Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

BÖLGƏMİZİN YAZARLARI - 10-cu yazı. RAFİQ MƏMMƏD (Masallı)


Bir sevdim, yüz bəla çıxdı,

Gedirsən get, yol açıqdı.

"Evimizi" gör nə yıxdı ?..-

Pıçıltı, gülüm, pıçıltı...

            Rafiq Məmməd


BÖLGƏMİZİN YAZARLARI


Hələ XIX əsrdən başlayaraq ölkəmizin bir çox şəhərlərində yaranan ədəbi məclislərdən biri də Lənkəran şəhərində şair Mirzə İsmayıl Qasirin rəhbərliyi ilə fəaliyyət göstərirdi. 

Zaman keçdikcə bu bölgədə daha çox yazıçı və şairlər tanınmağa başladı. XX əsrin ortalarında Əlisa Nicat, Şəkər Aslan, Məmmədhüseyn Əliyev, Mir Haşım Talışlı, Vaqif Hüseynov, Ayaz Vəfalı, Məmməd Kazım və başqaları kimi Respublikanın ədəbi mühitində tanınan və oxucuların rəğbətini qazanan bir çox ədəbiyyat adamları yetişmişdi. 

XX əsrin sonu, XXI əsrin əvvəllərində ədəbi mühit daha da genişləndi, yeni gənc qüvvələr ədəbiyyata gəldi. 

        Cenub.az saytı olaraq bölgəmizdə fəaliyyət göstərən yazıçı və şairlər haqqında silsilə yazıları və onların əsərlərindən nümunələri sizə təqdim edirik.

Bu vaxta qədər Xanəli Ağayevin (Masallı), Ruhiyyə Abbaszadənin (Cəlilabad), Xanlar Həmidin (Lerik), Ziya Dilsuzun (Lənkəran), Rəna Əlisaqızının (Masallı), Şahid Astaralının (Astara), İqbal Nəhmətin (Yardımlı), Əlövsət Tahirlinin (Cəlilabad), Təbrizə Pünhanın (Astara)  şeirlərini sizə təqdim etmişik.

Linklər burada: 

Xanəli Toloş

Ruqiyyə Abbaszadə

Xanlar Həmid

Ziya Dilsuz

Rəna Əlisaqızı

Şahid Astaralı

İqbal Nəhmət

Əlövsət Tahirli

Təbrizə Pünhan


Bu silsilədən növbəti  qonağımız  Rafiq Məmməddir (Masallı).

Rafiq Məmməd 1953-cü ildə Masallı rayonunun Boradigah kəndində doğulub. Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Masallı rayonunda müxtəlif vəzifələrdə çalışıb. Gənc yaşlarından Masallıda çıxan “Çağırış” qəzetində və Respublikanın dövrü mətbuatında şeirləri ilə çıxış etmişdir. “Talisman” qəzetinin Baş redaktorudur. İki şeirlər kitabını nəşrə hazırlamışdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.


MƏHƏBBƏT ABİDƏSİ


Görən sevənlərdə bu adət nədir,

Min bəlaya düşdü Qərib, Şahsənəm.

Bilməyib sevgi nə, məhəbbət nədir,

Qoşa qarıdılar babmla nənəm.


Minnət ummadılar oğul- uşaqdan,

Taleyə məhəbbət donu biçdilər.

Ayırmaq olmadı əti dırnaqdan,

Dünyadan əl- ələ tutub köçdülər. 


Bir damın altında göyərçinə div

Bir yol "can" söyləsə, onun bəsiydi.

"Sevirəm" sözünü eşitməyən ev

Dünyanın Məhəbbət abidəsiydi...



YAZIQ  QOCALAR


Dünyadan çox sular axıb,

Nə var-nə yox, bilmişdilər.

Beşikdən səfərə çıxıb

Qəbrə qədər gəlmişdilər.


İşıqsız, qazsız evində

Allahın suyu da yoxdur.

Dərdini bağırmaq istər,

Bir dərin quyu da yoxdur...


Əl-ayağı sözə baxmır,

Qayğıdan-dərddən də bezib.

Çayxanada borc qalanıb,

Söhbətdən, nərddən də bezib.


Hərdən deyir, bu nə dövran,

Yüzü acdı, biri toxdu.

Heyif səndən, ötən zaman,

"Biri vardı, biri yoxdu..."


Hey axtarır, tapa bilmir

Bir kəs, dərdini dinləyə.

Tək seçkidə düşür yada,

O da ki, bircə günlüyə.


Taleyinə qar ələndi,

Ağ saçlar duman olmadı.

Minnət dolu təqaüddən

Fatıya tuman olmadı.


Yerimək də zor iş olub,

Yağ istəyir, ət istəyir.

Sosial yardım almağa

Məmur da rüşvət istəyir.


Pul yox həkimə, dərmana,

Tapılmaz qəmin çarəsi.

Bəlkə bir az yaşayardı,

Qoymadı Tarif Şurası...


...Haqqı-salam yaddan çıxıb,

Hörmət olub beş şahılıq.

