Ataxan Əbilov 1965-ci ildə Masallı rayonunda doğulub. Orta məktəbi əla qiymətlərlə bitirib. 1983–1985-ci illərdə sovet ordusunda hərbi xidmət keçib.
1986–1991-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb və fərqlənmə diplomu ilə məzun olub. Daha sonra həmin universitetin Beynəlxalq hüquq və xarici ölkələrin konstitusiya hüququ kafedrasında müəllim kimi çalışıb. 1991–1997-ci illərdə Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyət göstərib.
1997–2007-ci illərdə qeyri-hökumət sektorunda hüquqi tədqiqatlar aparıb və hüquq müdafiəsi sahəsində çalışıb. Azərbaycan Hüquqşünaslar Forumunun idarə heyətində yer alıb. Azərbaycan Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr Cəmiyyətində məsul katib və “Beynəlxalq hüquq” jurnalının redaktoru vəzifələrini icra edib.
2009-cu ildən Niderland Krallığında
yaşayır. 2017-ci ildə burada İnholland Tətbiqi Elmlər Universitetinin Sosial-Hüquqi Xidmət fakültəsini bitirib.
Ataxan Əbilov hüquq və beynəlxalq hüquq sahəsində 10-dan çox kitabın müəllifidir. Onun əsərləri Azərbaycan, rus, Niderland və talış dillərində nəşr olunur. Hüquqi təfəkkürün inkişafında və beynəlxalq hüquqi münasibətlərin təhlilində tanınmış mütəxəssisdir.
Ailəlidir və iki övladı var.
Bu günlərdə Ataxan Əbilovun 60 yaşı tatam olur. Ataxan müəllimin 60 yaşını təbrik etməklə yanaşı onun reaksiyaya yolladığı aşağıdakı yazını süi sizə təqdim edirik:
60 İLİN DƏRSLƏRİ: DÜNYA ALDADAR, İNSAN XƏYANƏT EDƏR, ALLAH İSƏ TƏRK ETMƏZ
(𝐷ə𝑦ə𝑟 𝑣ə 𝑖𝑑𝑒𝑎𝑙𝑙𝑎𝑟𝑙𝑎 𝑦𝑎𝑠̧𝑎𝑦𝑎𝑛 𝑎𝑑𝑎𝑚ı𝑛𝑟𝑒𝑘𝑣𝑒𝑦𝑖𝑚𝑖)
𝐔CQAR BİR KƏNDDƏ DOĞULDUM
Mənim doğulduğum kənd - Sovet imperiyasının unudulmuş, ucqar bir küncündə yerləşirdi. Bu kənddə həyat çox zaman ağır məhdudiyyətlərlə dolu idi. Sovet rejiminin sərt qaydaları altında fərdi azadlıqlar dondurulmuş, söz və fikir azadlığı isə formal bir anlayışa çevrilmişdi. Ancaq mənim doğulduğum o kiçik kənddə belə, içdən gələn bir azadlıq arzusu vardı. O arzunun tüğyan etdiyi ürəklər, sözün həqiqi mənasında, taleyi dəyişə biləcək gücə sahibdir.
İbtidai sinifdə oxuyanda bir kənd ziyalısı məndən soruşdu: “Böyüyəndə kim olacaqsan?” Düşünmədən “kosmonaft” dedim. Bilmirəm, o sözün arxasında hansı məntiq dayanırdı, amma sonralar kənddən, ölkədən uzaq düşməyimin, ömrümü qürbətdə keçirməyimin bəlkə də səbəbi elə o təsadüfi cavab oldu. Çünki deyirlər, insan dediyi sözlərlə, arzuladığı fikirlərlə öz taleyini toxuyur. Əlbəttə ki, o cavabımda məntiq yox idi, amma orada bəlkə də bir həqiqət payı var idi: mənim dünyaya o vaxtlar tam formalaşmayan baxışımla məkan və zaman sərhədlərini aşmaq arzum.
