Təndir çörəyinin ətrinə dönün,
Bu kəndi yiyəsiz qoyub getməyin!
Qoca nənələrin xətrinə, dönün,
Bu kəndi yiyəsiz qoyub getməyin!
İqbal Nəhmət
Hələ XIX əsrdən başlayaraq ölkəmizin bir çox şəhərlərində yaranan ədəbi məclislərdən biri də Lənkəran şəhərində şair Mirzə İsmayıl Qasirin rəhbərliyi ilə fəaliyyət göstərirdi.
Zaman keçdikcə bu bölgədə daha çox yazıçı və şairlər tanınmağa başladı. XX əsrin ortalarında Əlisa Nicat, Şəkər Aslan, Məmmədhüseyn Əliyev, Mir Haşım Talışlı, Vaqif Hüseynov, Ayaz Vəfalı, Məmməd Kazım və başqaları kimi Respublikanın ədəbi mühitində tanınan və oxucuların rəğbətini qazanan bir çox ədəbiyyat adamları yetişmişdi.
XX əsrin sonu, XXI əsrin əvvəllərində ədəbi mühit daha da genişləndi, yeni gənc qüvvələr ədəbiyyata gəldi.
Cenub.az saytı olaraq bölgəmizdə fəaliyyət göstərən yazıçı və şairlər haqqında silsilə yazıları və onların əsərlərindən nümunələri sizə təqdim edirik.
Bu vaxta qədər Xanəli Ağayevin (Masallı), Ruhiyyə Abbaszadənin (Cəlilabad), Xanlar Həmidin (Lerik), Ziya Dilsuzun (Lənkəran), Rəna Əlisaqızının (Masallı), Şahid Cövziyevin (Astara) şeirlərini sizə təqdim etmişik.
Linklər burada:
Bu silsilədən növbəti qonağımız şair İQBAL NƏHMƏTDİR.
İQBAL NƏHMƏT (Nəhmətov) 1976-cı il noyabr ayının 3-də Yardımlı rayonunun Urakəran kəndində anadan olmuşdur. Şeirləri Respublikanın bir çox mətbu orqanlarında, həmçinin, “Ədəbiyyat”, Təbrizdə çıxan “Sancaq”, Yardımlı və ölkənin bir çox rayon qəzetlərində, “Azərbaycan”, “Sözün işığı”, “Ulduz”, “Şəfəq”, “Məhsəti” jurnallarında çap olunub. Bir neçə şeiri qardaş özbək xalqının dilinə çevrilərək Özbəkistan mətbuatında dərc olunub. Şeirlərinin sözlərinə mahnılar bəstələnib. “Gedirəm” şeirinə Ülvi Qılıncın bəstələdiyi mahnı dinləyicilərin çox sevdiyi musiqi parçasıdır.
4 kitab müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür. 2015-ci ildə keçirilən sosial sorğuya əsasən “İlin yazarı” seçilib.
BU KƏNDİ YİYƏSİZ QOYUB GETMƏYİN
Təndir çörəyinin ətrinə dönün,
Bu kəndi yiyəsiz qoyub getməyin!
Qoca nənələrin xətrinə, dönün,
Bu kəndi yiyəsiz qoyub getməyin!
Ağlayar o güllü beşikləriniz,
Darıxar eviniz-eşikləriniz,
Ac qalar itiniz, pişikləriniz,
Bu kəndi yiyəsiz qoyub getməyin!
Kəndin kənd ləzzəti, şəhərin şəhər,
Çalışır, dolanır hərə birtəhər.
Babanız şəhərdə yaşayıb məgər?
Bu kəndi yiyəsiz qoyub getməyin!
Gözəl xatirələr saxlayın, nolar,
Arada qayıdın, yoxlayın, nolar,
Qapını qıfılsız bağlayın nolar,
Bu kəndi yiyəsiz qoyub getməyin.
Yığışıb kişilər söz qoyardılar,
Elin qeyrətinə göz qoyardılar,
Ortaya cörəklə- duz qoyardılar,
Bu kəndi yiyəsiz qoyub getməyin!
