Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyi ilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədəniyyət, mətbuat, idman, musiqi… tarixi haqqında silsilə yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik. Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.
İşçi qrupunun telefonları
Zahir Əmənov (qrupun rəhbəri ): - 0 50 322 75 23 (Həm də NAR-la)
Əlizaman Baxış: - 0 50 427 70 25
Faiq Hüseynzadə:- +7 921 278 51 21 (ancaq vatsap)
Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı və Qəriblər kəndləri ilə bağlı yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Qızılavar Inzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:
(Əvvəlki linklər burada:
1. https://cenub.az/10879-masall-ensklopediyas-tqdim-edir-boradigah-nzibati-razi-dairsi.html
2. https://cenub.az/10929-masall- ensklopediyas-2-ci-yaz-qizilaac-nzibati-razi-dairsi.html
3. https://cenub.az/10950-masall-ensklopediyas-3-ci-yaz-kolatan-nzibati-razi-dairsi.html
4. https://cenub.az/10974-masall-ensklopediyas-tqdim-edir-4-c-yaz-xrmandal-nzibati-razi-dairsi.html)
5. https://masallida.az/721-masalli-ensiklopediyasi-qriblr-inzibati-razi-dairsi-5-ci-yazi.html
6. https://cenub.az/11108-masall-ensiklopediyas-qzlavar-nzibati-razi-dairsi-6-c-yaz.html
Kəndin adı: Mahmudavar İnzibati Ərazi Dairəsi
Bu inzibati Ərazi Dairəsinin tabeliyində olan kəndlər:
Mahmudavar kəndi
Rüdəkənar kəndi
Mololon kəndi
Ərazidə 4 məktəb, 1 bağça, 3 məscid, 1 tibb məntəqəsi, 1 POÇT, 1 EATS, 1 kitabxana və.s mövcuddur.
Mahmudavar toponimi
Mahmudavar toponimində "Mahmud" - şəxs adı, "a" - birləşdirici səs, "var" - isə ünsürdür. "Var" ünsürü ilə bitən respublikamızda 20-dən çox oykonim mövcuddur. Mahmudavar Mahmud adlı şəxsin yurdu, onun kəndi mənasında işlənir. "Var" sözü qədim İran dillərində düzəltmə formaları ilə şəhər, qala, divar, yeraltı ev, zirzəmi, qazma mənalarında işlənir. Y.Buşuyev yazır ki, "var" sözü tayfa, nəsil, ailəyə aiddir. O, misal gətirdiyi oykonimlər içərisində Mahmudavarın da adını çəkir. "Var" sözü azərbaycanca "köç yeri", hər hansı bir icmanın yurdu mənasında işlənir. (Tofiq Əhmədov - "Azərbaycan toponimikasının əsasları" səh.179, bur.1991) Mahmudavar kəndində Mahmud şəxs adı ilə bağlı qala, çay və su anbarı vardır. Görünür, bu şəxsin kəndlə sıx bağlılığı olmuşdur.
Kəndin qədim adı isə Mədo olmuş və bu ad bu günədək qorunub saxlanmışdır. Bu toponimin mənasına gəldikdə isə yaşlı nəslin fikrincə, "muncuq ağacı" deməkdir. "Mə"- talışca muncuq, "do"- isə ağac deməkdir. Fikrimizcə, Mədo sözü Madon sözündən yaranmışdır. Bu sözün kökü olan "Mad"- Səid Nəfisinin fikrincə, madlardan (midiyalılardan) yadigar qalmış, -on isə cəm şəkilçisidir. Mad tayfaları ilə bağlı olan toponimlər muasir İranın şimal-qərb hissəsində bu günədək qalır. Belə yaşayış yerlərindən Madoabad, Madi və.s toponimləri göstərə bilərik. (V.İ.Savina - "Onomastika Vostoka" səh.140-141, bur.1980). Yaşadığımız ərazinin vaxtilə qədim Midiya dövlətinin tərkibində olduğunu və talışların isə midyalıların varisi olması, söylədiyimiz mülahizəni təsdiq edə bilər. Fikrimizi kəndin ərazisində tapılmış Midmiya dövrünə aid kiçik tunc xəncərlər və digər maddi-mədəniyyət nümunələri bir daha sübut edə bilər. (Bax: Tarix, fəlsəfə, hüquq" jurnalı, N2, 1970). Rus qaynaqlarında da bu toponim "Madjo" şəklində qeyd olunur. ("Masallı Toponimləri" səh.35,36,37; bur.1992)
Əhalisi: 7380 nəfərdir. Bunlardan 3745 nəfəri kişi, 3635 nəfəri isə qadındır. 1500-ə qədər ev, 2016 təsərrüfat var.
Ərazisi: 1351 ha
Coğrafi mövqeyi:
Mahmudavar kəndi Masallı rayon mərkəzindən 17 km cənubda, Lənkəran rayonu ilə həmsərhəddir. Talış dağlarının ətəyində, düzənlik ərazidə yerləşir.
Mahmudavar Şimal tərəfdən Hişkədərə, Türkoba və Şatıroba,
cənubdan Lənkəran rayonunun Boladi, Zövlə kəndləri ilə,
qərbdən Talış dağları,
şərqdən Xəzər dənizinə boylanan digər kənd və yaşayış yerləri ilə əhatə olunmuşdur.
Ərazisinə və coğrafi mövqeyinə görə Mahmudavar rayonun digər kəndlərindən fərqlənir. Kəndin ərazisindən dənizə tərəf 3 çay - Qamaş, Mahmud və Sığbas çayları axır. Rayonun ərazisində bu qədər çayı olan ikinci bir kənd yoxdur.
