Dünyanı xaraba qoyan da bizik,
Dünyanın gözünü oyan da bizik,
Dünyanın dərisin soyan da bizik,
Dünya düzələcək biz düzələndə.
Əlövsət Tahirli
BÖLGƏMİZİN YAZARLARI
Hələ XIX əsrdən başlayaraq ölkəmizin bir çox şəhərlərində yaranan ədəbi məclislərdən biri də Lənkəran şəhərində şair Mirzə İsmayıl Qasirin rəhbərliyi ilə fəaliyyət göstərirdi.
Zaman keçdikcə bu bölgədə daha çox yazıçı və şairlər tanınmağa başladı. XX əsrin ortalarında Əlisa Nicat, Şəkər Aslan, Məmmədhüseyn Əliyev, Mir Haşım Talışlı, Vaqif Hüseynov, Ayaz Vəfalı, Məmməd Kazım və başqaları kimi Respublikanın ədəbi mühitində tanınan və oxucuların rəğbətini qazanan bir çox ədəbiyyat adamları yetişmişdi.
XX əsrin sonu, XXI əsrin əvvəllərində ədəbi mühit daha da genişləndi, yeni gənc qüvvələr ədəbiyyata gəldi.
Cenub.az saytı olaraq bölgəmizdə fəaliyyət göstərən yazıçı və şairlər haqqında silsilə yazıları və onların əsərlərindən nümunələri sizə təqdim edirik.
Bu vaxta qədər Xanəli Ağayevin (Masallı), Ruhiyyə Abbaszadənin (Cəlilabad), Xanlar Həmidin (Lerik), Ziya Dilsuzun (Lənkəran), Rəna Əlisaqızının (Masallı), Şahid Cövziyevin (Astara), İqbal Nəhmətin (Yardımlı) şeirlərini sizə təqdim etmişik.
Linklər burada:
Bu silsilədən növbəti qonağımız Əlövsət Tahirlidir (Cəlilabad).
Əlövsət Tahirli1958-ci il oktyabr ayının 31-də Cəlilabad rayonunun Tahirli kəndində anadan olmuşdur. Bakı Plan-Uçot Texnikumunun məzunudur, ixtisasca mühasibdir. Yaradıcılığa gənc yaşlarından başlamış, “Yeni Gün”, “İcmal”, “Sözün işığı”, “Azad Qələm” qəzetlərində, eləcə də "Avrasiya antoloğiyası", "Zirvə", "Nəsimi", "Heydər Əliyev 100 ildə" və digər antologiyalarda şeirləri çap olunmuşdur. "Ürəyimdəsən hələ" kitabının müəllifidir.
QURBAN OLUM
Haydı, igid əsgər, bu Vətən sənin,
Yağını beşikdə boğ, qurban olum,
Hər canından keçən şəhid yerinə,
Düşmənin başında çax, qurban olum…
Səninlə döyünür köksümdə ürək,
Sənsən cəsarətdə yenilməz pələng.
Yağının gözünü ovasan gərək,
Eylə üzümüzü ağ, qurban olum.
Bitsin çəkdiyimiz bu ağrı, açı,
Bir də ağlamasın nə ana, baçı,
Xankəndi bu yurdun qızıldan taçı,
Bayrağın tacına tax, qurban olum.
ÜMİDİM QIŞA QALIB
Yalvarıb-yaxarmadım,
sən məni tərk edəndə.
Göz yaşımı görmədin,
üz çevirib gedəndə.
Ölmədim, ayrılığın
ürəyimi didəndə.
Ötdü bahar, yay belə,
ümüdüm qışa qaldı.
Bilmirəm hansı qüvvə,
səni məndın qopardı,
Hansı acı küləklər,
hansı səmtə apardı?
Bəlkə didərgin ruhum,
bir rahatlıq tapardı,
Deməsəydin gedəndə,
şəklimiz qoşa qaldı.
Çox baha başa gəldi,
səni dəli sanmağım.
Mən də düşüb inada,
sevdiyimi danmağım.
Ayrılığın buzunu
əritmədi yanmağım.
Çin olmayan arzular,
qara, yağışa qaldı.
NOLAR
Ovunmur, könlümün qübar çağıdır,
Gözümdə həsrətdir, sözüm ağıdır.
Sinəmdə kök salan hicran dağıdır,
Bu qərib könlümü ovundur, nolar…
Köksümdə qan verən yaranı bağla,
Oxşa tellərimi, halıma ağla.
