Bu “qocalıq” və “cavanlıq” dünya təcrübəsində necə müəyyənləşir?
Bu mövzuda Dövlət Statistika Komitəsinin rəsmi məlumatı əsasında hazırladığımız yazını Sizə təqdim edirik.
Mövzuya keçməzdən əvvəl isə bir neçə il bundan qabaq rastlaşdığım maraqlı bir görüşü xatırlamaq istəyirəm.
Təxminən 7-8 il öncə Bakıda bir Beynəlxalq tədbirdə iştirak edirdim. Fasilədə xaricdən gəlmiş həmkarlarla söhbətləşirdik. Yerli həmkarlarımız tərcüməçi vasitəsi ilə xaricilərdən təkidlə soruşurdu ki, Bakıda nə xoşunuz gəldi, nələrə təəccübləndiniz? Qonaqlardan biri sualımıza sualla cavab verib dedi ki, bizi restoranlarla, MOL-larla təəccübləndirmək istəyirsiniz? Bizi ən çox təəccübləndirən o oldu ki, "Fəffarələr" meydanında yüzlərlə gənc və uşaq gördük. Avropada parklarda bu qədər gənc, yaxud bu qədər uşaq görə bilməzsiniz. Oralarda qocalar daha çoxdur. Bu uşaqlar və gənclər sizin böyük sərvətinizdir.
İndi isə qayıdaq mövzumuza.
Məşhur statistik və demoqraf Sandberq əhalinin yaş strukturuna görə üç tipə ayırmağı təklif etmişdi:
proqressiv,
reqressiv və
stasionar.
Əhalinin proqressiv yaş strukturu— əhalinin yaş strukturunda 0-14 yaşda əhalinin ümumi əhaliyə nisbətən xüsusi çəkisi (faizlə) 50 və yuxarı yaşda əhalinin ümumi əhaliyə nisbətən xüsusi çəkisindən (faizlə) böyükdürsə, bu zaman əhalinin sayca artması təmin edilmişdir.
Əhalinin reqressiv yaş strukturu (geriləyən tip)-əhalinin yaş strukturunda 50 və yuxarı yaşda əhalinin ümumi əhaliyə nisbətən xüsusi çəkisi 0-14 yaşda əhalinin ümumi əhaliyə nisbətən xüsusi çəkisindən böyükdürsə, o zaman gələcəkdə əhalinin sayının ixtisarı təhlükəsini gözləmək lazımdır.
Əhalinin stasionar yaş strukturu (sinonim: əhalinin stasionar tipi) — əhalinin yaş strukturunda 0-14 yaşda əhalinin ümumi əhaliyə nisbətən xüsusi çəkisi 50 və yuxarı yaşda əhalinin ümumi əhaliyə nisbətən xüsusi çəkisinə bərabərdirsə, bu əhali sayının sabitləşməsinə şərait yaradır.
Qeyd olunanların təhlilini aparaq.
Masallı Rayon Statistika İdarəsindən aldığımız məlumata əsasən Masallı rayonunda 2024-cü ilin əvvəlinə 0-14 yaşda əhalinin sayı 50256 nəfər, 50 və yuxarı yaşda olan əhalinin sayı isə 56 461 nəfər qeydə alınmışdır. Deməli, əhalinin reqressiv yaş strukturu qeydə alınmış və o zaman gələcəkdə əhalinin sayının ixtisarı təhlükəsini gözləmək lazımdır.
Lənkəran-Astara iqtisadi rayonunda Astara və Lənkəran rayonları üzrə də əhalinin reqressiv yaş strukturu qeydə alınmışdır. Amma Cəlilabad, Yardımlı və Lerik rayonları üzrə isə əhalinin proqressiv yaş strukturu qeydə alınmışdır ki, bu zaman əhalinin sayca artması təmin edilmişdir.
Əhali içərisində yaşlı şəxslərin (60 və ya 65 yaşdan yuxarı) payının artması əhalinin qocalması deməkdir.