Tarixi:
Mahmudavar kəndi rayonun ən qədim yaşayış yerlərindən biridir. Bu ərazidə qədim daş dövründən başlayaraq tarixin müxtəlif dövrlərinə aid maddi-mədəniyyət abidələri aşkar edilmişdir. Burda bir neçə kurqan olmuşdur. Alimlərin fikrincə bu kurqanlar neolit və enolit dövrü üçün daha xarakterikdir. Kənddə tapılmış kiçik tunc xəncəri tədqiq edən tarix üzrə fəlsəfə doktoru Fərman Mahmudov onun e.ə. IX - VIII əsrlərə aid olduğunu qeyd etmişdir.
III-IX əsrlərə aid Mahmudavar kəndində arxeoloji abidə kimi yaşayış yeri qeydə alınmışdır.
Bu yaşayış yeri orta əsrlərdə inkişaf etmiş, böyüyərək şəhərə çevrilmişdir. Bunu sahəsi 3-4 hektar, hündürlüyü isə 4-5 metr olan orta əsrə aid Mahmud qalasının qalaqları sübut edir. 1989-cu ildə AMEA-nın Tarix İnstitutunun arxeoloqları Mahmudavar kəndinə gələrək Mahmud qalasında olmuş, kənddə bir neçə kurqan yeri müəyyən etmiş və Mahmudavarın arxeoloji xəritəsini tərtib etmişlər. Tarix üzrə fəlsəfə dotoru, arxeoloq Abuzər Ələkbərov Mahmudavarın orta əsrlərdə şəhər olmasını, orta əsr şəhər qalaları üçün səciyyəvi olan bütün əlamətlərin Mahmud qalasında öz əksini tapmasını söyləmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təstiq edilmiş 2 və 3 nömrəli əlavəyə əsasən Mahmudavarda qeydə alınmış abidələrin siyahısı:
Ölkə əhəmiyyətli arxoloji abidələr:
Nekropol - tunc dövrü
Mahmudavar yaşayış yeri - XII—XVII əsrlər
Tuk yeri yaşayış yeri - III—IX əsrlər
Pəqədim ocağı – orta əsrlər
Yerli əhəmiyyətli memarlıq abidələri:
Tırkə hi yeri - XI əsr
Baba Seyidağa türbəsi - XVI əsr
Mahmud qalası - orta əsrlər
Məscid - XIX əsr
Hamam - XIX əsr
Yerli əhəmiyyətli arxeoloji abidələr:
Mahmudavar qəbiristanlığı - orta əsrlər
Zaqon kurqanı - orta əsrlər
Baba Seyidağa qəbiristanlığı - orta əsrlər
Mahmudavar xanları:
Mahmudavar həm də xanlar məkanı olmuş, bu ərazilər Mir Mustafa xanın beşinci oğlu Mir İsmayıl bəyə məsxus olmuşdur. Mir İsmayılın həyat yoldaşılarından biri mahmudavarlı idi. Məhs mahmudavarlı arvadından Mir İbrahim Talışinski dünyaya gəlir. Ona el arasında “Yaranal” deyirdilər. O, rus ordusunda xidmət göstərmiş, 1884-cü ildə general-mayor rütbəsini almışdır.
Mahmudavarın Bəyoba məhəlləsində Mir Mustafa xanın, Qala məhəlləsində isə Mir Həsən xanın övladları yaşamışdır.
XIX əsrin sonlarında Mir İsmayılın nəvələri Mir Abdullah xan və Mir Əsəd xan Mahmudavarda ilk məscidi tikdirmişlər. Onların burda ikimərtəbəli binası, hamam və bir neçə dükanı vardı. Onlara məxsus “Xan evi” sonralar 1928-ci ildən 1987-ci ilə qədər məktəb binası kimi istifadə olunmuşdur.
Halay
Sənətşünaslıq namizədi Kamal Həsənov halayın yaranmasını çəltikçiliyin inkişafı ilə bağlayır. Aydındır ki, qədimdən diyarımızda çəltikçiliklə əsasən qadınlar məşğul olmuşlar. Tarixçi İ. Əzimbəyov "Drevnosti Lenkoranskoqo kraya" (B., 1926, səh-73) kitabında yazır: "Talışlarda ailənin qadın üzvləri daha əziz idi. Belə ki, bütün çəltik əkinləri onların əməyi ilə becərilirdi" Çəltikçiliklə məşğul olmaq talış qadınlarının ailə məişət məsələlərində nisbətən sərbəstliyinə səbəb olmuşdur. Onlar çox qədimdən üzü örtüksüz olmuş və kişilərlə yanaşı işləmişlər. Məhz, qadınlar əmək prosesində birgə çalıb-oynamış, rəqs etmiş, mahnı oxumuşlar. Halay da məhz belə yaranmışdır. Çəltikçilik qadın işi hesab olduğundan halayı da başqa mahnı və rəqslərdən fərqləndirən başlıca əlamət onun yalnız qadınlar tərəfindən ifa olunmasıdır. Maraqlıdır ki, musiqişünasların bir qismi halayın ilk dəfə rayonumuzun ərazisində yaranmasını qeyd edirlər. Məsələn, Kamal Həsənov yazır: "Halayın, daha doğrusu, onun rəqs düzümünün ən sadə formasına biz Astara rayonunda, bir qədər inkişaf tapmış formasına Lənkəranda rast gəlirik, daha maraqlı forması isə Masallıda ifa edilir. Bu onu göstərir ki, həmin rəqs ilk dəfə Masallıda meydana gəlib, çünki onun ən mütərəqqi forması daha uzun dövrlü tədrici inkişaf prosesində özünün əsl ifadəsini tapmış forması məhz bu rayondadır" (K. Həsənov "Qədim Azərbaycan xalq rəqsləri" B, 1983, səh-47)
Rayonumuzda Halay ansamblının yaradılması mədəniyyət tariximizdə fərəhli bir hadisə kimi qiymətləndirmək olar. 1956-cı ildə Mahmudavar kəndində çəltikçi qızlar "Halay" ansamblını yaratmaq qərarına gəldilər. Ağabacı nənə (Hüseynova) həvəskar qızlara-"Halay" ın ilk üzvlərinə mahnı və rəqsləri öyrətdi.Bu ansamblın təşəbbüsçüləri Ümbülbanu Həşimova və Tehran Əbilova olmuşlar. Ansambl doğma Masallını bütün ölkəyə tanıtdı. Halay “Xatirələr Sahili” filmi iştirak etdi, haqqında Ağəddin Mansurzadə kitab yazdı, bir çox ölkələrdə konsertlərdə, festivallarda iştirak etdilər.(Daha ətraflı əsas səhifədə olan Halay bölümündə)
Təhsil:
Mahmudavarda təhsil və məktəbin təşəkkülü əsasən 1928-30 -cu illərin mədəni inqilabından başlayır.
