Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dəyərli şairəmiz Səadət Cahangir "Boradigah" kitabı haqqında


İnsanın həyatını, əsasən, doğulub böyüdüyü yurdun hekayələri şəkilləndirir. Özün zamanla o yerin bir parçası olduğunu anlayırsan. Hər dönüb baxdığında, həmin hekayələrin içində, insanları arasında,  dağların başında, ağacların qanadında, çiçəklərin ətrində, quşların səsində tapırsan özünü. İllərin xatirə şəklinə saldığı uşaqlığını, gəncliyini, nağıl kimi yaşantılarını görürsən yaddaşına hopmuş o ömür hekayətinin içində. Qələm dostumuz Sücəddin Şərifovun ata yurdu ilə bağlı yazdığı Boradigah” kitabını oxuduqdan sonra buna bir daha əmin oldum. 

Kitab bir coğrafi məkanın, bir qəsəbənin bütöv həyat hekayəti olaraq yazılıb, Boradigahın uzaq tarixindən bu günədək gələn “ömür yoluna” işıq tutub. Bu yolun işığında həm də Sücəddin bəyin o yerlərdən Bakıya qədər uzanan ömrünün üfüqləri görünür.  Necə böyük əmək, səbir, duyğu yükü var bu araşdırmaların üstündə! Heyrət etdim, neçə illər arxivləri dolaşıb müəllif bu salnaməni ərsəyə gətirincə! Necə zəhmətlə çözüb oxudub köhnə əlifbalarla yazıya alınmış o saralmış mətnləri! Neçə insanla görüşüb, neçə ünvana baş vurub, neçə kitabxanada, neçə arxivdə günlərini keçirib hekayə sahibi! Həm də quru sözlə, yorucu dillə deyil, əsl romançı kimi bədii şəkildə qələmə alıb araşdırmalarını! Kitabı tarixi-bioqrafik bir nəşr kimi oxumağa başladım, gözəl bir roman oxumuş kimi zövq aldım!

 Boradigahın etimologiyasından başlayaraq məskunlaşma dövrünə, tarixən yaşadığı siyasi təlatümlərə, sosial-mədəni həyatına, mübarizəsinə, müharibə ağrılarına, sovetləşmə mərhələsinə, itkilərinə, müasir mənzərəsinə kimi hər şey var bu kitabda! O qədər maraqlı insan hekayələri var ki, bir də müəllifin belə insanların yaşadığı mühitdə boya-başa çatdığına qibtə hissini gizlədə bilmirsən. Həm insanı güldürən, həm kövrəldən ömür yaşantıları var bu salnamənin səhifələrində. Bəzi maraqlı parçaları arada sosial şəbəkə hesabımdan paylaşmağı da düşünürəm. Hamıya maraqlı deyilmi: Üzeyir bəyin xanımının toxuduğu xalça Boradigah bazarına necə gedib çıxıb? Bağırov boradigahlı Məşədi əminin “müsadirə olunmuş” camışını paroxodla Bakıdan necə geri qaytardıb? Boradigahlı aşpazlara Kremldən niyə dəvət gəlmişdi?


Müəllif özü qeyd etdiyi kimi, bu araşdırmaların üzərində illərlə çalışıb, bəzən bir fakt, bir detal üçün neçə-neçə qapı döyüb. Bu baxımdan, kitab o bölgəni araşdıran elm adamlarına da yaxşı töhfə olacaq. Hətta bir çox yeni faktlar var ki, onların ilk dəfə işıq üzünə çıxdığını düşünürəm. Əminəm ki, tədqiqatçılar onun bu araşdırmalarından qaynaq kimi yararlanacaq, tarixi faktları elmi işlərinə mənbə olaraq göstərəcək.

Kitabla bağlı maraqlı bir məqam da var: iş elə gətirib ki, uzun araşdırmalardan sonra nəşrin hazırı gəlib müəllifin 50 illik yubiley tarixinə düşüb. Məncə, qələm dostumuza bundan gözəl yubiley hədiyyəsi ola bilməz. Çünki bu kitabla Sücəddin bəy 50 illik ömür yoluna öz doğma yurdunun neçə əsrlik salnaməsini sığdırıb. Bu həm də onun öz romanıdır. Ailəsi, doğmaları, dostları, çevrəsi ilə birlikdə yaşadığı romanı. Əcdadlarından öyrənib-bildiklərini, görüb-götürdüklərini zaman-zaman günümüzə ötürən Şərifovlar nəslinin taleyi var həm də bu romanda. Nə xoş ki, bu taleyi, bu yaşantıları, qələmə alıb əbədiləşdirmək Sücəddin bəyin qismətinə düşüb. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10