Qədirli Masallı rayonunun yaşayış məntəqələrindən biridir. Kənd Masallı şəhərindən 14 km şimal-şərqdə yerləşir. Qarğalıq, Dəlləkli, Viləş (keçmiş Kalinovka) və Xallıcalı kəndləri ilə həmsərhəddir.
Kəndin ərazisindən Salhacı çay axıb, Xəzər dənizinə tökülür.
Ərazisi 600 hektar, əhalisi təqribən 1400 nəfərdir.
Kənddə 1911-ci ildə 17 ev, 110 nəfər (kişi 60, qadın 50), 1921-ci ildə 65 təsərrüfat, 126 kişi (qadınlar sayılmamışdır), 1933-cü ildə 124 nəfər (kişi 61, q 63), 1999-cu ildə 868 nəfər, 2009-cu ildə 1094 nəfər qeydə alınmışdır.
Göründüyü kimi 1921-ci illə müqayisədə 1931-ci ildə kənd sakinlərinin ümumi sayı azdır. Hətta, əhalinin ümumi sayı (124 nəfər) 1921-ci ildə qeydə alınan kişilərin (126 nəfər) sayından belə azdır. Bu çox güman ki, vaxti ilə Qədirli kəndinin məhəllə və ya məhəllələrindən olanların sonradan ayrıca kənd statusu almaları ilə bağlıdır.
Qədirli patronim, yəni nəsil, tayfa adı ilə bağlı olan yer adıdır. Toponim (yunanca “yer adı”) öz adını burada məskunlaşan Qədirli tayfasının adından götürmüşdür. Kəndin adı əvvəl Qoçaqlı Qədirli olmuş, sonralar Qədirli adlandırılmışdır.
Qədirli Şahsevən tayfalarının bir qolu olmuş və I Şah Abbasın (1587-1629) dövründə Muğan ərazisinə köçürülmüşlər.
İndiki Qədirli kəndinin ərazisi qədim insanların yaşayış məskənlərindən biri olmuşdur. Buradakı kür qəbirləri bunu bir daha sübut edir. Küp qəbirləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarına əsasən “Qədirli küp qəbirləri nekropolu” (nekropol – yunan dilində “”ölü şəhər”, “qəbiristanlıq” deməkdir) adı altında 1605 invertar sayı ilə Antik (qədim) dövrə aid ölkə əhəmiyyətli arxeoloji abidə kimi qeydə alınmışdır.
Qədirli kəndidə tarixi qədim olan “Seyid” adlı pir vardır.
Erməni-denikinçilərin 1918-ci ildə Lənkəran qəzasında törətdikləri qırğına Qədirli kəndi də məruz qalmışdır. Belə ki, erməni və denikinçi birləşmələr qəzanın digər Xəzərsahili kəndləri kimi Qədirli kəndini də top atəşinə tutmuş, Muğan kəndləri yandırılmışdır.
Qədirli əhalisinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və ovçuluqdur. Keçmişdə taxılçılıq, çəltikçilik (düyü) mühüm yer tutmuşdur.
Sovet dönəmində burada kollektiv təsərrüfat yaradılmışdır. Kənd əvvəl Xallıcalı kəndi ilə bir təsərrüfatda – İliç adına kolxozda, sonra isə Qarğalıq, Əminli (Eminli) kəndləri ilə birlikdə “Varlı həyat” sovxozunda birləşmişdir. “Varlı həyat” sovxozu Masallı rayonunun qabaqcıl təsərrüfatlarından biri olmuşdur. Sovxoz taxılçılıq, tütünçülük, tərəvəzçilik üzrə ixtisaslaşmış və eyni zamanda heyvandarlıq kompleksi olmuşdur. “Varlı həyat” sovxozunun Qədirli kəndi ərazisində heyvandarlıq kompleksi yerləşmişdir.
1997-ci ildə ölkəmizdə həyata keçirilən Aqrar islahat nəticəsində kolxoz-sovxozlar, istehsalat kooperativləri ləğv edilmiş, onların mülkiyyətində olan torpaqlar paybəlli torpaq sahəsi kimi pulsuz olaraq kəndlilərə paylanılmışdır.
