Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bölgəmizin yazarları - 2-ci təqdimat. Cəlilabad. Ruhiyyə Abbaszadə


Cenub.az bu dəfə şairə Ruhiyyə Abbaszadə barədə olan yazını oxuyuculara təqdim edir. Bu rublikadan olan əvvəlki yazımızın linki burda: (https://cenub.az/15019-bolgemizim-yazaralarli.html)

Ruhiyyə Abbaszadə 1976-cı ildə Cəlilabadda anadan olub.1996-cı ildən öz hekayə, şeir və publisist yazıları ilə dövrü mətbuatda müntəzəm olaraq çap olurunur. "Sevənlərin göz yaşı", "Göyün gözləri" hekayə və şeirlər kitabının müəllifidir. Vətənpərvərlik mövzusunda yazdığı "Qisas" əsəri 2023-cü ilin 8 dekabrında Biləsuvar Pəncərə teatrı tərəfindən tamaşaya qoyulub.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.


DƏYMƏYİN


Ümidlərim dumanlarda yol azıb, 

Öz əlimlə öz ömrümü soymuşam. 

Taleyimə vərəq-vərəq qəm yazıb, 

Bu ürəyi misra-misra oymuşam. 


İnsan odur, Allahından üşənən, 

Haqq yolunda əzablara düşə nəm. 

Hər gün daha yollarıma döşənən 

Yalan dolu vədələrdən doymuşam. 


Sındırmayın bir budağı, əyməyin,

 Ucaldıqca özünüzü öyməyin. 

Toxunmayın, tərpətməyin, dəyməyin, 

Mən başımı öz sinəmə qoymuşam.



HAMI GETDİ


Ayrılığın yenə düşdüm sehrinə, 

Bu həsrətin vüsalına tən qayıt! 

Qayıt bizi Yaradanın xətrinə, 

Hamı getdi, heç olmasa sən qayıt! 


Mən bu eşqi toplayıram, çıxıram, 

Təmiz eşqin qarşısında çoxu ram. 

İtirdikcə itirməkdən qorxuram, 

Hamı getdi, heç olmasa sən qayıt! 


Ümidlərim selə düşdü yağışda, 

bir gün gördüm, nə yayda var, nə qışda. 

Getdi hamı, getdi qohum-tanış da, 

Hamı getdi, heç olmasa sən qayıt! 


Bu dünya bir dəniz oldu, mən ada, 

Gəlməsən də, barı hərdən sal yada. 

Bu gəlimli, bu gedimli dünyada 

Hamı getdi, heç olmasa, sən qayıt!




YARDIMLININ DAĞLARI

 

Gözüm gördü, təbim coşub çağladı, 

Bir cənnətdir Yardımlının dağları. 

Yaddaşımda gözəlliklər saxladı, 

Bir cənnətdir Yardımlının dağları. 


Dağlarının ətəyində meşəsi, 

Qəlbə dolur təbiətin nəşəsi. 

Göz oxşayır hər bucağı, guşəsi 

Bir cənnətdir Yardımlının dağları.

 

Göy üzünə ucalıbdır Savalan, 

Dəli könül, bax bu sehrə, havalan. 

Al günəşdən işıq alan, nur alan 

Bir cənnətdir Yardımlının dağları. 


O dağları cana şəfa biləsən, 

Ürəyindən nə dərdin var, siləsən. 

Qalan ömrü köçüb orda sürəsən, 

Bir cənnətdir Yardımlının dağları.



QALMADI. 


Qəmdi ömrümə qatdığı 

Ayrılıqdı yaşatdığı. 

Fələyin mənə atdığı 

Bu dünyada daş qalmadı. 


Haydı haqqa oyaqlarım, 

Haqq yolunda dayaqlarım, 

Güclə gedir ayaqlarım, 

Boynum üstə baş qalmadı. 


Köç eylədi ahım dağa, 

Qaldım hamıya yanmağa. 

Öz dərdimə ağlamağa 

Gözlərimdə, yaş qalmadı.


AY ADAM 


Bəlkə bir az ətrafına baxasan, 

Ay ömründə qış görməyən yay adam. 

Tələsirsən sərvətini yığmağa, 

Axı hara tələsirsən, ay adam? 


Süfrəndəki şahplovdur, kababdır, 

Kasıba da bir pay göndər savabdır. 

Hər əməlin o dünyada cavabdır, 

Axı hara tələsirsən, ay adam? 


Gələn hər kəs bir gün köçüb gedəcək, 

Tövbə etsən, Allah qəbul edəcək. 

Ayaq saxla, O yetimə sığal çək, 

Axı hara tələsirsən, ay adam? 


Elə bilmə dünya sənə qalandı, 

Dünya evi özü boyda yalandı. 

Hara getsən, əcəl zəngin çalandı 

Axı hara tələsirsən, ay adam?


 Cenub.az üçün tərtib etdi Əlizaman Baxış






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10