Həyat yolumda pul və kapital heç vaxt əsas hədəf olmadı. Məni daha çox ideyalar, düşüncələr və mənəvi dəyərlər cəlb etdi. İnanıram ki, insan varlığının əsas dayaqları mənəvi sərvətlərdən - insan haqlarından, söz azadlığından və ədalətli cəmiyyət ideallarından ibarətdir. Bu prinsiplər uğrunda apardığım mübarizədə maddi sərvətin rolu çox kiçik oldu. Mənim üçün dəyərli olan, insanlıq və ədalətin tərəqqisi idi, şəxsi qazanc deyildi.
𝐇ÜQUQÇU OLDUM
Zaman keçdi. Hüquqçu oldum. Bu seçimdə məndən öndə gedənlərin təsiri vardı. Onlar ədalətsizliklə mübarizə üçün məni bu peşəyə yönəltmişdilər. Amma mən onların istədiyi kimi prokuror, müstəntiq olmağı deyil, hüquqda fikir adamı, söz adamı olmağı seçdim. Protokollar yazmaq, ittiham aktları hazırlamaq əvəzinə kitablar yazdım. Sözə sığal çəkdim, ideyaya qucaq açdım. Mənim dövrümün hüquq adamları adətən sistemin üzvləri kimi ədalətsizliyə müqavimət göstərməkdə çətinlik çəkirdi. Vətəndə bu gün də belədir. Təəssüf ki, onların əksəriyyəti hələ də anlamırlar ki, hüquq təkcə məhkəmə salonlarında deyil, həm də insanların gündəlik həyatında, ictimai şüurda və mədəniyyətdə özünü
göstərməlidir.
Kitablar yazmaq, fikirlərimi yaymaq, insanları hüquqları barədə maarifləndirmək mənim əsas fəaliyyətim oldu. Hüquq sistemindəki ədalətsizlikləri tənqid etmək və hüququn ictimai dəyərlər kimi qəbul edilməsini təşviq etmək mənim üçün mühüm missiya idi. Mənim düşüncəmdə hüququn ən böyük gücü hüququn hüquqi mətnlərdən kənar, sosial mübarizənin alətinə çevrilməsindədir.
𝐒İYASƏTƏ ETİRAZDAN GƏLDİM
Siyasətə gəlişim məcburilikdən oldu. Ayrı-seçkilik, hüquq pozuntuları, söz azadlığının boğulması məni siyasətin mərkəzinə gətirdi. Bu yolda məni heç vaxt təslim olmağa vadar edə bilmədilər. Siyasi fəaliyyət mənim üçün bir həyat tərzi oldu, çünki ədalətsizliklərə qarşı susmaq mümkünsüz idi.
Təşkilatlar yaratmaq, ictimai fəaliyyət göstərmək, bəyanatlar vermək, siyasətin həyatımızdakı rolunu artırdı. Bütün bunlar sadəcə fərdi fəaliyyət yox, həm də cəmiyyətin azadlıq uğrunda mübarizəsinin bir hissəsi oldu.
𝐃ÜNYANIN MƏRKƏZİNDƏ QÜRBƏT HƏYATI YAŞADIM
Qürbət həyatı - doğma yurddan uzaqda yaşamaq yalnız bir coğrafi məsafə deyil. Bu, həm də içimdə qopan sükutun, geridə buraxdığım torpağın, uşaqlıq səslərinin, kənd çaylarının, kənd qəbiristanlığının susqun ruhlarının hər addımımda məni müşayiət etdiyi bir həyat biçimidir. Lakin bu həsrət içində, dünyanın müxtəlif mədəniyyətləri ilə rastlaşmaq, fərqli hüquq sistemlərinin iş prinsiplərini öyrənmək, ayrı-ayrı xalqların dövlət və cəmiyyət münasibətlərinə baxışlarını görmək mənim dünyagörüşümü yeni rənglərlə boyadı. Mən yalnız bir ölkənin vətəndaşı, bir cəmiyyətin yetirməsi olmadım - mən, taleyin hökmü ilə, dünyanın vətəndaşına çevrildim. Qürbətdəki illər mənə öyrətdi ki, insan təkcə doğulduğu yerdə deyil, düşündüyü yerdə yaşayır. Hər il dünyanın müxtəlif nöqtələrinə səfərlər etmək mənim üçün həm yeni bilik, həm də fərqli təcrübə mənbəyi oldu.