Qədirli kəndində tam orta məktəb, məscid, ticarət, iaşə və digər sosial obyektlər vardır. Kənddə əvvəl kitabxana da fəaliyyət göstərmişdir.
Kənd məscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan məlum Qərarına əsasən 4880 invertar sayı ilə XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınmışdır.
Qədirli kəndi Qarğalıq kənd inzibati ərazi dairəsi və Şərəfə kənd bələdiyyəsinin tərkibinə daxildir.
Kənd əvvəl Qədirli icması, Xoşcalı kənd cəmiyyəti və Kürdəbazlı kənd şurasının tərkibində olmuşdur.
Qeyd edək ki, rus dilində tərtib olunan 1921-ci ilə dair kənd-təsərrüfat siyahıyaalınmasında Qədirli kəndinin də tərkibinə daxil olduğu kənd cəmiyyətinin adı Xoşdjalı (Хошджалинское) şəklində yazılsa da, Masallı rayonunda, o cümlədən Qədirli kəndinə yaxın olan yaşayış məntəqələri sırasında Xoşcalı adında kənd yoxdur. Çox güman ki, Xallıcalı kəndinin adı rus dilində səhvən Xoşdjalı kimi yazılmışdır. Çünki, adı qeyd olunan kənd cəmiyyətinin tərkibinə daxil edilən kəndlər sırasında Xoşcalı yox, Xallıcalı vardır.
2000-ci ilin yanvar ayında Qədirli kəndində bələdiyyə yaradılmışdır. Tək Qədirli kəndini əhatə edən bələdiyyə 2000-2010-cu illərdə fəaliyyət göstərmişdir. Qədirli bələdiyyəsi 2010-cu ildə ləğv edilərək Qarğalıq kənd bələdiyyəsinə birləşdirilmişdir. 6 kəndi əhatə edən Qarğalıq bələdiyyəsi də 2025-ci ildə ləğv edilərək Şərəfə kənd bələdiyyəsinə birləşdirilmişdir.
Qarğalıq kənd inzibati ərazi dairəsi Qarğalıq, Qədirli, Dəlləkli, Əminli, Kürdəbazlı, Xallıcalı və Şəhriyar, Şərəfə kənd bələdiyyəsi isə Ağakişibəyli, Alışanlı, Qarğalıq, Qədirli, Dəlləkili, Əminli, Ətcələr, Kürdəbazlı, Xallıcalı, Birinci Səmədxanlı, İkinci Səmədxanlı, Şərəfə və Şəhriyar kəndlərini əhatə edir.
Qədirli kəndinin tanınmışlarına misal olaraq xeyriyyəçi, Ərkivanın Mehdi bulağından Kalinovka (Viləş) kəndinə 1914-cü ildə içməli su xətti çəkdirən Məşədi Nəhməd (Bu barədə Əlisa Qədiyevin “Kalinovka” kitabında (B., 2019, səh. 32) qeyd olunmuşdur), kəndxuda kimi rus hərbi birləşmələrinə qarşı xalq müqavimət hərəkatının rəhbərlərindən biri olmuş və sonralar Stalin repressiyasına məruz qalan Kərbəlayi Kərim, AMEA-nın strukturlarında elmi işçi kimi çalışmış Əlimərdan Verdiəliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İstintaq İdarəsində müstəntiq və digər vəzifələrdə işləmiş Məmməd Eynalov, Dövlət Sərhəd Xidməti Akademiyasının rəis müavini, polkovnik-leytenant Şahsuvar Fətullayev, Rusiya Federasiyasında hüquq-mühafizə orqanlarında çalışmış polis podpolkovniki (polkovnik-leytenant) Hacıağa Fətullayev, jurnalistlər Nəzirməmməd Zöhrablı, Ədalət Teymurov və digərlərini göstərmək olar.
Qeyd edək ki, respublikamızda Qədirli adında iki kənd vardır. Bu kəndlər müvafiq olaraq Masallı və Tovuz rayonlarında yerləşir.
İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta ümumtəhsil məktəbinin müəllimi, tədqiqatçı-tarixçi
Cenub.az