Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“İŞIQLI ŞƏXSIYYƏTLƏRİN SORAĞINDA” SILSILƏSINDƏN...


2-ci yazı


MOHƏMMƏD REZA ŞƏCƏRİAN – SƏSİN MÖCÜZƏSİ VƏ ÜMUMBƏŞƏRİ, ƏFSANƏVİ İNSANIN HƏYAT DASTANI.

(23.09.1940 – 08.10.2020)


(Şahın sarayına ayaq basmayan, mollalara baş əyməyən, xalqın qəlbində özünə əbədi heykəl ucaldan əzəmətli sənətkar haqqında araşdırmalar).


1-ci yazı


- Xodaşirin Cəbiyev bu xanəndəni haradan tanıyırdı və fars dilini necə öyrəndi?

- Şəcərianın iki ad-familiya daşıması hansı zərurətdən irəli gəlirdi?

- Tanınmış “Quran” əhli, mərsiyəxan necə görkəmli xanəndə oldu?

- Məşhəddən Tehrana gələn xanəndəyə kimlər sahib durdu?

- Peşəkar xanəndə hansı zərurətdən 25 cür səntur musiqi aləti ixtira etdi?

- İranda mollalar musiqini qadağan etdikləri halda, necə oldu ki, Şəcərian dünya şöhrətli xanəndə oldu?

- Səttar Xanın qəhrəmanlığına həsr olunmuş azadlıq təranəsi olan “Morğe səhər” niyə Şəcərianın adı ilə bağlıdır?

- Şəcərian 2009-cu il Prezident seçkilərində Mahmud Əhmədinejaddan necə böyük reytinq qazandı?

- M. Əhmədinejadın “zir-zibil” adlandırdığı İran xalqına Şəcərian hansı qiyməti verdi?

- Dövlət radiosunda ifalarının səslənməsindən niyə imtina etdi?

- Onu niyə həbs etmədilər?

- UNESKO və Fransa dövləti ona niyə orden, medallar verdi?

- 19 il xərçəng xəstəliyi ilə çarpışan sənətkar nələrə nail oldu?

- Ölümündən əvvəl nələri vəsiyyət etmişdi?

- Əbülqasım Firdovsi ilə Şəcərianı hansı əlaqələr bağlayırdı?


Yaddaşdan süzülən xatirələr...

     Araşdırmamızın mövzusu İran əsilli, dünya şöhrətli sənət adamı olduğundan, fars dilində olan bir atalar sözü ilə yazıya giriş veririk: “Baz ba baz, kəbutər ba kəbutər” (Qızılquş qızılquşla, göyərçin göyərçinlə uçar). Biz azərbaycalılarda da buna bənzər bir deyim var: “Bülbülün oxuması üçün gül bəhanədir”. 1962-ci ildə ikinci sinifdə oxuyarkən nəğmə dərsində sinif müəllimimiz, filoloq Əhməd Səmədov “Azərbaycanım” mahnısı (söz: Ə. Əlibəyli, musiqi: Rauf Hacıyev) ilə 20 şagirdin səs ahəngini xor və solo ifada yoxladı, iki nəfərin səsini bəyəndi - onlardan biri mən oldum. Beləliklə, hər il may ayında rayonda keçirilən olimpiadalarda təhsil aldığım Böyük Kolatan kənd orta məktəbini təmsil edir, Pionerlər və Mədəniyyət Evlərində çıxışlarımla Respublika baxış müsabiqəsinə yer qazanırdım. Getdikcə bu sahədə fəaliyyət dairəm genişlənirdi - kənd toylarında, məhsul bayramlarında təkcə öz kəndimizdə deyil, kənd və qəsəbələrdə Rayon Mədəniyyət Evinin solisti kimi çıxış edir, alqışlar qazanır, tanınırdım. Hətta məktəbimizin diektoru Fazil Məmmədov dərsdən sonra mənimlə ayrıca məşğul olmaq üçün pioner baş dəstə rəhbəri Vəkil Ağayevi və ali konservatoriya təhsilli nəğmə müəllimi, mahir qarmon ifaçısı Oğlan Əliyevi də səfətbər etmişdi. Atam kəndimizdə qabaqcıl kolxoz/sovxoz təsərrüfatına rəhbərlik etdiyinə görə hər ilin payızında adlı-sanlı mədəniyyət-incəsənət adamları - müğənni-xanəndələr, instrumental ifaçılar, bədii qiraət ustaları, aktyorlar, məzhəkəçilər, kəndirbazlar kəndimizdə geniş konsert proqramları ilə çıxış eədərdilər. Çox vaxt onlar üçün evimizdə axşam süfrəsi açılar, həm də gecələyərdilər. Mən kəndimizdə Yaqub Məmmədov, Sara Qədimova, Tükəzban İsmayılova, Həbib Bayramov, Böyükağa Sadıxov, Roza Cəlilova, Rəhilə Həsənova, Qaraxan Behbudov və b. sənətkarları görmüşəm, camaatın təkidi ilə kənd klubunda onların qarşısında oxumuşam.

     ...O, illərdə İran radiostansiyaları zəmanəsinə görə texniki cəhətdən ən müasir avadanlıq və qurğularla təchiz edildiyindən, dalğa tezliyi baxımından sovet radiolarını efirdə sıxışdırırdılar. Digər tərəfdən, onların əyləncəli-musiqili proqramları bizimkilərdən tamamilə fərqli idi. Şou konsertlər, birbaşa canlı verilişlər, proqram zənginliyi diqqəti cəlb edirdi. Üstəgəl, xüsusilə də, muğam ifaçılarının repertuarı ruh oxşayan və daha cazibədar idi. Bizdə isə eyni ifaçılar, eyni mahnılar, eyni sözlər, eyni qəzəllər və s. Mənim üçün əsas maraq doğuran məsələ həm də muğam və ya mahnının sözlərinin mənasını başa düşmək idi. Talış əsilli olduğuma görə radioda sələndirilən söhbətlərin məzmununu, mahnıların sözlərini az-çox anlayırdım, amma bu məni qane etmir, aşıb-daşan istəyimi, tələbatımı qəti ödəmirdi. Mahnıları asan əzbərləyirdim, sözlərin mənasını bilməmək isə əsəblərimi bərk tarıma çəkirdi. Kəndimizdə çayçı Məmmədtağı kişidən başqa heç kəsin evində televizor yox idi. Ciddi-cəhdimin sayəsində 1964-cü ilin payızında atam “Verxovina A” markalı bir televizor aldı. O zaman televiziya verilişləri Puşkin (indiki Biləsuvar), sonralar Cəlilabad rayonlarında quraşdırılmış ötürücü stansiyalar vasitəsilə çox zəiv və keyfiyyətsiz halda, ağ-qara təsvirlə yayımlanırdı. İran televiziyasının texniki imkanları o qədər güclü idi ki, Az TV -1 (sonralar həm də AZ TV -2) və Moskvanın Mərkəzi Televiziyasının (ЦТВ) verilişlərini efirdən sıxışdırıb çıxarırdı, güclü əks dalğalarla təsviri görünməz hala salırdı (radio verilişlərimiz də bu sayaq idi). Beləliklə, televiziyanın evimizə gəlişi ilə İrandakı ictimai həyat, səsini eşidib, üzünü görmədiyim musiqi elitası ilə birbaşa qiyabi təmaslarım quruldu - 20 metr hündürlukdə televiziya antenini gecələr Astara səmtinə yönəldir, axırıncı verilişə qədər (saat 2400 radələrinədək) rəngarəng proqramlara, konsertlərə tamaşa edirdim. Və həm də eşitdiyim sözləri ağlımın süzgəcindən keçirməklə, dili də öyrənirdim. Sonralar, danışıq kitabçası, lüğət əldə etməklə, nəhayət 1976-cı ilədək fars dilini öyrənə bildim. Həm Azərbaycan, həm də İran xanəndələrinin oxuduqları təsnif və mahnıları olduğu kimi, eyni ilə oxumaqla özümə kənddə (1962-1971), sonralar ali məktəbdə təhsil aldığım illərdə (1971/76) çöxlu pərəstişkarlar qazandım. Kəndimizin ilk filoloq-jurnalisti Bağır Bağırov mənə “Kolatanın bülbülü” adını vermişdi...

     İndi də keçək əsas mətləbə. Dinlədiyim muğam ifaçıları içərisində bir nəfərin səsinin gur, şirin, cazibədar ahəngi, ifaçılıq texnikası, qəzəl və təsniflərin seçimi məni özünə valeh edirdi. Dəsgahdan əvvəl diktorlar ifaçı heyətin adını çəkəndə, xanəndəni Siyavoş Bidekani kimi təqdim edirdilər. İranın əksər populyar xanəndələri kimi onun da bütün ifalarını əzbərləyir, tay-tuşlarım üçün yeri gələndə oxuyurdum. Amma iki məsələ də mənim üçün açılmaz sirr olaraq qalırdı - bir tərəfdən, Siyavoş Bidekani televiziya ekranlarında bir qayda olaraq görünmürdü. Digər tərəfdən, onun familiyası və ya təxəllüsü fars sözü olmadığından, nə məna daşıdığı mənə bəlli deyildi.

   ...1971-ci ildən sonra birdən-birə İran radioları həmin səs yazılarının müəllifini Mohəmməd Reza Şəcərian adı ilə təqdim etməyə başladılar. Çaşıb qalırdım ki, axı, necə ola bilər, eyni səs yazısı iki şəxsin adı ilə təqdim olunsin. (!) 

     1991-ci ildə bəşər tarixində möcüzə baş verdi - SSSRİ kimi nəhəng bir dövlət dağıldı, sərhədlər açıldı, İrana gediş-gəliş başladı və mən də həmin ilin iyul ayında Ərdəbil şəhərinə səfər etdim. Yazının əvvəlində istinad etdiyim atalar sözündə deyildiyi kimi, qəvəsdən qurtulan fırtına quşu təki, arzularımın sorağına çıxdım, özümü Ərdəbil şəhərindəki “Musiqiçilər kafesi”nə yetirdim. 

