Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Bəziləri nə oxuduğunu, nəyə baxdığını dərk edə bilmir”



bezileri-ne-oxudugunu-neye-baxdigini-derk-ede-bilmir

Oxunma sayı: 865


Media savadlılığı, fərdlərin kütləvi informasiya vasitələrini təhlil etmək, dəyərləndirmək və şüurlu şəkildə ondan istifadə etmək bacarığıdır. Texnologiyanın sürətli inkişafı insanlara informasiya əldə etmək üçün daha geniş imkanlar yaradır. Əgər əvvəllər baş verənlər barədə insanlar ənənəvi mənbələr - qəzet, jurnal, radio və televiziya vasitəsilə informasiya əldə edirdilərsə, artıq bu sıraya internet də əlavə olunub. Bu gün sosial şəbəkələrdə profil sahibi olan hər kəs istədiyi informasiyanı yaymaq imkanı əldə edir, amma onu dəqiqləşdirmək, mənbə göstərmək və nəticələr barədə düşünmür. Bu baxımdan Azərbaycanda 16-22 dekabr tarixləri “Media Savadlılığı” həftəsi elan olunub. 

“Qafqazinfo” mövzu ilə bağlı tanınmış jurnalist, Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyevlə həmsöhbət olub. 

A.Əliyev “Media savadlılığı həftəsi”nin elan olunmasını lazımlı addım adlandırıb: “Bu gün bunun üçün edilənlər, əlbəttə, yetərli deyil. Çünki bu, böyük tarixə malik hərəkatdır, çoxşaxəlidir. Media savadlılığı sadəcə feykləri üzə çıxarıb camaatı yalan informasiyadan ayıq salmaqdan ibarət deyil. Bununla bağlı Avropa İttifaqının da, Avropa Şurasının da qəbul etdiyi böyük proqramlar mövcuddur. İşi sürətləndirməyə də, şaxələndirməyə də ehtiyac böyükdür. Bu gün görülən işlər bunun yalnız bir hissəsini təşkil edir”. 

O, media savadlılığı üçün konkret proqramlar hazırlamağı təklif edib: “Hansı ki, bu proqramlar bir məqsədə xidmət edir və həyata keçirilir. Proqramlar həm tələbələr, həm jurnalistlər və həm də geniş əhali kütləsi üçün nəzərdə tutulmalıdır. Bütün bu proqramların həyata keçirilməsində də Kütləvi İnformasiya Vasitələri böyük rol oynamalıdırlar. Bu işlərə bir proqram kimi yanaşmaq lazımdır, tezis, yaxud da ayrıca tədbirlərin keçirilməsi kimi yox. “Media savadlılığı həftəsi”nin keçirilməsi oxucular üçün də olduqca faydalıdır. Birincisi, oxucuların bir qrupu var ki, heç nə oxuduğunun, izləyici kimi nəyə baxdığının fərqinə vara bilmir, onu dərindən dərk edə bilmir. İkincisi, Kütləvi İnformasiya Vasitələrinin biləvasitə təhsil sistemində tətbiqi, üçüncüsü, çox mürəkkəb informasiya dünyasında yalanı doğrudan ayırmağın təbliğatının öyrədilməsi lazımdır. Dördüncüsü, ümumiyyətlə, mənbələrin qiymətləndirilməsi, seçilməsi lazımdır. Beşincisi, informasiyanın haradan və necə əldə edə biləcəyini bizim əhaliyə anlatmaq lazımdır. Çünki sadəcə informasiyanın axtarışı, etibarlı informasiyanı hansı mənbədən tapa bilməsi məsələsində çox böyük çətinlikləri olur. Bu da bir çox yanlış anlamlara, feyklərin yayılmasına gətirib çıxarır”.

