“Mən orta məktəbi qızıl medalla, universiteti isə qırmızı diplomla bitirib, 40 il tarix müəllimi işləmişəm. Sən demə, həyatda savadlı olmaq, dünyanın bütün tarixini əzbərləmək, ölkələrin tarixi keçmişini bir-bir sadalamaq, eraları - buz dövrünü, daş dövrünü, dəmir dövrünü, nə bilim daha nə dövrünü şagirdlərin yaddaşına yeritmək tarixi anlatmaq deyilmiş. Bunlar yalnız kitabda yazılanları şagirdlərin beyninə zorla yeritməkdən başqa bir işə yaramırmış. Tarixi əzbərləmək yox, tarix yazmaq lazımmış, sənin kimi, oğul!” (“Tarix müəlliminin etirafı” hekayəsindən)
MEYXOŞ ABDULLAH
BÖLGƏMİZİN YAZARLARI
Hələ XIX əsrdən başlayaraq ölkəmizin bir çox şəhərlərində yaranan ədəbi məclislərdən biri də Lənkəran şəhərində şair Mirzə İsmayıl Qasirin rəhbərliyi ilə fəaliyyət göstərirdi.
Zaman keçdikcə bu bölgədə daha çox yazıçı və şairlər tanınmağa başladı. XX əsrin ortalarında Əlisa Nicat, Şəkər Aslan, Məmmədhüseyn Əliyev, Mir Haşım Talışlı, Vaqif Hüseynov, Ayaz Vəfalı, Məmməd Kazım və başqaları kimi Respublikanın ədəbi mühitində tanınan və oxucuların rəğbətini qazanan bir çox ədəbiyyat adamları yetişmişdi.
XX əsrin sonu, XXI əsrin əvvəllərində ədəbi mühit daha da genişləndi, yeni gənc qüvvələr ədəbiyyata gəldi.
Cenub.az saytı olaraq bölgəmizdə fəaliyyət göstərən yazıçı və şairlər haqqında silsilə yazıları və onların əsərlərindən nümunələri sizə təqdim edirik.
Bu vaxta qədər Xanəli Ağayevin (Masallı), Ruhiyyə Abbaszadənin (Cəlilabad), Xanlar Həmidin (Lerik), Ziya Dilsuzun (Lənkəran), Rəna Əlisaqızının (Masallı), Şahid Astaralının (Astara), İqbal Nəhmətin (Yardımlı), Əlövsət Tahirlinin (Cəlilabad), Təbrizə Pünhanın (Astara), Rafiq Məmmədin (Masallı) şeirlərini sizə təqdim etmişik.
Linklər burada:
Bu silsilədən növbəti qonağımız yazıçı Meyxoş Abdullahdır (Cəlilabad).
Abdullayev Meyxoş Kamil oğlu (Meyxoş Abdullah), 02 fefral 1962- ci ildə Cəlilabad rayonunun Xəlilabad kəndində anadan olmuşdur.
Dövrü mətbuatda 1980 -cı illərdən çıxış edir. “Doktor Qəzənfər”, “Didərgin ruhlar”, “Alagöz”, “Şeytan gülüşü”, “Anakonda ovu”, “Əsir qadın”, “Qapısı gecə döyülən qadın” və “Saçlarından asılan qız” kitablarının müəllifidir.
“Əsir qadın” kitabı rus dilində də («Пленница») nəşr olunmuşdur. “Əsir qadın” əsəri əsasında hazırlanmış tamaşa, Qusar Dövlət Dram teatrında səhnələşdirilərək iki dəfə tamaşaya qoyulmuşdur.
Meyxoş Abdullahın “Alagöz” əsəri Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatın Təbliği Bürosunun Milli-Mənəvi yaddaşa qayıdışı təbliğ edən və Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsərlər üçün təsis etdiyi “Yaddaş” mükafatına layiq görülmüşdür (2002)
“Alagöz” əsəri əsasında yazılmış eyni adlı ssenari Berlində keçirilən kino festivalına təqdim olunmuş və diploma layiq görülmüşdür. Mədəniyyət Nazirliyinin 2021-ci ilin mart ayında keçirdiyi ssenari müsabiqəsində “Alagöz” ssenarisi 48 əsər arasında birinci yeri tutmuşdur.
