Autizmli Uşaqlardan Mehriban Əliyevaya Səmimi Təbrik – “Mehribanla Yaşanan Ömür” Klipinin Təqdimatı Keçirildi
26 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın doğum günü münasibətilə xüsusi və mənalı bir tədbir baş tutdu. Autizmli uşaqların ifasında ərsəyə gələn “Mehribanla Yaşanan Ömür” adlı klipin təqdimatı keçirildi.
Tədbirdə millət vəkilləri, ictimai birlik rəhbərləri, dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri, klinika rəhbərləri və həkimlər iştirak etdilər. Tədbirin əsas məqsədi — autizmli uşaqların birbaşa öz dillərindən Mehriban xanım Əliyevaya olan sevgilərini, hörmətlərini və təşəkkürlərini çatdırmaq idi.
Klipin yaradıcı heyəti:
Sözləri: Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, 4 kitab müəllifi Aysel Nəsirzadə
Musiqisi: Tanınmış bəstəkar, bir çox sevilən mahnıların müəllifi İlhamə Adilqızı
Layihə rəhbəri: Psixologiya üzrə fəlsəfə doktoru, Orvita Autizm Evi və Orvita Psixoloji Reabilitasiya Mərkəzinin təsisçisi və direktoru Ramidə Oktayqızı
Tədbirin təşkilati dəstəyi Azərbaycan Könüllü Həkimlər Assosiasiyası tərəfindən təmin olunmuşdu.
Çıxış edənlər ölkəmizdə autizmli uşaqlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirdilər, bu sahədə görülən işlərin davamlılığının vacibliyini vurğuladılar. Autizmli uşaqların hazırladığı video-təbrik isə tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı.
Sonda autizmli uşaqlar öz səmimi arzularını ifadə edərək Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik etdilər. Tədbir yüksək emosional ruhda və xoş ovqatla başa çatdı.