Polyak demoqraf E. Rossetin şkalasına görə, ölkə əhalisinin sayında
60 və daha yuxarı yaşlı şəxslərin payı
8%-ə qədər olduqda – demoqrafik cavanlıq,
8–10% – qocalmanın başlanğıcı,
12% və daha çox – demoqrafik qocalmadır.
Bu pay uşaqların və yaşlıların sayının artmasına nisbətən yeniyetmələrin sayının ləng artması, yəni ya doğum sayının azalması və ya yaşlıların ölümünün əskilməsinə, ya da bu iki amilin birgə təsiri nəticəsində arta bilər.
Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, rayon əhalisinin 2024-cü ilin yanvar ayının 1-nə olan sayı 226 661 nəfər olmuşdur ki, onların da 29 060 nəfəri və ya 12,8 faizi 60 yaş və ondan yuxarı yaşda olan əhalidir.
Deməli, əhalinin sayında 60 yaş və ondan yuxarı yaşda olan əhalinin çəkisi 12% və daha çox olduğu üçün, daha dəqiq 12,8 faiz olduğu üçün rayonda demoqrafik qocalma qeydə alınmışdır.
1959-cu ildə BMT-nin demoqrafiya şöbəsinin ekspertləri qocalma proseslərinin ölçülməsi üçün 65 yaşı sərhəd olaraq qəbul etdilər və əhalinin demoqrafik strukturunu xarakterizə edən üç mərhələ təklif etdilər. Ölkə üzrə 65 yaş və ondan yuxarı yaşda əhali sayının ümumi əhali sayında xüsusi çəkisi:
1) 4,0% əhali olduğu halda - gənc əhalidir;
2) 4,0%-dən 7,0%-ə qədər - əhali strukturu qocalığın astanasındadır;
3) 7,0%-dən çox - yaşlı əhalidir
Yuxarıda qeyd olunanı təhlil edərkən qeyd etmək olar ki, 65 yaş və ondan yuxarı yaşda əhalinin sayı ümumi əhalinin sayında Lerik və Yardımlı rayonlarında 6,0%, digər rayonlarda isə 7,0% və daha çox qeydə alınmışdır.
Deməli, Lerik və Yardımlı rayonları qocalığın astanasında,
Masallı, Cəlilabad, Astara və Lənkəran rayonlarının əhalisi isə yaşlı əhali mərhələsindədir.
Əhalinin qocalmasının əsas səbəbi doğumun sayının azalmasıdır.
Masallı rayonunda 2024-cü ilin əvvəlinə doğulanlarınsayı 2559 nəfər olmuşdur ki, bu da 1990-cı ildən 1920 nəfər və ya 42,9 faiz azdır.
Təbii artım göstəricisi isə 1318 nəfər olmuşdur ki, bu da 1990-cı ildən 2261 nəfər və ya 63,2 faiz az olmuşdur.
Əgər
1990-cı ildə
4479 doğulan, 900 ölən var idisə ( ölənlərin doğulanlaraolan nisbəti 20,0 faiz),
2023-cü ildə isə
2559 doğulan
1241 ölən qeydə alınmışdır. (ölənlərin doğulanlara olan nisbəti 2 dəfədən çox artaraq 48,5 faiz olmuşdur).
Bir sözlə, demoqrafik dəyişikliklər insanların həyat şərtləri ilə bağlıdır və sosial-iqtisadi vəziyyətin imkan verdiyi səviyyədə uşaqların sayının az olmasına üstünlük verilir.Gənc ailələrə sosial dəstək proqramları qəbul edilməlidir. Gənclərin ailə qurması üçün təşviqat işləri aparılmalıdır.
Cənub.az üçün hazırladı: Zahir Əmənov
Bölgəmizlə, əsasən Masallı ilə bağlı aşağıdakı linglərə də baxa bilərsiniz- https://cenub.az/16105-neyneyim-usaga-imtina-yedirdim.html
https://cenub.az/15761-masalli-oten-il-masallida-olen-1241-neferin-200-e-yaxini-xercengden-olub.html