Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

CƏNUB BÖLGƏSİNİN YAZARLARI - 4-cü yazı. Lənkəran. Ziya Dilsuz


Hələ XIX əsrdən başlayaraq ölkəmizin bir çox şəhərlərində yaranan ədəbi məclislərdən biri də Lənkəran şəhərində şair Mirzə İsmayıl Qasirin rəhbərliyi ilə fəaliyyət göstərirdi. 

Zaman keçdikcə bu bölgədə daha çox yazıçı və şairlər tanınmağa başladı. XX əsrin ortalarında Əlisa Nicat, Şəkər Aslan, Mir Haşım Talışlı, Vaqif Hüsenov, Məmməd Kazım və başqaları kimi Respublikanın ədəbi mühitində tanınan və oxucuların rəğbətini qazanan bir çox ədəbiyyat adamları yetişmişdi. 

XX əsrin sonu, XXI əsrin əvvəllərində ədəbi mühit daha da genişləndi, yeni gənc qüvvələr ədəbiyyata gəldi. 

    Cenub.az saytı olaraq bölgəmizdə fəaliyyət göstərən yazıçı və şairlər haqqında silsilə yazıları və onların əsərlərindən nümunələri sizə təqdim edirik.

Bu vaxt qədər Xanəli Ağayev (Masallı), Ruhiyyə Abbaszadə (Cəlilabad) və Xanlar Həmidin (Lerik) şeirlərini sizə təqdim etmişik.

Linklər burada: 

Xanəli Toloş

Ruqiyyə Abbaszadə

Xanlar Həmid


Bu silsilədən növbəti  qonağımız  ZİYA DİLSUZdur (Lənkəran).

Ziya Dilsuz (Ziya Şadulla oğlu Fətullayev) 1990-cı ildə Lənkəran rayonunun Osakücə kəndində anadan olmuşdur. İ. Hüseynov adına Osakücə kənd tam orta məktəbini bitirmişdir. “Naxçıvan” Universitetini bitirmişdir. İxtisasca filoloqdur. "Sənazlığı", "Sevməyin düsturu" və "Ayrılıq və Nöqtə" kitablarının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 



BELƏDİR


Bu dünya səhmana salınmaz heç cür,

Ha de ölçü belə, nizam belədir.

Dünənin, bu günün dünyası deyil,

Milyon ildir, edir davam, belədir. 


Dədədən-babadan qalıb halallıq, 

Kişilərdən ötrü olub halallıq. 

Haramzadələrdən alıb halallıq, 

Sonra da deyirlər haram belədir. 


Adam istəyir ki, birdən yox ola, 

Nə fərqi ac ola, ya da tox ola. 

Bağ da o bağ deyil, ərik çox ola,

Ərik belədirsə, salam belədir. 


Kimi tələsməyə bəzən yubanır,

Şübhə varsa, çoxu bildiyin danır. 

Kiçiklər, alçaqlar axı nə qanır,

Böyüklük, ucalıq - məqam belədir. 


Götürsən çəkdiyi dərdi belindən, 

Quru "sağ ol" çıxmaz zəhər dilindən. 

Ayağından çəkər, tutsan əlindən, 

Təəccüb eləmə, adam belədir. 


Ta ağıllı fikir ağlına gəlmir, 

Özüntək özgəsi ağlına gülmür. 

Nə qədər danışım...

heç nə düzəlmir, 

Mən də susacağam, madam belədir.


QONŞUDA QIZ DA YOX, GEDİB ALASAN


Vallah, heç kim bilmir nələr çəkmişəm, 

Hər gözəl əlindən, göyçək əlindən. 

Burdan unuduram, ordan sevirəm, 

Mən girinc olmuşam ürək əlindən.


Birinin xoşuna gəlməz geyimin, 

Biri də bəyənməz qara qaşını.

Arada neçə il fərq vardı deyə, 

Biri də bəhanə edər yaşını.


Vurma cədvəlini hələ tam bilmir, 

Deyir, gələcəkdə müəllim olacaq. 

İndi ərə gedən vaxtı deyilmiş, 

Guya da oxuyub alim olacaq.


Ya özün bir ömür gözləyəcəksən, 

Ya da ki məcbursan, tənha qalasan. 

Bütün bu qızların acığına sən

Qonşuda qız da yox, gedib alasan.


ÇƏKİNİR


Kimi hiylə qorxmaz edir, 

Kimi

Doğru, düzündən çəkinir. 

Çox çətindir ömür yolu,

Yolçu

Yorğun dizindən çəkinir. 


Anlayarıq da axır ki... 

Dilindən sözlər çıxar ki... 

Sözün bir qüdrəti var ki! 

Şair

Ən çox sözündən çəkinir. 


Gözün yadı pusmağı var, 

Səsə qulaq asmağı var.

Bunun görüb susmağı var, 

Yazıq

Kor da gözündən çəkinir. 


Kimə neçə günah düşür? 

Bir an dilindən ah düşür? 

Arxasıyca Allah düşür, 

Gedən

Ləpir, izindən çəkinir. 


Gündə əzil, gündə döyül, 

Yenə ölməz Haqqa meyil. 

Əslində, özgədən deyil, 

Hamı

Elə özündən çəkinir.



QƏZƏL


Könlüm o yarın həsrətinə dözdümü? Əla! 

Eşqiylə bütün aləmi tək gəzdimi? Əla! 


Allah verəcəkmiş onun hər əcrini ancaq,

Bel bağlamadı, bəndədən əl üzdümü? Əla! 


Tək istədiyi ali gözəllikdi - tovuztək,

Məcbur ola, yad sevgisinə bezdimi? Əla! 


Mən zövq alaraq eşq(i)də israrlı olarkən, 

"Yox, yox" deyərək daim özün əzdimi? Əla! 


Məcnun sayağı gördüyünə aşiq olanlar

Dilsuz kimi müşküllərini çözdümü? Əla!




SUAL ALTINDA


Nə əcəb bilmirik bu günümüzdə,

Nələr var çəkilən sığal altında.

Göz görə-görə də dəfn olunur, 

Yetim ümidləri qoğal altında. 


Ölənə bəs qədər ağlayıblarmı? 

Qalanı yerində yoxlayıblarmı? 

Əl çəkmir ki çəkmir, bağlayıblarmı

İtin balasını motal altında? 


Haqqı gördüsə də göz, danışmadın, 

Heç zaman özündən söz danışmadın. 

Əyri də oturub düz danışmadın, 

Haram at oynadır halal altında. 


And içər imana, and içər dinə, 

Zərrəcə yazığı gəlməz ki sənə. 

Hamını aldatmaq dayanır yenə,

Əlli cür məsələ-misal altında. 


Enmədin həyatın dərinliyinə, 

Sevinmə payızın sərinliyinə. 

Aldanma keçici şirinliyinə,

Ayrılıq gizlənib vüsal altında. 


Dəmiri isti döy, dəmirçi adam, 

Düzəlt bu dünyanı, təmirçi adam. 

Ay ömrünü sürən - ömürçü adam, 

Cavab gizlədirsən sual altında.


Cenub.az üçün tərtib etdi Əlizaman Baxış






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10