Kateqoriyalar
Analitika
Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
21 Dekabr 2024
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 17-də Rusiya mətbuatına müsahibəsində Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması və sülh sazişinə maneələrlə bağlı dediklərinə münasibət bildirib.
Xatırladaq ki, Azərbaycanın dövlət başçısı bir neçə mühüm məsələni qaldırmışdı:
Ermənistan Konstitusiyasının dəyişdirilməsi və oradan Azərbaycana qarşı ərazi iddialarının çıxarılması;
Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqı missiyasının sərhədlərdən kənarlaşdırılması;
Vaxtı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə yaradılmış ATƏT-in Minsk qrupunun buraxılması;
Azərbaycan və Ermənistanın beynəlxalq müstəvidə bir-birinə qarşı iddialardan imtina etməsi.
Habelə Azərbaycan Prezidenti Fransa, ABŞ və s. ölkələr tərəfindən Ermənistanın silahlandırılmasını da regionda sülh və sabitliyə təhlükə adlandırmışdı. “Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar”, - İlham Əliyev xəbərdarlıq etmişdi.
Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib ki, Ermənistan tərəfi bir aydan çoxdur ki, razılaşdırılmamış iki maddə ilə bağlı Azərbaycana təkliflər göndərib, rəsmi Bakı hələ ki, cavab verməyib. O, Konstitusiyanın dəyişdirilməsi ilə bağlı Bakının tələblərinə mənfi cavab verib və qanunvericilikdə Azərbaycana qarşı ərazi iddialarının olmadığını təkrar edib.
Baş nazir Azərbaycan liderinin “üçüncü tərəflərin nümayəndələrinin (Aİ missiyasının) Azərbaycanla sərhəddən uzaqlaşdırılması tələbinə belə reaksiya verib: “Biz təklif edirik ki, üçüncü dövlətlərin qüvvələrinin yerləşdirilməməsi ilə bağlı təminat Ermənistan-Azərbaycan sərhədinin demarkasiya olunmuş hissələrinə şamil edilməlidir və bu, məntiqlidir. Çünki həmin hissələrdə eskalasiya riski minimuma endirilməsə də, əhəmiyyətli dərəcədə azalır. Ona görə də Ermənistan-Azərbaycan sərhədinin heç bir hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq və Ermənistan bu məntiqi dəstəkləyir”.
Qarşılıqlı iddiaların geri götürülməsinə gəlincə, Paşinyan deyib: "Sülh müqaviləsi imzalananda bu ideya məntiqlidir, bizim üçün məqbuldur. Burada iki nüans var. bunlardan biri odur ki, beynəlxalq forumlarda müzakirə olunan ayrı-ayrı humanitar məsələlərin ikitərəfli formatda həlli üçün aydın perspektiv olmalıdır. İkincisi, aydın olmalıdır ki, beynəlxalq platformalardan digər məsələlərlə bağlı mübahisələri geri götürdükdən sonra tərəflər artıq heç bir problem yaratmamalıdırlar. Çünki ikitərəfli münasibətlərin gündəmində eyni mövzular var ki, onları daim eskalasiya qaynağı edir. Biz təkcə mübahisələri beynəlxalq məhkəmələrdə həll etməkdən imtina etməməliyik, həm də mübahisələrin özündən imtina etməliyik”.
“ATƏT-in Minsk qrupunun buraxılması ideyası ilə bağlı Ermənistanın mövqeyi necədir” sualına Baş nazir belə cavab verib: “Biz konstruktiv mövqedəyik ki, münaqişə yoxdursa... O zaman “Qərbi Azərbaycan” iddialarını inkişaf etdirməklə Ermənistan Respublikasının ərazisinə qarşı təcavüzkar diskursun həyata keçirilməsinin mənası nədir?”
Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası irəli sürmədiyini, söhbətin yalnız qaçqınların geri qayıtmaq hüququndan getdiyini bildirməsi və Ermənistan hökumətini bu hüququ tanımağa çağırması ilə bağlı xatırlatmaya cavabına gəlincə, Paşinyan iddia edib ki, rəsmi Bakı Azərbaycan Konstitusiyasında qeyd olunan ərazi iddialarını obyektivləşdirmək istəyir: "Belə deyilsə və təsəvvürlərimizdə yanırıqsa, Qərbi Azərbaycan dedikdə Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonlarını başa düşməliyik. Ona görə də insanların ora qayıtması Azərbaycanın daxili işidir və Ermənistan hökumətinin artıq Azərbaycanla müzakirə etdiyi məsələlərdən başqa burada heç bir işi və müzakirəsi yoxdur”.
