanın yazılarını sizə təqdim edəcəyik)













