Bu görüntülərin hər ikisinin “qəhrəmanı” süpürgədir. Bu günlərdə 2 görüntü diqqətimi çəkdi.
1-ci şəkildə bir qrup rus kişisi əllərində süpürgə Bakı küçələrinin birində dayanıblar.
2-ci şəkildə isə general Səmədağa (və ya bəy)Mehmandarova Bakı küçələrini süpürtdürürlər!
1-ci şəklə diqqətlə baxın. Əllərində süpürgə bir dəstə kişinin olduğu bu şəkil 1903-cü ilə aiddir. Yəni, 50-yə yaxın olan bu kişiləri Rusiyadan Bakya göndəriblər ki, paytaxtımızın küçələrini süpürsünlər.
Digər şəkil isə dəyərli jurnalistimiz Ləman Əşrəf qızının yüksək peşəkarlıqla hazırladığı “Sərdar”(Film general Səmədağa Mehmandarovunkeşməkeşli həyatına həsr olunub) filmindən götürülüb.
Filmin linki burada:
Həmin filmin elə 1-ci dəqiqəsində göstərilir ki, Rus artilleriyasının atası sayılan Səmədağa Mehmandarov 1921-ci ildə, yəni, Rus ordusu Azərbaycanı işğal etdikdən 1 il sonra Bakı küçələrini süpürür.
Bu şəkilləri dostumuz Əlizaman Baxışla da paylaşan kimi necə təsirləndisə, bu duyğuları şeirə çevirib bizə göndərdi.
Əlizaman müəllimin həmin şəkillərə həsr olunmuş şeirini sizə təqdim edirik:
Gün gəldi, qudurdu süpürgəçilər,
Bir bayrağa döndü süpürgələri!
Vaxt vardı Bakının zadəganları
Hər yerdən nökərlər gətirərdilər!
O vaxtlar Bakının küçələrini
Rusun mujikləri süpürərdilər!
Gün ötdü, il keçdi, zaman dəyişdi,
Fələyin təkəri tərsinə döndü!
Dünyanı fırladan zadəganların
Bəxti qara gəldi, ocağı söndü!
Gün gəldi, qudurdu süpürgəçilər,
Bir bayrağa döndü süpürgələri!
Zülm oldu bu xalqa, sitəm etdilər,
Süpürgəçi oldu sərkərdələri!
Sapı özümüzdən olan süpürgə
Xalqın qaymaqların süpürüb atdı!
Yenə tüğyan edir rus nökərləri,
Yenə də bu ölkə çamura batdı!
Alın süpürgəni, qalxın ayağa,
Yenidən dünyanın təkəri dönsün!
Hazır yeyənləri süpürün, atın,
Azğın gədələrin işığı sönsün!
Siz, ey zəhmətkeş süpürgəçilər,
Süpürün ölkədən zir-zibilləri!
Üzülsün ayağı bu torpaqlardan,
Getsin özləriylə rəzillikləri!!
Nə qədər ürəyi çirkinlər vardır,
Əlləri natəmiz, haram yeyənlər!
Süpürülsün, getsin həyatımızdan
Balaca “allahlar”, mən-mən deyənlər!
Ay insan, içindən, gəl süpür, getsin,
Acığı, nifrəti, kin-küdurəti.
Saxla ürəyində, qoru, əzizim,
İnsana qayğını, sevgi, şəfqəti!
Digərləri də həvəslənib bu mövzuda şeir yazarsa, onlar da həmin şeiri bu statusumuzun rəy bölümünə ata bilər.
Cenub.az saytı üçün hazırladı:- Zahir Əmənov.