Ölümündən 1 aydan artıq vaxt ötən, əziz və unudulmaz dostumuz Fariz Fərəcovun az qala, novellavari ölümününə həsr olunur.
- Ailə həyatı qurandan 13 il sonra Tanrı ona 2 əkiz oğul payı, daha sonra 1 qız övladı qismət etdi.
- Dünyasını dəyişəndən bir neçə saat sonra Ekologiya və Təbii sərvətlər Nazirliyindən zəng gəldi ki, Fariz həmin nazirliyə 2100 manat əmək haqqı ilə şöbə müdiri təyin edilib.
- Farizin həyat yoldaşının onun ölümündən bir neçə saat sonra baş verənlər barədə ürək ağrısı ilə danışıdıqlarından:
- Həmin gün səhər tezdən məni öz maşını ilə işlədiyim kənd həkim məntəqəsinə aparıb, evə qayıtdı. Həmin vaxt 8 yaşlı qızımız da evdə idi. Onun bildirdiyinə görə: ”Ata evə çatan kimi paltarını dəyişib, ev paltarını geyindi və stula əyləşdi. Halı qəfildən pisləmişdi. Bir də gördüm stuldan yıxıldı. Nə edəcəyimi bilmirdim. Qonşuluqda yaşayan əmimi köməyə çağırdım. Ananın telefonunun zaryadkası bitdiyindən ona zəng çatmırdı”.
Türkiyədə yaşayan qardaşına zəng etdik. O isə xahiş etdi ki, mən gələnə qədər dəfn etməyin. Biz də onu gözləməli olduğumuz üçün dəfni səhərə saxladıq. Bir neçə saat sonra onun mobil telefonuna tanımadığımız nömrədən aramsız zənglər gəlməyə başladı. Zəngə cavab verdikdə bəlli oldu ki, zəng Ekologiya Nazirliyindəndir. Telefonda danışan şəxs bildirdi ki, Nazirlik tərəfindən onun Dövlət İmtahan Mərkəzində verdiyi imtahanın nəticələrinə yenidən baxılıb və Fariz yüksək əmək haqqı ilə Nazirliyə şöbə müdiri təyin edilib. Səhər gəlib əmrini götürə bilər. Hönkürtümü saxlaya bilmədim. Fariz neçə illər idi ki, bir iş tapmaq üçün çarpışırdı, döyüşürdü. İndi bu xəbərə necə sevinim? Hıçqıraraq bildirdim ki, o artıq yoxdur, Fariz ölüb!!!
Hələ 47 yaşı tamam olmayan bu insan nədən bu yaşda infarkt keçirsin ki?
Bəli! İnana bilməsək də. Farizi itirdik!
Yada Şair Əli Kərimin misraları düşür:
O, həyatda yox imiş,
Gördüyüm kəs yuxuymuş!
Oturmazmış burada,
bu döngənin yanında.
Görünməzmiş dərdimiz
onun həyəcanında.
Nə biz olumuşuq, nə o -
ağ bir yalan imiş bu.
Ağlama, könlüm, kiri,
gözümdə yaş qalmayıb.
O gözəl gənc dünyada
olmayıb, olmayıb, olmayıb...
Dostu və həmkəndlisi Faiq Hüseynovun dediklərindən:
- Bəli, heç 47 yaşı olmamışdı. Onu ideallasdırmaq, ondan qəhrəman yaratmaq istəməsəm də, yaşıdları ilə müqayisədə bir sıra üstünlükləri var idi. Naxçıvan Universitetində İnzibati idarəetmə fakültəsi üzrə bakalavr dərəcəsini (fərqlənmə dipomu ilə), Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında siyasi idarəetmə (politologiya) ixtisası üzrə təhsil almışdı.
Bir neçə dil bilirdi. Vətəndaş cəmiyyətinin fəal üzlərindən idi. Hökumət və qeyri-hökumət təşkilatlarının xətti ilə bir neçə beynəlxalq və Respublika səviyyəli tədbirlərin sertifikatını qazanmışdı.
