Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bölgəmizim yazarları


Yaşadığımız talış-cənub bölgəsi təkcə dəyərli alimləri, din xadimləri, ictimai xadimləri ilə yox, həm də ölkə miqyaslı yazarları ilə məşhurdur.

Hələ XIX əsrdən başlayaraq ölkəmizin bir çox şəhərlərində yaranan ədəbi məclislərdən biri də Lənkəran şəhərində şair Mirzə İsmayıl Qasirin rəhbərliyi ilə fəaliyyət göstərirdi. 

Zaman keçdikcə bu bölgədə daha çox yazıçı və şairlər tanınmağa başladı. XX əsrin ortalarında Əlisa Nicat, Şəkər Aslan, Mir Haşım Talışlı, Vaqif Hüsenov, Məmməd Kazım0 və başqaları kimi Respublikanın ədəbi mühitində tanınan və oxucuların rəğbətini qazanan bir çox ədəbiyyat adamları yetişmişdi. 

XX əsrin sonu, XXI əsrin əvvəllərində ədəbi mühit daha da genişləndi, yeni gənc qüvvələr ədəbiyyata gəldi. 

    Cenub.az saytı olaraq bölgəmizdə fəaliyyət göstərən yazıçı və şairlər haqqında silsilə yazıları və onların əsərlərindən nümunələri sizə təqdim edirik.

Bu silsilədən ilk yazımız qocaman şairimiz Xanəli Ağayev barədə olacaq.


Ağayev  Xanəli  Şirəli  oğlu  02  mart  1940- ci  ildə  Masallı  rayonun  Qızılavar   kəndində  anadan olmuşdur. 

1960 –65- ci  illərdə ADU- nun (indi BDU)  tarix fakültəsində oxuyub. 1958 –ci ildən  yerli  “Yeni həyat “   qəzetində , daha  sonra   respublika    qəzetlərində  - “Azərbaycan gəncləri,” “ Sovet  kəndi “, “Azərbaycan  pioneri”, “Ədəbiyyat  və  incəsənət” qəzetlərində , “Göyərçin“, “Məşəl”, “Şəfəq” jurnallarında, bir çox almanaxlarda dərc olunub. Azərbaycan və  Talış dillərində  şerlər yazır. Türkiyə  və  İranda   buraxılan  qəzet və almanaxlarda , Belarusiyada çıxan almanaxda  şerləri nəşr edilmişdir . 1962-ci ildə  Respublika gənc yazarların 4-cü  müşavirəsində iştirak  etmişdir. KİV- in Həmkarlar İttifaqının “Qızıl qələm” mükafatını almışdır. “Qaranquş  yuvası”, “Ox  vətən , vətən “ və sair 9 kitabı çap olunmuşdur, 2 kitabı nəşrə hazırlayır.

2011- ildən Masallıda  “Göy  qurşağı“ ədəbi məclisinin sədridir.

2003 – cü  ildən  AYB –nin  üzvüdür .

      


S U S M A Q    Q I Z I L   D E Y İ L  

                            “Danışmaq  gümüşdürsə,

                             Danışmamaq  qızıldır”.

                                                 Atalar  sözü.

Haqqımız  yeyildi  susduq, dinmədik,

Böhtanlar  deyildi  susduq, dinmədik.

Hərdənbir  danışdıq  gümüş  olmadı,

Üzlərdə  təbəssüm,  gülüş  olmadı.

Susduqca  məqamlar  bilindi  tamam,

Tarixdən  adımız  silindi  tamam.

Torpaqlar   talandı  biz  yenə  susduq,

Susduqca  düşmənə,  yada  uduzduq.

İkiyə  bölündük  gedərkən  duza,

Əyildik  qonşumuz   farsa,  urusa.

Eylə  ki  ayılıb  azca  qaşındıq,

Döyüldük, söküldük  tamam  daşındıq.

Məclislər   içində  susduq,  basıldıq,

Tarixə  lal  millət  kimi  yazıldıq.

Eylə  ki,  susmadıq  qələbə  çaldıq,

Qarabağ  mülkünü  qan  ilə  aldıq.

Danışdıq,  çevrildik  Babək, Həziyə,

İmzalar  ataraq  biz  ölməzliyə.

Susanın  heç  yerdə  qalmayır  izi,

Danış  ki,  tanısın  dünyalar  bizi.

Susmaq  üsul  deyil,  atam  balası,

Susmaq  qızıl  deyil,  atam  balası.

                              Xanəli  Tolış.

                               11. 07. 2023


    A Z Ə R B A Y C A N    Ə S G Ə R İ  


Axan  Şəhid  qanı  ilə  buz  yerindən  dəbərdi,

Mənəm- mənəm  deyən  düşmən  əllərinlə  gəbərdi.

Hər  gün  bizə   çatan  xəbər  ürəkaçan  xəbərdi,

Xəbərinə  qurban  olum , Azərbaycan  əsgəri.


Neçə  dəfə  faşistləri  saldın   ölüm  bəndinə,

Heyran  oldu  dünya  tamam  səriştənə,  fəndinə.