Onları döşəyə yıxıb

Laqeydlik, rüşvət, bahalıq...



REKVİYEM


Dönük çıxdın, döndü rüzgar,

Suç oldu, gülüm, suç oldu.

Gör necə bakir arzular

Puç oldu, gülüm, puç oldu.


Girməyib nikah- kəbinə,

Uyuşmadıq el dəbinə.

Çalışdım hopam qəlbinə,

Gec oldu, gülüm, gec oldu.


Doğruldu əğyar hədəsi,

Çatdı ayrılıq vədəsi.

Rəzil həsrət abidəsi

Ucaldı, gülüm, ucaldı.


Kar etməz təsəlli, öyüd,

Hey ağla, könlünü ovut.

Xəyalda yapdığın o büt

Uçuldu, gülüm, uçuldu.


Bir sevdim, yüz bəla çıxdı,

Gedirsən get, yol açıqdı.

"Evimizi" gör nə yıxdı ?..-

Pıçıltı, gülüm, pıçıltı...


DANIŞMA


(Tələbə- müxbir Pərviz Əzimov bir tənqidi 

məqaləsiylə nəinki təkcə LDU- nu, eləcə də 

ölkənin bütün təhsil sistemini lərzəyə gətirmişdi...)


Ağsaqqal üzünə “ağ oldun”, yetər,

Dilinə yiyə dur,  bala , danışma .

Bu işin üzrü də günahdan betər,

Bais oldun qeylü- qala, danışma .


Car çəkib aləmə "Cənub- xəbər"də,

Rüşvət qurğusunu salmısan dərdə.

"Narkobaron"muşsan, bilmirdim, dədə,

Bəs niyə qalmısan dala, danışma. 


...Bu yolda neçəsi  "xosunvay" oldu,

Lap əvvəl Nəsimi sərpa soyuldu.

Haqq sözü deyənin yeri Bayıldı...

Çoxunu saldılar yola, danışma.


Yurdun gələcəyi...İnsan faktoru...

Tükünü dəbərtməz qoca rektorun.

Suyu bulandırıb, atıbdır toru,

Dönübdür Rüstəmi- Zala, danışma. 


Hardadı bəs Elmar, hanı Qənimət...

Məddahlar küy salır, susur ləyaqət.

Bu tərs dəyirmanın pərinə lənət,

Qurdular rüşvətə qala, danışma. 


O həddə çatmağa yollar qət olub,

Diz çök, aman dilə, bir qələt olub.

Yazmağa başına söz qəhət olub ?..

Sovuşsun başından bəla, danışma. 


Qəm ye, naz- neməti qoy onlar yesin...

Bu qurdlar xorunda o nazik səsin

Rekord kitabına düşər Ginnesin...

Axır əlin batar bala, danışma. 


Görmüşdük tələbə utancaq, fağır....

Əl çalar, tum çırtlar, başıaşağı.

ATƏT- dən, AŞPA- dan gəlir sorağın,

"İgidlər" dürtülür kola, danışma. 


Əjdaha gözləyir yeni qurbanı,

Portmanetdə olur "divlərin" canı.

Rüşvət iflic edib Azərbaycanı...

Sakitcə başını bula, danışma .



TƏBRİZ HARAYI

( Biləsuvardan Təbrizə Araz boyunca getdik)


Nə şirin yuxuydu, Allah! Bir ovuc su tək çiləndi,

Ürəyim badam koluymuş, sinəm üstə qönçələndi.

Bulud endi dağ boyunca, ruhuma ümid ələndi,

Bəmbəyaz ümidli röya yayılır cahana, Təbriz!


Yurdumun sönən çırağı, “Gülüstan” hekayətində,

Bir qoşun Koroğlu, Babək hələ gözləyir bətndə.

Sinə göynədən yağının sinəsi ox həsrətində,

Arazın tən ortasında oxu qoy kamana, Təbriz!


Bu elin adı “Çaldıran”, məni çaşdıran bu kənddir,

Hər igid balası qaplan, hərəsi bir himə bənddir.

Beşiyin başında sərvaxt dayanan qoca Səhənddir,

Tarixin bitibdi dərsi, çəkir imtahana, Təbriz!


Inləyən yurd yeri gördüm xaraba Xudafərində,

Qarabağlı qara iblis şütüyür sınır yerində.

Arazı necə aşım mən, yara qövr edir dərində,

Bu nə müdhiş iztirabdır, eləyir viranə, Təbriz!


Tükənir suyu Urminin, axa göz yaşım gərəkdir,

Arazın o cüt sahili bölünən vətən deməkdir.

Dolaşan qərib ruhdumu, bu qəmim cahanda təkdir,

pərişan külək dam yıxar, dəyişib zəmanə, Təbriz!


Qovuşub tam olmaq haqqı yetiçib zaman içində,

Əhərin, Xoyun, Mərəndin baxışı güman içində.

Boylanıb baxar dalınca, əl edər duman içində,

Yayın atəşin çağında bürünüb dumana Təbriz!


   Cenub.az saytı üçün tərtib etdi Əlizaman Baxış






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10