Keçən əsrin 20- 30 – cu illərində kənddə az da olsa, savadlı, təhsilli adamlara rast gəlinirdi. Rəzzaq Əliquliyev kəndin savadlı adamlarından biri idi. R.Əliquliyevin zəngin şəxsi kitabxanası olmuşdur. R.Əliquliyev təhsilli idi, yazı- pozunu yaxşı bildiyinə görə ona ‘mirzə’ deyə müraciət edirdilər.
Mahmudavar məktəbi sovetləşmə illərində təşkil olundu. Məktəbin rəsmi açılışı 1930– cu ilin 15 sentyabrında olmuşdur. Məktəbin ilk müəllimi Lənkəran rayonunun Gərmətük kəndində yaşayan fizika – riyaziyyat müəllimi Əbülqasım Qasımov idi. ‘Okruq’ ( dairə - M.M ) Maarif Şöbəsinin 31 avqust 1930 – cu il 143 № - li əmrinə əsasən 15 sentyabr 1930 – cu ildən 01 sentyabr 1931 – ci ilə kimi Əbülqasım Qasımov Mahmudavar məktəbində müdir və müəllim vəzifəsində işləmişdir.
Mahmudavarda 1930 – cu ildə açılan ikisinifli məktəbdə oğlan və qızlardan ibarət 50 şagird təhsil almış, dərslər talış dilində, latın əlifbası ilə aparılmışdır. İlk mahmudavarlı müəllim Layə Əhmədova pedoqoji fəaliyyətə 1933 – cü ildə Bədəlan kəndində başlamışdır.
1924 – cü ildə Lənkaranda açılmış pedoqoji texnikum Mahmudavarlı gənclərin pedoqoji təhsilə, şərəfli peşə olan müəllimliyə marağının artmasında müstəsna rol oynadı. 30-40 – cı illərdə Layə Əhmədova, Nəcəf Məmmədov Həşim Cəfərov, Xanibəyi Səfər, Əbdül Ağayev və başqaları pedoqoji texnikum və digər təhsil ocaqlarında müəllimlik peşəsinə yiyələnərək gənclərin elmə, təhsilə və əxlaqa yiyələnməsində mühum rol oynamışlar.
50 – 60 – cı illərdə isə kənddə ali təhsilə maraq artmağa başladı, yeni müəllimlər nəsli yarandı. Bu nəsli Ağarəhim Ağayev, Əhməd Sadıqov, Baxşəli Nəsirov, Sahib Əzizov, Qəzənfər Cəbiyev, Qulam Fəttayev, Əbdülrza Əhmədov və başqaları təmsil edirdilər.
Hazırda Mahmudavar kəndində 2 məktəb fəaliyyət göstətir və kifayət qədər uğurları var.
Alimlik dərəcəsi alanlar:
Mehman Ağayev – professor, tibb eləmləri doktoru, Səhiyyə Nazirliyinin sabiq baş nefroloqu
Rəfail Eyvazov – tibb elmləri doktoru, Sumqayıt Tibb Kollecinin direktoru
Mustafa Mustafayev – ADPU-nun profesoru, filologiya üzrə fəlsəfə doktoru
Rahib Əliyev – ATU-nun professoru, biologiya üzrə fəlsəfə doktoru
Elxan İsakov – dosent, kimya üzrə fəlsəfə doktoru, Aşqarlar Kimyası İnstitutunda labortoriya müdiri
Habil Fəttayev – BDU-nun dosenti, fizika-riyyaziyyat üzrə fəlsəfə doktoru
Əflatun Əzizov – ATU-nun dosent, biologiya üzrə fəlsəfə doktoru
Şahrza Ağayev – ADPU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru
Qulam Əziziov – ADPU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru
Alı Ağayev – baytarlıq üzrə fəlsəfə doktoru
Günel Səmədova – biologiya üzrə fəlsəfə doktoru
Billurə Eyvazova – tibb üzrə fəlsəfə doktoru
Hüseynəli Nəsirov – tibb üzrə fəlsəfə doktoru, Qazaxıstanda həkim-ekspert kimi çalışır
Telman Səmədov – kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Rusiya Federasiyasında yaşayır
Adil Həşimov – texnika üzrə fəlsəfə doktoru, Rusiya Federasiyasında yaşayır
(daha ətraflı alimlər bölümündə)
Fəxri ad almış mahmudavarlılar:
Mehman Ağayev - əməkdar həkim
Rəfail Eyvazov - əməkdar həkim
Ağacəfər Babayev - əməkdar mühəndis
Musarza Mirzəyev - əməkdar müəllim
İmran Əbilov - əməkdar kənd təsərrüfatı işçisi
Xaricdəki təhsil alan bəzi mahmudavarlılar:
Arzu Ağayeva – ABŞ, Los Angelesdə magistr təhsili alıb və hazırda Bruklin şəhərində yaşayır
Polad Əziziov – İsveç Krallığında, Linçöping Universitetində ixtisaslaşmış və hazırda İsveçdə çalışır
Vüqar Ağayev – Kanadada magistr təhsili almış, təyinatla İngiltərənin paytaxtına, Londona göndərilmişdir. Hazırda Londonda çalışır
Şahin Əsgərov – Almaniyada , Hannover Ali Tibb Məktəbində uzmanlıq təhsil alır və orda çalışır
İbrahim Əlizadə - ABŞ-da, George Washington Universitetində magistr təhsili alır.
