MÜDRİKLİYİN ZİRVƏSİNDƏ
İnsan yaşa dolduqca müdrikləşir, yetkinləşir, kamilləşir! Bu yaş dövründə gördüklərindən, bildiklərindən özündən sonrakı nəslə nəsə yadigar qoymaq, ibrət götürülə biləcək hadisələrdən, həyat təcrübəsindən aldığı bilgiləri gələcəyə ötürmək istəyi yaranır. Ta qədim zamandan müdrik insanlar belə bilgilərini ya şifahi olaraq nəsildən-nəslə ötürmüş, ya da kifayət qədər savadı və təhsili olanlar kitablar yazaraq, müxtəlif ədəbi nümunələri müasir dövrə qədər ötürə bilmişlər. Bu ənənə müasir dövrümüzdə də davam edir və hər bir adamın öz yaradıcılıq nümunələrini kitablar vasitəsilə kifayət qədər yaymaq imkanı var. Bu baxımdan müasir texniki vasitələrin rolu da danılmazdır. Yaşadığı yerin kənd və ya şəhər olmasından asılı olmayaraq, hər bir yaradıcı insan öz yaradıcılığını yamağa, təbliğ eləməyə, kitab şəklində çap elətdirməyə müasir texniki vasitələrin xidmətindən asanlıqla istifadə edə bilir. Elə məhz buna görə son illərdə ölkəmizin ən ucqar əyalətlərində yaşayan yaradıcı insanların da ədəbiyyatımızın inkişafında böyük xidmətləri özünü göstərməkdədir. Bu baxımdan əyalətdə yaşayan yaradıcı insanlardan biri də Masallı rayonunda tanınmış müəllim və ziyalı Fazil Məhərrəmovdur.
Məhərrəmov Fazil Zülfi oğlu 1940-cı ildə Masallı rayonunun Həsənli kəndində anadan olmuşdur. 1965-ci ildə Bakı Dövləd Universitetinin (keçmiş ADU) coğrafiya fakültəsini bitirmişdir.
Həsənli kənd orta məktəbində direktorun tərbiyə işləri üzrə müavini, tədris işləri üzrə müavini və məktəb direktoru vəzifələrində çalışmışdır.
Respublika Elmi-Praktik konfranlarında dəfələrlə məruzələrlə çıxış etmişdir. Qəzet və jurnallarda bir neçə elmi-pedaqoji məqalələri dərc edilmişdir.
1993-cü ildə elmi-pedaqoji fəaliyyətinə görə ona “Respublikanın maarif əlaçısı” fəxri adı verilib.
2010-cu ildə “Masallı coğrafiyası” adlı elmi-publisistik, 2025-ci ildə “Qarabağ savaşları” adlı bədii kitabları nəşr edilmişdir.
Fazil Məhərrəmovun ömür yolu ilə tanışlığım onun həyatı və yaradıcılığı haqqında bəzi məqamları söyləməyə imkan verir. O, şagird olanda da sinif divar qəzetlərində şeirləri ilə şagirdlərin içərisində seçilmişdir. Gənclikdə yazdığı şeirlərinin bəzisi o dövrdə ağızlara düşmüşdü. Rayon və Cənub bölgəsində keçirilən şairlər məclisində çıxış etmişdir. Sonra coğrafiya ilə bağlılıq və kənd qayğılarının çoxluğu onun istiqamətində dönüş yaratmışdır.
Hələ universitetdə oxuduğu dövrdə coğrafiyaya aid məqalələrlə çıxış etmiş, mətbuatda elmi məqalələri dərc olunmuşdur. Simpozium və elmi-praktik konfranslarda iştirak etmiş, çıxışları alqışlarla qarşılanmışdır.
1983-cü ildə “Azərbaycan gəncləri” qəzetində məhəbbət mövzusunda müzakirələr keçirilərkən qəzetdə çıxış etmiş, çıxışı sensasiyaya səbəb olmuşdur. Bir müəllim kimi çoxillik fəaliyyəti dövründə valideyn və şagirlərin sevimlisi olmuşdur.
