Boradigah qəsəbə olub, Masallı rayonunun yaşayış məntəqələrindən biridir. Bu yaxınlarda qəsəbədən bəhs edən “Boradigah tarixi qaynaqlarda” kitabı işıq üzü görmüşdür. Kitabn müəllifi tanınmış jurnalist Sücəddin Şərifovdur.
Sücəddin Vaqif oğlu Şərifov 1975-ci ildə Boradigah qəsəbəsində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini bitirib. Elə həmin ildən “Hər Gün” və “Avrasiya” qəzetlərində iqtisadiyyat yazarı kimi fəaliyyətə başlamış, 2000-2003-cü illərdə təsisçisi olduğu həftəlik “Məkan” qəzetinin baş redaktoru, 2003-2016-cı illərdə isə “Azadlıq” qəzetinin redaktoru olmuşdur. 2013-cü ildə dövlət tərəfindən mənzillə təmin edilən ilk 150 jurnalistdən biridir.
“Boradigah tarixi qaynaqlarda” müəllifin ilk kitabıdır.
Kitab 2025-ci ilin aprel ayında Bakıda, “AVEPrint” nəşriyyatında 1000 tirajla çap edilmişdir. 600 səhifəlik kitabda Boradigaın tarixi keçmişi, Boradigah toponimi, Boradigahın coğrafi mövqeyi, müxtəlif vaxtlarda əhalisi, obaları, məhəllələri, qəsəbə statusu alması, onun xanlıqlar və təlatümlü 1917-1921-ci illər dövrü,Boradigaha rəhbərlik edənlər, kolxoz-sovxoz təsərrüfatı, təhsili, səhiyyəsi, mədəni həyatı, bazarı, hamamları, tarix və mədəniyyət abidələri, ziyarətgahları, boradigahlıların Böyük Vətən müharibəsində (1941-1945) və Qarabağ müharibəsində (1992-1994, I Qarabağ müharibəsi; 27.09-10.11.2020, II Qarabağ-Vətən müharibəsi) iştirakı, boradigahlı şəhidlər, qəsəbənin (Mollaoba ilə birlikdə) tanınmış şəxsiyyətləri, əmək qabacılları, “Qəhrəman ana”ları (1944-cü ildə təsis edilmiş, SSRİ-də 10 və daha çox uşaq dünyaya gətirən analara verilirdi), Boradigah Seçki Dairəsi və sonradan Boradigahın da tərkibində olduğu Masallı Kənd Seçki Dairəsini təmsil edən deputatlar, qəsəbənin müstəqillik dövrü və s. haqqında geniş məlumat verilmişdir.
Bir sözlə, müəllif ən xırda nüanslara belə toxunmaqla bir növ Boradigah haqqında dissertasiya yazmışdır.
Müəllif kitab üzərində işləyərkən ədəbiyyat olaraq müxtəlif kitablardan, “Azərbaycan”, “Kommunist”, “Yeni yol”, ”Yeni həyat”, “Çağırış” və “Leninçi” qəzetlərinin müxtəlif illərə aid nömrələrindən, ayrı-ayrı illərə dair əhalinin siyahıyaalınması və digər arxiv sənədlərindən istifadə etmişdir.
Təvazökarlıqdan uzaq istifadə edilən ədəbiyyat siyahısında həmmüəllifi olduğum “Masallının tarix və mədəniyyət abidələri” (B., 2021, digər müəllif Zahir Əmənov) kitabı da olmaqla, bir neçə dəfə fikir mübadiləmiz olmuşdur.
Sücəddin Şərifov böyük zəhmət və gərgin əməyi hesabına “Boradigah tarixi qaynaqlarda” kitabını yazmaqla doğma yurduna sözdən möhtəşəm abidə ucaltmışdır!
Qeyd edək ki, bu Boradigah qəsəbəsindən bəhs edən ikinci kitabdır. İlk kitab 1997-ci ildə işıq üzü görmüş Nurməmməd Ağanın “Boradigahım mənim” kitabıdır.
Məlumat üçün bildirim ki, Boradigah nəinki Masallı rayonunun, eləcə də ölkəmizin ən qədim və iri yaşayış məntəqələrindən biridir. 22 yanvar 1966-cı ildə şəhər tipli qəsəbə statusu alan Boradigahda 7500 nəfərdən çox əhali yaşayır. Burada ölkə əhəmiyyətli arxeoloji abidə kimi tunc dövrünə (e.ə. IV-II minillik) aid Ağabalatəpə, Mehditəpə kurqanları, XVI əsrə aid Hacı Mahmud arxı, XVI əsrə aid Seydəkinə və Qərib Seyid ocaqları (ziyarətgahları ) qeydə alınmışdır.
Boradigahda XIX əsrdən, bəlkə bir qədər də əvvəl bazar fəaliyyət göstərir. Sovet dövründə Boradigah bazarı məşhur olmuş, onun şöhrəti hər yana yayılmışdır. Bakıdan rayon mərkəzi olan Masallı şəhəri ilə yanaşı, Boradigah qəsəbəsinə də İkarus avtobusu işləyirdi.
Boradigah mahal (Uluf), dairə, şura, cəmiyyət, sovetlik mərkəzi və eyni zamanda ticarət, sənətkarlıq və dini mərkəzlərdən biri kimi bölgənin tarixində dərin iz buraxan yaşayış məntəqələrindən biridir.
Talış xanları ana tərəfdən boradigahlılarla qohum olmuşlar. Belə ki, xanlığın banisi Cəmaləddin xanın (Qara xan; 1747-1786) həm anası (Ahu xanım) və həm də həyat yoldaşı boradigahlı (digəri astaralı) olmuşdur.
Talış bölgəsinin ilk salnaməçisi, “Cavahirnameyi-Lənkəran” kitabının (1869) müəllifi Səidəli Kazımbəyoğlu və Talış xanlığının Rusiyada ilk elçisi olmuş Kərbəlayı Əsədullah bəy boradigahlıdır. Kərbəlayı Əsədullah bəy Mir Mustafa xanın ata bir, ana ayrı qardaşıdır. O, Mir Mustafa xanın göstərişi ilə 1795-ci ildə Peterburqa getmiş və çar II Yekaterina ilə görüşmüşdür.
Boradigah hal-hazırda Boradigah qəsəbəsi, Mollaoba və Babaser kəndlərini əhatə edən Boradigah qəsəbə inzibati ərazi dairəsinin və qəsəbə bələdiyyəsinin mərkəzidir.
Regionşünaslığa böyük töhfə sayıla biləcək və geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Boradigah tarixi qaynaqlarda” kitabından tələbələr, magistrlər, doktorantlar, tarix müəllimləri, tədqiqatçılar istifadə edə bilərlər.
Tarix müəllimi və eyni zamanda bölgənin tədqiqi ilə məşğul olan bir şəxs kimi kitabı böyük maraqla oxuyub, Boradigah (Bırədiqo) qəsəbəsi, eləcə də, Masallı rayonu və bölgə haqqında əlavə bilgilər əldə etdim.
Əminəm ki, “Boradigah tarixi qaynaqlarda” kitabı oxucular tərəfindən rəğbətlə qarşılanacaq və o boradigahlıların stolüstü kitabına çevriləcəkdir.
Müəllifi ilk kitabının işıq üzü görməsi münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram!
İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta ümumtəhsil məktəbinin müəllimi, tədqiqatçı-tarixçi, Bələdiyyə və AJB-in üzvü