Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

BÖLGƏMİZİN YAZARLARI - 6-cı yazı. Şahid Astaralı. Astara


Vay o gündən düşə dara,

Arvad gəzə, pul axtara.

Yazıq şair üzüqara,

Görən varmı ki, sağ çıxır?

Ciblərimdən varaq çıxır.

            Şahid Astaralı


Hələ XIX əsrdən başlayaraq ölkəmizin bir çox şəhərlərində yaranan ədəbi məclislərdən biri də Lənkəran şəhərində şair Mirzə İsmayıl Qasirin rəhbərliyi ilə fəaliyyət göstərirdi. 

Zaman keçdikcə bu bölgədə daha çox yazıçı və şairlər tanınmağa başladı. XX əsrin ortalarında Əlisa Nicat, Şəkər Aslan, Məmmədhüseyn Əliyev, Mir Haşım Talışlı, Vaqif Hüsenov, Məmməd Kazım, Ayaz Vəfalı və başqaları kimi Respublikanın ədəbi mühitində tanınan və oxucuların rəğbətini qazanan bir çox ədəbiyyat adamları yetişmişdi. 

XX əsrin sonu, XXI əsrin əvvəllərində ədəbi mühit daha da genişləndi, yeni gənc qüvvələr ədəbiyyata gəldi. 

        Cenub.az saytı olaraq bölgəmizdə fəaliyyət göstərən yazıçı və şairlər haqqında silsilə yazıları və onların əsərlərindən nümunələri sizə təqdim edirik.

Bu vaxt qədər Xanəli Ağayev (Masallı), Ruhiyyə Abbaszadə (Cəlilabad) və Xanlar Həmidin (Lerik), Ziya Dilsuzun (Lənkəran), Rəna Əlisaqızının (Masallı) şeirlərini sizə təqdim etmişik.

Linklər burada: 

Xanəli Toloş

Ruqiyyə Abbaszadə

Xanlar Həmid

Ziya Dilsuz

Rəna Əlisaqızı


Bu silsilədən növbəti  qonağımız  Şahid Astaralıdır (Astara).

Şahid Astaralı (Cövziyev Şahid Mahmud oğlu) 1969-cu ildə Astara şəhərində anadan olmuşdur. Sonralar  Bakı Plan İqtisad Texnikumunuı bitirmişdir. Müxtəlif müəssisələrdə mühasib iləmişdir .

     Poeziyaya həvəs hələ gənc yaşlarından başlayıb. Şeirləri müxtəlif mətbu orqanlarında - "Astara",  "Odlar yurdu",  "Dodo" qəzetlərində, "Ulduz", "Şəfəq" və s. jurnallarda çap olunmuşdur. 

2023-cü ildə "Vətən həsrəti" kitabı işıq üzü görmüşdür.


VƏTƏN HƏSRƏTİ

Əyər qərib köçsəm, günün birində,

Gedin,  doğma yurdda haylayın məni.

Bölün misra-misra, ya sətir-sətir,

Vətən torpağına paylayın məni.


Külünglə torpağı qazıb yormayın,

Bəlkə köçəsiyəm dərin yarmayın.

Qiblə tərəfimi heç axtarmayın,

düz üzü vətənə siz qoyun məni.


Qalmadı xatirəm, qalmadı izim,

Bitdi cığırlarda, yollarda gözüm.

Sizə yalvarıram,  mən dizin-dizin,

Barı..Vətən deyib ağlayın məni.


Hicrandan od tutar üstümdə daşlar,

Söndürməz nə çovğun, nə də yağışlar.

Siz ey, vətənimə köçəri quşlar,

Bir dimdik su alıb çiləyin məni.


AZƏRBAYCAN - TÜRKİYƏ

Düşsə belə qan donduran sazağa,

Dünya dönsə qarşısında tuzağa,

Nə fəlakət, nə hicran, nə qadağa,

Bölə bilməz bu milləti ikiyə,

Azərbaycan -Türkiyə!


Sınanmışıq, dar gününün dostuyuq,

Dost yolunda baş qoyarıq, biz buyuq.

Atatürkün, Heydər baba yurduyuq,

Salam olsun İstanbula, Bakıya,

Azərbaycan -Türkiyə!