Təqaüdə çıxdıqdan sonra yenidən şeir yazmaq duyğuları baş qaldırmışdır. Yaradıclığı şifahi xalq ədəbiyyatına söykənən Fazil Məhərrəmovun şeirlərində müdriklik, ata sözü, xalq deyimləri əsas yer tutur. Xəlqilik, humanizm, qardaşlıq, dostluq, Vətən məhəbbəti, təbiətə insani münasibət və məhəbbət, ilahi gücə - Tanrıya inam və güvən, beynəlmiləlçilik və sair insani keyfiyyətlər onun yaradıcılıq qayəsidir. “Tikdim ki, izim qala!” prinsipi onun şeirlərində aparıcı bir xətt kimidir. Fazil müəllim xalq adamıdır, bütün ömrünü həm bir müəllim olaraq, həm də bir sadə və müasir kənd adamı kimi ətrafındakılara, onların mədəni inkişafına, elmi dünyagörüşlərinin müasir səviyyədə və həyatla ayaqlaşmaq üçün hazırlanmasına xidmətə sərf etmişdir.
Fazilin şeirlərində “izim qala” ifadəsinə uyğun fikirlər mühüm yer tutur. O, kamil yaş dövrünün nəsihətnaməsi kimi şeirlər yazmışdır. Onun bu kitaba saldığı şeirlər əsasən, təbiət, cəmiyyət şeirləri, qəzəllər, el deyimləri, aforizmlər, təmsillər və hekayələr kimi bölmələrdən ibarətdir.
Son kitabında gedən “Qarabağ savaşları”poeması xalqımızın erməni faşistlərinə qarşı aprdığı 30 illik mübarizəyə və nəhayət, 44 günlük tarixi savaşda qələbəsinə həsr edilmiş qəhrəmanlıq dastanıdır. Poemada şair xalqımızın tarixi, başına gələn müsibətlər, qəhrəmanlıq zəfərləri, xalq bahadırları, erməni xisləti, onların havadarlarının iç üzü, hay tayfalarının acgözlüyü, xəyanəti, ikiüzlü siyasət apararaq özlərini məzlum rolunda göstərməsi inandırıcı boyalarla qələmə alınmışdır. Poema xalqımızın həyatından bəhs edən böyük bir epopeya kimi oxucular tərəfindən vacib bir ədəbi nümunə olaraq seviləcəkdir.
Fazil müəllim hansı mövzuda yazmasından asılı olmayaraq, bütün şeirlərinin iç mənasında xalq hikməti özünü göstərir. Şair bir müdrik insan kimi hər şeirində xalqı xeyirxahlığa, dostluğa, humanizmə səsləyən notlara rast gəlmək mümkündür.
Hər yerdə, həmişə insan insandır,
Onun yaxşısı da, pisi də vardır, - deyən şair,
“İNSAN yaradılanların əşrəfidir” ideyasınışeirlərinin leytmotivi edərək ən vacib hiss və duyğularını ifadə etməyə çalışmışdır. Arzusu bütün bəşəriyyəti xoşbəxt görmək, insanların arasında mehriban münasibətlərin olmasıdır.
Ya rəbb, qoru bizi bu pis xislətdən,
İnsana insalıq bəxş et hər zaman.
Xəbislərə pay ver sən hidayətdən,
Nə yaxşı, bizimçün hər vaxt sən varsan, - deyərək Tanrıya üz tutur, dua-sana edir, xeyirxah duyğularını izhar edir.
Şairin təbiət hadisələrinə, təbiətin gözəlliklərinə, onun sehri və möcüzələrinə həsr elədiyi şeirləri də maraqlıdır. Xüsusilə, doğma torpaqlarına bağlılığını göstərən şeirləri diqqəti cəlb eləyir. Hiss olunur ki, şair yaşadığı məkanı, Vətənin kiçik bir guşəsi olan Masallı təbiətinə yaxşı bələddir. Bir coğrafiya müəllimi olması da bu məsələdə mühüm rol oynayır. “Viləş çayı” şeirində:
Sərvətimsən, şanımsan, Viləş, sənsən şöhrətim,
Torpağıma can verən, ruh verənim, qüdrətim!
Sənin gözəlliyini vəsf eləmək çətindir,
Elə qayğı göstərmək peşəndir, sənətindir! – deyən şair
Cənub bölgəsinin ən uzun çayı olan Viləşi öyür, ona möhtac olduğunu izhar edir.
Fazil müəllimin mükəmməl inanc sahibi olması onun şeirlərinə də hopmuş, insanları Tanrıya tapınmağa çağırır, Ondan yaxın dostun olmadığı inamını öyrədir. “Mənə irad tutma” şeirində bunu qabarıq cizgilərlə göstərməyə çalışır:
Ucalardan uca olan,
Əbədi xislətdir Allah.
Vicdanlara haray salan
Sevgi, məhəbbətdir Allah! – misralarında şairin daxili
aləmi, mənəvi dünyası oxucuda xüsusi duyğular yaradır.
