Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

YALAN DÜNYA... CANƏLİSİZ QALAN DÜNYA!


Canəli Xanəli oğlu Əkbərov (10 mart 1940,  Lənkəran rayonu, Separadi İ.Ə.D.-nin Tükəvilə kəndi - 22 oktyabr 2021, Bakı şəhəri). Azərbaycan xanəndəsi.

  • Böyük sənətkarla ilk tanışlıq...
  • Bir toyun tarixçəsi...
  • Düz yolun yolçusu olan insan
  • “Masallının musiqi ulduzları”na rəy yazan alim
  • Ucaldığı zirvədə əbədi qalan xanəndə 
  • Ölümü ilə ölməzlik qazanan sənətkar 

 

Dostluq çətin missiyadır. Bir kəslə dostluq 

edirsənsə, onu kişi kimi et.

 Canəli Əkbərov

 

    Xalq artisti, professor, "ŞƏRQ TƏRANƏLƏRİ" Beynəlxalq Səmərqənd Musqi Festivalı"nın laureatı, "Şərəf", "Şöhrət", I dərəcəli "Əmək" ordenləri, "Sənətkar" medalı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü fəxri təltiflərinə layiq görülmüş görkəmli xanəndə, pedaqoq Canəli Əkbərovla şəxsi tanışlığımız 1989-cu ildən başladı. Həmin il 17 iyun Tibb İşçiləri Günü ilə bağlı gənc jurnalist Şamama Həsənovanın (Allah rəhmət eləsin!) təqdimatında Azərbaycan radiosuna müsahibə vermişdim və öz çıxışımda Canəli Əkbərov yaradıcılığını yüksək qiymətləndirmişdim (Sonradan öyrəndim ki, həmin ərəfələrdə Canəli müəllimə qarşı bəzi sənət dostları tərəfindən güclü hücumlar varmış və mənim verdiyim müsahibə yerinə düşüb). Beləliklə, həmin müsahibədən sonra Canəli müəllim başlamışdı məni axtarmağa. Biz tərəflərə gələndə məni soraqlamışdı, ad-familiyamı unutduğundan ona bələdçilik edən olmamışdı. Amma Canəli müəllimlə tanışlığımızın baiskarı Separadi kənd sakini, ixtisasca provizor olan, o vaxt Lənkəran Rayonlararası Aptek Ambarının müdiri vəzifəsində çalışan, dostum-qardaşım, rəhmətlik Mətləb Quliyev olmuşdu və bizi tanış etdiyinə görə Canəli müəllimdən muştuluq olaraq hədiyyə də almışdı.

 

Böyük sənətkarla ilk tanışlıq...

   ...1989-cu ilin payızında Canəli müəllimin böyük qardaşının "Qırx mərasimi"ndə onun doğulduğu Tükəvilə kəndində ilk dəfə görüşdük, tanış olduq. Həmin məclisdə mənimlə birgə, Masallı rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Ələşrəf Niftiyev də iştirak edirdi. Tədbir başa çatdıqdan sonra Canəli müəllimlə birlikdə, öz ata yurdunda bünövrəsini qoyduğu gələcək yaşayış eviinin tikiləcəyi əraziyə getdik, xeyir-dua verdik. Mənzərəli guşədə yerləşən geniş ərazidə, bir neçə maşın kubik daş və başqa tikinti materialları var idi. Uşaq sevinci və kövrək duyğularla Canəli müəllim danışırdı ki, burada gələcəkdə onun yaradıcılıq evi olacaq və ata yurdunda dəfn olunmasını arzulayır. Separadi kəndində yaşayan bacısının evində gecəyarıya qədər həmsöhbət olduq, özümlə apardığım, Canəli müəllimin toy məclislərində ifa etdiyi audio kassetlərdə toplanmış ifalarını dinlədik. Və məlum oldu ki, həmin səs yazıları onun arxivində yoxdur. Xahişini nəzərə alaraq bir neçə gündən sonra həmin səs yazılarını lentə köçürərək Mətləb Quliyev vasitəsilə ona hədiyyə olaraq göndərdim. Beləcə, dostluğumuz başladı. Ara-sıra telefon əlaqələrimiz, şəxsi görüşlərimiz olurdu. Amma tale belə gətirdi ki, ailə vəziyyətimlə əlaqədar olaraq 1997-ci ildə Rusiyaya mühacirət etmək məcburiyyətində qaldım. Azərbaycanda olduğu kimi orada da özgələrin günahı ucbatından başıma çox olmazın bəlalar, ağlasığmaz müsibətlər gəldi. Nəhayət 2000-ci ildən başlayaraq Canəli müəllimlə telefon əlaqələri qurdum. Danışırdıq, fikir mübadiləsi aparırdıq, deyirdik-gülürdük, bir-birimizdən mənəvi qida alırdıq. Hərdən mənə deyirdi: “Çox istəyərdim ki, dünya proletariatının rəhbəri Leninin vətənində də mənim səsim ucalsın”. Baxmayaraq ki, Ulyanovsk şəhərində və ətraf regionlarda xeyli sayda həmvətənlərimiz yaşayırdı, amma oradakı ictimai mühit və kütlənin intellektual potensialı onun səviyyəsində deyildi. Axı, Canəli müəllimin ifalarını ali şüura malik olan ziyalı, müdrik insanlar dinləyib, başa düşüb, layiq olduğu qiymətini verə bilərdilər. Bütün bunları mən ona deyə bilmirdim. Amma çox istəyirdi ki, tezliklə vətənə qayıdım.