     Harada olursa-olsun, musiqiçi tayfası çox ayıq-sayıq, diribaş, adamtanıyan, duyğusal olur. Zahiri görkəmimdən, davranışımdan kafedə əyləşənlər ilk andan “doktor”, musiqi adamı olduğumu sezdilər və məni sorğu-suala tutdular. Xoş bir təsadüfdən orada Ərdəbil Şəhər Musiqi Məktəbinin direktoru Ostad Beşit (vialon ifaçısı), Ostad Əli Ocədi (tarzən) və b. ilə tanış oldum. İlk suallarımdan biri də elə bu oldu ki, yuxarıda adını çəkdiyim ikiadlı muğam ifaçısı barədə məlumat versinlər. Və aldığım cavablardan sonra həmin böyük ustad sənətkarın tərcümeyi-halı barədə kifayət qədər ilkin məlumatları toplaya bildim. Məlum oldu ki, hər iki ad-soyad eyni şəxsə məxsusdur... Amma illər ötdükcə, zaman-zaman bu böyük sənət ustadı barədə radio-televiziya vasitəsilə, xüsusilə, sonralar həyatımıza internet rabitə sistemi, mobil telefonlar və digər yeni innovasiya texnologiyaları nüfuz etdikcə, onun barəsində kifayət qədər bilgilər topladım, bütün səs albomlarını əldə etdim. Haliyədə şəxsi arxivimdə 1960-cı ildən üzübəri İranın tanınmış və populyar ifaçılarının xeyli səs yazıları var. 

     ...M. Şəcərianın öz şəxsi həyatı və sənət fəaliyyəti barədə müxtəlif illərdə müxbirlərə verdiyi müsahibələri, intrnet saytlarında olan vidogörüntülərini baxıb-dinləmişəm. Xüsusilə, bu İran əsilli əfsanəvi ustad sənətkarın öz uşaqlıq və gənclik illəri, musiqi yaradıcılığı və həyat fəaliyyəti barədə 2010-cu ildə BBC-nin fars dili şöbəsinin o zamankı rəhbəri Sadiq Səbaya verdiyi 1 saatlıq eksklyüziv sənədli film-müsahibə də şəxsi arxivimdə uyuyur... Türkiyənin Konya şəhərində aparılan həmin çəkilişdə Şəcərian uşaqlıq illərində atasından gizli musiqi ifaçılığı ilə məşğul olmasından, gənclik illərində radioda ilk çıxışlarından və üzləşdiyi çətinliklərdən ətraflı bəhs etmişdir. Bu böyük sənət ustadıınn sirri-müəmmalarla zəngin olan həyat salnaməsinə, ötən illər ərzində eşitdiklərim, oxuduqlarım, gördüklərim və bildiklərim əsasında, aşağıda nəql edəcəklərim faktlara istinad edərək işıq salmaqla, oxucular üçün də qaranlıq qalan bir çox mətləblərə aydınlıq gətirəcəyik.  


Böyük sənətkarın portret cizgiləri


     Mohəmməd Reza Şəcərianı (Mohammad-Reza Shajarian) yalnız İranın görkəmli xanəndəsi adlandırmaq, onun sənət miqyasını və diapazonunu ifadə etmək üçün kifayət deyil. O, xanəndə, bəstəkar, musiqi tədqiqatçısı, müəllim, xəttat, musiqi alətlərinin ixtiraçısı və “ostad” kimi XX-XXI əsrlər İran mədəniyyətinin ən mühüm simalarından birinə çevrilmişdir. UNESCO onu İran ənənəvi musiqisinin “əfsanəsi və canlı abidəsi” kimi səciyyələndirmişdir. M. Şəcərian fenomeninin sirri ondadır ki, onun səsi bir tərəfdən əsrlərlə formalaşmış fars klassik musiqisinin rədif sistemini, digər tərəfdən isə Hafiz, Sədi, Mövlana, Ömər Xəyyam və digər böyük şairlərin poetik dünyasını zəmanəsinin insanlarına çatdırırdı. Onun ifasında söz sadəcə olaraq oxunmurdu -  musiqiyə çevrilirdi; musiqi isə yaddaşa.


Məşhəddən başlayan yol


     Mohəmməd Reza Şəcərian 23 sentyabr 1940-cı ildə İranın şimal-şərqində yerləşən Xorasan vilayətinin Məşhəd şəhərində anadan olmuşdur. O, sənətə çox erkən yaşlarında başlamışdı - 5 yaşında atası Mehdi Şəcərianın nəzarəti altında “Quran” qiraəti və dini şeirləri oxuyurdu. Atasının da məlahətli səsi vardı, onun xüsusi avazla oxuduğu “Quran” ayələri, dini mərsiyə və növhələr Məşhəddə ona böyük şöhrət və nüfuz qazandırmışdı. Həfədə 3 dəfə - çərşənbə axşamı, çərşənbə, cümə günləri ev şəraitində tələbələrə “Quran” dərsləri keçir, şəriət qaydalarını tədris edirdi.

     Mohəmməd Reza hələ 12 yaşında İran klassik musiqisinin əsas repertuar sistemlərindən biri olan rədifi öyrənməyə başladı. Bu məqam onun yaradıcılıq bioqrafiyasında xüsusi əhəmiyyət daşıyır. Çünki Şəcərianın gələcək sənətinin təməlində iki ayrı, lakin sonralar birləşəcək xətt vardı: qiraət məktəbi → səs üzərində intizam və rədif məktəbi → musiqi üzərində intizam. Onun qeyri-adi nəfəs, səs və frazalaşdırma imkanlarının formalaşmasında erkən “Quran” qiraətinin təsiri mühüm olmuşdur. Atasının musiqiyə münasibəti isə daha mürəkkəb idi. Belə ki, atası tanınmış, nüfuzlu din xadimlərindən biri olduğundan, övladının xanədəlik etməsi onun hörmət-izzətinə böyük zərbə vura bilərdi. Amma balaca Mohəmmədin 3-5 yaşından etibarən evin künc-bucaqlarında atasından gizlin oxumaları həm özünə, həm də anasına çox xoş təsir bağışlayırdı. Baxmayaraq ki, gecələr atası minacat oxuyaraq Allaha yalvarışlar edəndə, balaca Mohəmməd ağlayardı. Anasının dediyinə görə sonralar Mohəmmədin səsini atası ev şəraitində radioda, televiziyada eşidib-görəndə daxilən sevinər, tar-kaman səsi gələndə isə iki şəhadət barmağı ilə qulaqlarını tutarmış ki, musiqi alətinin səsi dində haramdır. Bütün bunlara baxmayaraq, anası Əfsər Şahverdiani (?-2007) maarifpərvər və mütərəqqi fikirli qadın olduğundan oğluna deyərmiş ki, “atana çox da fikir vermə, fürsət yaranan kimi xəlvətdə mahnı oxu”. Bu minvalla, Mohəmməd gənc yaşlarında atasının razılığı ilə Məşhəd radiosunda “Quran” ayələrini və məzhəbi şeirləri fasilələrlə 5 dəqiqəlik efir vaxtı ilə “Segah” muğamı üstündə oxuyub. Ona görə də atasının nüfuzunun qorunması məqsədilə gənc Şəcərian 1971-ci ilə qədər “Siyavoş Bidəkani” təxəllüsü ilə xanəndəlik etmiş, sonralar öz əsil adından istifadə etməyə başlamışdır. 


Qısa haşiyə: (müəllif – X.C.C.):


     "Bidəkan" (bəzi mənbələrdə Bədəkan və ya Bidəgan) - muğamın kulminasiya nöqtəsində rəqs melodiyasına oxşar, rəngarəng improvizə olunan ifa. Məsələn; “Mənsuriyyə bidəkanı” və ya "Dəşti" muğamının və geniş mənada; "Şur" dəsgahının tərkibinə daxil olan, lakin günümüzdə daha çox unudulmuş, az ifa olunan qədim guşə və ya şöbələrdən biridir. Bu musiqi nümunəsi haqqında əsas məqamlar aşağıdakılardır:

- Məqam və Lad Əsası: "Bidəkan" guşəsi "Şur" ladına və onun ən həzin şaxələrindən olan "Dəşti" muğamına əsaslanır. 

     Şəcərian 18 yaşından başlayaraq Məşhəd mədrəsələrinin birində 5-6-cı siniflərə qədər müəllim 

vəzifəsində çalışmaqla, həm də mədrəsə müdiri vəzifəsində işləmişdir.


Rədif: Şəcərian məktəbinin fəlsəfi əsası


     M. Şəcərianı başa düşmək üçün əvvəlcə rədif anlayışını başa düşmək lazımdır. Rədif - İran klassik musiqisinin sistemləşdirilmiş melodik repertuarıdır. O, müxtəlif dəsgahlar və onların daxilindəki guşələr vasitəsilə, ifaçının improvizasiya və musiqi ifadəsi üçün zəngin material yaradır. UNESCO 2009-cu ildə İran musiqisinin rədif sistemini Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil etmişdir. Şəcərianın böyüklüyü onunla bağlıdır ki, rədifi mexaniki şəkildə təkrarlayan ifaçı olmadı. O, rədifin: melodik quruluşunu; guşələr arasındakı münasibətləri; muğam/dəsgah məntiqini; improvizasiya imkanlarını; vokal ornamentikasını; şeirlə melodiyanın qarşılıqlı münasibətini özünəməxsus ifa üslubunda birləşdirdi. Bu baxımdan, Şəcərian ənənənin qoruyucusu olmaqla yanaşı, onun yenidən yaradıcı təfsirçisi idi.


Təhsili və ustadlar silsiləsi


     İranın əfsanəvi ostad musiqiçisi Məhəmməd Rza Şəcərian həm dünyəvi, həm də ənənəvi musiqi sahəsində fərqli yerlərdə təhsil alıb: o, ilk olaraq Məşhəddə ibtidai təhsilini tamamladıqdan sonra orta məktəb diplomu alıb və Müəllimlər Kollecini (Teacher training college /Daneshsaraye Ali) bitirib. Daha sonra isə Tehrandakı Xarəzmi Universitetində (Kharazmi University/ Tehran) ali təhsilə yiyələnib. Musiqi sahəsində rəsmi və akademik təhsillə bərabər, ustad-şagird ənənəsinə söykənən uzun bir yol keçib: ilk musiqi və səs dərslərini yuxarıda qeyd etdiyimiz kimi 5-6 yaşından etibarən atasından “Quran” qiraəti vasitəsilə öyrənib. Professional musiqi təhsilini Milli Musiqi Məktəbində (School of National Music) davam etdirib. 

