Ziya Dilsuz ( Ziya Şadulla oğlu Fətullayev) 1990-cı il 28 sentyabr tarixində Lənkəran rayonunun Osakücə kəndində anadan olmuşdur. Orta təhsilini Osakücə kənd tam orta məktəbində almışdır. İxtisasca filoloqdur. "Naxçıvan" Universitetində bakalavr və Lənkəran Dövlət Universitetində magistr təhsil pilləsini bitirmişdir. Hazırda pedaqoji fəaliyyətlə məşğuldur. 3 şeir kitabının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2025-ci il Prezident mükafatçısıdır.
Məktəbdə oxuduğu illərdən bədii yaradıcılıqla məşğul olan Ziya Dilsuzun şeirləri Respublikanın bir çox qəzet və dərgilərində mütəmadi nəşr edilmişdir. Lirik şeirlərində gənc şairin ürək çırpıntıları duyulur. İnsan, cəmiyyətdə onun rolu, vəfa, etibar, dostluq kimi əxlaqi keyfiyyətlər onun poeziyasının leytmotividir. Əruz vəznində yazdığı qəzəllər onun artıq bir ustad şair kimi yetişdiyini göstərir. Məni ən çox cəlb eləyən Ziyanın şeirlərindəki şirinlik, təbiilik, səmimiyyət və sadəlikdir. Onun şeirlərini oxuyanda adam özü də sadələşir, səmimiləşir! Şeirlərində şair nəsihətçilikdən, saxta düzlükdən, boğazdanyuxarı vətənpərvərlikdən bir kəlmə də yazmır, lakin onun şeirlərinin bətnində düzlük də var, nəsihət də var, vətənpərvərlik də! Oxucu onun saflığına, səmimiyyətinə, hətta gənc olmasına baxmayaraq, müdrikliyinə də inanır, elə ona görə də oxuyur və sevir!
Bu gün Ziya Dilsuzun doğum günüdür. 35 yaşı tamam olan şairin yaradıcılıq uğurları hələ irəlidədir. Biz gənc şairi doğum günü münasibətilə təbrik edirik. Ona yaradıcılığında daha böyük nailiyyətlər və can sağlığı arzulayırıq!
Aşağıda Ziya Dilsuzun bir neçə şeirini oxucuların ixtiyarına veririk.
35 yaşın şeiri
Dünən ömrün payızıydı, deyəsən,
Gəlib bu gün soyuq qışa çatmışam.
Su səpirəm gəncliyimin dalınca,
Allah, haçan mən bu yaşa çatmışam.
Nə bilirsən, nələr səni gözləyir,
Oyunçular hansı günü gözləyir.
Daş atanlar hələ məni gözləyir...
Mən yolumu gedib, başa çatmışam.
Sanki eşqin ləzzətini çəkirdim,
Onun-bunun diqqətini çəkirdim.
Bir gözəlin həsrətini çəkirdim,
Bir də gördüm, otuz beşə çatmışam.
*
Əvvəllər idi, çox şeyə diqqətlə baxardım,
Əvvəllər idi, yollara həsrətlə baxardım.
Pis, yaxşı, ötüb-keçdi dünən, min şükür olsun,
Əvvəllər idi, keçmişə nifrətlə baxardım.
İnsan, demə, ən qorxulu varlıq sayılırmış,
Əvvəllər idi, insana heyrətlə baxardım.
Dünyayla aram sonra pozulmuş hala düşdü,
Əvvəllər idi, hər ana ləzzətlə baxardım.
Dərdim nə qədər olsa da, çəkmək yenə xoşdur,
Əvvəllər idi, dərdimə dəhşətlə baxardım.
Narazı qalardım gedişindən belə ömrün,
Əvvəllər idi, göylərə hiddətlə baxardım.
Dilsuz, daha eşq aləminin müddəti bitdi,
Əvvəllər idi, eşqə cəsarətlə baxardım.
*
Hər addım inciməkdəyik - ürək birindən inciyir,
Əlin birindən inciyir, ətək birindən inciyir.
Günəş də tez küsüb batır, bulud dalında gizlənir,
Yağış birindən inciyir, külək birindən inciyir.
Qəzəbli ayrılıb gedir, sevən də ayrılıb gedir,
Tikan birindən inciyir, çiçək birindən inciyir.
Ya yerdəsən, ya göydəsən, zamanla sən savaşdasan,
Bu yer birindən inciyir, fələk birindən inciyir.
Haçan yazıldı bilmədik, alın ki tərtəmiz idi,
Günah birindən inciyir, mələk birindən inciyir.
İnandığın adamların hücumlarındasan elə,
İnam birindən inciyir, kürək birindən inciyir.
Nədən bu Dilsuz incisin, ölüm bu cür, ömür o cür,
Kəfən birindən inciyir, bələk birindən inciyir.
*
Xeyrinə olmur
Susaraq ağıllı görünmək də var,
Danışmaq şitlərin xeyrinə olmur.
Elə həvəslənib başa çıxırlar,
Əzilmək bitlərin xeyrinə olmur.
Getmək istəyənlər yolunu seçir,
Guya ki yüz ölçüb, bir dəfə biçir.
Nə fərqi, karvanın neçəsi keçir,
Hürüşmək itlərin xeyrinə olmur.
Oyanmaq yuxunu ziyana salır,
Çox adam qoxunu ziyana salır.
Düşünmək çoxunu ziyana salır,
İtilik kütlərin xeyrinə olmur.
Bölünmür, ayrılmır ağrı bölənlər,
Ağrımaq rahatdı ağrı bilənlər.
Ölür özlərini tanrı bilənlər,
Həqiqət bütlərin xeyrinə olmur.
*
Lazım olur
Heç kimi özündən qova bilmirsən,
Lazımsız adamlar gec lazım olur.
