Sənə nə etmişəm ki, səni sevməkdən başqa,
Nə demişəm, bilmirəm “can-can” deməkdən başqa,
Heç nə istəmirəm ki, mənə istəkdən başqa,
Bir gün öldürər məni zillətin, damla-damla.
Təbrizə Pünhan
BÖLGƏMİZİN YAZARLARI
Hələ XIX əsrdən başlayaraq ölkəmizin bir çox şəhərlərində yaranan ədəbi məclislərdən biri də Lənkəran şəhərində şair Mirzə İsmayıl Qasirin rəhbərliyi ilə fəaliyyət göstərirdi.
Zaman keçdikcə bu bölgədə daha çox yazıçı və şairlər tanınmağa başladı. XX əsrin ortalarında Əlisa Nicat, Şəkər Aslan, Məmmədhüseyn Əliyev, Mir Haşım Talışlı, Vaqif Hüseynov, Ayaz Vəfalı, Məmməd Kazım və başqaları kimi Respublikanın ədəbi mühitində tanınan və oxucuların rəğbətini qazanan bir çox ədəbiyyat adamları yetişmişdi.
XX əsrin sonu, XXI əsrin əvvəllərində ədəbi mühit daha da genişləndi, yeni gənc qüvvələr ədəbiyyata gəldi.
Cenub.az saytı olaraq bölgəmizdə fəaliyyət göstərən yazıçı və şairlər haqqında silsilə yazıları və onların əsərlərindən nümunələri sizə təqdim edirik.
Bu vaxta qədər Xanəli Ağayevin (Masallı), Ruhiyyə Abbaszadənin (Cəlilabad), Xanlar Həmidin (Lerik), Ziya Dilsuzun (Lənkəran), Rəna Əlisaqızının (Masallı), Şahid Astaralının (Astara), İqbal Nəhmətin (Yardımlı), Əlövsət Tahirlinin (Cəlilabad) şeirlərini sizə təqdim etmişik.
Linklər burada:
Bu silsilədən növbəti qonağımız Təbrizə Pünhandır (Astara).
Rəsulova Təbrizə Hüseyn qızı (Təbrizə Pünhan) 1960-cı ildə Astara rayonunun Şiyəkəran kəndində anadan olmuşdur. 1986-cı ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun ingilis-fransız dili fakültəsini bitirdikdən sonra Astara rayonunun Hamoşam və Toradi kəndlərində pedaqoji fəaliyyətə başlamışdır.
1986-1992-ci illərdə Astara Rayon Komsomol Komitəsinin katibi işləmişdir. 1992-ci ildən Astara rayonu Kijəbə qəsəbə tam orta məktəbində əvvəl müəllim, ardınca məktəbin direktoru kimi çalışmağa başlamışdır.
Şeirləri “Alov”, ”Yurd”, “Məşəl”, ”Astara”, “Azad qələm”, Ağsaqqal”, ”Kriteri”, “Respublika həyatı”, ”Xəzan”, Cənubi Azərbaycanda çıxan “Ədəbi körpü” kimi qəzet və jurnallarda, bir çox almanax və antologiyalarda dərc olunmuşdur. 2023-cü ildə Özbəkistan Respublikasında “Azərbaycan Şairlərinin Antologiyası” kitabında 10 şeiri dərc olunmuşdur.
“Sevgimin ünvanı”, “Bizi bağışla, Allahım”, "Bəlkə də dünyanı səhv qurmuşuq biz" , "Aslan ürəkli Pəncəli" şeir kitabları çapdan çıxmışdır. ”Gəlib görsən Astaranı” şeirlər kitabı özbək dilinə tərcümə olunmuşdur.
AYB-nin və “Aşıq Pəri” məclisinin üzvüdür. Rusiya Federasiyası Dağıştan Respublikasının “Gülüstan” Xalqlararası Yazıçılar İttifaqının üzvüdür.
İGİD GƏLİR
Bir igid yatıb gəlir,
Qanına batıb gəlir,
Soyuq olub, bayrağı
Üstünə atıb gəlir.
Ay ana, çıx yoluna,
“Xoş gəldin!”- de balana,
Səs-küyə oyanmasın,
Dözə bilməz halına.