Qürbətdə olmaq, Vətəndən ayrı düşmək həm də özünü və Vətənini dərin şəkildə qiymətləndirməyə imkan verir. Bu, həm də insanın öz köklərini, kimliyini yenidən kəşf etməsidir.
𝐈TİRDİKLƏRİM VƏ QAZANDIQLARIM
Həyat - elə özü bir sınaq meydanıdır. Mənim yolum da bu illər ərzində saysız itkilərlə, bəzən qürbətdə gecənin qaranlığında qəlbimdə titrəyən vətən həsrəti ilə dolu oldu. Hər bir insan kimi, mən də yaxınlarımı, dostlarımı, illüziyalarımı, inamlarımı itirdim. Hər dəfə bir dostun itkisi, bir yaxının qəbrini ziyarət edə bilməmək, doğma kəndimin səhər çayının səsini uzaqdan xatırlamaq - bunlar mənim həyatımın yaddaş kitabında dərin izlər saldı.
Ancaq bu ağrılar, bu həsrətlərin içində mən bir şey qazandım ki, onu heç bir maddi
varlıqla ölçmək mümkün deyil.
Mən azadlığımı qazandım. Azadlıq - bu, təkcə pasportdakı damğasız viza deyil, bu,
insanın öz sözünü çəkinmədən deyə bilməsi, vicdanının səsini boğmaması, düşündüyünü
qorxmadan dilə gətirməsi, haqqın, ədalətin yanında durması deməkdir.
Həyat mənə öyrətdi ki, azadlıqla və vətəndə yaşamaq arasında seçim etmək məcburiyyətində qalanda, ikincinin xeyrinə seçim zamanı insan təkcə doğulduğu torpağı deyil, həm də öz mənliyini itirir. Mən isə öz azadlığımı, sözümü, fikrimi, haqq bildiyim prinsiplərimi heç bir süni vədlər üçün qurban vermədim.
Qürbətdə keçən illər məni daha çox düşündürdü: Azad olmaq vətəndə kölə yaşamaqdan üstündürmü? Bu sualın cavabını tapmaq üçün illər lazım oldu. Bəli, azad yaşamaq dəyərdir, azad olmayan insan xoşbəxt ola bilməz, mənim seçimim bu idi. Mən həqiqət dediyimi deyə bilmək, ədalət dediyimi yaza bilmək, vicdanımın səsinə sadiq qalmaq istədim. Bunu bacardım, bəzən ağır bədəllərlə, bəzən qürbət həsrəti ilə, amma bacardım.
Azadlıqla (xoşbəxtliklə) bədbəxtlik arasında incə bir xətt var. Bu isə həyatın, insanın öz taleyi ilə mübarizəsinin ən mürəkkəb tərəfidir.
𝐒OVETLƏRDƏN MÜSTƏQİLLİYƏ VƏ QIRILMIŞ ARZULAR
Sovetlər dağıldı… Və çoxumuz elə bildik ki, azadlıq sabahdan başalayacaq. Hüquq üstün olacaq, ədalət bərqərar olacaq, ayrı-seçkilik aradan qalxacaq, insan hüquqları toxunulmaz olacaq. Amma reallıq fərqli oldu. İmperiya getdi, amma imperiya təfəkkürü qaldı. Hakimiyyət dəyişdi, amma idarəetmə üsulları, fərqli düşünənə münasibət, hüququn tətbiqindəki keyfiyyət dəyişmədi. Yeni müstəqil dövrdə bəzi azadlıqların dadını aldıq, lakin eyni zamanda korrupsiya, siyasi basqılar, hüquq sisteminin şəxsi maraqlara xidmət etməsi yeni reallığımız oldu.