Dalğalan dərya tək, çay kimi çağla,
Bu qərib könlümü ovundur, nolar.
Hay ver ki, həsrətin gözünü oyum,
Sən gələn yollara üzümü qoyum,
Danış şirin-şirin, səsini duyum,
Bu qərib könlümü ovundur, nolar.
20.08.2023.
SƏN OLMASAYDIN
Nə səpdimsə, dərd göyərdi,
Kim olsaydı, dərd əyərdi.
Bu dünya nəyə dəyərdi,
İçində sən olmasaydın?
Nə dam idi, nə saraydı,
Günüm əzəldən qaraydı.
Mən haraydım, eşq haraydı,
Məni məndən almasaydın?
Can qalmayıbdır bu canda,
Gözüm yox şöhrətdə, şanda,
Nəyim vardı biyabanda,
Məni dərdə salmasaydın?
Qara günlər ağ olardı,
Səhra dönüb bağ olardı,
Bəlkə, bu dərd sağalardı,
İlan kimi çalmasaydın.
DÜNYA NƏ VAXT DÜZƏLƏCƏK
Dünyanı xaraba qoyan da bizik,
Dünyanın gözünü oyan da bizik,
Dünyanın dərisin soyan da bizik,
Dünya düzələcək biz düzələndə.
Yeyirik malını, doymur gözümüz,
Qənim kəsilmişik, baxsan, özümüz.
Yalanla bəzənib doğru sözümüz,
Dünya düzələcək biz düzələndə.
Tamah güc gəlibdir, salıbdır dərdə,
Möhtac eyləmişik mərdi namərdə.
Urvat qalmayıbdır xeyirdə-şərdə,
Dünya düzələcək biz düzələndə.
Yoxdur ədalətlə tən bölən payın,
Zalım da eşitmir məzlum harayın.
Vallah, çıxarmışıq dünyanın zayın,
Dünya düzələcək biz düzələndə.
18.07 023.
QAŞLA GÖZÜN ARASINDA
Çoxla azın arasında,
Birlə yüzün arasında,
Qaşla ğözün arasında,
Xərcləyirik ömrümüzü.
Gecə-gündüz yolda üzür,
Ürək minbir dərdə dözür,
Ömrümüzü sapa düzür,
Külə dönür odu, közü.
Aldanırıq bilə-bilə,
Dünya adlı o gözələ.
Satır aya, satır ilə,
Hər vaxt cavan qalır özü.
Şah da, nökər də öləcək,
Kimlər kimlərə güləcək,
Bir gün haqq yiyəsi gələcək,
Seçəcək əyrini-düzü...
SƏN DƏ QAYIT, GƏL
Ay bahar ömrümdə itirdiyim qız,
Qış gəlib, qar yağıb, sən də qayıt, gəl!
Həsrətin gözümdə bitirdiyim qız,
Saçıma ələnən dəndə qayıt, gəl.
Sənsən bu könlümün ilk sevgi payı,
Günümün günəşi, gecəmin ayı.
Qoy duyan olmasın məndən savayı,
Dumanda, çiskində, çəndə qayıt, gəl.
Duysam nəfəsini, yanar od-ocaq,
İsinər köksümdə sənli künc-bucaq.
Hələ də yoluna açmışam qucaq,
Durma Əlövsətdən gendə, qayıt, gəl.
13.09.2023.
Almaniya, Norden.
YEYİRLƏR
Pozulubdur bu dünyanın düzümü,
Ağa qara, qaraya ağ deyirlər.
Tərəzinin haqqı çəkən gözünü
Görə-ğörə, bilə-bilə əyirlər.
Haqq deyilən cücərməyir, ha suvar,
Talayanlar süpürürlər nə ki var.
Yetim-yesir eyləsə də ahu-zar,
Yuxarıdan bölə-bölə yeyirlər.
Salan yoxdur bu milləti bir saya,
İnanmıram belə qöv(ü)m heç doya.
Nə insaf var, nə mürvət var, nə həya,
Salıb ələ, gülə-gülə yeyirlər.
Acgözlərin tamahının yox həddi,
Aşırıblar bütün səddi, sərhəddi,
Haramxorluq sağalmayan bir dərddi,
Xalq malına qurub tələ, yeyirlər.
Cenub.az saytı üçün tərtib etdi Əlizaman Baxış.