     Ustadın sənət bioqrafiyasını yalnız öz istedadı ilə izah etmək olmaz. Onun arxasında İran musiqisinin bir neçə nəsli dayanırdı. Əsas müəllimləri və təsir göstərən sənətkarlar arasında:

Abdulla Davami (xanəndə, bəstəkar, pedaqoq, 1899-1980); İsmayıl Mehrtaş (tarzən, bəstəkar, pedaqoq, 1904-1980); Nurəli Bürumənd (nəzəriyyəçi, tar, setar, səntur, tombək, 1905-1977); Əhməd Ebadi (saz, setar, 1906-1993); Fəramərz Payvər (bəstəkar, səntur, 1932-2009) xüsusi yer tutur. O, həmçinin Əbolhəsən Xan Azər İqbal (1870-1971), Tac İsfahani (1903-1981) Qəmərülmülk Vəziri (1905-1959), Rza Qoli Mirzə Zelli (1906-1945), Ğolam Hoseyn Bənan (1911-1986) və b. kimi əvvəlki nəsil xanəndələrinin ifa üslublarını öyrənmişdi. Burada xüsusilə, yaşlı və seçici bir ustad olan Abdulla Davami ilə münasibət xüsuslə, diqqətəlayiqdir. Şəcərian onun etimadını qazanaraq yalnız şagird deyil, həm də köməkçi kimi onun yanında çalışmışdı. Bu münasibət nəticəsində o, qədim təsniflərin və rədifin əvvəlki nəsillərdən gələn variantlarının mühüm hissəsini ondan öyrənmişdi. 

Beləliklə, Şəcərianın səsində bir insanın deyil, bir neçə musiqi nəslinin yaddaşı yaşayırdı.


Səntur və xanəndənin “alətə çevrilmiş səsi”


     Şəcərian yalnız vokalist deyildi. O, səntur ifaçılığını da öyrənmişdi. Səntur İran musiqisinin 

mühüm simli-zərb alətlərindəndir. Şəcərianın bu aləti öyrənməsinin məqsədi sadəcə instrumental 

ifaçı olmaq deyildi. O, səsin melodik quruluşunu alətin dili ilə daha dərindən anlamağa çalışırdı.

Fəramərz Payvərlə səntur dərsləri onun vokal texnikasına da təsir göstərdi. Rəsmi bioqrafik mənbəyə görə, Şəcərian səntur ifaçılığının fraza quruluşunu vokal ifaya tətbiq etməklə, öz interpretasiya imkanlarını genişləndirmişdi. Bu, onun sənətinin mühüm sirlərindən biridir: Şəcərian səsi yalnız “oxuyan səs” kimi deyil, sanki “musiqi alətinin səsi” kimi idarə edirdi.


1959: Radio Khorasan və peşəkar səhnəyə çıxış


     Şəcərianın peşəkar ifaçılıq fəaliyyəti 1959-cu ildə Radio Xorasanın efirində özünə geniş meydan tapdı. O illərdə isə onun adı artıq İranın musiqi mühitində tanınmağa başladı. 1960-cı illərin ortalarında Tehran onun həyatında yeni mərhələ açdı: radio və televiziya qurumlarında çalışdı; klassik musiqi ustadları ilə əlaqələr qurdu; rədif üzrə biliklərini dərinləşdirdi; müxtəlif musiqi ansambllarında iştirak etdi; müəllimlik və tədqiqat fəaliyyəti ilə məşğul oldu. Bir müddət dövlət radio qurumunda “Siyavoş Bidəkani” adı ilə çıxış etmiş, 1971-ci ildən isə öz adı ilə tanınmağa başlamışdı. O, BBC-nin müxbiri Sadiq Səbaya verdiyi müsahibəsində bildirir ki, Məşhəddə ilk uğur qazanmasının əsas baiskarı öz dostu, səntur ifaçısı Reza Vərzənde olmuş, onun vasitəsilə tanış olduğu, həmin şəhərdə yaşayan, İranın tanmış şairi, ədibi, tədqiqatçısı, dövlət xadimi Ostad Mahmud Fərrux Xorasaninin (1895-1927) əməyini xüsusilə qeyd edir. 1967-ci ildə xoş bir təsadüfdən M. F. Xorasani Şəcəriyanı Məşhədə gəlmiş İranın Mədəniyyət nazirinin müavini ilə öz evində qurulmuş musiqi məclislərinin birində tanış etmiş, həmin şəxs xanəndənin ifasını dinləyəndən sonra səsinə heyran qalaraq onu Tehrana dəvət ermişdir. Halbuki, R. Vərzənde Şəcərianı əlinə saz alaraq həmin məclisə aparmaq istəyəndə, o,: “Baba bura dindar yerdir, musiqi aləti ələ alıb məclisə getmək xətadır. Mən ora getmək istəmirəm“ - deyərək, əvvəl məclisdə iştirak etməkdən imtina etmişdi. Amma R. Vərzəndenin təkidi ilə sazı özləri ilə götürüb məclisə gedirlər. Sən demə, həmin gecə M. F. Xorasaninin evində Məşhəd şairlərinin şeir məclisi qurulacaqmış.

   ...Mohəmməd Reza həmin məclisdə tanınmış tarzən Məsud Montəzəminin müşayiəti ilə necə oxuyursa, məclis əhli mat-məəttəl qalır. M. F. Xorasani ifanın sonunda xanəndəni sorğu-suala tutur:  

- Sən kimsən?

- Şəcərian.

- Haralısan? 

- Məşhədli.

- Mən neçə illərdir bu şəhərdə yaşayıram, evimə dəstə-dəsətə sazəndə-xanəndələr, şair-yazıçılar get-gəl edir. Necə olur ki, bu şəhərdə belə bir qeyri-adi səsi olan xanəndə yaşayır, biz onu tanımırıq. Sən bəlkə o tanınmış din xadimi Axund Şəcərianın tayfasındansan?

- Bəli, o mənim atamdır. 

- Bəs nə təhər olur ki, atan sənin oxumağına icazə verir?

- Vallah, atam mənim bura gəlməyimdən xəbərsizidir. O, bilmir ki, gizli xanəndəliklə məşğulam.

     ...Beləliklə, səhərə yaxın saat 3-400 radələrinə qədər Şəcərian muğam dəsgahları oxuyur, məclis 

əhlini öz ifaları ilə mat qoyur. Tanrının mərhəmətindən, həmin gecəki məclisdə Şəcərianın ulduzu 

birdəfəlik parlayır...

     M. F. Xorasani görüşün sonunda nazir müavinindən xahiş edir ki, Şəcərianın Tehranda fəaliyyət göstərməsinə köməklik etsin. ...Bir həftədən sonra xanəndə Tehrana dəvət alır. Lakin müsahibələrində Tehrandakı sənət yolunun hamar olmadığını, ilk əvvəl radionun “Bədii Şurası” tərəfindən ifasının rədd edildiyini, lakin XX əsr İran mədəniyyətinin görkəmli musiqi xadimi, hüquqşünas, 1956-cı ildə İran radiosunda “Golha” (Güllər) musiqi proqramının yaradıcısı və 11 il rəhbəri olduğu Davud Pirniyanın (1900-1971), radioda uzun illər səs operatoru vəzifəsində çalışan, özünün yaxın dostu Hoseyn Mohebbinin xüsusilə, ona böyük diqqət və qayğı göstərdiklərini hörmət və ehtiramla xatırlayır. 11 avqust 1967-ci ildə ilk dəfə məhz H. Mohebbinin köməyi sayəsində, Sirus Həddadinin fleyta alətində müşayiəti ilə “Seğah”, bənzərsiz səntur ifaçısı Reza Vərzəndenin  müşayiəti ilə “Əfşari” muğamını ifa edərək lentə yazdırmış və D. Pirniyaya təqdim etmiş, 3 ay sonra - 07 dekabr 1967-ci ildə “Əfşari” muğamı D. Pirniyanın xeyir-duası ilə ilk dəfə radio dalğalarında Siyavoş Bidekani ad-soyadı ilə yayımlanmışdır. Eyni zamanda, Tehranın “Səfəviyyə” mədrəsəsində müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur. 


Şəcərian və İran poeziyası


     Şəcərian sənətinin ən mühüm xüsusiyyətlərindən biri, poeziyanı musiqiyə çevirmə qabiliyyəti idi. Onun repertuarında klassik fars poeziyası xüsusi yer tuturdu: Hafiz; Sədi; Mövlana; Ömər Xəyyam; Baba Tahir; Ərf (arifanə) və fəlsəfi poeziya.

     Bu şairlərin mətnləri Şəcərianın səsində yeni həyat qazanırdı. Onun ifasında Hafizin qəzəli sadəcə ədəbi mətn deyildi. Melodiya ilə söz arasında elə bir qarşılıqlı münasibət yaranırdı ki, dinləyici bəzən şeirin mənasını musiqinin özündən duyurdu. Bu baxımdan, Şəcərianı fars poeziyasının XX əsrdəki ən mühüm vokal tərcüməçilərindən biri adlandırmaq mümkündür.


1970-ci illər: zirvəyə doğru


     1970-ci illərdə Şəcərian artıq İran klassik musiqisinin aparıcı xanəndələrindən birinə çevrilmişdi. Bu dövrdə onun müxtəlif bəstəkar və instrumentalistlərlə əməkdaşlığı onun yaradıcılığının miqyasını genişləndirdi. Xüsusilə: Mohəmməd Reza Lotfi (tar və setar, 1947-2014), Fəramərz Payvər (səntur, 1933-2009), Hoseyn Əlizadeh (bəstəkar, tar, setar, 1951), Pərviz Meşkatian (bəstəkar, səntur, 1955-2009) kimi böyük musiqiçilərlə əməkdaşlığı onun yaradıcılıq tarixində xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıqlar nəticəsində Şəcərianın səsi yalnız xanəndə müşayiəti deyil, bütöv musiqi dramaturgiyasının mərkəzi elementinə çevrildi.


