Suriyada eks-prezident Bəşər Əsəd rejiminin devrilməsindən sonra regionun gələcəyi ilə bağlı müxtəlif fərziyyələr irəli sürülür. Bəzi iddialara görə, baş verənlər müəyyən siyasi dairələr tərəfindən öncədən planlanıb.
Hətta növbəti hədəfin İran olacağı, bu ölkənin də etnik qruplar üzrə parçalanmasının hədəfləndiyi bildirilir. Lakin iddialar arasında ən diqqətçəkəni Türkiyə ilə bağlıdır. Belə ki, planın sonuncu hissəsi kimi Türkiyənin bölünməsi üçün prosesin artıq başladıldığı deyilir.
Sözügedən iddiaları nə dərəcədə reallığa uyğun hesab etmək olar?
Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsaməddin İnac deyib ki, ABŞ-ın 66-cı Dövlət katibi Kondoliza Rays 2010-cu ildə yaşanan “Ərəb baharı” və öncəsində böyük Yaxın Şərq layihəsini irəli sürdü:
“Rays layihəyə əsasən, 22 ölkənin sərhədlərinin yenidən müəyyənləşəcəyini elan etdi. Yəni bu, 1915-ci ildə Böyük Britaniya və Fransa arasında əldə edilən gizli razılıq əsasında çəkilmiş Yaxın Şərqin siyasi xəritəsinə yenidən baxılması demək idi. ABŞ beləliklə regionu daha yaxşı və asan istismar edə biləcəyini düşünür.
Biz “Ərəb baharı” ilə daha çox hakimiyyətlərin devrilməsinin şahidi olduq. Lakin Suriya nümunəsində bölünmə və parçalanmanın da başladığını demək olar. Təbii ki, bu ölkə və İraqla yanaşı, Türkiyə ilə İranın da parçalanması, kiçilməsi məsələsi gündəmdədir. Hətta Rusiya üçün də eyni ssenari düşünülür”.
Hüsaməddin İnac
H.İnac bildirib ki, Türkiyəni FETÖ terror təşkilatı üzərindən işğal etməyə çalışdılar:
“Əslində təşkilatın yaranması da məhz sözügedən plan çərçivəsində idi. Lakin Türkiyə bu planların reallaşmasına icazə vermədi. Yenə də imperializmin vaxtı da, pulu da boldur, yəni planı icra etməkdə qərarlıdırlar. Türkiyəni parçalamaq Qərbin və ABŞ-ın hədəfindədir. Vaşinqtonun məxfi səndələrində Anadolunun Türkiyəyə buraxılmayacaq qədər dəyərli olduğu açıq şəkildə qeyd edilir.
Qəzzada baş verənlər nəticəsində HƏMAS, Livandakı əməliyyatlarla isə “Hizbullah” ciddi mənada zəiflədi. Bu isə İranın ən böyük iki silahını itirməsi deməkdir. Proksilər həm də Tehran ətrafında qalxan rolunu oynayırdı. Yəni onların itirilməsi, nəticə etibarilə İranın özünü hədəf halına salır”.