Bir toyun tarixçəsi...

    1999-cu ildə müvəqqəti olaraq Vətənə qayıtdım və qız övladım Fərqiyyə Cabbarlı üçün 11 aprel tarixində Masallı şəhərindəki “Şəlalə” şadlıq sarayında təntənəli toy şənliyi qurdum. Masallı musiqiçiləri ilə bərabər, toyda Canəli Əkbərov, Xalq artisti Vamiq Məmmədəliyev, Əməkdar artist Mirnazim Əsədullayev iştirak edirdilər. Həmin gün Canəli müəllimin rəhbərlik etdiyi trio  öz misilsiz ifaları ilə tarix yaratdı. Aşağıda YOUTUBE internet saytında toy məclisi ilə bağlı paylaşdığım lingləri sizlərə təqdim edirəm:


https://www.youtube.com/watch?v=pVMUxSCFjeY&t=51s
https://www.youtube.com/watch?v=yyieMbgcj3c&t=714s
https://www.youtube.com/watch?v=NeEYLqHLaiM&t=2s

     Toy şənliyinin əvvəlində Canəli Əkbərov məclisi açararaq xeyir-dua verdi və mənə bir neçə hədiyyə təqdim etdi. O cümlədən, Məkkədə Həcc ziyarətində olarkən Məhəmməd Peyğəmbərin (s.ə.v.v.) bədəvi ərəblərin qorxusundan Hera dağında gizlənərək ilk dəfə NAMAZa durduğu mağaradan götürüb özü ilə Vətənə gətirdiyi daş parçasının bir hissəsini, öz barəsində yazıçı Cümşüd İsgəndərin qələmə aldığı "Yandı canım hicr ilə" adlı ktabı, M. F. Axundov adlna Opera və Balet Teatrında Xalq artisti Zeynəb Xanlarova ilə oynadığı "Leyli və Məcnun" operasının video kassetini, Azərbaycan Radiosunun "Qızıl fondu"nda qorunub saxlanan ifa etdiyi mahnı və muğamların audio kassetini məclis içtirakçılarının alqışları altında mənə təntənəli şəkildə təqdim etdi. Çıxışı zamanı onu da qeyd etdi ki, mənə verdiyi daş paçasının bir hissəsi də onun ev muzeyində qorunub saxlanır. Xüsusilə onu da qeyd edim ki, bu günə kimi Canəli qardaşımın mənə yadigar olaraq verdiyi həmin hədiyyələri ən əziz xatirə olaraq öz şəxsi arxivimdə saxlayıram. Və daim hesab edirəm ki, həmin daş parçası həyatda mənim ən etibarlı 2-ci pasibanımdır. Birinci pasibanım isə ana babamın mənə verdiyi və Allah-Təalanın varlığını özündə ehtiva edən adımdır - XODAŞİRİN (farscadan: Allahın şirin bəndəsi, Şirin Allah, Allahın sevdiyi adam anlamına gəlir). Həqqətən də 1999-cu ildən üzübəri sınaq etmişəm və müşahidə edib görmüşəm ki, kim nahaqdan sataşıb, mənə qarşı təxribat törədib, arxamca nahaqdan danışıb, məndən bəhrələnib, sonra mənə qarşı üz çeviribsə, xəyanət edibsə, gec-tez o adamın tifaqı tağılıb. Hətta həmin adamlardan eləsi olub ki, haradan zərbə aldığını sonradan başa düşüb və gəlib məndən üzr istəyib. Mən də bağışlamışam. Amma eləsi də olub ki, o dünyalıq olub. O adamların içərisində yüksək vəzifəsi, maddi imkanı, güclü arxa-dayağı olanlar da olub. Amma olub və mənə nahaqdan sataşdığına görə qısa zamanda da ölüb.