Rəhman Ağazadə – İngiltərədə Bolton Universitetində təhsil alır.
Ruhin Abbasov - Almaniyada təhsil almış və orda hazırda sahibkar kimi çalışır
Yazarlar və Şairlər:
Əbdülrza Əhmədov - tarixçi-təqdqiqatçı, şair
Allahverdi Bayrami – filoloq, şair. tənqidçi
Həsənağa Əliyev – yazıçı, jurnalist
Azər Elşadoğlu – yazar
Cahangir Nuri – qəzəlxan, şair
Kolxoz:
1929-cu ildə Mahmudavarda ilk kolxoz təşkil olunmuşdur. Kolxoz bir müddət adsız, sonralar F.Cerjinskinin, müharibədən sonra marşal V.Voroşilovun, 1958-ci ildən isə M.Füzulinin adını daşımışdır.
Kolxoz 1964-cü ilə kimi fəaliyyət göstərmişdir. Bu müddətdə kolxoza Şəfi Qasımov, Ağababa Eynulla oğlu, Rəşid Əbilov, Süleyman Bağırov, Höccət Əkbərov, Hacıməmməd Qasımov sədrlik etmişlər.
Sovxoz:
1964-cü ilin oktyabrdan kənddə sovxoz fəaliyyətə başlamış və 32 il fəaliyyət göstərmişdir. Sovxozun ilk direktoru Əbülfəz Xanməmmədov olmuşdur. 1996-cı ilə qədər fəaliyyətdə olan sovxoza Ə.Xanməmmədovdan sonra Mahmud Əbilov, Yunsur Əhədov, Şirvan Əbilov və son olaraq da Cəsayıl Səfərov başçılıq etmişdir.
Kəndin icra nümayəndələri:
Cəbiyev Əlimərdan (1992-1993)
Musarza Mirzəyev (1993-1994)
Səxavət Tağıyev (1994-1995)
Arif Sadıqov (1995-1999)
Eldar İbadov (1999-2004)
Hikmət Xanməmmədov (2004-2013)
Fariz Fərəcov (2013-2019)
Rövşən Qurbanov (2020-indiyədək)
Rayonda:
Qəzənfər Cəbiyev - Masallı rayon Partiya Komitəsinin 2-ci katibi olmuşdur.
Alı Ağayev – Masallı Baş Baytarlıq idarəsinin rəisi olmuşdur.
Şirvan Əbilov – Masallı Polis Şöbəsində rəis müavini, Masallı Sosial Müdafiə Şöbəsinin müdiri , YAP-ın Masallı rayonu üzrə qurucusu və sədri olmuşdur.
İmran Əbilov - Masallı rayon Partiya Komitəsində təlimatçı, Masallı rayon Komsomol Komitəsində birinci katib, Masallı rayon Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi işləyib.
Safail Eyvazov – Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin sədri
Hikmət Xanməmmədov – 71 saylı Seçki Dairəsinin sədri olmuşdur.
Aydın Əliquliyev - HəmkarlarTəşkilatının sədri, rayon qəzetinin redaktor müavini olmuşdur.
Ərəstün Əbilov – Masallı regionu üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi, Masallı rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifələrində və.s vəzifələrə çalışıb
Ölkədə:
İmran Əbilov - Kənd Təsərrüfatı Naziri müavini, Dövlət Aqrar-Sənaye Komitəsinin sədr müavini,
"Azərquşsənaye” Dövlət Şirkətində vitse-prezident kimi fəaliyyət göstərib
Emin Eyvazov – Prezident Administrasiyasında çalışır.
Sərxan Babayev- Gəncə Alüminium Zavodunun, “DetAl” holdinqin baş direktoru olmuş, sonradan Türkiyədə “Siyahdeniz Turizm İnşaat Sanayi Ve Ticaret Anonim” adlı şirkət yaradıb və onun rəhbəridir.
Rafael Eyvazov – Sumqayıt Tibb Kollecinin direktorudur, əvvəllər Lənkəran Dövlət Universitetində prorektoru olmuşdur.
