Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bölgəmizin yazarları - 5-ci yazı. Masallı. Rəna Əlisaqızı


Xan nənəmin adı gəldi, karıxdım,

Noğul-nabat sovqatıyçün darxdım,

Təndirbaşı külçəsinə hey baxdım,   

Zəfəranlı külçəsini yağladım, 

Yuxularda bu taya pay saxladım.

Rəna Əlisaqızı

Hələ XIX əsrdən başlayaraq ölkəmizin bir çox şəhərlərində yaranan ədəbi məclislərdən biri də Lənkəran şəhərində şair Mirzə İsmayıl Qasirin rəhbərliyi ilə fəaliyyət göstərirdi. 

Zaman keçdikcə bu bölgədə daha çox yazıçı və şairlər tanınmağa başladı. XX əsrin ortalarında Əlisa Nicat, Şəkər Aslan, Mir Haşım Talışlı, Vaqif Hüsenov, Məmməd Kazım və başqaları kimi Respublikanın ədəbi mühitində tanınan və oxucuların rəğbətini qazanan bir çox ədəbiyyat adamları yetişmişdi. 

XX əsrin sonu, XXI əsrin əvvəllərində ədəbi mühit daha da genişləndi, yeni gənc qüvvələr ədəbiyyata gəldi. 

    Cenub.az saytı olaraq bölgəmizdə fəaliyyət göstərən yazıçı və şairlər haqqında silsilə yazıları və onların əsərlərindən nümunələri sizə təqdim edirik.

Bu vaxt qədər Xanəli Ağayev (Masallı), Ruhiyyə Abbaszadə (Cəlilabad) və Xanlar Həmidin (Lerik), Ziya Dilsuzun (Lənkəran) şeirlərini sizə təqdim etmişik.

Linklər burada: 

Xanəli Toloş

Ruqiyyə Abbaszadə

Xanlar Həmid

Ziya Dilsuz

Bu silsilədən növbəti  qonağımız  RƏNA ƏLİSAQIZIdır (Masallı).


Rəna Əlisaqızı  1956-cı il ildə Masallı rayonunun Kalinovka (indi Viləş) kəndində anadan olmuşdur. 1976-cı ildə LənkəranTibb Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. Orta məktəb illərindən bədii yaradıcılıqla məşğul olub. Respublikada nəşr olunan dövrü mətbuatda, almanaxlarda, qəzet və jurnallarda şeir, qəzəl, mənsur və satirik şerlər, bayatılar, hekayə və poemaları dərc olunmuşdur. “Göyqurşağı” ədəbi-bədii məclisinin fəal üzvüdür.

 “Masallının söz çələngi” və  “Xəzinə” antalogiyalarında, “Şəfəq” dərgisində, “Yurd sevgisi”, “Yeni həyat”, “Talisman”, Cənubi Azərbaycanda nəşr olunan "Mehr Azadi" qəzetlərində və  sair mətbu orqanlarda öz yaradıcılığı ilə mütəmadi çıxış etmişdir. 5 şeirinə mahnı bəstələnib. 

“Ata ocağı”, “Oxu ürəyimi sən vərəq-vərəq”, “Doğma yurdum Kalinovka”, “ Bir xatunun sorağında”, “Qatardan tapılan qız”, “Dedin, mənə şeir yaz”  kitablarının müəllifidir.  Növbəti kitab üzərində çalışır. 

“Qızılqələm”, “Xanqızı Natəvan”, “Şəfalı əllər” media mükafatlarına, “Qafqaz-Media” İB-nın təsis etdiyi “Heydər Zirvəsi” diplomlarına layiq görülmüşdür.  


MƏKANIMDIR, CƏNNƏTİMDİR MASALLI


Möcüzədir göydə bulud tacları,

Piranidir bizim Talış dağları,

Xoş növraqlı, güllü bahar çağları,

Məkanımdır, cənnətimdir Masallı.


Gün əridər dağların qar papağın,

Canlandırar düzü, meşə zolağın,

Xəzinədir, bərəkətli torpağın,

Məkanımdır, cənnətimdir Masallı.


Dağlarındır əlçatmayan, sıldırım,

Başı üstə at oynadar ildırım,

Qılınc çəkib, hayqırar Bayandurum

Məkanımdır, cənnətimdir Masallı.


Nümunədir elin ədəb-ərkanı,

Dillərdədir ərənlərin ad-sanı,

Uzun ömür sürənlərin məkanı,

Məkanımdır, cənnətimdir Masallı.


Tay tutmaram "İsti su"yu heç yerə,

Əsrarəngiz gözəlliyi var belə,

Gəl qoynuna, zirvəsindən seyr elə,

Məkanımdır, cənnətimdir Masallı.


