Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül - Estetik əməliyyatın qurbanları



İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül - Estetik əməliyyatın qurbanları
20 dekabr 2024
12:08

Kulis.az Eminqueyin "Gözəllik qurban tələb edir" adlı yeni yazısını təqdim edir. 

“Qoyun olmaya-olmaya, qoyun olmaq çətin şeymiş"

Ramiz Rövşən

Ayə, dünyada hər nə ki olub, olacaq və hər şey ki gərək olsun, elə heylə də olasıdı və o şey ki gərək oleydi, gərək elə də olsun və elə də olan şey olasıdı, olmıyan şey də olmıycey və ola da bilməz və bir şey ki ola bilməz, o heç vaxt olmiycey. 

İndi gəl bunu azərbaycanlılara başa sal. 

Başa sal ki, olmiycey! 

Bir zad ki səndə yoxdu, o olası döyül. 

Gözəllik, dəb anlayışı o qədər dəhrədə durmaz sapdır ki, onunla ayaqlaşmaq üçün gərək meduza-zad olasan. Bu il trapes şalvar moda düşür, gələn il dar şalvar. Bu il göbəyiaçıq koftalar matah olur, o biri görürsən ki, koftalar düşdü dizə. Bir növ, mövqeyi olmayan adamlar kimidir. Və belə bir zadın uğrunda milyonlar xərclənir, o bununla bəhsə girir, bu onunla. 

"2023-cü ilin iyul ayında 29 yaşlı Aybəniz Almuradova liposaksiya əməliyyatı üçün "Reo-Med" klinikasına müraciət edib, əməliyyat zamanı bədəninə infeksiya düşüb və bu səbəbdən həyatını itirib".

Bir vaxtlar gözləri göy olan adamlara lağ edirdilər, zaman dəyişdi, indi adamlar gözlərinin rəngini ömürlük dəyişdirib göy edirlər. Bir vaxtlar üzü çilli adamlara birtəhər baxırdılar, indi hamı istəyir ki, o çillərdən onun da olsun. Bir vaxtlar dalı yekə olanlara vedrə qoşurdular, indi hamı yarışır. Kiminki daha yekə olsa, o daha cəlbedici, daha “cool” sayılır. Belə...

"Yanvarın 18-də "Elmed" Tibb Mərkəzinin həkimi otolarinqoloq (LOR) Natavan Əliyeva Günay Əliyevanı burun əməliyyatı edəndən 3 gün sonra pasiyent vəfat edib".

Hamı Hollivud ulduzu olmaq hayındadır. Qlobal virusdur, amma bizdə əndazəni aşıb. Bilsən ki, bu estetik əməliyyatlar insanların öz xoşbəxtliyinə, komplekslərindən yaxa qurtarmaq üçündür, deyərdin, dərd yarı. Burnunda heç bir problem olmayan adamların da “filankəsdən nəyim əskikdir” ədası ilə bıçaq altına uzanmasını görəndə, deyirsən, yox, dərd xirtdəyəcəndi. 

"Estetik əməliyyatı zamanı komaya düşən 23 yaşlı Arzu Əzimova tibbi müdaxilələrə baxmayaraq, 2023-cü ilin may ayında vəfat edib. Məlum olub ki, o, Sabunçu rayonu ərazisindəki "Medicare" özəl klinikasında rinoplastika əməliyyatı (estetik burun əməliyyatı) etdirib və orada komaya düşüb".

Dilimizi dəyişmişik, adətlərimizi dəyişmişik, geyimimizi dəyişmişik, indi də bədənimizi dəyişirik. Azərbaycanlı olmaq istəmirik. İstəyirik ki, burnumuz ingilis burnu, gözlərimiz slavyanların, skandinavların gözləri, bədənimiz braziliyalıların bədəni kimi olsun. Dövlətə xəyanət kimi bir şeydir, bu da milliyətinə xəyanətdir. 

Açığı, əvvəl-əvvəl hamımıza maraqlı gəlmişdi. Çox eybəcər burnu olan adamın qəfil normal burunla ortaya çıxması qəribə iş idi. Amma getdikcə, bu iş zəncirvari qəzaya çevrildikcə, dadı-duzu itdi. Tələbat artdıqca, hərə bir əlinə bıçaq, bir əlinə də mənşəyi nüfuzsuz bir sertifikatı alıb düşdü tələbkarların canına. Kəsə kəsə, tikə-tikə getdilər. 

"1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva da keçirdiyi burun əməliyyatından sonra ölüb.

Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində üç dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş".

Yaxşı, deyək ki, ehtiyac var, bəs, bu mal həkimlər(i) niyə cəzalandırılmır? Bunlara o sertifikasiyanı, diplomu kim verir? Adamlar başlarını itiriblər, yaxşı, bəs, həkimlər? Həkimlər də adamdır, təbii, amma onların boynundakı məsuliyyət xəstənin məsuliyyətindən qat-qat artıqdır axı. 

""Zəfəran Hospital"da əməliyyat olunan Leyla adlı 22 yaşlı qız 2 gün sonra vəfat edib.

Modelliklə məşğul olan qız 21 iyun tarixində ailəsinə xəbər vermədən liposaksiya (piysovurma) əməliyyatına girib. Əməliyyata girən qız rəfiqəsinə mesaj yazıb və onu hospitala çağırıb.

Əməliyyatdan bir neçə gün sonra isə gənc qız vəfat edib. Ölümün hansı səbəbdən baş verdiyi bəlli olmasa da, müxtəlif versiyalar səslənir. Belə ki, mərhumun böyrək çatışmazlığından öldüyü bildirilir. Ailəsi isə Leylanın vəfatında həkimin günahkar olduğunu iddia edir".

İlahi, biz Azərbaycan səhiyyəsində nələr görmüşük?! Sağ ayağın yerinə sol ayağı kəsiləndən tutmuş mədəsində qayçı yaddan çıxmış xəstəyə qədər. Nə edək? Kimi günahkar çıxaraq? Kimin yaxasından yapışaq? Artıq bilmirəm. Burnunu kəsdirəni qınayıram, olmur. Burun kəsəni qınayıram, olmur. Bu nə günah zənciridir düşmüşük?! Elə bil, kimsə üstümüzə əməlli qarğış eləyib. Yəni, bütün baş verənlərə başqa məntiqli izah tapa bilmirəm. 

""Medera" Hospitalda qeydiyyatçı işləyən Aygün plastik cərrah Günel Bayramlıya bədənşəkilləndirmə əməliyyatı etdirib. Əməliyyatdan sonra xanım özünü narahat hiss etdiyini bildirsə də, həkim buna əhəmiyyət verməyib və xanımı evə buraxıb. Evdə halı daha da pisləşən Aygün tromplaşmadan dünyasını dəyişib".

Təkcə bir şey dəqiqdir. 

Təkcə bir şeyin məntiqi izahı var.

Gözəllik qurban tələb edir. 

O da varımızdır....







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10