İnqilab, susqunluq və “səsin siyasəti”


     1979-cu ilin İran İslam İnqilabı sənətkarın həyatında kəskin dönüş yaratdı. İnqilabdan sonra İranın mədəni və musiqi mühiti ciddi şəkildə dəyişdi. Şəcərian bir müddət ictimai şəkildə oxumaqdan uzaqlaşdı. Mənbələrdə onun 1979-1982-ci illər arasında ictimai ifalardan çəkildiyi göstərilir. Bu susqunluq təsadüfi sayılmadı, çünki musiqi onun üçün yalnız əyləncə deyildi. O, musiqinin insan mənəvi azadlığı ilə bağlı olduğuna inanırdı. Buna görə onun sənətində sonralar daha aydın görünəcək bir prinsip formalaşdı: sənət dövlətin deyil, insanın səsi olmalıdır. Bu prinsip onun sonrakı ictimai mövqeyini başa düşmək üçün açar rolunu oynadı.


“Bidad” - sənətin etiraz dilinə çevrilməsi


     1980-ci illərin ortalarında Şəcərianın yaradıcılığında yeni mərhələ başlandı. 1985-ci ildə yayımlanan “Bidad” albomu o dövrün mühüm əsərlərindən biridir. Rəsmi diskografiyada albom 1985-ci ilə aid edilir və 14 parçadan ibarət göstərilir. “Bidad” sözü fars dilində “ədalətsizlik”, “fəryad”, “haqsızlıq” kimi mənalarla əlaqələndirilir. Bu albomun tarixi əhəmiyyəti yalnız musiqi baxımından deyil, Şəcərian burada klassik musiqinin dilindən istifadə etməklə, müasir İran insanının daxili narahatlığını ifadə edirdi. Bu, onun sənətində çox mühüm dəyişiklik idi: klassik musiqi → ictimai yaddaş.            


“Nəva” və mürəkkəb xanəndəlik


     1986-cı ildə yayımlanan “Nəva – Morəkkəb Khani” Şəcərian yaradıcılığının texniki baxımdan ən mühüm nümunələrindən biridir. Rəsmi diskografiyada əsər 1986-cı ilə aid edilir və 8 mahnı kimi göstərilir. “Morakkab-xani” - müxtəlif musiqi məqamları/dəsgahları arasında keçidlər yaradaraq oxuma texnikasıdır. Bu, sadə melodik ifa deyil. Xanəndə: bir dəsgahın daxilində melodik məntiqi saxlamalı; digər dəstgaha keçidi təbii yaratmalı; şeirin emosional xəttini qorumalı; səsin registrini və rəngini dəyişməli; improvizasiyanı nəzarətdə saxlamalıdır. Bu baxımdan o, İran vokal məktəbinin ən mürəkkəb formalarının böyük ustalarından biri hesab olunur.


“Dastan”: Şəcərian–Meşkatian məktəbi


     1980-ci illərin sonlarında Şəcərian və Pərviz Meşkatianın “Aref ansamblı” ilə əməkdaşlığı ustadın yaradıcılığının ən yüksək mərhələlərindən birini yaratdı. “Dastan” bu əməkdaşlığın ən tanınmış nümunələrindəndir. Burada Şəcərianın vokal ifası ilə ansamblın instrumental quruluşu arasında qeyri-adi dialoq yaranırdı. Xanəndə orkestrin üstündə “oxumurdu”, o, orkestrin “içində” nəfəs alırdı. Bu xüsusiyyət Şəcərianın interpretasiya məktəbinin əsas fərqlərindən biridir.


Qısa izahat: (müəllif - X.C.C.)


     Aref Qəzvini (tam adı: Əbülqasim Aref Qəzvini; 1882, Qəzvin - 21.01.1934, Həmədan) görkəmli İran (Cənubi Azərbaycan) şairi, bəstəkarı, musiqiçisi və xəttatıdır. O, İranda "Milli şair" kimi tanınır və ölkənin ictimai-siyasi tarixində dərin iz qoymuş “Məşrutə hərəkatı”nın (1905-1911) ən alovlu nəğməkarı hesab olunur. 

     “Aref ansamblı” (Aref Ensemble/Gurooh-e Aref), Arif Qəzvinin əziz xatirəsinə yaradılmışdır. Ansambl haqqında əsas məlumatlar: Təsisçiləri: Qrup 1977-ci ildə tanınmış musiqi ustadları Pərviz Meşkatian, Hoseyn Əlizadeh və Mohəmməd Reza Lütfi tərəfindən yaradılmışdır. Məqsədi: Fars klassik və ənənəvi musiqisinin qorunması, inkişafı və təbliği məqsədini daşıyırdı. Əhəmiyyəti: Bu kollektiv "Şeyda" ansamblı ilə birlikdə İran klassik musiqi tarixində inqilabi bir mərhələ hesab olunur və 1992-ci ildə İngiltərədə keçirilən musiqi festivalında ("Spirit of the Earth") birinci yerə layiq görülmüşdür.


“Şəb, sükut, səhra” - İran musiqisinin dünya səhnəsinə çıxışı


     1990-cı illərin sonlarında Şəcərianın beynəlxalq fəaliyyəti daha da genişləndi. “Şəb, Sükut, Kavir” - “Gecə, Sükut, Səhra” əsərində görkəmli kamança ifaçısı Kayhan Kalhorla əməkdaşlıq xüsusilə, əhəmiyyətlidir. Bu layihədə Xorasan musiqisinin folklor elementləri ilə klassik fars vokal ənənəsi bir araya gətirilirdi. Burada Şəcərian sənətinin başqa bir xüsusiyyəti üzə çıxır: ənənəni qorumaq üçün onu muzeyə çevirmək yox, onunla yeni dialoq yaratmaq.


“Masters of Persian Music”


     2000-ci ildə Şəcərian, oğlu Homayun, tarzən Hoseyn Əlizadeh, Kayhan Kalhorun iştirakı ilə 

“Masters of Persian Music” (Fars musiqisinin ustaları) ansamblı formalaşdı. Bu kollektiv İran klassik musiqisinin Avropa və Şimali Amerikada tanıdılmasında mühüm rol oynadı. İlk Avropa turnesi 2000-ci ildə, Şimali Amerika səfəri isə 2001-ci ildə baş verdi. Bu layihə Şəcərianı artıq yalnız İranın deyil, dünya musiqisinin böyük vokal simalarından biri kimi təqdim etdi. Onun səsi Qərb tamaşaçısına tamamilə başqa musiqi sistemi gətirdi: mikrotonal incəliklər; improvizasiya; dəsgah; klassik fars poeziyası; uzun nəfəsli vokal frazalar; qeyri-Qərb melodik məntiq. 

     Bütün bunlar onun ifasını “etnik musiqi” çərçivəsindən çıxararaq, yüksək klassik sənət hadisəsinə çevirirdi.


“Fəryad” - fəryadın universal dili


     Şəcərianın ən mühüm albomlarından biri “Faryad” - “Fəryad”dır. Rəsmi məlumatlarda əsər 2003-cü ilin Grammy mükafat tarixçəsində “Best Traditional World Music Album” kateqoriyası ilə əlaqələndirilir. Şəcərianın rəsmi saytında həmçinin 2003 və 2005-ci illərdə Grammy tarixçəsi qeyd olunur. “Faryad” adı təsadüfi deyildi. Bu, onun sənətinin əsas metaforalarından birinə çevrilmişdi:

insanın içində qalan sözün səsə çevrilməsi.


Qeyd: (müəllif – X.C.C.)


     Grammy Mükafatı (Grammy Award), musiqi sənayesindəki görkəmli nailiyyətləri qiymətləndirmək üçün hər il ABŞ-nin Səsyazma Akademiyası (The Recording Academy) tərəfindən təqdim edilən, dünyanın ən nüfuzlu musiqi mükafatıdır. 


“Həmnəva ba Bam” - musiqi və humanism


     2003-cü ildə İranın Bam şəhərində dağıdıcı zəlzələ baş verdi. Şəcərian bu faciəyə münasibətini musiqi vasitəsilə ifadə etdi və “Həmnava ba Bam” layihəsində iştirak etdi. Rəsmi bioqrafik xronologiyada bu layihə 2003-cü ilə aid edilir. Bu hadisə onun sənətkar kimi başqa bir xüsusiyyətini göstərirdi: Şəcərian musiqini sosial həmrəyliyin vasitəsi kimi görürdü. Onun üçün səhnə yalnız konsert zalı deyildi. Səhnə bəzən: yas məkanı; yaddaş məkanı; həmrəylik məkanı; milli birlik məkanı ola bilirdi.


“Rəbbənə”: bir mahnıdan artıq


     Şəcərianın ən məşhur dini ifalarından biri “Rəbbənə”dir. Bu əsər onun səsinin İran xalqının kollektiv yaddaşına daxil olmasının ən parlaq nümunəsidir. UNESCO qeyd edir ki, Şəcərianın “Rəbbənə” ifası 2017-ci ildə İranın Milli Qeyri-Maddi Mədəni İrs Siyahısında qeydə alınmışdı. Bu fakt son dərəcə simvolikdir. Çünki bir sənətkarın ifası artıq sadəcə “musiqi əsəri” olmaqdan çıxaraq mədəni irs obyektinə çevrilmişdi.

     1979-cu il İran İslam İnqilabından sonra Şəcərianın səsi İranın dövlət mediasında geniş yayılmağa başladı. Onun “Rəbbənə” duası xüsusilə, xeyli məşhurlaşdı. Həmin ifa Ramazan ayında hər gün İran radio və televiziyasında səsləndirilirdi. Bu, milyonlarla insanın gündəlik dini-mədəni həyatının bir hissəsinə çevrilmişdi. Burada böyük bir tarixi paradoks yaranır: İİR-nin dövlət mediasının ən çox təblğ etdiyi səslərdən biri, sonradan həmin dövlətin ən ciddi tənqidçilərindən birinə çevrildi. 2009-cu ildən sonra isə məhz həmin “Rəbbənə” dövlət efirindən çıxarıldı. 


Qısa haşiyə: (müəllif - X.C.C.)