Qüdrətimdir, əvəzsizdir pərgəri,

"Meracdan"dır, "İsti su"yun zərgəri,

Dan sökülü eyləyəsən var-gəli,

Məkanımdır, cənnətimdir Masallı.


                 GƏLƏCƏK 


Pərişan olma könül, nə vaxtsa yarım gələcək,

Səbr eylə, agah edim qeydə qalanım, gələcək.


Yalvarırdım neçə vəqt, badi-səba yelinə mən,

O qarə zülflərini, üzə salanım, gələcək.


Çox rişxənd eylədilər, aşiqi-məşuqdu belə,

Yatmış bəxtim oyanıb, ruhi-rəvanım, gələcək.


Cahi-cənnət mələyi bənzərmi rəna -gülümə,

Mehri-meracdan enən, qönçə dəhanım, gələcək.


Yar fərağında yanıb, kül olub eşqin yuvası,

Məni qəflət oyadıb, könül alanım, gələcək.


Bağ-bağat bar yetirib, meyvəsi ənbər qoxulu,

Baharımla yol edib, bağda qalanım, gələcək.


Düşdü əğyar izimə, faş etdi pünhan eşqimi,

Çəkdi imtahanə məni, dedim:-gümanım, gələcək.


Xaliqim sevdi məni olmadım rüsvayi-cahan,

Oldum eşqin pərisi, cismi- cahanım, gələcək.


Ey könül, çəksən də belə eşqində cövri-cəfa,

Dedim, ahəstə dolan, halə yananım, gələcək.



HEYDƏR BABA


Heydərbaba, dörd yanımız tikandır,

Tikanların ucu iti yamandır,

Xəbərin yox məndən xeyli zamandır

Giley-güzar yara edib dilimi,

Dikəltməyə gücüm çatmır belimi.


Qurumlardan təmizləndi bacalar,

Yaz halvasın çaldı nənə-bacılar,

Nə faydası, əl cəkməyir acılar,

Uzaq getmir fələk bizlə çarpışır, 

Əqrəb təki yaxamızdan yapışır. 


Ovqatımız bu bayram da xar oldu, 

Neçə ocaq gözgörəti qor oldu, 

Mübarizlər, Poladlarım vuruldu, 

Üc min şəhid anaları sızlayır,

Bayram günü qara daş qucaqlayır.


Evlər gördüm bir urfalıq unu yox, 

Gileyliyəm, Heydər baba, sözüm çox.

Harınların süfrəsi bol, qarnı tox,

Şəhriyardan sormuş idim çarasın, 

Təmizləsin üzümüzün qarasın. 


Yüzillərdir o tay-bu tay deyirik, 

Qəm çəkməkdən usanırıq, bezirik,

Paşaların vədini həzm edirik, 

"Qara günün ömrü azdır," - dedilər,

Baş altına yastıq qoyub getdilər. 


Xan nənəmin adı gəldi, karıxdım,

Noğul-nabat sovqatıyçün darxdım,

Təndirbaşı külçəsinə hey baxdım,   

Zəfəranlı külçəsini yağladım, 

Yuxularda bu taya pay saxladım. 


Nədən oldu dərdlərimiz böylə tən, 

Üç yerə də bölünərmi bir Vətən?

Neçə-neçə ərənləri var itən,

Doğulubdur neçə şəhid balası,

Ürəyində atasızlıq yarası. 


Tirmə şallar, qara hicab olubdur, 

Şamlar küsüb, qara daşa qonubdur,

Sütül –sütul gəlinlərim solubdur, 

Qərənfillər qana batdı yendən, 

Bəxtlərinə məzar düşüb əzəldən. 


Ruzigarın yeli yaman baş alıb,

Xurcunmuz , çuvalımız boşalıb, 

Bu bayramda Kosamız çaş–baş qalıb,

At oynatdı erməninin darğası,

Yaraşarmı bizə bayram halvası?


Qara yara bu erməni tayfası,

Hələ qalıb torpağımda qisası, 

Unutmarıq üç min şəhidi, yası, 

Bir baxaydın sinəm oyma - oymadı,

Fələk bizlə çilingağac oynadı.


Heydərbaba,  qoy söyləyim mən açıq, 

İşlərimiz qalıb yenə yarımçıq, 

Rəna deyir, qurulmasın alaçıq, 

Şəhidlərim məzarlarda qocalar, 

Sevinərək düşmən bizdən bac alar.


Cenub.az üçün tərtib etdi Əlizaman Baxış






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10