Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

LƏNKƏRAN DƏMİRYOL VAĞZALI



Lənkəran şəhərinin memarlıq abidələrindən biri dəmiryol vağzalıdır. Dəmiryol vağzalı şəhərin "Qala" ərazisində, Mayakın yaxınlığında yerləşir. 
Lənkərana dəmir yolunun çəkilişinə 20 avqust 1940-cı ildə başlanılmışdır. Bakı-Astara dəmir yolu adlanan bu yol öz başlanğıcını Əli Bayramlı (indiki Şirvan - müəl.) şəhəri yaxınlığındakı Osmanlı stansiyasından götürmüşdür. Yolun çəkilişi 1941-ci ilin iyulunda başa çatmışdır (Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. B., 2014, səh. 114).
 Bakı-Astara dəmir yolunun Lənkərana aid hissəsində 3 stansiya və stansiya nəzdində 1 blokpost (Liman stansiyası) vardır. Lənkəran stansiyası dəmiryol xəttinin 153-cü kilometrliyində yerləşir. Ötən əsrin 50-ci illərində Lənkəran şəhər stansiyasında indiki vağzal binası tikilmişdir. Birmərtəbəli olan vağzal binası gözləmə salonu, kassa otaqları, inzibati otaqlar, polis məntəqəsi, yeməkxana-bufet, çayxana və digərlərindən ibarət idi. 2011-ci ildə vağzal binası əsaslı şəkildə təmir edilmişdir.
Məlumat üçün qeyd edək ki, Lənkəran dəmiryolunun ilk sərnişinləri əsgərlər olmuşdur. Yəni həmin vaxt, 1941-ci ilin iyununda Böyük Vətən müharibəsi (sovet-alman müharibəsi; 1941-1945) başlandığından müharibəyə səfərbərliyə alınmış şəxslər Lənkəran dəmiryol vağzalından yola salınmışlar.
Artıq bir neçə ildir ki, Bakı-Astara qatarı işləmir. Buna görə də Lənkəran dəmiryol vağzalı da öz fəaliyyətini dayandırmışdır.
Lənkəran dəmiryol vağzalı ilə bağlı xoş  xatirələrim çoxdur. Bura mənə ən doğma ünvanlardan biri sayılır. 1990-1995-ci illərdə Bakı şəhərində, Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alarkən nəqliyyat vasitəsi kimi əsasən dəmir yolundan istifadə etmiş, Bakı-Astara qatarı ilə Lənkərandan Bakıya getmiş və ya Bakıdan Lənkərana qayıtmışam. Qatarın fitindən xüsusi zövq alırdım. Hər dəfə Lənkəran dəmiryol vağzalındakı çayxanaya gedərkən nostalji hisslər yaşayır və tələbəlik illərim kino lenti kimi gözlərim qarşısında canlanır.
Lənkəran dəmiryol vağzalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yeni aşkar olunmuş abidə kimi qeydə alınmışdır.
İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta ümumtəhsil məktəbinin müəllimi, tədqiqatçı-tarixçi





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10