     I. Rəbbənə - İslam dinində Qurani-Kərimdən götürülmüş və "Ey Rəbbimiz!" və ya "Rəbbimiz!" mənasına gələn duaların ümumi adıdır. Ərəb dilindəki "Rəbb" (Rəbb, Xaliq) və "-nə" (bizim) hissəciklərinin birləşməsindən yaranmışdır. Müsəlmanlar gündəlik ibadətlərində, xüsusilə də, namazların son oturuşunda (təşəhhüddən sonra) bu duaları oxuyurlar. Ən məşhur və ən çox oxunan iki "Rəbbənə" duası “Quran”ın 

Bəqərə surəsinin 201-ci və Əli İmran surəsinin 8-ci ayələrindən götürülmüşdür:


     1. Rəbbənə ətinə duası (Bəqərə surəsi, 201-ci ayə)

     Ərəbcə oxunuşu: "Rəbbənə ətinə fid-dunya həsənətən və fil-axirəti həsənətən və qinə azəbən-nar". 

     Mənası: "Ey Rəbbimiz! Bizə dünyada da gözəllik (yaxşılıq), axirətdə də gözəllik ver və bizi cəhənnəm əzabından qoru!" 

     II. İranda Pəhləvilər sülaləsinin hakimiyyəti dövründə “Rəbbənə” duasının ən mahir ifaçısı, zəmanəsinin görkəmli müəzzini, məddahı və klassik avaz (xanəndəlik) ustadlarından biri olan Seyid Cavad Zəbihi (1931-15.07.1980) idi. O, xüsusilə, İslam Peyğəmbəri və Əhli-beyt haqqında oxuduğu mədhbədlər, Ramazan ayında səsləndirdiyi dualar (xüsusən "Mücir" duası), Sahur münacatları və gözəl ifa etdiyi azanı ilə tanınırdı. O, dini mətnləri, duaları və irfan poeziyasını (məsələn, Mövlanə Cəlaləddin Rumi, Hafiz və Sədi Şirazinin qəzəllərini) İran klassik musiqi dəsgahları (muğamları) üstündə mükəmməl ifalar edirdi. Heç bir musiqi alətinin müşayiəti olmadan, yalnız öz güclü və təsirli səsi ilə oxuyurdu. O, Pəhləvi rejimi dövründə, 1950-1970-ci illərdə İran Milli Radiosunda çıxış edərək bütün ölkədə böyük şöhrət qazanmışdı. Həmçinin radionun məşhur klassik musiqi proqramı olan "Bərge-səbz”də (Yaşıl yarpaq) misilsiz ifalarla çıxışlar etmiş, “Şahın bülbülü” ləqəbini qazanmışdı. 1979-cu il İslam İnqilabından sonra əvvəlcə həbs edilən S. C. Zəbihi, sonralar inqilab rəhbəri Xomeyninin göstərişi ilə azad edilmiş, 15 iyul 1980-ci ildə naməlum şəxslər tərəfindən evindən qaçırılaraq vəhşicəsinə qətlə yetirilmiş, cəsədinin qalıqları Tehran şəhərinin kənarında tapılmışdır.


“Deli Atəş” - “Silahını yerə qoy”


     2009-cu ildə Şəcərianın “Zaban-e Atash” - “Atəşin dili” adlı ifası yayımlandı. Əsərin mesajı və məramı zorakılıqdan imtinaya çağırış idi. Rəsmi mənbələr onun məşhur mesajını “Silahını yerə qoy!” çağırışı ilə xarakterizə edirər. Bu mərhələdə Şəcərianın səsi artıq, açıq şəkildə ictimai mövqeyin daşıyıcısına çevrilmişdi. Onun sənətində: Hafizin sözü → insan azadlığı; klassik musiqi → müasir etiraz; xanəndə → vətəndaş transformasiyası baş verirdi.


Şəcərianın vokal möcüzəsi


     Şəcərianın səsini fərqləndirən nə idi? İlk növbədə - texniki nəzarət. Onun vokal sənətində:

     1. Nəfəs - uzun frazaları səsin təbii axarını pozmadan idarə edə bilirdi.

     2. Mikrotonallıq - klassik musiqinin incə səs intervallarını son dərəcə həssaslıqla ifadə edirdi.

     3. Təhrir - vokal musiqinin əsas ornamentlərindən biri olan təhrir - səsin çevik, dalğavari bəzədilməsi, onun ifasının mühüm xüsusiyyətlərindən idi.

     4. Mətn - sözün mənası heç vaxt musiqinin içində itmir.

     5. İmprovizasiya - o, rədifin sərhədlərini bilirdi və məhz buna görə həmin sərhədlər daxilində azad improvizasiya edirdi.

     6. Emosional diapason - onun səsi həm mistik, həm romantik, həm kədərli, həm qəhrəmani, həm də etirazkar ola bilirdi.

     UNESCO onun ifasını texniki baxımdan qüsursuz, güclü və emosional olaraq xarakterizə 

etmişdir. 


Bəstəkar Şəcərian


     Şəcərianı yalnız xanəndə kimi təqdim etmək də düzgün olmaz. O, bəstəkar və musiqi yaradıcısı kimi də fəaliyyət göstərmiş, müxtəlif əsərlərin musiqi quruluşuna, repertuarın işlənməsinə və vokal–instrumental münasibətlərə töhfə vermişdir. Bununla yanaşı, onun musiqi fəaliyyəti yalnız “bəstələmək” anlayışı ilə məhdudlaşmırdı. O,: köhnə təsnifləri bərpa edir; qədim melodiyaları yeni ifa quruluşuna gətirir; şeirə uyğun musiqi forması yaradır; klassik rədif materialını yeni interpretasiya edirdi. Bu mənada, Şəcərian həm bəstəkar, həm interpretator, həm də musiqi arxivçisi idi.


Yeni musiqi alətləri


     Şəcərianın daha az tanınan, lakin çox maraqlı fəaliyyəti, yeni musiqi alətlərini yaratması idi. Onun yaratdığı və təkmilləşdirdiyi alətlər arasında: Sərahi; Şəhr-aşub; Sağər; Kərəşmə; Səbu; Təndər və başqa alətlər göstərilir. İlk dəfə 1962-ci ildə yeni musiqi aləti olan sənturu icad edib və ümumiyyətlə 25 növ səntur yaratdığını müsahibələrində qeyd edir. Rəsmi irs saytında Şəcərianın 2011-ci ildə Tehranda bu alətləri nümayiş etdirdiyi qeyd olunur. Bu fəaliyyət onun yaradıcılıq fəlsəfəsinin başqa bir tərəfini göstərir: ənənə yalnız qorunmamalı, inkişaf etdirilməlidir.


Xəttat Şəcərian


      Mohəmməd Reza Şəcərianın sənətkarlığı təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmırdı. O, İranın klassik fars xəttatlığı ilə də ciddi məşğul olmuşdu. 1967-ci ildən etibarən İbrahim Buzəri və Hoseyn Mirxani kimi ustadlardan xəttatlıq sənətini öyrənmişdi. Bu iki peşə sahəsi - xəttatlıq və xanəndəlik  əslində onun dünyagörüşündə bir-birindən uzaq deyildi. Xəttatlıqda: xətt → ritm → boşluq → nisbət; musiqidə: səs → ritm → sükut → nəfəs var. Şəcərian bu iki sənətin daxili intizamını eyni estetik dünyada birləşdirə bildi.


Şəcərian və “Shahnaz” ansamblı


     2008-ci ildən etibarən ustadın yaradıcılığında “Şahnaz ansamblı” mühüm yer tutdu. Ansamblın rəhbərliyində tanınmış bəstəkar, tar/setar ifaçısı Məcid Derəxşani (1951) dayanırdı və Şəcərian bu kollektivlə İran daxilində və xaricdə mühüm konsertlər proqramı ilə çıxış etdi. 2008-ci ildə Tehrandakı konsertlər onun İrandakı son konsertləri oldu; sonrakı illərdə beynəlxalq səfərlərini davam etdirdi. Onun repertuarının sonrakı mərhələsinə: “Rendane Məst” (Məst olmaq, coşqu ilə eşqin zirvəsinə varmaq); “Morğ-e Xoşxan” (Xoş səsli quş və ya bulbul); “Rənghaye Təali” 

(Rənglərin yüksəlişi); “Təriğe Eşq” (Eşq yolu); “Xorasanıyyat” (Xorasanşünaslıq) kimi əsərlər daxildir. Rəsmi diskografiyada bu əsərlərin tarixləri və əməkdaşlıqları ətraflı göstərilir (daha 

ətraflı: bax aşağıda “Ostadın 50 ən mühüm əsərləri” bölməsinə). 


“Morghe Səhər” - azadlıq simvolu


     Şəcərianın ictimai-siyasi irsində “Morghe Səhər” - “Səhər quşu” ( və ya Dan quşu) təsnifi xüsusi yer tutur. Əsər ilk dəfə 1927-ci ildə səsləndirilmiş və 1906-cı il İran Konstitusiya İnqilabının ideallarını müdafiə edən azadlıq və mübarizə mahnılarından biri kimi tarixə düşmüşdü. Lakin Şəcərianın ifasında isə bu əsər sonralar onun adı ilə o qədər sıx bağlandı ki, İran cəmiyyətində artıq klassik mahnının özü ilə Şəcərianın interpretasiyası arasında ayrılmaz assosiasiya yarandı. Burada onun sənətinin mühüm xüsusiyyəti üzə çıxır: Şəcərian köhnə siyasi-poetik əsərləri yeni nəsillərin yaddaşına qaytarırdı.


Qeyd: (müəllif: X. C. C.)


     Bu təsnifin melodiyası hıkı ötən əsrin 60-cı illərindən tanış idi. Sözləri: görkəmli İran şairi Məhəmməd 

Təği Bəhar - Məliküşüəra, (1886-1951), musiqisi: yəhudi mənşəli tanınmış incəsənət xadimi, bəstəkar Murtuza Xan Neydavuda (1900-1990) məxsusdur. Şeirin mövzusu tatar şairi Musa Cəlilin “Quşcuğaz” şeirini xatırladır. 1927-ci ildə Tehrandakı "Qrand Otel"də, "Nahid" qəzetinin nəşrinin 7-ci ildönümü münasibətilə keçirilən məclisdə Cəlaləddin Tac İsfahani tərəfindən canlı oxunmuşdur. Qısa müddət sonra isə mahnı ilk dəfə İran ənənəvi musiqi ifaçısı və aktrisası Mülük Zərrabi (1907-200) tərəfindən vala köçürülmüşdür. 

