Dekorativ-tətbiqi sənət nümunələri xalq daş heykəltaraşlıq nümunələri də adlanır. Dekorativ-tətbiqi sənət nümunələrinə daş qoç, daş qoyun, daş at, daş qaban fiqurları, daş qadın heykəli, insan başının daş heykəli, daş insan heykəli, dəvə fiqurlarından karvan daş kompleksi, yəhər formalı daş fiqur, nizə tutmuş atlının təsviri ilə qəbir daşı, at üstündə ovçu təsviri olan və yazılı qəbir daşı, sənduqələr, daş sandıq, ərəb yazısı ilə sütunlar, misgər aləti təsviri ilə sütun və digərləri daxildir.
Respublikamızın tarix və mədəniyyət abidələri sırasında dekorativ-tətbiqi sənət nümunələri mühüm yer tutur. Beləki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə qeydə alınmış 6308 tarix və mədəniyyət abidəsindən 207 (+79; Qeyd edim ki, Gəncə şəhər tarix-diyarşünaslıq muzeyində 33 ədəd daş qoç fiquru, Naxçıvan şəhəri “Qızlar bulağı” parkında açıq muzeydə isə 48 ədəd daş qoç fiquru vardır. Bu daş qoç fiqurları ayrı-ayrılıqda deyil, ümumilikdə müvafiq olaraq 6277 və 6278 invertar sayları ilə dövlət qeydiyyatına alınmışlar. 207+79=286)-si dekorativ-tətbiqi sənət nümunəsidir.
207 dekorativ-tətbiqi sənət nümunəsinin 121-i Lənkəran bölgəsinin payına düşür. Konkret olaraq 121 abidənin 2-i Lənkəran, 4-ü Cəlilabad, 5-i Astara, 9-u Masallı, 23-ü Yardımlı, 78-i isə Lerik rayonu ərazisində qeydə alınmışdır. Göründüyü kimi bölgədə ən az dekorativ-tətbiqi sənət nümunəsi Lənkəran, ən çox isə Lerik rayonlarında qeydə alınmışdır. Lerik rayonu nəinki bölgədə, ümumiyyətlə ölkə ərazisində dekorativ-tətbiqi sənət nümunələrinin sayına görə birinci yerdə durur.
Respublikamızda olduğu kimi Lənkəran bölgəsində də dekorativ-tətbiqi sənət nümunələrindən Daş qoç fiqurları daha geniş yayılmışdır. Bölgənin 121 dekorativ-tətbiqi sənət nümunəsindən 90-ı daş qoç fiqurudur. Daş qoç fiqurlarından sonra ikinci yerdə “insan başının daş heykəli” (sayı 19-dur) durur. Yardımlı rayonunun Allar kəndinin Ənbüs ərazisində yerləşən “Dəvə fiqurlarından karvan daş kompleksi” (invertar 6139) xüsusilə diqqəti cəlb edir və eyni zamanda nadir dekorativ-tətbiqi sənət nümunələrindən hesab olunur.
Dekorativ-tətbiqi sənət nümunələri əsasən qəbiristanlıq və türbələrdə (ziyarətgahlarda) yerləşir. Bölgədə yaşayış məntəqələri üzrə konkret olaraq ən çox dekorativ-tətbiqi sənət nümunəsi Lerik rayonunun Cəngəmiran və Yardımlı rayonunun Allar kəndlərində qeydə alınmışdır. Bu kəndlərin hər birində bu qəbildən olan 7 abidə aşkarlanmışdır. Maraqlıdır ki, Cəngəmiran kəndində 5 daş qoç fiquru (XVIII əsrə aid), 1 sənduqə və 1 “insan başının daş heykəli”, Allar kəndində isə 5 “insan başının daş heykəli”, 1 dəvə fiqurlarından karvan daş kompleksi və 1 daş qadın heykəli vardır. Cəngəmiran kəndindəki abidələr “Xəlifə Zəkəriyyə” qəbiristanlığında, Allar kəndindəki “insan başının daş heykəlləri” kənd qəbiristanlığında, dəvə fiqurlarından karvan daş kompleksi kəndin Ənbüs ərazisində, daş qadın heykəli isə kəndin Sarıbulaq ərazisində yerləşir.
Respublikamızda qeydə alınmış 207, o cümlədən bölgəmizdəki 121 dekorativ-tətbiqi sənət nümunəsi yerli əhəmiyyətli abidə kimi qeydə alınmışdır.
Son olaraq qeyd edək ki, vaxtilə respublikamızda, o cümlədən bölgəmizdə çoxlu sayda dekorativ-tətbiqi sənət nümunəsi olmuşdur. Müstəqilliyimizin ilk illərində “qızıl ovuna çıxmış tədqiqatçılar” tərəfindən bu abidələrin bir çoxu sındırılaraq məhv edilmiş, müəyyən hissəsi isə “yoxa” çıxmışdır.
İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi,
tədqiqatçı-tarixçi