İlham Əliyevin Ermənistanın Fransa, Hindistan və s ölkələr tərəfindən silahlandırılması barədə dediklərinə toxunan Nikol Paşinyan vurğulayıb ki, "Ermənistan heç bir ölkə ilə silahlanma yarışında deyil. Biz silahları sırf Ermənistanın sərhədlərini və ərazi bütövlüyünü qorumaq üçün alırıq".
Nikol Paşinyan Ermənistanın Azərbaycana hücum etmək, təxribat xarakterli hərəkətlər etmək niyyətinin olmadığını və bu yolla getməyəcəyini vurğulayıb və qeyd edib: “Azərbaycanın Ermənistana hücum etmək niyyəti yoxdursa, o zaman regionda eskalasiya ehtimalı sıfıra bərabərdir”.
Beləliklə, Bakı və İrəvanın sülhə nə qədər yaxın və ya uzaq olduğunu müəyyənləşdirmək mümkündür. Hər iki ölkənin lideri açıq danışıb və tərəflərin mövqelərində kompromis imkanları, yaxud diametral fikir ayrlığının əsas komponentləri açıqlanıb. 2025-ci ildə Azərbaycan və Ermənistan yalnız uyğun beynəlxalq şərait olduğu təqdirdə qarşılıqlı güzəştlərə getməklə sülh sazişinə imza ata bilərlər. “Uyğun şərait” isə daha çox Birləşmiş Ştatların yeni administrasiyasının münaqişənin həllinə nə dərəcə maraq göstərməsi, Rusiya-Ukrayna müharibəsinin gedişində əhəmiyyətli dəyişiklik (atəşkəs, yaxud tərəflərdən birini açıq məğlubiyyəti), Cənubi Qafqazla bağlı Türkiyə-Qərb anlaşmasının sürətli icraya yönəldiməsini ehtiva edir. (Söhbət Türkiyə-Ermənistan sərhədlərinin açılması, münasibətlərin normallşması planlarına rəsmən start verilməsindən gedir).
Bakı və İrəvanın qarşılıqlı tələblərinin kompromislər əsasında yumşaldılması və uzlaşdırılması real görünmür. Əvvəla, Ermənistan 2026-cı ilə qədər Konstitusiyasını dəyişmək niyyətində deyil, Qərb tərəfdaşları da Paşinyana bu addımı atmağı məsləhət görmürlər, hakimiyyətin daxili reytinqi də il yarım sonra keçiriləcək seçkilər ərəfəsində belə bir addım atmağa imkan vermir.
Avropa İttifaqı müşahidəçilərinin Azərbaycanla sərhədlərdən çıxarılmasına gəlincə, bu, təkcə İrəvanın iradəsindən asılı deyil. Fransanın və Avropa İttifaqının yanaşması əsasdır, Paşinyan hökuməti onların iradəsi əleyhinə addım ata bilməz. Elə özü də Bakının şərtinə şərtlə cavab verir ki, Aİ missiyası yalnız sərhədlər delimitasiya və demarkasiya olunuduqdan sonra bölgədən kənarlaşa bilər. O, açıq şəkildə Azərbaycandan eskalasiya risklərinin olduğunu iddia edir. Bakı isə bu şərti gülünc adlandırır və qəbul etmir. Deməli, sərhədlərin dəqiqləşdirilməsi prosesinə hüquqi cəhətdən maneələr qalmasa da, prosesi davam etdirmək üçün siyasi iradə tam deyil.
Silahlanma ilə bağlı da mövqelərdə diametral ziddiyyətlər qalır və Ermənistan çox fəal şəkildə Qərbdən müasir silahlar almağa davam edəcək, Paşinyan da bunu “öz təhlükəsizliyini qorumaq hüququ” adlandırır. Azərbaycan da öz imkanları hesabına prosesi davam etdirir, tərəflərin bu” yarışdan” imtina etməsi real görünmür.
Paşinyanın İlham Əliyevə cavabında “Qərbi Azərbaycan” məsələsini qaldırması da sülh prosesini tormozlayan əlavə amillərdən biridir. Ermənistan rəhbərliyi bu mövzunu özünün təhlükəsizliyinə qarşı başlıca təhdid sayır və prosesin durdurlmasını istəyir. Təbii ki, İrəvanda bu barədə nə düşündükləri Bakını çox az maraqlandırır.
Yekunda qeyd edək ki, ziddiyyətlər çoxdur və dərindir, bu təbiidir. 30 ildən artıq davam etmiş qanlı münaqişə güc yolu ilə həll olunub, daha sonra prosesə maraqlı tərəflər daxil edilib və onlar öz maraqlarını diktə etməyə çalışır. Ona görə də uyğun beynəlxalq şərait olmazsa, ən kiçik fikir ayrılığı sülh üçün böyük maneəyə çevriləcək. Əksinə, regionda uyğun yeni konyuktura ən dərin ziddiyyətlərin sadə həlli üçün variantlar yarada bilər.
Turqut