     “Moğe səhər” təsnifini Şəcərian dünyanın müxtəlif ölklərindəki konsert salonlarında izdihamlı tamaşaçı kütləsi qarşısında, ansamblın müşayiəti ilə çox böyük ustalıq və peşəkarlıqla ifa edib. YOUTUBE internet saytı vasitəsilə həmin çıxşıları diqqətlə izləmişəm. Tamaşaçılar hər dəfə ustadın ifasının sonunda ayağa qalxaraq, göz yaşları ilə onu sürəkli alqışlar altında, ehtiramla səhnədən yola salıblar.

     Bu sətirlərin müəllifi tərəfindən “Morğe səhər” təsnifi hələ M. R. Şəcərianın sağlığında onun şəxsiyyətinə, sənətinə sevgi və hörmət əlaməti olaraq musiqiçilərin müşayiəti ilə 3 dəfə - Masallı rayonunun Bağıroba və Böyük Kolatan kəndlərində (2016; 15.09.2017), Lənkəran rayonunun Bəliton kəndində (13.08.2017) ifa edilib, sosial şəbəkələrdə (Facebook, YOUTUBE) paylaşılıb.


Niyə Şəcərian “maestro” deyil, “ostad”dır?


     “Maestro” Qərb musiqi ənənəsində yüksək səviyyəli ustaya verilən tituldur. “Ostad” isə İran və ümumən Şərq sənət ənənəsində daha dərin məna daşıyır. Ostad yalnız texniki cəhətdən mükəmməl ifaçı deyil. O,: ənənənin daşıyıcısı; bilik müəllimi; məktəb yaradan şəxs; özündən əvvəlkilərin mirasını qoruyan; özündən sonrakılara yol göstərən sənətkardır. Şəcərian məhz bu mənada “Ostad Şəcərian” idi. İstər şahlıq zamanında, istərsə də indiki hakimiyyət dövründə mədəniyyət-incəsənət adamlarını həvəsləndirici təltiflərə (məsələn; Əməkdar artist, Xalq artisti,  Əməkdar incəsənət xadimi,) layiq görmək üçün onlara heç bir fəxri ad, orden, medallar və s. verilmir. Əvəzində, ən böyük fəxri ad da, mükafat da, yüksək rütbə də musiqi ictimaiyyəti və xalq tərəfindən sənətkara verilən “ostad” adıdır. Bu əbədiyaşar adı qazanmaq isə hər kəsə nəsib olmur.


2009-cu il: Şəcərianın siyasi həyatında dönüş nöqtəsi


     Böyük ustadın ictimai-siyasi fəaliyyətinin ən mühüm mərhələsi İranda 12 iyun 2009-cu il tarixdə keçirilən Prezident seçkilərindən sonra başladı. Mahmud Əhmədinejadın yenidən Prezident elan edilməsindən sonra ölkədə seçkilərin nəticələrinə qarşı geniş etirazlar başladı. Bu hadisələr sonradan “Yaşıl hərəkat” (Green Movement) adı ilə tanındı. Etirazlar güc strukturlarının sərt müdaxiləsi ilə qarşılaşdı. Şəcərian isə bu hadisələrə susmadı. Onun mövqeyi İranın mədəni həyatında böyük rezonans doğurdu, çünki həmin vaxta qədər o, dövlət mediasında son dərəcə tanınmış və xalqın böyük sevgisini qazanmış sənətkar idi. M. Əhmədinejad etirazçılara qarşı “toz və zibil” mənasını verən aşağılayıcı ifadədən istifadə etdikdən sonra “Azadlıq” radiosunun fars dilində yayımlanan xəbər xidməti olan “Radio Fərda”ya (Sabah radiosu) verdiyi müsahibəsində Şəcərianın cavabı ölkənin siyasi tarixində simvola çevrildi: “...Siz İranı kontrol edə bilərsiniz, amma ona nəzarət edə bilməzsiniz”. O, Böyük Britaniyanın “BBC Persian” farsdilli multimedia xəbər ağentliyinə verdiyi müsahibəsində özünü məhz həmin insanların - “toz və zibil” adlandırılanların səsi kimi təqdim edərək, dövlət mediasından öz musiqi ifaları yayımının dayandırmasını tələb etdi. Bu isə son dərəcə güclü simvolik siyasi jest idi. Çünki dövlətin böyük sənətkarı belə deyirdi: “Əgər xalqı alçaldırsınızsa, mənim səsim də həmin xalqın səsidir”. Bu hadisədən sonra Şəcərianın adı “Yaşıl hərəkat”la çox sıx əlaqələndirildi.

     Şəcərianın dövlət radio-televiziyasından ifalarının çıxarılmasını tələb etməsi, onun əsərlərinin siyasi məqsədlə istifadə olunması ilə bağlı idi. O, xüsusilə, “İran, ey səraye-omid” - “İran, ey ümid məskəni” kimi əsərlərin dövlət mediasında hazırkı siyasi hakimiyyətin mövqeyini dəstəkləyən kontekstdə istifadəsinə etiraz edirdi. Onun mövqeyi belə idi: Bu mahnıları mən xalqın tarixi hadisələri zamanı oxumuşam; onları sonrakı hakimiyyətin siyasi təbliğatına çevirmək olmaz. Bu məsələ Şəcərianın sənət üzərində müəllif hüququndan daha geniş bir prinsip ortaya qoyduğunu göstərirdi: sənət əsərinin siyasi mənası üzərində sənətkarın da haqqı vardır.


Dövlət radiosuna məşhur məktub


     Şəcərian 2009-cu ildə İran dövlət radio-televiziya qurumunun rəhbəri İzzətullah Zərğamiyə müraciət edərək əsərlərinin dövlət mediasında yayımlanmamasını tələb etdi. O, dövlət televiziyasının onun musiqilərindən siyasi məqsədlə istifadə etməsinə etiraz edirdi. Mənbələrə görə, bundan sonra onun musiqilərinin yayımı ciddi şəkildə məhdudlaşdırıldı, hətta “Rəbbənə” də dövlət efirindən çıxarıldı. Bu, Şəcərianla İran dövlət mediası arasında faktiki qarşıdurmanın başlanğıcı oldu.


Bəs hakimiyyət onu niyə həbs etmədi?


     Bu da maraqlı tarixi-siyasi məsələdir. Şəcərianın açıq şəkildə hökuməti tənqid etməsinə baxmayaraq, onun uzun müddət həbs olunmaması diqqət çəkirdi. Ustad bunun səbəbini xalq arasında özünün böyük nüfuza malik olması ilə izah etmişdi. O, hakimiyyətin xalqla özünün arasındakı əlaqəni tamamilə kəsmək istədiyini, lakin onu həbs etməyin böyük ictimai reaksiyaya səbəb ola biləcəyini bildirmişdi. 2011-ci ildə Almaniyanın ən nüfuzlu “Die Zeit” həftəllik milli qəzeti də onun xalq arasında çox böyük nüfuza malik olduğunu və hökumətin onu həbs etməsinin ciddi etirazlara səbəb ola biləcəyini qeyd edirdi. Bu vəziyyət Şəcərianın İrandakı qeyri-adi statusunu göstərirdi: o, dövlət qarşısında zəif, xalq qarşısında isə çox güclü sənət adamı – Lider idi.

     Çünki o, siyasi şüarçı deyildi. Onun əlində: partiya; qəzet; televiziya kanalı; siyasi təşkilat yox idi, yalnız səsi vardı. Amma həmin səs: “Rəbbənə” ilə milyonlarla insanın evinə daxil olmuşdu; Sədi, Hafiz, Mövlananın qəzəllərini xalqın yaddaşına yazmışdı; “Morghe Səhər”i yenidən milli simvola çevirmişdi; klassik İran musiqisinin ən böyük ustadlarından biri kimi qəbul edilirdi. Ona görə də Şəcərianın bir cümləsi, adi bir sənətçinin cümləsi deyildi. Onun səsi siyasi legitimlikdən daha dərin bir xalq legitimliyinə malik idi.


Ostadın 50 ən mühüm əsərləri


     Səs, şeir, dəsgah və yaddaşın böyük ustadının müxtəlif illərdə işıq üzü görən 50 albomu onun yaradıcılıq xəritəsinin pasportudur desək, yanılmarıq. Çünki bu yaradıcılıq irsi, adi diskografik siyahıya sığmır. Rəsmi kataloqda həmin albomlarla yanaşı radio əsərləri, konsert yazıları, fərdi ifalar və müxtəlif dövrlərin arxiv materialları mövcuddur. Buna görə də "ən mühüm 50 əsər" ifadəsi burada kommersiya baxımından ən çox satılan və ya ən çox dinlənilən 50 mahnı demək deyil. Söhbət Şəcərian sənətinin müxtəlif mərhələlərini, vokal məktəbini, klassik fars poeziyası ilə münasibətini, dəsgah sistemini, bəstəkarlarla əməkdaşlığını və ictimai mövqeyini ən yaxşı nümayiş etdirən əsərlərdən gedir. Bu siyahının əsas meyarları bunlardır: musiqi tarixində əhəmiyyəti; Şəcərianın vokal məktəbinin nümayişi; klassik poeziyanın təfsiri; İranın ictimai-mədəni tarixində rolu; digər böyük sənətkarlarla əməkdaşlıq; sonrakı nəsillərə təsiri.