 

 ...Toy mərasimi gündüz saat 12.00-dan 18.00 radələrinə qədər davam etdi. Canəli oxudu, amma nə oxudu... Bir azdan sarayda və həmin zalda qadın məclisi başlanmalı idi. Amma tamaşaçılar - toy əhli Canəli müəllimdən ayrılmaq istəmirdi. Ona görə də mən məclis iştirakçılarını öz doğma ocağıma dəvət etdim və dedim ki, kim Canəli müəllimi dinləmək istəyirsə, buyurub gəlsin evimizə. Məclisin sonunda Canəli müəlimə onun şəxsi həyatı və sənət dünyası ilə bağlı ziyalıar bir sıra suallar ünvanladılar. O cümlədən, doğulub boya-başa çatdığım Böyük Kolatan kəndinin ilk filoloq-jurnalisti Bağır Bağırov ona belə bir sualla müraciət etdi:

        - Canəli müəllim, siz niyə Xodaşirini bu qədər çox sevirsiniz?

       O isə:

        -  Dostluq çətin missiyadır. Bir kəslə dostluq  edirsənsə, onu kişi kimi et, - 

deyərək, özünəməxsus şirin bir gülüşlə təbəssümünü gizlətmədən cavab verdi.

     Ötən əsrin 60-cı illərində Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş əmim Əvəz Abuşov sual etdi ki, Canəl müəllim, axı, siz bu toyda tamamilə fərqli ifa tərzi nümayiş etdirirsiniz, bəs bu nə ilə bağlıdır? Canəli müəllim cavabında:

- Mən burada əziz qardaşımın övladının, öz doğma balamın toyunda oxudum. Bu toya mən və sənət dostlarım məxsusi bir proqramla hazırlaşıb gəlmişik. Nə zövq almısınızsa, halal xoşunuz olsun, - dedi.

     Beləliklə, mənim doğma ocağımda hər üç sənətkar çörək süfrəsinə əyləşdikdən sonra, səsgücləndirici qurğuların vasitəsilə Canəli müəllimin ifa etdiyi “Şur” dəstgahı həyətimizdən göylər aləminə bülənd oldu...

  

     Atam Oğlan Cəbiyev ixtisasca aqronom idi, uzun illər müxtəlif rəhbər vəzifələrdə çalışmışdı. Amma musiqiyə, mədəniyyət-incəsənətə bağlı bir adam idi. Azərbaycan musiqisinin müxtəlif janrlarında tanınmış bir sıra ifaçılarla, o cümlədən, Xanəli Əkbərov, Aşıq Kamil Zülfüqarov, Əliməmməd Əmrahov, Əliyar Əmirov, Teymur Mustafayev, Sabir Mirzəyev, Canəli Əkbərov, Sahib Mahmudov və b. ilə yaxın dostluq əlaqələri vardı, xanəndə Rüzə İbişovaya çox pərəstiş edirdi. Uzun illər qabaqcıl təsərrüfata rəhbərlik etdiyindən, məhsul bayramlarında o vaxt Azərbaycanın mədəniyyət və incəsənət ustaları kəndimizə gəlir, zəhmətkeşlər qarşısında çıxışlar edirdilər. Saysız-hesabsız tanınmış sənət adamları, o cümlədən, Sara Qədimova, Tükəzban İsmayılova, Həbib Bayramov, Yaqub Məmmədov, Roza Cəlilova, Böyükağa Sadıxov, Rəhilə Həsənova, Qaraxan Behbudov və b. konsert proqramlarından sonra bizim evdə qonaq olublar və gecələyiblər.

