Əvvəlki yazıların linkləri burada:
(Xanəli Ağayev, Ruhiyyə Abbaszadə)
Yaşadığımız talış-cənub bölgəsi təkcə dəyərli alimləri, din xadimləri, ictimai xadimləri ilə yox, həm də ölkə miqyaslı yazarları ilə məşhurdur.
Hələ XIX əsrdən başlayaraq ölkəmizin bir çox şəhərlərində yaranan ədəbi məclislərdən biri də Lənkəran şəhərində şair Mirzə İsmayıl Qasirin rəhbərliyi ilə fəaliyyət göstərirdi.
Zaman keçdikcə bu bölgədə daha çox yazıçı və şairlər tanınmağa başladı. XX əsrin ortalarında Əlisa Nicat, Şəkər Aslan, Mir Haşım Talışlı, Vaqif Hüsenov, Məmməd Kazım və başqaları kimi Respublikanın ədəbi mühitində tanınan və oxucuların rəğbətini qazanan bir çox ədəbiyyat adamları yetişmişdi.
XX əsrin sonu, XXI əsrin əvvəllərində ədəbi mühit daha da genişləndi, yeni gənc qüvvələr ədəbiyyata gəldi.
Cenub.az saytı olaraq bölgəmizdə fəaliyyət göstərən yazıçı və şairlər haqqında silsilə yazıları və onların əsərlərindən nümunələri sizə təqdim edirik.
Bu vaxta qədər Masallıdan Xanəli Ağayevin, Cəlilabaddan isə Ruhiyyə Abbaszadənin şeirlərini təqdim etmişik.
Bu silsilədən növbəti yazımız şair Xanlar Həmid barədə olacaq.
“Cənub bölgəinin yazarları” səhifəsinin aparıcısı Əlizaman Baxış
XANLAR HƏMİD 1954-cü ildə Lerik rayonunun Çayrud kəndində anadan olub. N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib.
1984- cü ildə " Yazıçı" nəşriyyatının buraxdığı "Yeni səslər" ədəbi almanaxında şeirləri çap olunub.
1990- cı ildə "Yazıçı" nəşriyyatı şairin "Bir ovuc torpaq" adlı şeirlər kitabını oxuculara təqdim edib. 1994- cü ildə " Babək Xürrəmi", 2003- cü ildə "Təki məni duyan olsun", 2011-ci ildə "Bir sevgidən doğulan", 2022-ci ildə "Darıxan sevgilər" kitabları çap olunub. Bu kitablarda müxtəlif şeirlərlə birlikdə "Qiymət", "Savalan" kimi poemaları, "Babək Xürrəmi", Zərdüşt peyğəmbər", "İmam Hüseyn" kimi mənzum faciələr işıq üzünü görüb.
Azərbaycan ictimai, dini, fəlsəfi fikir tarixində xüsusi yeri olan "Avesta yəştləri" və "Avesta Videvdatı" kitablarını tərcümə edib Azərbaycan dilində oxucuların müzakirəsinə təqdim edib.
Şairin " Ana yurdum Azərbaycan" şeiri 2020-ci il Respublika "Xarı bülbül" müsabiqəsinin qalibidir. Şair 2023- cü ildə ədəbiyyat üzrə Prezident təqaüdünə layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
“Bölgəmizim yazarlarırubrikasının redaktoru ağsaqqal yazarımız Əlizaman Baxışdır.
VƏTƏN
Nə gəldi başına, bizlərə bəlli,
Otuz il sürgünə sürüldün, Vətən!
Sənin qayıdışın bizə təsəlli,
Şəhidin qanından dirildin, Vətən!
Haqqın üzülmüşdü ayağı yerdən,
Yolun kəsilmişdi Araza Kürdən,
Ruhun vulkan kimi püskürdü birdən,
Zəfər günəşindən nur aldın, Vətən!
Çəkdin çəkdiyini namusla, arla,
Yudun ürəyini yağışla, qarla,
Baxırsan dünyaya, indi vüqarla,
İgidin qəlbində hürr oldun, Vətən!
Hayqırdın, yayıldı səsin dörd yana,
Şuşa bizimkidir,- dedi hər ana,
Dağ dağa söykəndi, insan insana,
Canım Qarabağda bir oldun, Vətən!
Sevən könüllərin sənsən Leylası,
Şairin, çobanın ana laylası,
Lalə köynəyində şəhid balası,
Məzarı başında pir oldun, Vətən!