     Şəcərianın 50 ən mühüm albomları aşağıdakılardır: 1.“Robaiyyate Xəyyam” - Xəyyamın rübailəri (1970-ci illər); 2. “Be Yade Aref” - Arifin xatirəsinə (1977); 3. “Selseleye çavuş” - Çavuş albomlar silsiləsi” (1970-ci illərin sonu); 4. “Golbange Şəcərian” - Gül səsli Şəcərian (1978); 5. “Sepideh” - Dan yeri və ya Şəfəq yeri (1979-inqilab ərəfəsi); 6. “Can-Can”; 7. “Astane canan” - Sevgilinin qapısı (1985); 8. “Bidad” - Haqsızlığın səsi (1985); 9. “Serre eşğ” - Eşqin sirri (1986); 10. “Nəva - Morəkkəb Xani” – Nəva - Mürəkkəb ifaçılıq (1986); 11. “Dastan” (1987/88); 12. “Saze Gessequ” – Hekayə danışan saz; 13. “Doode oud” – Ud tüstüsü (1989); 14. “Dele Majnun” – Divanə könül (1990/91); 15. “Payame nasim” – Mehin mesajı (1991); 16. “Sərve çəmən” – Valehedici çəmən (1991); 17. “Asmane eşğ” – Eşqin səması” (1991); 18. “Delşodegan” – Könül verənlər və ya Vurğunlar (1992); 19. “Yade Əyyam” – Keçmiş günlərin xatirəsi (1992); 20. “Çeşmeye Nouş” – Canlandırıcı bulaq (1993); 21. “Baharriyyeh” – Baharın yaddaşı (1994); 22. “Gonbade mina” – Göy rəngli qübbə (1994); 23. “Cane oshağ” – Aşiqlərin canı (1995); 24. “Homayun məsnəvi” – Homayun məsnəvisi (1995); 25. “Dər xiyal” – Xəyalda (1996); 26. “Rosvaye del” – Rüsvay könül (1996); 27. “Eşğ danəd” – Eşq bilər (1997); 28. “Şəbe vəsl – Görüş gecəsi (1997); 29. “Moəmmayə həsti” – Varlığın sirri (1997); 30. “Çehre be çehre” – Üzbəüz (1998); 31. “Şəb, sukut, kavir” – Gecə, sükut, səhra (1998); 32. “Arame can” – Ruhun rahatlığı; 33. “Ahənge vəfa” – Vəfa melodiyası (1999); 34. “Buye baran” – Yağış qoxusu (1999); 35. “Zemestan əst” – Qışdır (2001); 36. “Bi to be sər nemişəvəd” – Sənsiz yaşamaq olmaz (2002); 37. “Fəryad” (2002); 38. “Həmnəva ba Bam” – Bamla həmrəyllik” (2003); 39. “Came tohi” – Boş badə (2004); 40. “Saze xamuş” – Sönmüş saz (alət) (2007); 41. “Surude mehr” – Məhəbbətin himni (2007); 42. “Qoğaye eşğbazan” – Aşiqlərin qovğası (hay-küyü) (2007); 43. “Rendane məst” – Sərxoşlaın rəqsi (2009); 44. “Morğe xoşxan” – Xöş səsli quş (2009/11); 45. “Zəbane atəş” – Atəşin (Alovun) dili (2009); 46. “Ah, baran” – Ah, yağış (2009); 47. “Morğe xoşxan” – Xöş səsli quş (2011); 48.”Rənghaye təali” – Rənglərin yüksəlişi (2013); 49. “Təriğe eşğ” – Eşq yolu (2016); 50. “Xorasaniyyat” – Xorasanşünaslıq (2019).


Homayun Şəcərian: oğul və məktəbin davamı

 

     Şəcərianın sənət irsinin ən mühüm davamçılarından biri, oğlu Homayun Şəcəriandır (21.05.1975, Tehran). O, hələ 5 yaşında ikən ustad sənətkarlardan ənənəvi zərb aləti olan tombək (tənbək) dərsləri almışdır. 10 yaşından etibarən atasının rəhbərliyi altında vokal sənətinin avaz texnikası və səs idarəetməni öyrənmişdir. Konservatoriya təhsilli Homayun həm atasının yanında, həm də İran musiqi ənənəsinin digər ustadları ilə çalışaraq ayrıca sənət yolu formalaşdırmışdır. 1991-ci ildən başlayaraq atasının rəhbərlik etdiyi “Ava” musiqi kollektivinin tərkibində İran, ABŞ və Avropa ölkələrində keçirilən konserlərdə tombək ifaçısı, 1999-cu ildən etibarən isə səhnədə həm də vokal ifaçı kimi atasını müşayiət etməyə başlayıb. Atasının onunla birgə çıxışları xüsusilə, əhəmiyyətlidir. Burada ata–oğul münasibətindən daha artıq bir şey var: ustad → şagird → yeni ustad zənciri. Bu, İran klassik musiqisinin əsrlər boyu yaşamasını təmin edən ənənəvi mexanizmdir. H. Şəcərianın “Nəsime-vəsl” adlı ilk müstəqil solo albomu 2003-cü ildə onun 28 yaşı tamam olan ərəfədə işıq üzü görüb. Sonrakı illərdə Söhrab Purnazeri ilə birlikdə “Nə fereşteəm, nə Şeytan” (Nə dəcəl uşaq deyiləm, nə Şeytan, 2014), “İrane mən” (Mənim İranım, 2018) ərsəyə gətirdiyi albomlar dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.


Mojqan Şəcərian – ata irsinin davamçısı


     Mojgan Şəcərian (17.05.1970, Tehran) - iran əsilli müğənni, setar ifaçısı, rəssam və qrafik dizayneridir. O, ostad Mohəmməd Reza Şəcərianın qızı və tanınmış xanəndə Homayun Şəcərianın bacısıdır. Musiqi və vokal təhsilini ilk növbədə atası da daxil olmaqla, Mohəmməd Reza Lotfi, Hoseyn Əlizadeh və Pərviz Meşkatian kimi görkəmli musiqi ustadlarından almışdır. Tehran İncəsənət Universitetində musiqi və rəngkarlıq üzrə bakalavr, qrafik dizayn üzrə isə magistr dərəcəsi qazanmışdır. Atası ilə birlikdə Avropa, Şimali Amerika və Avstraliyanın ən nüfuzlu konsert salonlarında və beynəlxalq festivallarda 60-dan çox konsertdə çıxış etmişdir. 

     2012-ci ildə ABŞ-a köçərək Cənubi Kaliforniyada mühacirət həyatı yaşayır, yaradıcılığına davam etməklə həm də, İran klassik muğamı (Avaz) və setar alətindən dərslər keçir. Qardaşı Humayun Şəcərianla ilə birlikdə Khanjar (Xəncər), Shabahang Zahak (Gecənin ahəngi və ya Dan ulduzu Zöhhak), Siavash və Beman Ta Payan (Syavəş və Mənimlə sonadək) kimi bir çox  musiqi layihələrinin müəllifidir. 

     Ailəlidir. Məhəmməd Əli Rəfii adlı həyat yoldaşı ilə nigahdan 1 qız, iki oğlan övladı vardır.


Beynəlxalq şöhrət və mükafatlar


     Şəcərianın beynəlxalq nüfuzu onun sənətinin yalnız İran daxilində deyil, dünya miqyasında qəbul edildiyini göstərir. Ən mühüm təltifləri arasında: UNESCO-nun Picasso medalı – 1999; UNESCO Mozart medalı – 2006; Fransanın “Fəxri Legion” ordeni – 2014; Fransanın “Milli Xidmət” ordeni – 2014; Aga Khan Trust for Culture mükafatı - 2019 qeyd olunur. UNESCO onun 2014-cü ildə Fransanın “Legion of Honour” ordeninə layiq görüldüyünü təsdiqləyir. Onun “Grammy” ilə bağlı da mühüm beynəlxalq tanınması olmuşdur; rəsmi bioqrafiyada 2003 və 2005-ci illərin “Grammy” tarixçəsi qeyd edilir.


NPR və “böyük səslər”


     Şəcərianın nüfuzu İran musiqisi ilə məhdudlaşmadı, onun səsi beynəlxalq musiqi mühitində də yüksək qiymətləndirildi. Rəsmi bioqrafik materiallarda onun NPR tərəfindən dünyanın böyük səsləri sırasında göstərildiyi qeyd olunur. Bu, mühüm mədəni hadisə idi, çünki Qərb musiqi sistemi əsasən opera, caz, pop və digər vokal məktəbləri üzərindən formalaşmışdı. Şəcərian isə dünya dinləyicisinə tamam başqa vokal estetikanı təqdim edirdi.


Qeyd: (müəllif – X.C.C.)


     NPR (National Public Radio) - ABŞ-ın müstəqil, qeyri-kommersiya ictimai radio şəbəkəsidir. 1970-ci ildə qurulmuş bu media təşkilatının mərkəzi ofisi Vaşinqtonda yerləşir. 


İctimai-siyasi fəaliyyəti


     Şəcərianın kəskin ictimai mövqeyi birdən-birə 2009-cu ildə yaranmadı, əksinə, onun formalaşmasının kökləri 1970-ci illərin sonundakı İran ictimai-siyasi mühitinə gedib çıxırdı. O, şah rejiminə qarşı olan, xalq hərəkatına rəğbət bəsləyən sənətçilərdən idi. 1977-ci ildə onun İran milli radiosundan istefa verməsi də dövlətin mədəniyyət siyasətindən uzaqlaşmasının mühüm mərhələlərindən biri oldu. 1979-cu il inqilabından sonra isə bir müddət ictimai çıxışlarını dayandırdı. Ensiklopedik mənbələr onun 1979-1982-ci illərdə ictimai ifalardan çəkildiyini göstərir. Burada Şəcərianın sonrakı davranışını müəyyən edən mühüm prinsip görünür: sənətkar dövlət hakimiyyətinin deyil, cəmiyyətin yanında dayanmalıdır.

     Burada çox mühüm və incə bir nüans var. Şəcərian özünü partiya siyasətçisi, siyasi təşkilat 

rəhbəri və ya inqilabçı lider kimi təqdim etmirdi. Əksinə, müsahibəsində belə deyirdi: “Mən siyasi fəal deyiləm, yalnız cəmiyyətini tanıyan və ona xidmət edən sənətkaram”. Bu cümlə onun ictimai fəaliyyətinin mahiyyətini çox yaxşı izah edir. Onun siyasəti: partiya siyasəti yox, vicdan siyasəti idi. O, dövlət ilə xalq arasında qeyri-siyasi elçi - sülh göyərçini idi.


Ömrünün son illəri – əbədiyyətə doğru


     Həyatının son illərində böyük ustad, özünün səhhət problemləri ilə mübarizə aparırdı. Buna baxmayaraq, onun adı İranın mədəni həyatında daim gündəmdə qalırdı. Mohəmməd Rza Şəcərian 8 oktyabr 2020-ci ildə, 80 yaşında, Tehrandakı “Cəm xəstəxanası”nda uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etdi. UNESCO onun ölümünü 13 oktyabr 2020-ci il tarixli xüsusi yazı ilə qeyd edərək, sənətkarı İran ənənəvi musiqisinin “əfsanəsi və canlı abidəsi” adlandırdı. Onun vəfatı İran musiqi ictimaiyyətində böyük itki kimi qarşılandı və milyonlarla qədirbilən insanların ümumxalq kədərinə çevrildi. 