Bir zamanlar arzulanan müstəqillik, bəzən gözümüzün qarşısında yeni ədalətsizliklərin pərdəsi oldu. Müstəqil dövlət quruldu, bayraq qaldırıldı, valyuta dəyişdi, konstitusiya qəbul edildi, amma çox zaman hüquqlar kağız üzərində qaldı. Hüququ qoruyan orqanlar onu pozanların, ədaləti bərpa etməli olanlar ədalətsizliyin tərəfdaşına çevrildi. Bu mənzərə söz və fikir azadlığını həyat amalına çevirən insanlar üçün həm bir dərs, həm də sərt bir sınaq idi.
Bu dönəmdə mən bir şeyi daha dərindən dərk etdim: azadlıq təkcə bayraqla olmur, azadlıq hüquqla, sözlə, mədəniyyətlə, cəmiyyətin özünüdərk səviyyəsi ilə gəlir. Bir cəmiyyətin içində azad insan yoxdursa, azad vətəndaş mövcud deyilsə, o cəmiyyətin müstəqilliyi də kağız üzərində qalır.
Bu dövr bir daha ortaya qoydu ki, ideallar mövsümi olmamalıdır, onları zamanın çətinliyindən asılı olaraq dəyişmək olmaz. Əksinə, çətin dönəmlər ideal adamın əsl dəyərini ortaya qoyur.
𝐃OSTLAR VƏ XƏYANƏTLƏR
Həyat yolumda dost adıyla çıxanların sayı çox oldu. Amma zamanla gördüm ki, dostluq həmişə səmimi olmur. Uğur və yüksəliş zamanı hamı sənin yanında olur. Amma zərbə aldığın, çətinliyə düşdüyün gün isə səni tək buraxanlar topa-topadır. Nə etmək olar? Reallıq bu gün belədir. Ən pisi isə ən ağır zərbəni yaxın bildiklərindən almaqdır.
Həyat mənə öyrətdi ki, yaxşılığı qarşılıq üçün yox, öz vicdanım üçün etməliyəm.
Xəyanət isə həm sarsıdır, həm bərkidir. Və ən əsası, ətrafındakıların əsl üzünü göstərir.
Bu illər ərzində dəyərli dostlar da qazandım. Sayları az olsa da, dəyərləri böyükdür. Çətin anda yanında olan, söz deyən, dərd bölən dost ən qiymətlisidir.
𝐇ƏYAT DAVAM EDİR
Elə illər oldu ki, bir ili bir ayaqqabıda, bir köynəkdəkeçirdim. Bu illər maddi yoxsulluq yox, mənəvi zənginlikilləri oldu. İndi isə evdə ayaqqabı və köynəklər əlindəntərpənmək olmur, amma onların heç biri mənə keçmişin o sadə, amma dəyərli günlərini xatırlatmaq gücünə sahibdeyil.
Altmış yaşım tamam olur, amma öyrənmək, yazmaq, mübarizə aparmaq heç vaxt bitməyib. Həyat davam edir, mən də yoluma davam edirəm. Həyatın oyunları çoxdur, amma səni hər zaman eşidən bir Allah var. Onun hökmü olmasa, nə ucalmaq mümkündür, nə düşmək… Həyat dediğimiz bu keşməkeşin sonunda da, yolun başında da, hər addımında da yalnız Ona güvənmək gərək.
𝐀𝐥𝐥𝐚𝐡 𝐡𝐚𝐦𝐦ı𝐳𝐚 𝐲𝐚𝐫 𝐨𝐥𝐬𝐮𝐧!
Ataxan Vəli Əbilov
Beynəlxalq hüquq üzrə ekspert,
hüquq müdafiəçisi
Niderland Krallığı