Ramazan Əliyev - Əmlak Nazirliyində sektor müdiri olub, Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsində, sonradan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində çalışıb
Balabacı Əliyeva - Azərbaycan parlamentində təmsil olunmuş, "Lenin" ordeninə, "Oktyabr İnqilabı" ordeninə və "Qırmızı Əmək Bayrağı" ordeninəlayiq görülüb.
Mehman Ağayev – Səhiyyə Nazirliyinin baş nefroloqu olmuşdur
Vüsal Aslanov – Azərbaycan Dəmiryolları QSC sədr müavini
Mahmudavarlı din xadimləri:
Mahmudavarlılar şiə müsəlmanları olmaqla dini-şəriəti müqəddəs sayırlar. Ateizmin tüğyan etdiyi vaxtlarda mahmudavarlılar gizlin, bəzən də açıq şəkildə dini mərasimləri icra edirdilər.
İnqilabdan əvvəl burada islam dinini, şəriəti təbliğ edən molla və axundlar olmuş, məscidin nəznində mədrəsə fəaliyyət göstərmişdir. Hacı Molla Əbülqasım Mahmudavarın bölgəmizdə tanınan din xadimlərindən olmuşdur. Qazi Məmmədəli şəriət məhkəməsinə rəhbərlik etmişdir.
Molla Həşim Hüseynov, Molla Nəsir, Molla Səmid və başqaları 19-cu əsrdən, 20-ci əsrin 30-cu illərinə qədər tanınmış dindarları idi.
İkinci Dünya Müharibəsindən sonra kənddə yeni dindar-mollalar nəsli yetişməyə başlayır.
Seyid Saleh müqəddəs şəxs kimi kəndlilərin diqqətini cəlb edir, hamı ona etiram edir.
Molla İbrahim Ağayev, Məşədi Əbdül Sadıqov, Müseyib Tahirov, Qulamhüseyn Həşimov, Zeynal Ağayev, Məmmədrahim Ağayev, Molla Əliağa Şükürov, Əlirza Əhmədov, Məmmədtağı Şahverdiyev, Vəliağa Qasımov, Zülfüqar Lələyev və başqaları müharibədən sonrakı illərdə dini təbliğ etmiş, Quranı öyrənib, başqalarına da öyrətmişlər.
Sovetlər dönəmində kəndin ən tanınmış din xadimi el arasında "Molla İbrahim" kimi bilinən İbrahim Ağayev olur. O, 1892-ci ildə Mahmudavar kəndində anadan olmuşdur.
Onun haqqda şeyx Allahşükür Paşazadə deyir: "Mən uşaqlıqda atamdan mahmudavarlı molla İbrahim barədə xoş sözlər eşitmişdim. Atam onun biliyindən, mollalığından, şirin avazından, insanlığından danışardı."Mir Ərəb" mədrəsəsinə yenicə daxil olmuşdum, kəndə gəlmişdim, üzür məclisində onu ilk dəfə gördüm. Molla İbrahim məni yanına çağırıb, "Yasin" surəsini mənə oxutdurdu. Dinimizi layiqincə təbliğ etmiş, ömrünü belə müqəddəs işlərə sərf edən din xadimlərimizi unutmağa haqqımız yoxdur". (M.Mirzəyev "Mahmudavar" 1997, səhifə 109)
Molla İbrahim 1990-cı ildə, 98 yaşında, doğulduğu Mahmudavar kəndində vəfat edir.
Kəndin ali təhsilli din xadimləri:
Qurban Kərimov – Mahmudavar məscidinin keçmiş axundu (vəfat edib)
Vəkil Babayev – Mahmudavar məscidinin axundu
Hacırza Əliyev – Mahmudavar məscidində fəaliyyət göstərir
Vüsal Cahangiri – QMİ-in Xarici Əlaqələr şöbəsinin rəhbəri
Samir Ağayev – Bakı, Qasımbəy məscidinin axundu
Elgün Axund – Bakı, Əbəlfəzl Abbas məscidinin axundu
Rasəd Əliyev – Rusiya, Sank-Peterburqda fəaliyyət göstərir
Eltimas Quliyev – Rusiya, Neftyuqaskidə fəaliyyət göstərir
Truzim:
Mahmudavar truzim sahəsində də inkişaf etmişdir. Buna Baba Bulağı ailəvi istirahət mərkəzini nümunə göstərmək olar. Bu dilbərguşə yaşıllıqlar qoynunda, balıqovuüçün olan gölün sahilində, bulaqların əhatəsində yerləşir. Kompleksdə birneçə motel, qədimüslubdarestoran-bar, nadir meşə zolağı, idman meydançaları, uaşq üçün əyləncə yerləri var. Tısbağadan tutmuş ceyrana, əjdahaya qədər ən müxtəlif heyvanların heykəl və fiqurları əslcanlıtəbiətguşəsinixatırladır.
Böyük vətən müharibəsi və Qarabağ müharibəsi:
Böyük vətən müharibəsində 211 nəfər mahmudavarlı iştirak etmiş, bunlardan 123–ü həlak olmuşdur. Həlak olan 123 nəfərin adları Mahmudavar kəndinin mərkəzində yerləşən “Şəhidlər Abidəsi”ndə həkk olunub.
Birinci Qarabağ müharibəsində kəndin 8 şəhidi var:
Qüdrət Babayev
01.10.1992-ci ildə Laçın rayonu Sarıbaba təpəsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Siyasət Fərəcov
22.01.1994-cü ildə Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi uğrunda döyüşlərdə şəhid olmuşdur.
Ehtiram Abbasov
16.02.1994-cü ildə Füzuli rayonunda gedən döyüşlərdə şəhid olmuşdur.