Meyxoş Abdullahın əsərləri Türk, rus, fars, türkmən və qırğız dillərinə tərcümə olunaraq, geniş oxucu kütləsinə təqdim olunmuşdur. Onun əsərləri dövrü mətbuatda müntəzəm olaraq çap olunur.
Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), Prezident təqaüdçüsüdür (2018)
İxtisasca iqtisadçıdır.
KOMANDİRİN YUXUSU...
Səhər yenicə açılırdı... Döyüşən əsgərlərə tutduqları mövqelərdən aşağı enmək əmri verilmişdi. Əsgərlər yavaş-yavaş dağ döşüylə aşağı, dünən gəldikləri istiqamətdə hərəkət edirdilər.
Ara-sıra atəş səsləri eşidilsə də, axşamkı vəziyyətə nisbətən indi bir az sakitlik hökm sürürdü. Amma uzaqdan toplardan atılan mərmilərin səsi hələ də eşidilməkdəydi.
Tutduqları mövqelərini itirmiş düşmən elə indilərdə əlavə qüvvələr toplayaraq, yenidən onlara hücum edəcəyini bilən təcrübəli komandir, dərhal oradan uzaqlaşmaq üçün döyüşçülərini tələsdirirdi.
... Onlar xüsusi təyinatlılar idı. Bir gün bundan qabaq məxfi əmr almışdılar. Hava qaralanda “Ala qaya” deyilən zirvəyə qalxıb, neçə gün bundan qabaq orada mövqe tutmuş və döyüşçülərimizin irəliləməsinə mane olan düşmən əsgərlərini zərəsizləşdirmək əmri almışdılar.
Dünən hava qaralan vaxtı döyüşə yollananda səkkiz nəfər idilər. Komandirləri və yeddi cəsur döyüşçü. İndi isə yorğun və heysiz halda ayaqlarını sürüyə-sürüyə alatoranlıqda bir-birinin ardınca dağdan enirdilər. Onlar öz vəzifələrini igidliklə yerinə yetirmişdilər. Səkkiz nəfər olsalar da, əlli nəfərə yaxın düşmən əsgərinə qarşı vuruşaraq, tapşırılan sahəni düşməndən tamamilə təmizləmişdilər.
Komandir haqlı idi. Onlar dağın ətəyinə enən kimi, düşmən tərəfindən “Ala qaya” zirvəsi güclü top və qrad atəşinə tutuldu. Mərmilər ulaya-ulaya yaxınlıqdakı qayaların boşluğuna düşərək, daş-kəsəyi havaya sovururdu. Bir saata yaxın həmin mövqelər düşmən tərəfindən atəş altında saxlanıldı.
Komandir geriyə boylanaraq: - Əclaflar!.. Biz sizin düşündüyünüz qədər də aciz deyilik! – deyə, gülümsədi və düşmənin qarasınca söydü.
Aralarında iki yaralı, bir nəfər də itkin düşmüş əsgərin olması komandiri bərk narahat edirdi. Əsgərlərin biri çiynindən, o biri isə qarnından yaralanmışdı. Hər ikisinin yarası ağır olsa da, əsgər yoldaşlarının köməkliyi ilə irəliləyirdilər.
İtkin düşmüş döyüşçü Vasif Abiyevin isə harada olması, hələlik məlum deyildi. Gecə döyüşçü dostları onu çox axtardılar, amma nə ölüsündən, nə də dirisindən bir xəbər yox idi. “O, əsir düşə bilməzdi! – deyə, komandir öz-özünə fikirləşdi. Çünki xüsusi təyinatlıların son məqamda nə edəcəkləri ancaq özlərinə məlum idi. - Bəs, o, harada ola bilərdi?!” – komandir narahatçılıq keçirtdi. Axı, gecə olmasına baxmayaraq, öldürülmüş düşmən əsgərlərinin cəsədlərini komandir özü bir-bir nəzərdən keçirmişdi. Tam yəqin etmişdi ki, Vasif Abiyevin meyiti onların arasında yoxdur.
