Qotik ədəbiyyat XVIII əsrin ortaları İngiltərədə yaranıb. Həmin dövrdə klassisizm və rasionalizm dəbdə idi, amma qotik ədəbiyyat meydana çıxan kimi tezliklə məşhurlaşdı və nəticədə, XIX əsrin aparıcı üslublarından biri oldu. Valter Skott, Çarlz Dikkens, Robert Lüis Stivenson, Emili Bronte kimi yazıçılar da qotik üslubda əsərlər yazdı.
Orta əsrlərin ab-havası, əsasən, qapalı məkanlar, dəhşət doğuran atmosfer və mistika qotik ədəbiyyata xas xüsusiyyətlərdir. Məhz buna görə bu kitablardakı hadisələr bir qayda olaraq ya qədim qəsrlərdə və malikanələrdə, ya da kilsələrdə baş verir, bu məkanlarda ruhlar və səmavi qüvvələr yaşayır, süjet isə irsi lənət, dəhşətli cinayətlər və qara magiya üstündə qurulur.
Kulis.az ən məşhur qotik romanları təqdim edir.
- “Uşaq hüquqları və uşaqların sosial müdafiəsi” adlı tədbir keçirildi
- Tağıyev ingilis jurnalistə nə demişdi? - 100 illik sirr
- "Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
1. Horas Uolpol. “Otranto qəsri”
Qotik üslubda yazılmış ilk roman. İlk dəfə 1764-cü ildə çap olunur və dövrünün ən məşhur ədəbi mistifikasiyasına çevrilir. Horas (Horasio) Uolpol romanı əvvəlcə anonim çap etdirir. Titul səhifəsində qeyd olunur ki, bu roman ingiliscəyə tərcümədir və müəllif İtaliyanın cənubunda yerləşən Müqəddəs Nikolay kilsəsinin kanoniki Onufrio Muraltodur. İlk dəfə 1529-cu ildə Neapolda çap olunan orijinal mətn isə Xaç yürüşləri zamanı yazılıb. Yaxşı düşünülmüş əhvalatdır, elə deyil?
Əsərdə qotik romana lazım olan hər şey var: qədim və ürəksıxan qəsr, sirlər və mistika. Kitab qısa zamanda məşhurlaşır və müəllif ikini nəşrdə həqiqi imzasını bildirir. Amma bu romanın məşhurluğuna xələl gətirmir, əksinə, Uolpolun davamçıları və özünü ona oxşatmaq istəyənlər meydana çıxır.
2. Klara Riv. “Qoca ingilis baron”
Klara Riv Horas Uolpolun tələbəsi və davamçısıdır. Əslində, onun romanı “Otranto qalası”nın oxşarıdır. Amma müəllif bir neçə şeyi dəyişdirir – bu romanda mistika yoxdur, hadisələr isə İtaliyada yox, Dumanlı Albionda baş verir. “Qoca ingilis baron”nun Britaniya klassikasında xüsusi yeri var.
3. Uilyam Bekford. “Vatek”
Avropa ədəbiyyatında orientalizmin əsasını qoyan Şərq romanı. Romanın qəhrəmanı hüdudsuz hakimiyyətə və Süleyman peyğəmbərin xəzinəsinə yiyələnmək üçün iblisanə qüvvələrlə əlaqəyə girən qəddar və şöhrətpərəst xəlifədir.
“Vatek”in müəllifi Uilyam Bekford dövrünün ən varlı adamlarından və poliqlot idi. O, ərəb və türk dillərini təmiz bilirdi və Şərq xalqlarının mədəniyyətindən yaxşı başı çıxırdı. Onun əsəri “Min bir gecə”dəki nağıllardan birinin əsasında yazılıb.
4. Anna Radklif. “Udolfun sirləri”
XIX əsrdə Radklifin kitablarını oxumayan az adam tapmaq olardı. Cəmisi 7-8 il ərzində üç ən məşhur romanını çap etdirən və sonra ölümünə qədər heç nə yazmayan Anna Radklifin ən məşhur əsəri isə “Udolfun sirləri” romanıdır. Oxucu elə ilk səhifələrdən tapmacalı, qorxulu və mistik aləmə düşür və baş qəhrəman Emiliya ilə birlikdə Udolf qəsrinin divarları arasında hansı sirlərin gizləndiyini tapmağa çalışır.
5. Metyu Qreqori Lüis. “Rahib”
Lüisin 1796-cı ildə, hələ on doqquz yaşı olanda yazdığı bu roman qotik ədəbiyyatın ən qorxulu əsərlərindəndir. Romanda qadın sevgisi üçün ruhunu iblisə satan rahibdən söhbət gedir. Əsər cəmiyyətdə bomba effekti yaratmışdı. Kitabdakı qara magiya ilə məşğul olmaq, satanizm, cinsi zorakılıq, insest və qətl mövzuları oxuyanları dəhşətə gətirirdi.
Məhz “Rahib” Şatobrianı “Rene”ni, Hofmanı “İblisin eleksirləri”ni, Yan Pototskini isə “Saraqosadan tapılmış əlyazma”nı yazmağa həvəsləndirib. XX əsrdə Antonen Arto “Rahib”i müəyyən dəyişikliklərlə fransızcaya təbdil edib, roman özü isə dəfələrlə ekranlaşdırılıb.
6. Meri Şelli. “Frankenşteyn”
Məncə, bu əsər haqqında geniş danışmağa ehtiyac yoxdur. Sadəcə bunu deyim ki, Bayron, Persi Bişi Şelli və Meri Şelli Şellilərin malikanəsində yığışıb qorxulu nağıllar oxuyurlar və Bayronun təklifi ilə qorxulu əsər yazmaq qərarına gəlirlər. Bayron vampir haqqında hekayə yazmağa başlayır, amma yarımçıq qoyur (sonralar Bayronun şəxsi həkimi Con Uilyam Polidori o hekayəni yazır), Persi Bişi heç nə yazmır, Meri Şellinin əsərinin taleyini isə artıq bilirik.
7. Çarlz Metyurin. “Sərgərdan Melmot”
XIX əsr ingilis ədəbiyyatının ən çətin və ən çoxqatlı əsərlərindən biridir. İblisanə qüvvələr tərəfindən lənətlənən və ruhunu ona satmağa razı olacaq adamı tapmaq üçün dünyanı dolanmağa məcbur edilən günahkar Con Melmotun hekayəsidir. Amma roman düz xətt üzrə inkişaf etmir, hekayədən hekayə, əhvalatdan əhvalat doğur. Roman o qədər qarışıqdır ki, hətta ilk çapında kitaba oxucular süjet xətlərinin içində çaşıb qalmasın deyə xüsusi sxem də əlavə edilmişdi.
Çətinliyinə baxmayaraq, “Sərgərdan Melmot” ədəbiyyat tarixinə ən yaxşı qotik romanlardan biri kimi düşüb və Oskar Uayld, Onore de Balzak, Aleksandr Puşkin və hətta Mixail Bulqakovun yaradıcılığına təsir göstərib.
8. Qaston Leru. “Operadakı ruh”
Parisdəki opera teatrında qəribə hadisələr baş verir. Kassadan pul yoxa çıxır, müğənni qız izsiz-tozsuz qeyb olur, səhnədə isə müxtəlif qəzalar nəticəsində adamlar ölür. Teatrın işçiləri arasında şayiə yayılır ki, binada ruh var. Amma həqiqətən varmı? Yoxsa onun haqqında danışılanlar sadəcə qorxulu əfsanələrdir?