Nail Məmmədov
21.04.1994-cü ildə Ağdərə rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
İdris Ağayev
08.09.1994-cü ildə Ağdam rayonu Ağamalı kəndində şəhidlik zirvəsinə ucalmışdır.
Ramil Rəhimov
03.02.1999-cu ildə Tərtər rayonu Borsunlu kəndi yaxınlığında şəhid olmuşdur.
Mübariz Şahbazov
13.09.2001-ci ildə Murov dağda şəhidlik zirvəsinə ucalıb.
Qeysər Həşimov
24.02.2005-ci ildə Murov dağda şəhidlik zirvəsinə ucalıb.
İkinci Qarabağ müharibəsində 40-dan artıq mahmudavarlı iştirak etmiş və onlardan 2 nəfər şəhidlik zirvəsinə ucalmışdır:
Nayib Qasımov
05.10.2020-ci ildə Cəbrayılın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmışdır.
Nayib Xüsusi Təyinatlı Qüvvələrdə müdətdən artıq kimi xidmət edib, rütbəsi isə baş çavuş olub. Aprel döyüşlərində və Tovuz döyüşlərində iştirak edib. O, xidməti zamanı “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” medalı ilə və bir neçə fəxri fərmanla təltif olunub. Ölümündən sonra isə “Vətən Uğrunda”, “Cəsur Döyüşçü”, “Hərbi Xidmətlərə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olundu.
Röyad Məmmədov
08.11.2020-ci ildə Şuşanın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalıb.
Röyad ehtiyata buraxılmış əsgər idi. Döyüşlər zamanı səfərbərliyə çağrılmış və 8 noyabr 2020-ci ilə qədər bütün döyüşlərdə iştirak edib. Röyad ölümündən sonra “Vətən Uğrunda”, “Cəsur Döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olundu.
Mahmudavarda ilklər:
İlk məktəb 1930-cu ildə açılmışdır.
İlk alimlik dərəcəsini Rahib Əliyev alıb.
İlk professor Mehman Ağayevdir.
Ilk kişi müəllim Nəcəf Məmmədov
İlk qadın müəllim Layə Əhmədova
İlk hərbi rütbə daşıyan qadın Səkinə Həşimovadır
Mahmudavar kəndində həmçinin hərbi təlim mərkəzi (paliqon) yerləşir. Bu Masallı rayonu üzrə yeganə paliqondur. Poliqon 1954-cü ildən fəaliyyət göstərir.
Kəndin bəzi adlı-sanlı şəxləri haqqında məlumat:
Ağayev Mehman Məmmədrəhim oğlu- Tibb elmlər doktoru, professor, əməkdar həkim, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sabiq baş nefroloqu, Azərbaycan Tibb Universitetini Tədris terapevtik klinikasının Efferent terapiya mərkəzinin rəhbəri
Mehman Ağayev 31 avqust 1946-cı ildə Mahmudavar kəndində anadan olmuşdur.
1962-ci ildə orta məktəbi gümüş medalla bitirmişdir.
1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə başa vurmuşdur və həmin il də 1970-ci ilə qədər Leninqrad Elmi-Tədqiqat Neyrocərrahiyyə institutuna kliniki ordinaturaya göndərilmişdir.
1975-ci ildə “Kəskin və xronik böyrək çatışmazlığı zamanı ürək-damar sisteminin vəziyyəti” mövzusunda tibb elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir.
1976-cı ildə Respublika Klinik Uroloji Xəstəxanasında “Böyrəkköçürmə və hemodializ şöbəsi”nin müdiri təyin olunmuş və eyni zamanda Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun “Hemodializ və Böyrəkköçürmə Laboratoriya”sında baş elmi işçi, 1983-cü ildə həmən laboratoriyanın müdiri seçilmişdir.
1986-cı ildə “Xronik böyrək catışmazlığında qan dövranı pozğunluqları” mövzusunda tibb elmləri doktoru elmi dərəcəsini almaq üçün I Moskva Tibb İnstitutunda dissertasiya müdafiə etmişdir.
1986-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda nefrologiya kafedrasının professoru vəzifəsinə seçilmiş və professor adını almışdır.
1990-cı ildə Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklərin propedevtikası kafedrasının professoru seçilmişdi.
1993-cü ildə Bakı şəhəri 2 saylı kliniki xəstəxanasında ixtisaslaşdırılmış Nefroloji, 2006-cı ildə Hemodializ şöbələrini açmış və onlara rəhbərlik etmişdir.
2010-cu ildən eyni zamanda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Efferent Terapiya Mərkəzinin müdiri təyin olunmuşdur.
2010-cu ildə Azərbaycan Respublikasının “Əməkdar Həkimi” fəxri adına layiq görülmüşdür.
2011-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Nefroloqu seçilmişdir.
270-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, 2 elmi-tədris filminin, 1 ixtiranın müəllifidir.
15 aprel 2021-ci ildə vəfat etdi.
Rəfail Qurban oğlu Eyvazov - Tibb elmləri doktoru, əməkdar həkim, Sumqayıt tibb kollecinin direktoru
- 1956-cı ildəMahmudavar kəndində anadan olmuşdur.
- 1963-73-cü illərdə Mahmudavar kənd məktəbində oxumuşdur.
- 1975-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuşdur.
- 1981-ci ildə Tibb Universitetinin müalicə işi fakültəsini bitirmiş və Rusiyanın Kaluqa vilayətinə həkim kimi internaturanı keçməyə təyinat almışdır.
- 1984-cü ildə təyinat müddəti bitmiş və o, Bakıya qayıdaraq Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda baş laborant kimi işləmişdir.
