Redaksiyaya daxil olan məlumata görə uzun illər bərbad halda olan Masallı Şəhər stadionu 2025-ci ilin mart ayından əsaslı şəkildə təmir olunacaq.
Dəfələrlə yazmışıq ki, 50 ildən artıq yaşı olan, bir çox ölkə miqyaslı oyunların şahidi olan, “Viləş” futbol komandasının timsalında güclülər dəstəsində 3-cü pilləyə qədər yüksələn, dünya şöhrətli azərbaycanlı futbolçu Anatoli Banişevskinin adını daşıyan bu stadion 25 ildən artıqdır ki, ən acınacaqlı dövrünü yaşayır.
Oturacaq yerlərindən tutmuş, soyunub-geyinmə otağınadək yarıtmaz vəziyyətə düşən, təkcə oyun meydançasından başqa heç nəyi qalmayan bu stadionda yaxın vaxtlarda əsaslı təmir işləri aparılacağını bildirilir.
Cenub.az saytına Masallı Futbol Klubunun başçısı Mirələm Həşimovun bildirdiyinə görə, bu gün stadionun sahibi olan iş adamı, əslən Masallıda olan Hacı Səxafəddin müəllim ona bildirib ki, 2025-ci ilin mart ayından stadionda əsalı təmir işlərinə başlanacaq. Hazırda layihə üzərində iş getdiyi üçün detallar tam bəlli deyil. Amma bütün hallarda stadionda oturacaqlar, futbolçular üçün soyunub-geyinmə otağı, duşlar, hakimlər üçün otaqlar və digər zəruri işlər görüləcək. Stadionun kənarında isə mini-futbol meydançası da qurulacaq. Yaxın vaxtlarda detallar məlum olduqca cenub.az-ın oxucularını məlumatlandıracağıq.
M. Həşimov bildirib ki, hazırda Azərbaycanda Güclülər dəstəsi, 1-ci dəstə, 2-ci dəstə və region qrupları fəaliyyət göstərir. Yəqin ki, biz təxminən 40 komandanın mübarizə aparacağı region qrupdan başlayacağıq. Stadion hazır olduqdan sonra ən azından 1-ci dəstəyə qədər yüksəlməyə şansımız var.
Cenub.az. Turan Əlisoy