Ağlın  ilə, qanın  ilə  alınmış  hər  kəndinə,

Şəhərinə  qurban  olum,  Azərbaycan  əsgəri.



Qalammadı  xalqın,  elin  bu  işğala  biganə,

Od  vuruldu  Qara  keşiş  əkən  qara  tikana.

Öndə  gedən  Baş  Komandan  yeganədir  yeganə,

Öndərinə   qurban  olum , Azərbaycan  əsgəri. 


“Qarabağı  azad  edək!”-  deyib  ellər  bir  oldu.

Şuşa  necə  xilas  oldu  dünya  üçün  sirr  oldu,

Şəhid  qanı  müqəddəsdir,  torpağımız  pir  oldu,

Pirlərinə  qurban  olum , Azərbaycan  əsgəri.


Aldıq  geri  səfalı  yurd  Kəlbəcəri, Laçını,

Qucaqladıq   Bərgüşadı,  Həkərini, Xaçını.

Unutdurdun   millətinə  min  bir  ağrı- acını,

Zəfərinə  qurban  olum,  Azərbaycan  əsgəri.


Dünya  üzrə  Murov  qədər  uca  oldu  başımız,

Gözümüzə  işıq  gəldi,  dondu  həsrət  yaşımız.

44  günə  təmizləndi   torpağımız,  daşımız,

Hünərinə  qurban  olum,  Azərbaycan  əsgəri.


Azad  etdin   Cəbrayılı, Fizulini,  Ağdamı,

Zəngilanda,  Qubadlıda   görmədin  bir   sağ  damı.

Viran  olmuş  Vətən  məgər  yazılmışdı  baxtamı?

Təpərinə  qurban  olum,  Azərbaycan  əsgəri.


Dəmir  yumruq  birliyindən  qorxub  qaçan  sara  bax,

Belə  zəfər  harda  olub,  tarixləri  ara,  bax.

Yeni  tarix  yazdın  adı “ Fəthi- mülkü  Qrabağ”,

Əsərinə  qurban  olum,   Azərbaycan  əsgəri.

Rəhbərinə   qurban  olum,  Azərbaycan  əsgəri.  


           12.12. 2020.-  06. 06. 2021. 




 SARI MƏNİ

       (Nəğmə)


Qoyma bir an yata gözüm,

At oynatsın yad, a gözüm,

Görsən, baxır yada gözüm.

Çək özünə sarı məni.  (1) 


Məhəbbəti ağlım əkər,

Yozarlarmı ağlı məgər?

Çıxsa başdan ağlım əgər,

Tellərinlə sarı məni. (2) 


Qoyma, gülüm, gül üşünə,

Xal düşməsin gül işinə,

Edib hədəf gülüşünə,

Az lağ edib sarı məni. (3) 


Qəlbimə yaz yaza-yaza,

Bəxtim qəmi aza yaza,

Sal qəlbimi az ayaza,

Bürüməsin sarı məni. (4) 

                            

Sarı tapdı yaxşı sona,

Yetişmədi Yaxşısına, (5)

Xanəlini yaxşı sına,

Hesab elə Sarı məni.  (6) 


 (1) tərəf, səmt 

(2) sarımaq, dolamaq

(3) ələ salmaq 

(4) rəng

(5) Sarı Aşığın sevgilisi

 (6) Sarı Aşıq

  

A Z Ə R B A Y C A N     B A Y R A Ğ I N I 

    

Cəsur  Ali  Baş  Komandan,

Haqq  əmrini  verən  andan.

Üstün  tutduq  şirin  candan,

Azərbaycan  bayrağını.


Coşdu  xalğın  milli  qanı,

Doğdu  yurdun  Qızıl  danı.

Aç  gözünü,  dünya,  tanı,

Azərbaycan  bayrağını.


Hər  səbrimiz  çatdı  sona,

Dağdan  dağa  qona -qona.

Qaldırmışıq  Murovuna,

Azərbaycan  bayrağını.


Tanınırıq  dörd  bir yanda:

Günbatanda, Gündoğanda.

Sevdi  Tahir  Ərdoğan da,

Azərbaycan  bayrağını.


Alqış  Talış  balasına,

Fəxrdir  el- obasına. 

Taxtı  Şuşa  qalasına,

Azərbaycan  bayrağını.

                     Xanəli   Tolış.

                    08.  11.  2020.    


   AZƏRBAYCAN


Qəlbi dağlar-uca başın,2

Sıx meşələr-qartal qaşın.


Xəzər, Göygöl-görən gözün,

Şirvan, Muğan, Mil–saf üzün.


Qarabağın-yanar közün,

Şəlalələr-nəğmə, sözün.


Kürlə Araz-şah damarın,

Açıb sənə cüt qolların.


Gəncə, Bakı-vuran qəlbin,

Yeni dünya quran qəlbin.


Azərbaycan - nadir ölkəm,

Zəfərlərə qadir ölkəm!

19 . 10 . 2019 . ci  il 


 Tərtib edən Əlizaman Baxış  






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10