 

Düz yolun yolçusu olan insan

   Canəli Əkbərov mütaliəni sevən, öz üzərində daim çalışan, danışığına, davranışına ciddi nəzarət edən, şit zarafatı xoşlamayan, haqqı nahaqdan ayıra bilən, yüngülağıl, yekəxana adama meydan verməyən fenomenal bir şəxsiyyət idi. O, heç vaxt pisə yaxşı, düzə əyri don geyindirən adam deyildi. Bu səbəbdən də sənət dostları arasında onun savadlı olmasından, reytinqindən, prinsipiallığından, cəsarətli addımlarından xoflananlar, ayağının altını qazanlar da var idi. Amma o, daim öz ağlına, zəkasına, Tanrısına arxayın idi. Belə adamlar barədə mənə etibar edərək hərdən danışardı...

 

“Masallının musiqi ulduzları”na rəy yazan alim

    Ömrünün sonunda Canəli müəlim bərk xəstələndi. Həmin ərəfədə Masallı rayonunun musiqi və mədəniyyət tarixi ilə bağlı “Masallının musiqi ulduzları” adlı ensikllopedik ədəbi almanax üzərində işləyirdim. Fürsətdən istifadə edərək WATSHAP telefon rabitə sistemi vasitəsilə həmin kitaba rəy yazmasını xahiş etdim. Məmnuniyyətlə razılaşdı, amma bir şərtlə. Dedi ki, kitabı mənə göndər, amma indi yazmaqda çətinlik çəkirəm, mən deyərəm, sən yazarsan. Dedi və yazdım, Masallının musiqi dünyası, tanıdığı, tərəfmüqabil olduğu, dostluğ etdiyi sənət adamları barədə necə də şirin, yaddaqalan xatirələr söylədi və tarixdə qaldı.


Ucaldığı zirvədə əbədi qalan xanəndə 

         Canəli Əkbərov gənclik illərində Lənkəran Dövlət Tibb Texnikumunda, sonralar Azərbacan Dövlət İncəsənət İnstitutunda təhsil almışdı. Bütün bunlarla yanaşı, milli ədəbiyyata, klassiklərimizin yaradıcılığına bələd olan, muğam nəzəriyyəsinin bilicisi kimi kamil bir mütəxəssis, alim, həm də istər bəm, istər orta, istərsə də zil-tenor səsə malik olan misilsiz muğam ifaçısı idi. Bütün bunlar, onu özündən əvvəlki, və sorakı həmkarlarından fərqləndirən əsas cəhətlər idi. O, bir pedaqoq olaraq peşəkar ifaçılar nəsli yetişdirməklə, özündən sonra bir məktəb, sənət məbədi qoyub getdi. Dünyamız Canəlisiz qalsa da, onun ifaları dünyanın dörd bir guşəsini hər gün gəzib-dolaşır, pərəstişkarları, onu sevən, səsinə və sənətinə dəyər verən qədirbilən dinləyicilər, tamaşaçılar, sənət adamları daim onun əziz ruhuna dualar oxuyur və onu xatırlayırlar. Zaman keçəcək, illər ötəcək, amma Canəli Əkbərov öz fitri istedadı və bacarığı sayəsində ucaldığı möhtəşəm sənət zirvəsindən daim görünəcək. Daim onu xatatırlayacaqlar, dinləyəcəklər və sevəcəklər.

        

Ölümü ilə ölməzlik qazanan sənətkar

      ...Canəli müəllim məni nəinki çox sevirdi, hətta mənimlə fəxr eirdi. Ədəbiyyata, müsiqiyə yaxınlığım, onu həmən dərhal anlamağım, başa düşməyim, təbliğ etməyim, qiymət verməyim, hörmətini saxlamağım ona ləzzət verirdi. Arzulayırdı ki, 85 illik yubileyi ilə bağlı dövlət səviyyəsində keçiriləcək yubiley təntənəsində onun barəsində mən də çıxış edim, televiziyalara müsahibələr verim. Çox heyif ki, amansız ölüm onun bu arzusunun gerçəkləşməsinə əbədi bir sədd çəkdi, aramızdan apardı.

 

      Canəli Əkbərov mənim idealım, pərəstiş etdiyim ən müqəddəs bir İNSAN olaraq qəlbimdə daim yaşayacaq, xatırlanacaq, yad ediləcək və heç bir zaman unudulmayacaq!

        Allah rəhmət eləsin! Ruhu şad, məkanı Cənnət olsun!

 

Masallı şəhəri. 21 aprel 2024-cü il.

 









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10