Xeyriyyəçi idi. Qardaşının yaxından dəstəyi ilə, onun təşəbbüsü və təşkilatçılığı ilə atasının vəfatından sonra onun xatirəsinə 31 min manat xərcləyib kəndarası 1 km yola asfalt döşətdirmişdi.
...Biz uzun illərin dostu olmasaq da, son illər çox doğmalaşmışdıq.
Dostu İsmayıl Hüseynzadənin dediklərindən:
- Fariz həyatda heç nəyi asanlıqla qazanmamışdı. Şair Cabir Novruzun dili ilə desək:
Tale bir yol insaf nədir, bilmədi hec,
Bir çöpü də asanlıqla vermədi heç.
Nəyim vardı, bu dünyada tək qazandım -
Məhəbbətdən Qaşığadək, tək qazandım.
Müəllim ailəsində doğulmuşdu. Bacı və qardaşları müxtəlif səviyyəli tibbi və pedaqoji təhsil almışdılar. Hərbi xidmətdə olmuşdu.
Əmək fəaliyyətinə isə mikro-sahibkarlıqla başlamışdı. “Xəzər-Lənkəran” və “Viləş” futbol klublarında hüquqşünas kimi çalışıb.
6 il doğma kəndi Mahmudavarda Ərazi Dairəsinin Nümayəndəsi vəzifəsində işləyib. Son 6 ildə ciddi cəhdlərinə, DİM də yüksək bal yığmasına baxmayaraq, heç bir yerdə iş tapa bilməyib.
Ailə həyatı qurduqdan 13 il sonra Tanrı onlara əkiz oğlan və bir qız övladı vermişdi. Özü 13 il övlad həsrətini yaşadı, 8 yaşlı oğlanlarının və 7 qaşlı qızının isə ata həsrəti ömürlük oldu. Övladlarına çox bağlı idi. İmkan tapdıqca onları daha çox sevindirmək istəyirdi. Lakin işsizlik, imkansızlıq... buna imkan vermirdi. Həmişə qayğılı, fikirli olurdu. Baş vurmadığı təşkilat qalmadı, lakin görünməz bir əl daim yolunda əngəl olurdu. Ondan qat-qat aşağı ranqlı şəxslər onun başı üstdən sağa-sola təyinat alsa da, sanki bəziləri yerə-göyə and içmişdilər ki, ona vəzifə verməsinlər. Nə 3 diplom, nə DİM-də əldə etdiyi yüksək nəticələr nəzərə alınmırdı.
Fariz öldü. Heç 47 yaşı tamam olmamışdı. Farizi bilə-bilə, gülə-gülə öldürdülər. Təkcə onu yox, illərin həsrətindən sonra qismətinə düşən balalarının gözlərindəki sevincləri, sevgiləri, arzuları, ümidləri öldürdülər. Tale ona övlad verdi, bəxt vermədi, saray verdi, taxt vermədi.
Görən, bu oyunda kim uduzdu, kim uddu? Hazırda kadr qıtlığı yaranan bu rayonda belə insanlar niyə biganəliyin, ayrı-seçkiliyin qurbanı olsun ki?!
Nə idi onun günahı? Daha çox məlumatlı olmasımı, daha çevik, başqalarının görə bilmədiklərini daha tez görməsimi, pərdə arxası oyunlardan daha tez xəbər tutmasımı?!
Sonda Əflatun Qubadovun xalq mahnısı kimi oxuduğu, bizim bu yazıda başlığa çıxartdığımız və “Ömür verdin, bəxt vermədin, Saray verdin, taxt vermədin” sözlərilə başlayan mahnının tam mətnini yazıya əlavə edirəm:
Ömür verdin, bəxt vermədin,
Saray verdin, təxt vermədin,
Acı verdin, dərd vermədin,
Nə vermisən mənə, dünya?
Bağça saldım, bar vermədin,
Sevgi verdin, yar vermədin,
Şaxta verdin, qar vermədin,
Nə vermisən mənə, dünya?
Ağız verdin, söz vermədin,
Çığır verdin, iz vermədin,
Taqət verdin, diz vermədin,
Nə vermisən mənə, dünya?
Hazırladı: Zahir Əmənov