- 1986-cı ildə Moskvada SSRİ Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasına qəbul edilmişdir.
- 1989-cu ildə aspiranturanı bitirirək müdafiə etmiş və tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.
- 1990-92-ci illərdə Həkimləri Təkmilləşdirmə İnstitutunda assistent kimi fəaliyyət göstərmişdir.
- 1992-ci ildən Lənkəran Dövlət Unuversitetində əvvəl tədris işləri üzrə rektorun müavini, sonra prorektor işləmişdir.
- 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 2001-ci ildə oranı bitirərək hüquqşünas ixtisasını da almışdır.
- 1997-2001-ci illərdə Sumqayıt tibb məktəbinin direktoru olub.
- 2002-ci ildə 18-saylı Bakı şəhər poliklinikasına baş həkim təyin olunmuşdur.
- 2013-cü ildə tibb elmləri doktoru alimlik dərəcəsi almışdır.
- 2017-ci ildə “Əməkdar həkim” adını almışdır.
- 60-dan çox elmi əsərin, 1 dərsliyin, 1 monoqrafiyanın, bir neçə metodik vəsaitin və 3 səmərələşdirici təklifin müəllifidir.
Musarza Oğul oğlu Mirzəyev - tarixçi-etnoqraf, toponomist, əməkdar müəllim.
1958-ci ildə Mahmudavar kəndində anadan olmuşdur. 1975-ci ildə Mahmudavar kənd tam orta məktəbini, 1979-cu ildə isə ADPU-nun tarix fakültəsini bitirmişdir.
Masallı rayonunun Türkoba (1979-1991) və Mahmudavar kənd tam orta məktəblərində(1988), Lənkəran Dövlət Universitetində (1992-1993) müəllim, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Mahmudavar kənd inzibati ərazi dairəsində nümayəndəsi (1994), "Çağırış", "Yeni qəzet" və "Tolışı sədo" qəzetlərinin xüsusi müxbiri, "Yeni qəzet"in redaktor müavini (1994) vəzifələrində işləmişdir.
Əyalətdə ümumtəhsil məktəbində çalışmasına baxmayaraq yaşadığı diyarın tarixi, etnoqrafiyası və toponimləri haqqında bəhs edən 10-dan artıq kitab, 500 -ə qədər məqalənin, tarixi etnoqrafik oçereklərin müəllifidir. Mahmudavar məktəbində Heydər Əliyev muzeyi təşkil etmişdir.
Musarza Mirzəyevin pedaqoji ustalığı nəzərə alınaraq ona "Metodist müəllim" (1991), "Ali dərəcəli müəllim" (1995) kateqoriyaları verilmiş, 2011-ci ildə isə "əməkdar müəllim" fəxri adına layiq görülmüşdür. Azərbaycan müəllimlərinin X və XIII qurultaylarının nümayəndəsi olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin (1994), Masallı Rayon Ağsaqqallar Şurasının və Masallı Ziyalılar Cəmiyyətinin üzvüdür. "Kadusi" təxəllüsü ilə mətbuatda çıxış edir.
İmran Rəşid oğlu Əbilov - Kənd Təsərrüfatı nazirinin müavini, əməkdar kənd təsərrüfatı işçisi
1935-ci ildə Mahmudavar kəndində dünyaya göz açıb. Yeddillik təhsildən sonra Lənkəran Pedaqoji Texnikumunda təhsil alıb. Təyinatla Masallının Boradigah kəndində müəllim işləyib. 1954-1959-cu illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunda oxuyub, oranı fərqlənmə diplomu ilə bitirib. Masallı rayonunun Həsənli kəndində - "Şən həyat” kolxozunda baş zootexnik kimi fəaliyyətə başlayıb. 1960-1962-ci illərdə Masallı rayon Partiya Komitəsində təlimatçı, Masallı rayon Komsomol Komitəsində birinci katib, həmin ilin mart ayından Azərbaycan LKGİ MK-nın təşkilatçısı, 1963-1969-cu illərdə Masallı rayon Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi işləyib. 1969-cu ilin iyun ayında Kənd Təsərrüfatı nazirinin müavini təyin olunub. 1991-ci ilə kimi bu vəzifədə çalışıb. Sonra Dövlət Aqrar-Sənaye Komitəsinin sədr müavini, 1991-ci ildən "Azərquşsənaye” Dövlət Şirkətində vitse-prezident kimi fəaliyyət göstərib. 1997-ci ildən Nazirlər Kabinetinin Aqrar-Sənaye şöbəsində baş məsləhətçi işləyib.
O, Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanına, “Xalqlar dostluğu”, iki dəfə “Şərəf nişanı” orden və medallarına layiq görülmüşdür.
Təkcə mütəxəssis kimi yox, rəsmi dövlət nümayəndəsi, ziyalı kimi də İ.Əbilov Hindistanda SSRİ-dən yollanan nümayəndə heyətinə başçılıq edib, Misirdə keçirilən Ümumdünya Camışçılıq Konqresində iştirak etmək üçün keçmiş Sovet İttifaqından yeganə namizəd kimi məhz o məsləhət görülüb.
Əsərləri Hindistanda, Misirdə, Bolqarıstanda, Rusiyada, İtaliyada çap edilmişdir.
Hal-hazırda dövlət qulluğu təqaüdçüsüdür. Əməkdar kənd təsərrüfatı işçisi, Qarabağ veteranı, respublika Ağsaqqallar Şurası idarə heyətinin üzvüdür.