Güclü yağış yağırdı. Əslində, bu, yağış yox, sulu qara bənzəyirdi. Çünki göydən ələnən iri yağış damlaları əsgərlərin sifətinə buzlu su kimi çilənirdi.
Komandir çox həyəcanlı idi, özünə yer tapa bilmirdi. İtkin düşmüş cəsur döyüşçüsünün tapılmaması onu bərk narahat edirdi.
Bu hadisənin üstündən bir neçə gün keçdi. Vasifin itkin düşməsi onun dostlarını da bərk üzürdü. Komandir isə, bu itkidə özünü günahkar hesab edirdi.
... Bir gecə itkin düşmüş döyüşçü komandirin yuxusuna girir. Komandir yuxuda görür ki, Vasif həmin gecə onlardan bir qədər aralı, qayaların arasında özünə yer seçərək düşmənlə vuruşur. Birdən o, boynundan güllə yarası alır. Yerə yıxılmasın deyə, yaxınlıqdakı qayaya söykənir. Ağır yaralı olmasına baxmayaraq, düşmənlə döyüşməkdə davam edir. Yaralı halda atəş açaraq, ona yaxınlaşan üç düşmən əsgərini də yerə sərir. Birdən yaxınlıqdakı düşmən snayperi onu görür və Vasifin başından nişan alır...
Vasif yerə yıxılır... O, bir neçə dəfə ayaqüstə qalxmağa cəhd edir. Amma yarası ağır olduğundan yavaş-yavaş hüşunu itirməyə başlayır. Vasif heysiz halda torpağın üstündə düşüb qalır. Nəmli torpaq onun soyumaqda olan bədənini bir az da üşüdür. O, bir neçə dəfə astaca döyüşçü dostlarını səsləyir. Amma onun xırıltılı səsi, vıyıltıyla ötüb-keçən güllə səsləri arasında it-bata düşərək, döyüşçü dostlarına çatmır.
Vasif son gücünü toplayaraq əlini qoynuna salır. Qoynundan üçrəngli al bayrağı çıxararaq, ona bürünür və soyuqdan titrəyə-titrəyə: “Komandir, mən üşüyürəm, gəl məni buradan götür!” – deyir...
... Komandir hövlank yuxudan ayılır və son dəfə döyüşdükləri yerə gedir. Qayaların arasına çatanda baxıb görür ki, Vasifin cansız bədəni albayrağa bükülmüş halda qayaların arasındakı boşluqda düşüb qalıbdır. Gözləri açıq olduğundan, sanki komandirinin yolunu gözləyirmiş...
Komandir şəhid olmuş əsgərinin qarşısında dizləri üstə yerə çökür. Gözyaşlarını saxlaya bilməyərək, onun soyumuş bədənini qucaqlayıb bağrına basır və: - Üşümə əsgərim!.. Sən Vətən torpağna qovuşdun!.. – deyir.
TARİX MÜƏLLİMİNİN ETİRAFI...
(hekayə)
Arıq, taqəti kəsilmiş ağsaçlı müəllimə, ağır addımlarla kəndin kənarındakı qəbristanlığa doğru irəliləyirdi. Bir-iki gün olardı, canındakı o müdhiş ağrılar birazca azlamışdı. Başqa vaxt olsaydı, bu uzun yolu xəstə canıyla piyada getmək ona zor gələrdi. Amma bu gün, o, qəti qərara gəlmişdi ki, kənd qəbristanlığına gedib, vaxtilə dərs dediyi, indi isə el-obanın sevimlisi olan şəhid əsgər, İbrahim Lələyevin məzarını ziyarət etsin.
Müəlliminin şagirdinə deyiləsi ürək sözləri vardı. Neçə gün idi ki, o, bu barədə fikirləşirdi. Ürəyində yığılıb qalmış sözləri ona elə əzab verirdi ki...
Qəbristanlığın qapısına çatanda bir azca dayanıb nəfəsini dərdi. Ayaqlarındakı ağrılar ona şiddətli əzab verdiyindən, canını dişinə tutub birtəhər dözürdü. Əlindəki əsa, elə bil, onun son ümid yeri idi. Bütün vücudunu əsaya etibar edirmiş kimi bərk-bərk ona söykənmişdi.