SƏNİ UNUTMAĞA GƏLDİM
Mən də bu sevgiyə gəldim,
Məcnununu bilə- bilə.
Öl deyib, ölməyə gəldim,
Haydı canım, gülə- gülə.
Nə qədər xoşbəxt xəyalın,
Ruhumun sancı yerində.
Nəqş oldu hüsnü- kamalın,
Oxunun acı yerində.
Yaş dilənir gözüm məndən,
O nöqtədən icazə yox.
İslandı eşqin köynəyi,
Mənə gələn bir cəza yox.
Bəlkə mənim deyildi heç,
Yol alıb bu dağa gəldim.
Mən də eşqə tamah salıb,
Səni unutmağa gəldim.
YAŞLI SEVGİSİ
Bu yaşlı sevgisi bir az utancaq,
Elə bil həyanın tərindən gəlir.
Onun əllərində könlüm oyuncaq,
Ağsaçlı dağından, dərindən gəlir.
Açmaz qollarını cavanlıq kimi,
Yandırır içini ədəbin şamı.
Taleyin hökmümü, deyə bilmərəm,
Gəlibdir önümə fələyin camı.
Bu gün səni gördüm , nə oldu birdən,
Adını unutdum, məni bağışla.
Nə deyim, a canım, sənə mərhəba,
Sildin gözlərimi ilıq baxışla.
Bu yaşlı sevgisi bir az ümidsiz,
Qırışan üzündə bu sonu sevdim.
Bu yaşlı sevgisi öyüd götürməz,
O, məni qınayır, mən onu sevdim.
İLAHİ, ANAMI MƏNDƏN İSTƏMƏ!
Anamı özünə anamı etdin?
İlahi, anamı məndən istəmə.
Al mənim canımı, verərəm sənə,
O üzü Leylanı məndən istəmə.
İlahi, anamı məndən istəmə!
İlahi, o qədər fəna deyilsən,
Sən hər zaman məndən yana deyilsən,
Ata misallısan, ana deyilsən,
O üzü Leylanı məndən istəmə.
İlahi, anamı məndən istəmə!
Duzunu canıma səpə bilmədim,
Doyunca üzündən öpə bilmədim,
Atdım illərimi çöpə, bilmədim,
O üzü Leylanı məndən istəmə.
İlahi, anamı məndən istəmə!
Sənin ki göylərdə yerin rahatdır,
Cavanın rahatdır, pirin rahatdır,
İşığa həsrətdə korun rahatdır,
O üzü Leylanı məndən istəmə.
İlahi, anamı məndən istəmə!
Anasız mən deyib gülə bilmərəm,
Anamı səninlə bölən bilmərəm,
Sənin dizlərində ölə bilmərəm,
O üzü Leylanı məndən istəmə.
İlahi, anamı məndən istəmə!
BİLMƏDİK
Xudam bu aləmi elə qurubdur,
Nəyə pərdə çəkib, bilə bilmədik.
Çiçəklər ağladı məzarlar üstə,
Verdik acımızı gülə, bilmədik.
Bilmədik Allahın özü nədəndir,
Cəhənnəm odunun közü nədəndir,
Bilmədik şeytanın sözü nədəndir,
Verdik ömrümüzü yelə, bilmədik.
Göylərin əlində həna qalıbdır,
Mələklər hələ də sona qalıbdır,
Biz kimik, nəçiyik, ona qalıbdır,
Olduq nəfsimizə kölə, bilmədik.
Gizlindi, pünhandı, yolu keçilməz,
Əbədi olandı, taxtı uçulmaz
Ölümdən bu yana sirri açılmaz,
Ölümdən o yana ölə bilmədik.
YOXLUĞUNA DAŞ ATDIM
Necə açdın qanadını
Bu sevginin həsrətinə.
Gözlərimdə yer istədin,
Çarpdın eşqin möhnətinə.
Dumanda azdın deyəsən,
Əməlli günə düşmədin.
Canını üzdüm deyəsən,
Gözlərim sənə düşmədi.
Gözlərimin göy zəmisi,
Sənin yağışın orada.
Gözlərim Nuhun gəmisi,
Sənin nə işin orada.
Bilmirəm nə cavab verim,
Deyirəm sus, gözlərimə.
Yoxluğuna nə daş atdım,
Düşdü əfsus gözlərimə.
Cenub.az