Ay-ulduzdan sarayı var təxtində,

Ərdoğanı, İlhamı var bəxtində.

Ən ağrılı, ən kədərli vaxtında,

Daha möhkəm cilalanar, bərkiyər,

Azərbaycan -Türkiyə!.


Mübarizik, Pəncəliyik, biz nərik,

Bir harayla canımızdan keçərik.

Səcdə qılıb, torpağa and içərik

Qul olmarıq  bir loxmaya,tikəyə,

Azərbaycan -Türkiyə


O uludur, o qədimdir, qocadır,

Öyrətməndir, müəllimdir, hocadır.

Elə zirvə ... ucalardan ucadır,

Gələ bilməz nə ölçüyə, çəkiyə,

Azərbaycan -Türkiyə!


Ədalətin carçısıdır hər qolu,

Səadətin pak yoludur, haqq yolu.

Sıx birliyin, qardaşlığın simvolu,

Həm də tanrı bəxşişidir...hədiyyə,

Azərbaycan - Türkiyə!


VƏTƏN BOYDA ŞƏHİDLƏR


Cəsarətlə bu dünyanı mat qoyan,

Hər dillərə dastan olan, igidlər.

Bir ananın qucağında böyüyən,

Hərəsi bir vətən boyda şəhidlər.


Bir ocağa çırag olub yanarkən,

Min qaranlıq zülmətlərə doldunuz.

Bir sevginin etibarı olarkən,

Milyonların xilaskarı oldunuz.


Haray çəkib döndünüz sərt tufana,

Gah da coşan təlatümlü dənizə.

Bəşəriyyət səcdə qılır, baş əyir,

O  müqəddəs, o pak olan ruhuza, 


Məkanınız nə bağça, nə bağ deyil,

Axtarmayın göylərin ağ atında.

Səma deyil, zirvə deyil, dağ deyil,

Laməkansız,  siz.. Allahın qatında.


Mübarizlər, şir Əlilər böyüyür,

Boyun başa, baş boyuna qısılmaz.

Nə qədər ki, Pəncəlilər böyüyür,

Bu Vətənin lay kürəyi basılmaz.


 Vurulmuşam qəhrəmanlar yurduma,

Torpağıma vücudumla bağlıyam.

Diz çökürəm rəşadətli orduma,

Nə yaxşı ki,  bu vətənin oğluyam.



CİBLƏRİMDƏN VARAQ ÇIXIR


Şeir yazan barmağımla,

Nə əkirəm,  quraq çıxır.

Əl gicişir, pul gəzirəm,

Ciblərimdən varaq çıxır.


Əlli illik dağı aşdım,

Qismətimlə mən barışdım.

Deyəsən, lap kasıblaşdım,

Yavaş-yavaş soraq çıxır.

Ciblərimdən varaq çıxır.


Qazan asıb qaynadıram,

Bir çimdik də duz atıram.

Hey qaşığı fırladıram,

Nə ət çıxır, nə yağ çıxır.

Ciblərimdən varaq çıxır.


Ya bərbər ol, ya sürücü,

Ya dülgər ol, ya hörücü,

Verməginən  şeirə gücü,

Şeirdən nə maraq çıxır?

Ciblərimdən varaq çıxır.


Fələyin tərs qanunu var,

Kələkbazdır, oyunu var.

Birinin yüz milyonu var,

Yüzündə bir daraq çıxır,

Ciblərimdən varaq çıxır.


Vay o gündən düşə dara,

Arvad gəzə, pul axtara.

Yazıq şair üzüqara,

Görən varmı ki, sağ çıxır?

Ciblərimdən varaq çıxır.


Min hiylə, min kələk çıxa,

Ələməyə ələk çıxa.

Hər deşikdən mələk çıxa,

Mənə üzdən iraq çıxır,

Ciblərimdən varaq çıxır.


Şahidəm, nə ləl, nə dürəm,

Ağladıram güldürürəm,

Tamahımı öldürürəm,

Şeirlərim də çağ çıxır,

Ciblərimdən  varaq çıxır.


Cenub.az saytı üçün tərtib etdi Əlizaman Baxış






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10