Müəllimə qəbristanlığın qapısından içəri girib, sol tərəfdə, qara mərmərlərlə əhatə olunmuş məzara sarı irəlilədi. Həyəcanlandığından soyuq dəymiş adamlar kimi tir-tir titrəyirdi.
O, qəbrin önünə çatanda dayandı. Başını astaca qaldırıb, qocalıqdan nuru azalmış bulanıq gözlərini, mərmər daşına həkk olunmuş şəkilə dikdi. Şəkildəki hərbi geyimdə olan cavan oğlanın gülümsər gözləri o dəqiqə müəlliminin gözləriylə toqquşdu.
– Hə... Sənsən, İbrahim, oğlum? – deyə müəllimə, uzun illərdən bəri görmədiyi şagirdini şəklindən tanıdığına görə sevindi.
İbrahim onun neçə illər bundan qabaq tarix fənnindən dərs keçdiyi şagirdi idi. İllər onun boy-buxununun, sir-sifətinin cizgilərini dəyişsə də, gözləri həmin gözlər idi, lap uşaqlıqda olduğu kimi, saf, məsum.
Mərmər daşın parıltısı igid əsgərin çöhrəsini bir az da işıqlandırdığı üçün, oradan gözlərinə düşən nur atəşinə bənzər şüalar müəllimənin gözlərini qamaşdırdı.
Müəllimə dərindən nəfəs aldı və güclə eşidiləcək səslə pıçıldadı:
- Xoş gördük səni, oğlum... Şəhid adın mübarək!..
Sonra o, titrək əlləriylə qara mərmərin üzərində həkk olunmuş şəkli sığalladı. Daşın soyuqluğu, elə bil, onun xəstə canına işlədi, bədənindən soyuq bir gizilti keçdi.
Müəllimə başını qaldlrıb şəkilə baxanda, yenə onun gözləri, qara mərmər daşın üzərinə həkk olunmuş şagirdinin gülümsər gözləriylə toqquşdu. Gözlər bir anlıq da olsun, nəzərlərini müəllimindən çəkmək istəmirdi. Müəllimə hansı səmtə dönürdüsə, o gözlər yenə də onu axtarırdı.
- Oğul, bilirsən niyə gəlmişəm?! – deyə, müəllimə titrək səslə dilləndi. - Şəhadətə qovuşduğunu bir müddət bundan qabaq eşitdim. Onda bərk xəstələnmişdim, yataqdan qalxmağa hey-hərəkətim yox idi. Bir azca özümə gələndən sonra, evinizə gəlib, ata-anana başsağlığı vermək istədim. Amma nədənsə, fikrimdən daşındım. Qərara gəldim ki, əvvəlcə gəlim sənin özünü ziyarət edim, sonra onları. Axı, ürəyimdə sənə deyiləsi çox sözlərim var. Xəstələnəndə Allahıma yalvarırdım ki, tanrı mənə bir az da möhlət versin, ürəyimdəki sözlərimi sənə çatdıra bilim. - Əziz oğlum, xatırlayıram ki, o vaxtlar mən sizə tarix fənnindən dərs keçəndə sən mənim dərslərimi o qədər də yaxşı oxumurdun. Hətta bir az da nadinclik edərdin, elə deyilmi?! - deyə müəllimə, nəmli gözlərini qara mərmərdəki şəklin gözlərinin içinə dikdi.
Qara mərmərdəki şəkil yenə də gülümsəyirdi. Sanki ağsaçlı müəlliməsinin fikrini təsdiq edirmiş kimi: - Hə, elədir müəllimə!... - demək istəyirdi.