     Xərçəng xəstəliyi onun böyrəkləri ilə bağlı idi. Daha dəqiq desək, onda böyrək xərçəngi (renal xərçəng) aşkarlanmışdı. O, 2016-cı ildə xəstəliyinin təxminən 15 il əvvəl başladığını açıqlamışdı. Məlumatlara görə, xəstəliyin başlanğıcında böyrəklərindən birində şiş aşkar edilmiş və cərrahi müdaxilə yolu ilə həmin böyrək götürülərək xaric edilmişdi. Sonrakı illərdə xəstəlik metastatik xarakter almış, müxtəlif ağırlaşmalar meydana çıxmışdı. Bəzi mənbələr metastazın beyinə də yayıldığını bildirirdi, lakin bu barədə bütün məlumatlar eyni dərəcədə rəsmi təsdiqlənmiş deyil. Bir sıra mötəbər mənbələr isə uzun illər böyrək xərçəngi ilə onun mübarizə apardığını qeyd edirlər. Verilən məlumatlara istinad edərək belə bir nəticəyə gəlmək olar ki, bu yenilməz insan, əldə etdiyi xarüqələrə, ömrünün 19 ilini xərçəng xəstəliyi ilə çarpışaraq əldə edib. (!) Təkcə bu fakt insan zəkasının, iradəsinin, prinsipiallığının bariz nümunəsi sayıla bilər. Bu fakt həm də onu göstərir ki, böyük ustad səs, söz, əməl adamı idi. O, kəskin ağrılara, xəstəliyin yaratdığı əlavə problemlərlə müşahidə olunun cismani əzab və işgəncələrə sinə gərərək möhtəşəm, əzəmətli və ölməz tarix yaratdı, insanın yenilməz, məğlubedilməz olduğunu ortaya qoydu.  Əgər görəsən, əcəl onu nagəhan haxlamasaydı, o, daha neçə-neçə sənət inciləri yaradacaqdı?!... 

     Onun həyat salnaməsini vərəqlədikcə ortaya daha maraqlı və önəmli faktlar çıxır. Belə anlaşılır ki, ilk əvvəllər sıravi Şəcəriyanı “Ostad Şəcəriyan” səviyyəsinə qaldıran onun yaşadığı ictimai-siyası mühitin (xüsusilə, şahlıq dövründə) yuxarıda adları çəkilən 6 əsas görkəmli sənət adamları, vəzifə sahibləri - Fəraməz Payvər, Məhmud Fərrux Xorasani, Rza Vərzənde, Davud Pirniya, Hoseyn Mohebbi və böyuk bir ziyalı elitası olub. Yoxsa ki, sıradan bir xanəndənin  istedadı vulkan kimi püskürsəydi belə, möhkəm arxa-dayağı olmasaydı, heç bir uğura imza ata bilməzdi (mane olan, əngəl törədən, arxadan zərbə vuran, ayağının altını qazan, tələ quranlar olsaydı, vəziyyət bundan qat-qat ağır olardı). Belə çıxır ki, kim nəyi bacarıbsa, bu istedad sahibinə əl tutub, ona dəstək verib, üstəgəl öz qətiyyəti, inadkarlığı və məharəti. Nəticə isə göz önündədir. 

     Daha mühüm məqamlardan biri də ondan ibarətdir ki, 1979-cu il İslam İnqilabından sonrakı 41 il ərzində Şəcərian nələrə nail olubsa, öz şəxsi vəsaiti hesabına başa gəlib. Çünki dövlətin musiqi incəsənətinə olan münasibəti bu günə kimi hər kəsə bəllidir. İran radio-televiziyasında, rəsmi dövlət mediasında klassik muğam dəsgahları, təsniflər, xalq mahnıları səslənmir... 

     Vəsiyyətinin ən mühüm məqamı dəfn yeri ilə bağlı idi: Şəcərian Tus şəhərində, böyük İran şairi Əbülqasım Firdovsinin məqbərəsinin yaxınlığında dəfn olunmasını istəmişdi. Onun bu arzusu yerinə yetirildi və o, 10 oktyabr 2020-ci ildə həmin ünvanda torpağa tapşırıldı. Bu seçim təsadüfi deyildi: Firdovsi ilə Şəcərianı İranın milli-mədəni yaddaşı, fars dili və İran musiqi sənətinin qorunması ideyası birləşdirirdi. Firdovsi fars dilini poeziya vasitəsilə qoruyan nəhəng şəxsiyyət, Şəcərian isə fars musiqisinin səsini qoruyan nəhəng sənətkar idi. Buna görə də Firdovsinin yanında onun dəfni həm şəxsi vəsiyyət, həm də mədəni məna daşımaqla, onun həyatının simvolik yekunu idi.

     Ustadın daha bir vəsiyyəti də vardı: məzarının üstünə aşağıdakı məzmunda yazılmış xatirə lövhəsi qoyulsun: “Xak-e pay-e mardom-e Iran” (İran xalqının ayağının torpağı). Ölümündən sonra ailəsi bu vəsiyyətə əməl edərək, ustadın məzarı üzərinə məhz elə onun öz əl yazısı ilə həmin cümlə həkk olundu. Bu ifadə Şəcərianın xalqına olan sonsuz sevgisinin, hörmətinin və təvazökarlığının simvolu hesab olunur.

           

EPİLOQ


     M. R. Şəcərian sənətkarlığının əzəmətini və onun insani cizgilərini daha düzgün belə səciyyələndirmək olar: O, siyasi karyera uğrunda mübarizə aparan siyasətçi deyil, sənətkarın cəmiyyət qarşısında məsuliyyətini siyasi hadisələr qarşısında susmamaq kimi başa düşən böyük mədəniyyət xadimi idi. Onun ən güclü siyasi silahı mahnı idi; ən böyük tribunası 

radio-televiziya və səhnə idi; ən etibarlı tərəfdarı xalq idi. Onun ən mühüm prinsipi belə idi: dövlət sənətkarın səsindən istifadə edə bilər, amma həmin səsin nə deməli olduğuna qərar verə bilməz. Bu baxımdan, M. Şəcərianın 2009-cu ildən sonrakı fəaliyyəti İranın müasir tarixində “sənətkarın vicdanı ilə dövlət hakimiyyəti arasında qarşıdurmanın” ən parlaq mədəni nümunələrindən biri hesab edilə bilər. Bu böyük fenomenal ustadın XX əsr İran mədəniyyətindəki yerini üç böyük şəxsiyyətin funksional paraleli ilə təsəvvür etmək olar: 1. Firdovsi - dilin yaddaşı; 2. Hafiz - sözün ruhu; 3. Şəcərian - səsin yaddaşı. Əlbəttə ki, bu elmi təsnifat deyil, publisistik metaforadır. Lakin UNESCO-nun Asiya-Sakit Okean Regionu üzrə Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzi sayılan İCHCAPın (ingiliscə: International Information and Networking Centre for Intangible Cultural Heritage in the Asia-Pacific Region) materiallarında da Şəcərianın İran musiqisində Firdovsiyə bənzər qoruyucu rol oynadığı, onun səsinin İran musiqi mədəniyyətinin fonetik təcəssümünə çevrildiyi vurğulanır. 

     Şəcərianın səsini ilk dəfə eşidən adam onun sadəcə oxuduğunu düşünə bilər. Lakin bir qədər sonra başqa bir şey baş verir: səsin arxasından poeziya; poeziyanın arxasından İranın tarixi; tarixin arxasından insan; insanın arxasından isə sükut görünür. Şəcərian sənətinin gücü bəlkə də məhz buradadır: o, səs ilə sükut arasındakı məsafəni musiqiyə transformasiya etmişdir. Onun yüksək registrlərdə parlayan, aşağı səslərdə dərinləşən, təhrirlərdə titrəyən, uzun frazalarda nəfəs alan səsi bir nəslin deyil, bir sivilizasiyanın musiqi yaddaşının ifadəsinə çevrilmişdir. 

     O, klassik musiqini keçmişdə saxlamadı, onu müasir insanın qarşısına gətirdi. O, Hafizi yalnız 

kitab səhifələrində qoymadı, onu musiqinin dili ilə səsləndirdi, dilləndirdi - canlandırdı. O, rədifi 

yalnız ustadların yaddaşında saxlamadı, onu yeni nəsillərə ötürdü. Və ən başlıcası - sənətkarın səsinin yalnız gözəllik yaratmaq üçün deyil, insan ləyaqətini müdafiə etmək üçün də mövcud ola biləcəyini əyani göstərdi. Şəcərianın özünü ifadə edən ən doğru metaforalardan biri bəlkə də budur: O, İran musiqisini oxumurdu - İran musiqisi onun səsi ilə danışırdı. Məhz buna görə də Mohəmməd Reza Şəcərianın vəfatı ilə sadəcə, böyük bir xanəndə dünyasını dəyişmədi. Bir dövrün səsi susdu. Amma həmin səsin yazıları, albomları, “Rəbbənə”si, “Bidad”ı, “Fəryad”ı, “Dastan”ı, “Morğe səhər”i, Hafiz və Mövlanadan oxuduğu misralar, ustad–şagird ənənəsinə verdiyi töhfə və yetişdirdiyi sənətkarlar vasitəsilə həmin səs yaşayır və əbədi yaşayacaq.

     Şəcərianın ölümündən sonra onun irsi bir neçə istiqamətdə əbədiləşib: səs irsi; pedaqoji irs; 

poetik irs; ictimai irs; övlad - nəsil irsi; musiqi alətləri.

     Əziz oxucu! Bu yazıda səsi, nəfəsi, avazı ilə böyüdüyüm bir sənət fədaisinin həyat tarixçəsinə işıq salmaqla, onun əziz ruhu qarşısında öz insani borcumu yerinə yetirməyə çalışdım. Böyük Allahdan ustada rəhmət diləyirəm! Ruhu şad, məkanı Cənnət olsun! 




Xodaşirin Cəbiyev (Cabbari)

Yazıçı-publisist, jurnalist-tədqiqatçı

Masallı şəhəri. 14.09.2026-cı il.








{sape_links}
Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10