Gün keçər qürbətin vədəsi dolar,
Yerində illərin ağrısı qalar,
Axı, hər gedişin qayıtması var,
Bu kəndi yiyəsiz qoyub getməyin!
Şəhərli şəhərdə, kəndli kəndində,
Tülküsü meşədə, toyuğu hində,
Bir az kənddə qalıb iman da,din də
Bu kəndi yiyəsiz qoyub getməyin!
TORPAĞIMA QARIŞMAĞA GƏLƏRSƏN...
Külək əsər, yağış yağar gün çıxar,
Bir alarsan əvəzinə min çıxar,
Əlbət, bir gün yuxuların çin çıxar,
Həqiqəti danışmağa gələrsən.
O dinləyən, sən oxuyan, mən yazan,
Qismətimi qismətinə tən yazan,
Qoy bu dəfə mən uduzum, sən qazan,
Son bir dəfə yarışmağa gələrsən.
Ömür zəhər, ya baldısa, deyəcəm,
Bilmədiyin nə qaldısa, deyəcəm,
Bu canımı kim aldısa, deyəcəm,
Yaşadınmı? Soruşmağa gələrsən.
Arzumuzu biçə-biçə ağladıq,
Döngə döndük, küçə-küçə ağladıq.
Bu dünyada küsə-küsə ağladıq,
O dünyada barışmağa gələrsən.
Xeyli vaxtdı, çevirmisən üzünü,
Əyrilərə calamısan düzünü,
Ölər olsam, çatdırmasan özünü,
Torpağıma qarışmağa gələrsən.
NƏ YAXŞI YADINA DÜŞMÜŞƏM SƏNİN...
Nə yaxşı yadına düşmüşəm sənin
Yadına düşdüyüm yadıma gəlmir.
Daha gözləmirəm məktublarını,
Ya da göndərirsən, adıma gəlmir.
Qısa rol oynadıq böyük səhnədə
Yaşanan hər şeyi tamaşa bildik,
Bəxti gətirməyən sarmaşıq kimi,
Biz ancaq tikana dolaşa bildik.
Əcəb yolun tapdıq nəfəs almağın,
Gör nələr boğuldu nəfəsimizdə.
Dünəni yaşaya bilmədik, heyif,
Sabaha qalmadı həvəsimiz də.
Nə yaxşı, yadına düşmüşəm sənin
Nə əcəb, bir anım ilişib səndə.
Mənə xatirələr bəs eləmişdi,
İndi nə olacaq biz görüşəndə.
Yadına düşmüşəm, sevindim buna,
Bir az da üzüldüm, çox yubanmısan.
Bizim tüstümüzü görən olmayıb,
Mən burda, sən isə orda yanmısan.
BİR ŞƏHİD ATASI AĞLAYIRDI...
Oğul bayrağa büküb, bala dağı görüblər,
Ağlamağa qoymayaq şəhid atalarını.
Cənnətin meyvəsini bu dünyada dəriblər,
Ağlamağa qoymayaq şəhid atalarını.
Hələ çoxumuz bilmir cığır hara, yol hara,
Hələ çoxumuz bilmir necə olurmuş yara.
Gedək ziyarət edək, ümid verək onlara,
Ağlamağa qoymayaq şəhid atalarını.
Torpağı qan içində, hara baxsaq, Vətəndir,
Çox unutqan oluruq, indi sən de, nədəndir?
Onları incidən kəs Allahı incidəndir,
Ağlamağa qoymayaq şəhid atalarını.
Şəhid oğlu göydədir, gözü dikilər yerə,
Nakam qalan arzusu gül tək əkilər yerə,
Ağlasa, göylər ağlar, qarğış tökülər yerə,
Ağlamağa qoymayaq şəhid atalarını.
Onlar bizdən nə istər, bir quru söz, bir salam,
Onlar baş tacımızdır, uca, əyilməz qalam!
Budur sizə deyirəm, adam olun, vəssalam!
Ağlamağa qoymayaq şəhid atalarını.
“Cenub.az” saytı üçün tərtib edən Əlizaman Baxış