- Mən onda əsəbləşərdim. Səni və sinifdə zəif oxuyan uşaqları danlardım, - deyə, müəllimə astaca sözlərinə davam etdi. Əlaçı şagirdləri isə sizə nümüunə göstərib: - Bunlara baxın və onlardan ibrət götürün! – söylərdim. Deyərdim ki, bu, yaxşı oxuyan şagirdlər ağıllı uşaqlardırlar. Gələcəkdə vətənə namusla xidmət edəcəklər. Vətən üçün insanlarçün xeyirli işlər görəcəklər. Onların ad-sanları dünyanın hər yerindən eşidiləcəkdir. Biz onlarla fəxr edəcəyik! – deyə, yaxşı oxuyan uşaqları tərifləyərdim. - Amma siz tənbəllər, bəs sizdən nə olacaq?! – deyərək, sizi bərk qınayırdım. - Yadındadırmı, oğlum? – deyə müəllim dərindən ah çəkdi. Məni başa düş, oğlum, bir müəllim kimi, bir ana kimi sizin gələcəyinizdən çox narahat idim, ona görə belə edirdim. Sizləri düşünürdüm. Düşünürdüm ki, bu uşaqlar həyatda nə edəcəklər, necə yaşayacaqlar, görəsən?! Geyim-keciminizə, pırtlaşıq saçlarınıza, dəli-dolu hərəkətlərinizə baxıb yaman fikir edirdim. Fikirləşərdim ki, bizim gələcəyimiz olan siz gənclər, axı, vətən üçün, bizlər üçün nə gün ağlayacaqsınız?!
Bu fikirlər məni yaman narahat edirdi. Bir müəllim kimi, bir ziyalı kimi gecə-gündüz bu barədə fikirləşib, bərk narahat olurdum. Amma gör, nə qədər yanılmışam, oğul. Sən demə, yaxşı oxumaq, ziyalı olmaq, hələ vətən təəssübü, vətən qeyrəti çəkmək deyilmiş... Doğrudur, həmin öyünə-öyünə təriflədiyim əlaçı şagirdlərim ali məktəblərə qəbul olub tələbə adı qazandılar. Oxuyub böyük vəzifə sahibi də oldular. Onların arasında mənim davamçılarım da var. Amma fikirləşirəm, həyatda nələr dəyişdi, onlar bu dünyanın hansı axarını dəyişə bildilər? Onların heç biri sənin kimi ad-san, şan-şöhrət qazanıb ucalmadılar. Onları olsa-olsa bu kənd, el-oba tanıdı. Sən isə öz igidliyinlə, vətənsevərliyinlə onların hamısından üstün oldun. Sən şəhid olmağınla vətəni sevməyi, torpağına bağlılığı, nəinki, dostlarına, hətta, mən ağsaçlı müəlliminə də öyrətdin.
Mən orta məktəbi qızıl medalla, universiteti isə qırmızı diplomla bitirib, 40 il tarix müəllimi işləmişəm. Sən demə, həyatda savadlı olmaq, dünyanın bütün tarixini əzbərləmək, ölkələrin tarixi keçmişini bir-bir sadalamaq, eraları; - buz dövrünü, daş dövrünü, dəmir dövrünü, nə bilim daha nə dövrünü şagirdlərin yaddaşına yeritmək tarixi anlatmaq deyilmiş. Bunlar yalnız kitabda yazılanları şagirdlərin beyninə zorla yeritməkdən başqa bir işə yaramırmış. Tarixi əzbərləmək yox, tarix yazmaq lazımmış, sənin kimi, oğul.
Bağışla məni, oğlum, bilirsən, necə peşmanam. Bu gün mən səndən çox şey öyrəndim. Sən mənə tarix dərsi keçdin, tarix dərsi öyrətdin, oğlum. Yadımdan heç vaxt çıxmayan bir tarix dərsi.
Kaş, bu həyata bir də dönə biləydik... Onda, səndən öyrəndiyim, sənin yazdığın tarix dərsini, bilirsən, şagirdlərimə necə həvəslə öyrədərdim?!
... Müəllimə sözlərini bitirib bir azca rahatlaşdı. Sonra o, cib dəsmalına büküb gətirdiyi tabaşirlə şəhid şagirdinin mərmər baş daşının aşağı tərəfində, ona heç vaxt vermədiyi "5"(əla) qiymətini yazaraq, tabaşirli dəsmalla gözlərinin yaşını silə-silə asta-asta oradan uzaqlaşdı...
Soyuq mərmər daşlardan boylanan bir cüt gülümsər baxışlar ağsaçlı tarix müəllimini yola salırdı...
Cenub.az saytı üçün tərtib etdi Əlizaman Baxış