Dur, bax insan sayına,
El yığışıb hayına,
Dəvət elə onları
Bir qarış “sarayına”.
Oğlun sığmaz evinə,
Sevgisi bir xəzinə,
Dolub elin köksünə,
Yaşayar sənə-sənə.
NAÇARƏ QƏHRƏMAN
Gəldim yarın görüşünə sevincək,
Əsən külək saçlarımı daradı.
Dedim,əsmə, indi yarım gələcək,
Əsib-coşub dörd yanımı sarıdı.
Dayan, külək, sevgilimdir o gələn,
Qəhrəmandır, mənə doğru yol alan,
Əl eləyib uzaqlardan o gülən,
Həsrətindən qəlbim para-paradır.
Döyüşlərdən tərxis olub bu səhər,
Əlindəki çiçəkləri təzə-tər,
Qucağına tutub gəlir birtəhər,
Sağalmayıb, qolu hələ yaradır.
Əsən külək coşub-daşıb çağladı,
Yolumuzu yıxıb-söküb bağladı,
Göydə uçan çiçəklər də ağladı,
Çox pis oldum, qanım yaman qaradır.
Döyüşlərdə düşmənlərə toy tutub,
Əməlləri döyüşlərə pay qatıb,
Qırx dörd gündür qarda, torpaqda yatıb,
Bir küləyin əlində naçarədir.
ATA OCAĞI
Yenə çəkir məni ata ocağı,
Yurd üçün burnumun ucu göynəyir.
Kimə şirin deyil ana qucağı,
Hər yerdə xəyalı gözümə dəyir.
Anamı görürəm lap gənc yaşında,
Bir əfsun var idi o göz-qaşında,
Gözləri yaşarıb təndir başında,
Dayanmış o halı gözümə dəyir.
Ata ocağının nuru çağırır,
Kül altda sönməmiş qoru çağırır,
Atamın bağının barı çağırır,
Meyvə sulu-sulu gözümə dəyir.
Hər yerdə anamın izi görünür,
Gülümsər, nurani üzü görünür,
Bəlkə də xəlvətcə özü görünür,
Hərdənbir yuxulu gözümə dəyir.
Məni cəlb eləmir daha bu şəhər,
Günümü sayıram burda birtəhər,
Başımı götürüb gedim bu səhər,
Bu yerlər bəlalı gözümə dəyir.
QISQANIRAM
Gözlərimə sənə baxan göz dəyirsə,
Sənə baxan o gözləri qısqanıram.
Qulağıma ordan-burdan söz dəyirsə,
Məni yaxan o sözləri qısqanıram.
Tutuluram bir qız sənə salam versə,
Mən yanmaram məni ocaq, köz yandırsa,
Hələ o qız məndən bir az cavandırsa,
Gözəl olan tər üzləri qısqanıram.
Günlərimiz uçub gedir qaranəfəs,
Yaşamağa hər gün bir az ölür həvəs.
Yarpaq kimi başım üstdə hər gecə əs,
Bütün günü, gündüzləri qısqanıram.
DAMLA-DAMLA
Neçə vaxtdır beynimdə buza dönüb xəyalın,
Bir salam ver ərisin həsrətin, damla-damla.
Bilirəm mümkün deyil,əlçatmazdır vüsalın
Heç olmazsa, açılsın surətin, damla-damla.
Açılsın gül nəfəsim, baharın ətri kimi,
Qönçələnim-güllənim güllərin çətri kimi,
İstəmədim xətrini kimsənin xətri kimi,
Mən səni istəmişdim çox çətin, damla-damla.
Bəlkə də tuş gəlmişik kiminsə qarğışına,
Bir salam ver, sellənib dönüm yaz yağışına.
Dünyam nura boyansın sənin bir baxışına,
Mənə cəsarət verər cürətin, damla-damla.
Sənə nə etmişəm ki, səni sevməkdən başqa,
Nə demişəm, bilmirəm can-can deməkdən başqa,
Heç nə istəmirəm ki, mənə istəkdən başqa,
Bir gün öldürər məni zillətin, damla-damla.
“Cenub.az” saytı üçün tərtib etdi Əlizaman Baxış