1932-ci ildə Mahmudavar kəndində anadan olmuşdur. İndiki Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil alır. Universitet təhsilindən sonra Müxtəlif vəzifələrdə çalışır. Sonrakı illərdə Masallı və Cəlilabad rayonlarında polis orqanlarında fəaliyyət göstərir. Masallı rayonunda Yeni Azərbaycan Partiyasının qurucusudur.
İlham Əliyev 2017-ci il avqustun 23-də Ş.Əbilovu Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə “Tərəqqi” medalı ilə təltif etmişdir. O, həmçinin 2007-ci ildən prezidentin fərdi təqaüdüçüsü idi. 2020-ci ildə, 88 yaşda dünyasını dəyişdi.
Kəndin adı: Rüdəkənar
Kəndin adının mənası:
Toponim talış dilində “Ruəkəno” adlanır. “Ru” –çay, “ə”-birləşdirici səs, “kəno” isə kənar, qıraq deməkdir. Rüdəkənar bu toponimin təhrif edilmiş forması olsa da ayrılıqda müstəqil məna kəsb edir. Belə ki, “rud” fars dilində çay, “kənar” sözü isə məlum olduğu kimi dilimizdə olan qıraq sözünün sinonimidir. Bu toponimə müvafiq rayonumuzda kalka (tərcümə) toponim sayılan Çayqıraq yaşayış yerini nümunə göstərmək oar. Astara rayonunda da Rüdəkənar toponimi mövcuddur.
Əhalisi: 1080 nəfərdir. Bunlardan 560 nəfəri kişi, 520 nəfəri isə qadındır. Kənddə 196 ev, 283 təsərrüfat var.
Ərazisi: 265 ha
Coğrafi mövqeyi:
Talış dağlarının ətəyində, Ulum çayının sağ sahilində yerləşir. Mahmudavar, Lənkəranın Tükəvilə və Separadi kəndləri ilə həmsərhəddir.
Tarixi abidələri:
Rüdəkənarda tapılan və uzaq keçmişimizdən xəbər verən maddi-mədəniyyət nümunələri – dulusçuluq məmulatları, daş alətlər, əl çapacağı, müxtəlif dövrlərə aid silahlar, daş qoyun başları, tunc öküz fiqurları, sikkələr və.s əşyalar fikrimizi təsdiq edə bilər.
Kəndin Qoç fiqurlu qədim qəbiristanlığı mövcuddur. İran ticarət yolu üstündə yerləşmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş 2 və 3 nömrəli əlavəyə əsasən Rüdəkənar kəndində qeydə alınmışdır:
Ölkə əhəmiyyətli arxeoloji abidə
Müseyibtəpə yaşayış yeri VIII—XIV əsrlər
Yerli Əhəmiyyətli memarlıq abidəsi
Baba Səməd türbəsi - orta əsrlər
Alimlik dərəcəsi alanlar:
Əlirza Əliyev – filologiya üzrə fəlsəfə doktoru, dosent
Səidə Xanməmmədova – Tibb üzrə fəlsəfə doktoru, dosent
(daha ətraflı alimlər bölmündə)
Ölkədə:
Valeh Səmədov – Qubanın prokuror olmuşdur, hazırda isə İmişli üzrə prokrordu.
Qarabağ müharibəsində şəhid olub:
Qurbanov Arzuman
09.02.1993-cü ildə Ağdam rayonu uğrunda döyüşlərdə şəhid olub.
Nəhmətov Məhəmmədəli
26.01.1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.
Kənddə ilk məktəbin açıldığı tarix:
Kənddə ilk məktəb 1960-cı ildə açılmışdır.
Kəndin ilk ali təhsillisi:
Əkbərov Höccət
Kəndin şair və yazarları:
Ədalət Əkbər – şair
Truzim:
Kənddə 2 truzim məkanı mövcuddur. Bunlar “Rüdəkənar İstirahət Mərkəzi” və “Dağlar Diyarı”dır. Bu məkanlara müxtəlif yerlərdə istirahət etməyə gəlirlər.
Kənddə 1 məktəb və 1 məscid mövcuddur.
Kəndin adı: Mololon
Kəndin adının mənası:
Talış dilində Mololon kimi tələffüz olunan bu oykonim tədqiqatçıların fikrincə, molol çay, su kənarında bitən meyvəsiz qıjışəkilli yarpağı olan ağac növü, -on cəmlik bildirən şəkilçidir. Bütövlükdə, oykonim "molol ağacları bitən yer, molol ağacları çox olan yer" mənasını bildirir.
Əhalisi: 500 nəfərdir. Bunlardan 280 nəfəri kişi, 220 nəfəri isə qadındır. Kənddə 115 ev və 112 təsərrüfat var.
Ərazisi: 55 ha
Coğrafi mövqeyi:
Düzənlik ərazidə yerləşir, Mahmudavar, Lənkəranın Boladi və Zövlə kəndləri ilə həmsərhəddir.
Kənddə ilk məktəbin açıldığı tarix:
Kənddə ilk dəfə məktəb 1946-ci ildə açilmişdir
Kəndin ilk ali təhsillisi:
Soltanağa Qarakişi oğlu Məhərrəmov
Kəndin Qarabağ şəhidi
Rəsulov Teymur
09.01.1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Kənddə 1 məktəb və 1 məscid mövcuddur.
Bu materialın hazırlanmasında əməkdar müəllim Musaraza Mirzəyevin və gənc mütəxəssis Faiq Hüseynzadənin böyük əməyi olmuşdur.
“Masallı ensiklopediyası”nı hazırlayan qrup.