Gizlənmək çətindir ömrün içində,
Zəif görünməkçün güc lazım olur.
Gedənlər çox şeyi vecinə almaz,
Bu günü, dünəni yadına salmaz.
Həmişə qiyamət gününə qalmaz,
Bəzən də almağa öc lazım olur.
Sürünə-sürünə ömür sürəsən,
Qaranlıq dünyada bir gün görəsən.
Niyə hər yetənə ağıl verəsən,
O qədər sərsəri, gic lazım olur.
Qalır gedişinin adı yollarda,
Halsız görünürsən adi hallarda.
Dürüst gərək olur nadir hallarda,
Çox zaman hiyləgər, bic lazım olur.
*
Başa düşmür
Çoxu başa düşmür susduqlarını,
Başa düşənlər də düz başa düşmür.
Belə dədəm vaydır, elə nənəm vay,
Danışsan, dinləyən söz başa düşmür.
Bütün ağrıları çəkən ürəkdi,
Həmişə savaşda yalqızdı, təkdi.
O qızdan gözünü çəkmək gərəkdi,
Mən başa düşürəm, göz başa düşmür.
Göz yaşı axıtmaz ürək sındıran,
Qəfil çıxıb-gedən izi yandırar.
Bir dəfə də olsun, bizi yandıran
Alov başa düşmür, köz başa düşmür.
*
Söz niyə bu gündə olsun, İlahi?
Bir addım atırsan, sıradan çıxır,
Diz niyə bu gündə olsun, İlahi?
Kim nə vəd eləyir, aradan çıxır,
Söz niyə bu gündə olsun, İlahi?
Bəzən oynadığın rolda azırsan,
Sağda büdrəyirsən, solda azırsan.
Bir ömür getdiyin yolda azırsan,
İz niyə bu gündə olsun, İlahi?
Həyasız, abırsız qorxar çətindən,
Keçər şərəfindən, ləyaqətindən.
Utanmaz, qızarmaz xəcalətindən,
Üz niyə bu gündə olsun, İlahi?
Sükutdan bəzən də səs-küyə qaçır,
Yoxmu soruşanı bəs niyə qaçır?
Kimi dindirirsən, əyriyə qaçır,
Düz niyə bu gündə olsun, İlahi?
Bilmədik kimlərlə yerimiz doldu,
Yorulmaz dediyin çoxu yoruldu.
Mən yaxşı, sən yaxşı, o yaxşı oldu,
Biz niyə bu gündə olsun, İlahi?
*
Yaş sıxır məni
Oturub sabahı fikirləşirəm,
İstəyi, tamahı fikirləşirəm.
O qədər günahı fikirləşirəm,
Gözümə yığdığım yaş sıxır məni.
Başlara düşəcək neçə daşın var,
Səni üşüdəcək neçə qışın var.
Dedilər gözünün üstə qaşın var,
Elə o gündən də qaş sıxır məni.
Mən uzaq yerlərə gedə bilərdim,
Orda insan kimi bitə bilərdim.
Bir vaxtlar gör nələr edə bilərdim,
"Heyif" sıxır məni, "kaş" sıxır məni.
Doğma da davrandı zalım, düşməncə,
Məgər bundan böyük varmı işgəncə?
O qızın qəlbiylə bağlıdı, məncə,
Harda görürəmsə, daş sıxır məni.
Bilirəm, bir deyil, on deyil xətam,
Yenə də özümdən hey muğayatam.
Belə bir ömürdən çox narahatam,
Hər şey bir tərəfə, yaş sıxır məni.
*
Xətrinə
Nə maraqsız günə düşdü bu dünya,
İqtisadi maraqların xətrinə.
Bəlkə, bir az həya etmək olardı,
İctimai qınaqların xətrinə.
Ayaqlar da qalxmır daha pilləyə,
Bəcəhənnəm, dözmək olar şilləyə.
Yatanlar da tuş gəldilər gülləyə,
Gözüaçıq, oyaqların xətrinə.
Dərdin ömrü neçə gündür, bir ilmi?
Dərd gətirən, boş sözlərmi, ya dilmi?
Həvəsindən keçmək mümkün deyilmi
Qırmızı xətt - zolaqların xətrinə?
Vurulmuşu dönüb bir də vurmayın,
Çox şeylərin xəyalını qurmayın.
Öldürməyin, dağıtmayın, qırmayın,
Heç olmasa, uşaqların xətrinə.
Götürdünmü bunca naləni, ahı?
Bağlı qalıb, açmaq olmur sabahı.
Qanlar axır su yerinə, İlahi,
Necə dəymir bulaqların xətrinə?
*
Təsiri
Nə edirəm, çıxmır mənim canımdan,
Buz baxışlı insanların təsiri.
Neçə gündür xəstə-xəstə yatıram,
Yoxdu iynə-dərmanların təsiri.
Baxma bəzən ağrılara gülürəm,
Qəm-kədəri sevincimlə bölürəm.
Məhşərəcən mənimlədir, bilirəm,
Unudulmaz böhtanların təsiri.
Almayaqmı yenə vecə itləri?
Hara baxsan - gündüz-gecə itləri.
Elə-belə hürmür küçə itləri,
Bir az da var karvanların təsiri.
Dərd dostumdur, dərd sirdaşım, tanışım,
Yol bizimdi, yeriyirik yanaşı.
Məndən soruş, saatlarla danışım,
Bir başqadır hicranların təsiri.
Niyə qaçdım var gücümlə hər səsə?
İndi məndən qalmayıbdı bir əsər,
Yerli-yersiz qurban oldum hər kəsə,
Buyur, bu da qurbanların təsiri!
Cenub.az saytı üçün işlədi
Əlizaman Baxış