O, cəmiyyətə aid şeirlərində bir müdrik insan, bir ağsaqqal kimi nəsihətləri ilə oxucuya düz yol göstərir, həyat yolunda azmamağı, imkanlılara qudurmamağı tövsiyə edir:
Nə tökərsən aşına,
Çıxacaq qaşığına.
Kimə tor qursan əgər,
Axır başına gələr!
Fazil müəllim ömrü boyu oxuduqlarını, gördüklərini, düşündüklərini həqiqi və müdrük şəkildə təkcə şeirlərində deyil, nankor, duz-çörək itirən xəbis əqidəli bəd qonşumuz olan ermənilərin təsvirində də düzgün və gözəl əks etdirməyə çalışmışdır. Bir çox şeirlərində nankor qonşuları, onların liderlərini tənqid edərək, onları hansısa hegemon dövlətlərə nökərçilik etməkdə qınamışdır.
Qarabağda gedən I və II savaşların hər ikisi onun yaşadığı dövrə təsadüf etdiyindən, hadisələrin gedişatını izləmiş, eşitmiş, televizorda dəfələrlə görmüş və müharibə iştirakçılarınınm özləri ilə söhbətlər etmişdir. O, qeyrətliləri, şəhidləri, qəhrəmanları, qaziləri, müharibəyə yardım edənlərin çoxunu şəxsən tanıyırdı.
Onun birinci Qarabağ müharibəsində qardaşı oğlu qazi olmuş, bacısı oğlu isə şəhid olmuşdur, ikinci Qarabağ döyüşlərində nəvəsi Turqut müharibənin sonuna qədər döyüşmüşdür. Odur ki, ona Qarabağ müharibələrinə, Şəhid və Qazilərə həsr etdiyi şeirlər inandırıcıdır, oxucu bu şeirləri səmimi qəbul edir:
Şəhid versək də yenə, sevinir mərd analar,
Qeyrətdə aslan oldu toyda süzən sonalar!
İlk Qarabağ savaşı tarixdə qaldı indi,
Xalqın dəmir yumruğu düşmən başına endi.
Həyat təcrübəsi, gördükləri həqiqət, vicdani təhlil ermənilərin xislətini geniş vermək imkanı yaratmışdır:
Xislətlər dəyişirmi görəsən, zaman-zaman,
ədalət qərar tutub, vicdanlar kövrəlirmi?
Zatı qırıq olanlar heç dəyişməz bircə an,
o xislət ki, onlardır duyğular yüksəlirmi?
Bütün şairlər kimi Fazil Məhərrəmov da klassik şeir nümunələri yaratmaqdan kənar qalmayıb, bir neçə qəzəl yazmaqla özünü bir qəzəlxan kimi də sınamaq istəmişdir. Onun qəzəlləri ruha qida verən sözlərlə doludur. O, sevginin ucalığını, əsl sevgini, eşqin qüdrətini, onun ülviliyini, ululuğunu, həqiqi sevginin nə zaman və necə öldüyünü müdrikanə tərənnüm etməyə çalışmışdır. İnsana məhəbbət, təbiətə məhəbbət, Allaha məhəbbət, axirət dünyasını duymaq kimi məqamları öz qəzəllərində gözəl əks etdirmişdir. Bu baxımdan, “Olmuşam”, “Gəlir”, “Olmuşam-2”, “Gəlibdir” və sair qəzəlləri xoşagələndir:
Yanmasa eşq oduna, insan nə bilir sevgi nədir?
Eşqi Məcnuna dönüb indi biyabana gəlibdir!
Fazil Məhərrəmov şeir yazmaqla bərabər nəsrlə də məşğul olmuşdur. Sonuncu kitabındaonun iki hekayəsi verilir. Hər iki hekayədə onun gözünün qabağında olan hadisələrdən bəhs edilir.
O, istər şeirlərində, istərsə də hekayələrində olmuş və gördüyü hadisələrə bədii don geydirməklə bədii lövhələr yaradır. O, bütün yazdıqlarında insanlara əxlaq, ədalət, sevgi, qürur, ləyaqət, dəyanət, mərhəmət, qeyrət və s. əxlaqi keyfiyyətlər aşılamağa çalışmışdır.
Fazil müəllim ömrünün müdriklik zirvəsindədir. Yaşının bu çağında da gümrahdır, qəlbi yaşamaq eşqilə, yazmaq-yaratmaq həvəsilə döyünür. Biz onu yubiley yaşı – ömrünün 85-ci ildönümü münasibətilə təbrik edirik və cansağlığı, yaradıcılıq uğurları arzulayırıq!
Cenub.az üçün hazırladı ƏLİZAMAN BAXIŞ