Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Ağac”dan köklənən poeziya


Aqşin Məmmədli Mahir oğlu (Aqşin Mahir) Lənkəran rayonunun Lüvəsər kəndidə anadan olmuş və həmin kəndin tam orta məktəbində təhsil almışdır. Azərbaycan Maliyyə-İqtisad Kollecində təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir. Aqşinin orta məktəb illərindən sözə, ədəbiyyata marağı olmuş və Mahir təxəllüsü ilə şeirlər yazmağa başlamışdır. Şair "Ağac" adlı şeirinə görə çoxsayılı şairlərin müsbət rəyi ilə ölkə üzrə 2022-ci ilin "İlin ən gözəl şeiri" kimi AYB-nin sertifikatını almışdır. Bundan əlavə şairin qələmə aldığı bir neçə şeiri ölkənin bir çox mətbu orqanlarında dərc olunmuşdur. AYB-nin Lənkəran Bölməsinin orqanı olan "Şəfəq" jurnalının 2022-ci il bir neçə sayında şairin bir sıra şeirləri dərc olunmuşdur. Hazırda şair ədəbi fəaliyyətini AYB Lənkəran Bölməsi ilə əlaqəli olaraq davam etdirir. Şair ilin sonuna ilk kitabı olan "Sevgi sizlikdir" adlı kitabı ilə oxuyucuların görüşünə gələcək.

 

Ağac


Tənha bir ağacam yol qırağında.

Bilmirəm dərdimi danışım kimə.

Budağımın yarpaq açan çağında,

Qorxuram ki,balta dəyər kökümə.

 

Elə düşünür ki,adamlar ey vah

Bəxtəvər ağacın yoxdur qorxusu.

Bir gün yağdırmasa yağışı Allah,

Kim mənə verəcək bir içimlik su ?

 

Kiminə kölgəyə,başqa kəsin də,

Gözündə bəhərli budaq kimiyəm.

Evsiz adamların düşüncəsində,

Taxtadan hörülmüş otaq kimiyəm.

 

Kiminin gözündə ocağam,odam

Çoxları yandırıb məni isindi.

Qışda atəşim ilə isinən adam,

Çox soyuq davranır mənimlə indi.

 

Cəlladım gözləyir yolumu hər dəm,

Bu uca görkəmim qısa olacaq.

Məni yıxılmağa qoymayan gövdəm,

Bəlkə bir qocaya əsa olacaq.

 

Allahın kəminsaf zalım bəndəsi

Zərbəsi önündə aciz qalacam.

Kim bilir bəlkə də mən həmən kəsi

Məzara aparan tabut olacam.

 

Məni üzü üstə yıxan adamın.

Hikkəli səsindən xeyli yoruldum.

Bəlkə axırıma çıxan adamın.

Bir gün məzarına nişangah oldum.


RƏSSAM, SEVGİLİMİN RƏSMİNİ ÇƏKMƏ

 

Rəssam, sevgilimin rəsmini çəkmə.

Mənim həsrət çəkən gözlərimi çək.

O qızın ardıyca kölgələr kimi,

Sürünən bu yorğun dizlərimi çək.

 

Çək hər gün yol çəkən baxışlarımı,

Baxanlar hiss etsin kövrəkliyimi.

Çək gözaltımdakı qırışlarımı,

Sahildə sürüşən torpaqlar kimi.

 

Çək şeir yazdığım otaqda nə var,

Önümdə ağ kağız, əlimdə qələm.

Elə çək, anlasın baxan adamlar,

Mən də Müşfiq kimi xoşbəxt deyiləm!

 

SON PAYIZ GECƏSİ

 

Dünyanın zövqünə qul olmuş biri,

Səni heç özünə arxa bilərmi?

Məni ölüm ki var, qorxuda bilməz,

Dustaq azadlıqdan qorxa bilərmi?

 

Əbədi həyata sənsən bələdçi,

Son nəfəs dirilik gətirən sudur.

İndi ölümdən çox Allaha qarşı,

Çıxdığım məqamlar məni qorxudur.

 

Payız gecəsinin tutqunluğunda,

Dünya gözlərimdə qəribdir, qərib.

İçirəm razılıq şirinçayını,

Allah ruhum üçün elçi göndərib.

 

ATAM ÖLMƏSƏYDİ

 

Atam ölməsəydi, mən nə yazardım?

Uğursuz sevgidən? Yox, inanmıram.

Ömründə itkisi olmayanların

Şair olmasına çox inanmıram.

 

Payızın saralan xəzəllərindən,

Yağışa söz qoşub durulacaqdım.

Mən bu təbiətin hər bir üzünə

Şeirlər yazmaqdan yorulacaqdım.

 

Ömrüm nağıllartək başlamasaydı,

Körpə könüllərə su tək sızardım.

Atamın aldığı qələmlər ilə

Abdulla Şaiqtək şeir yazardım.

 

Anam şair kimi böyütdü məni,

Yoruldum, çiynimdən çantamı aldı.

Bəlkə də şair tək böyüyüm deyə,

Allah Müşfiq yaşda atamı aldı.

 

 

SON ŞEİR

 

Bir gecə yuxudan ayılıb qəfil,

Görərsən, yatdığım çarpayı boşdur. 

Nə yaman səssizdi, ona elə bil

Gecəni kimsəsiz keçirmək xoşdur.

 

Yuxulu-yuxulu bir də baxarsan,

Gecəni yarımcan yatdığım yerə. 

Qalxıb aynabəndə tərəf çıxarsan,

Gözündə canlanar fərqli mənzərə.

 

Təşvişin artırar iztirabını, 

Özünə səbr edib döz deyəcəksən.

Su dolu bardağı, dərman qabını 

Masanın üstündə görməyəcəksən.

 

Deyərsən, harasa gedibmi görən?

Qapını kilidli görərsən ancaq.

O titrək səsinə səssiz hay verən

Divardan asılmış şəkilim olacaq. 

 

Ay mənə bir ömür yoldaş olanım,

Ömrüm son şeir tək yetəcək sona.

Kölgətək başının üstə dolanım,

Ölsəm, çox üzülmə, dözmərəm buna.

 

BURDA PAYIZ FƏSLİDİR

 

Burda payız fəslidir.

Yenə şıltaq küləklər

rəqsə dəvət eyləyir

xəzəl yarpaqlarını.

 

Göy üzünün günəşi

ərəb qadını kimi

çarşab altda gizlədir

sarı yanaqlarını.

 

Şimşəklərin səsini

lal edən bu yağışlar

ac quş tək dimdikləyir

saçımın ağlarını.

 

Sahildə balıqçılar

gümüş bilərzik kimi

balıqların boynuna

taxır qarmaqlarını.

 

Sonra həmin balıqlar

ölü balıqçıların

məzarına göndərir

balıqqulaqlarını...

 

  Cenub.az saytı üçün hazırladı ƏLİZAMAN BAXIŞ.






{sape_links}
Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10