Jurnalist bildirib ki, ümumiyyətlə, informasiyaya yanaşma, başlıqların seçilməsi sahəsində problemlər mövcuddur: “Bunu inkar edə bilmərik. Kriminal xəbərlərdə daha ehtiyatlı davranmalı oluruq. Jurnalist ilk növbədə informasiya mənbələrinə münasibətdə ehtiyatı olmalıdır. Kriminal informasiyada xüsusilə... Çünki bu, bilavasitə hansısa şəxslərin, təqsirləndirilən, şübhəli bilinən, yaxud da zərərçəkənin çox ciddi şəkildə maraqlarına toxunur. İlk olaraq tələbdir, ikincisi də haqqında yazılan şəxslərin həssaslığı nəzərə alınmalıdır. Bu cür informasiyalarda şəxsi ləyaqət, şərəf məsələlərinə ehtiyatla yanaşılmalıdır. “Filankəs öldümü?” yazıb, işarəni qoymaqla yalandan oxucu cəlb etmək kimlər üçünsə çox ağır başa gələ bilər. Son nəticədə jurnalistin özü üçün də...”

Arif Əliyev əlavə edib ki, saxta informasiyanın müəyyənləşdirilməsi üçün media savadlılığı proqramları var: “Həqiqətən də saxta ilə doğru informasiyanı seçmək istəyən adamın bunu öyrənmək üçün çox böyük imkanları var. İnternetdə axtarış verib, bunun üçün hesablanmış materialları tapıb öyrənmək kifayətdir. Bunun komponentləri nədir? Birincisi, informasiya mənbələri ilə iş. Düzgün müəyyənləşdirməyi bacarmaq və informasiyanın düzgünlüyünü yoxlamağı bacarmaq. İkincisi, məntiqdir. İnsan hər bir informasiyaya, hər bir məsələyə öz məntiqi ilə yanaşmalıdır. Üçüncüsü isə kifayət qədər xüsusi proqramlar var. Həmin proqramlar istənilən şəklin saxta olub-olmadığını yoxlamağa imkan verir. Bu informasiyanın əvvəl hansı yerdəsə yayılıb-yayılmadığını, ona təkzib verilib-verilmədiyini aydınlaşdırmağa imkan verir. Bu proqramlar adətən pulsuz olur. Onları öyrənmək, necə işlədiyini bilmək kifayətdir ki, informasiyaları yoxlayasan. Əlbəttə, yüz faizlik zəmanət deyil. Xüsusi saytlar, xüsusi komandalar var ki, onlara müraciət edib informasiyanın doğru olub-olmadığını yoxlaya bilər. Onlar xüsusi mütəxəssislərdir. Həqiqətən də elə saxta informayalar var ki, onu adi jurnalist və ya adi vətəndaş yoxlaya bilməz. Çünki o xüsusi texnologiyalarla hazırlanıb. Amma ən başlıcası da ondan ibarətdir ki, dünya çox mürəkkəb dünyadır, informasiyalar çox fərqlidir. Ona görə də həmişə ayıq olmaq lazımdır”.

Jurnalist son zamanlarda tez-tez rastlaşdığımız tanınmış şəxslərin ölməsi ilə bağlı saxta xəbərlərə də münasibət bildirib. O, belə xəbərləri yaymağın qeyri-professionallıq olduğunu qeyd edib: “Bu, jurnalistika deyil. Çünki jurnalistika peşəsinin başlıca 4 prinsipi varsa, onlardan birincisi də obyektivlik və həqiqətəuyğunluqdur. Əgər sən obyektiv deyilsənsə və məsələnin həqiqətəuyğun olub-olmadığını bilmirsənsə, onu yaymamalısan. Ən azı yayarkən bunu başlığa çıxarmadan oxucunu xəbərdar etməlisən ki, yoxlaya bilmədim, dəqiqdir, ya yox hələ deyə bilmərəm. Jurnalist adından istifadə edib pul qazanmaq istəyidir, bəlkə kiməsə şər atmaq həvəsidir, bəlkə də kiməsə narahatlıq yaratmaqdır, amma bu, jurnalistika deyil”.  

Lamiyə Məmmədova 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10