Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Erməni konyakını sevirdi, prezidentin qarşısına lüt çıxdı...


news content
User
Kateqoriyalar

Araşdırma


150 yaşlı Çörçill haqqında miflər və həqiqətlər

01 Dekabr 2024

Noyabrın 30-da XX əsrin ən məşhur və nüfuzlu siyasətçilərindən birinin - Uinston Çörçillin anadan olmasının 150 ili tamam oldu. Haqqında xeyli əfsanələr, iddialar dolaşır, ona bir çox ifadələr aid edilir. BBC Provereno.media faktçekinq layihəsindən Çörçill haqqında bir neçə populyar iddianı yoxlamağı xahiş edib.

ABŞ vətəndaşı olub

Əsasən həqiqət deyil. İndiki qanunlara görə, buna hüququ çatardı: Uinston Çörçillin anası amerikalı Cenni Cerom idi, nyuyorklu maliyyəçi Leonard Ceromun qızı. 

O və gənc aristokrat Rendolf Çörçill 1874-cü ilin aprelində evləndilər və elə həmin il ilk uşaqları, Uinston anadan oldu. İndiki dövrdə o, iki vətəndaşlıq ala bilərdi: atasına görə Britaniya və anasına görə ABŞ. 

Amma 1934-cü ilə qədər xaricdə Amerika vətəndaşlığı yalnız ata xətti ilə verilirdi. Konqresin yalnız 1994-cü ildə mühacirət və vətəndaşlıq haqda qanuna etdiyi düzəliş amerikalı anaların 1934-cü ilə qədər xaricdə dünyaya gətirdiyi uşaqlara da ABŞ vətəndaşlığı hüququnu tanıdı. Amma Çörçill bu zaman artıq ölmüşdü. 

Əvəzində o, ABŞ-ın fəxri vətəndaşı idi. Çörçill bunu 1963-cü il aprelin 9-da prezident Con Kennedinin fərmanı ilə aldı. O, ABŞ-ın fəxri vətəndaşlığını alan ilk şəxsdir. Sonradan daha səkkiz nəfər bu ada layiq görülüb. 

Təcrübəli bənna idi və şəhərkənarı malikanəsini özü tikib 

Yarıgerçəkdir. Çörçill fiziki zəhməti çox faydalı və zehni əməkdən ən yaxşı istirahət sayırdı. Fiziki işlərin bütün variantlarından ən çox isə bənnalıq peşəsini xoşlayırdı. 

Şəhərkənarı mülkünü isə, əlbəttə, özü tikməyib. Köhnə Çartvell malikanəsini o, 1922-ci ildə alıb, bütün dəyişiklikləri isə o zaman dəbdə olan arxitektor Filipp Tayden həyata keçirib. 

Əvəzində malikanənin bağındakı kərpic hasarları özü tikirdi və hətta qızları üçün kiçik oyun kottecinin tikintisində də iştirak edib. 

Kottecin tikintisi üçün peşəkar bənnalar tutulmuşdu, amma Çörçill də onlarla birgə çalışırdı. 1928-ci ildə Stenli Bolduinə yazırdı: “Kitab üzərində işləməklə və kottec tikməklə gözəl gün keçirdim: gün ərzində 200 kərpic və 2000 söz”.

Çörçillin daş hörərkən şəklinin mətbuatda çıxmasından sonra İnşaat işçilərinin birləşmiş həmkarlar ittifaqının banisi Ceyms Leyn ona təşkilata qoşulmağı təklif etdi. 

Çörçill özünün tikinti vərdişlərinə skeptik yanaşsa da, razılaşdı, ərizə yazdı, üzvlük haqqı ödədi və rəsmən həmkarlar ittifaqına üzv qəbul edildi. Onun üzvlük vəsiqəsində yazılırdı: “Uinston S. Çörçill, Uesterhem, Kent. Sənəti: bənna”, iş yeri kimi isə Çartvell malikanəsi göstərilirdi. 

Ancaq Çörçillin qəbulu təşkilat üzvləri arasında kəskin reaksiya doğurdu. 1926-cı ildə ümumi tətilin yatırılmasına rəhbərlik etmiş siyasətçini öz aralarında görmək çoxunu hiddətləndirdi. Son nəticədə, həmkarlar təşkilatının icraiyyə komitəsi Çörçillin qəbul qərarını ləğv etdi.  

Kəşfiyyat sirrini qorumaq üçün Koventrinin bombardman edilməsinə bilərəkdən imkan verib

Həqiqət deyil. Bu informasiyanı Britaniya hərbi kəşfiyyatının zabiti Frederik Uinterbotem yayıb. 

O, İkinci dünya müharibəsi illərində həmkarları ilə birlikdə alman ordusunun istifadə etdiyi şifrin sındırılması və alınan məlumatların Britaniya komandanlığına ötürülməsi proqramına rəhbərlik edirdi. 1974-cü ildə çap olunan “Ultra sirri” kitabında iddia edirdi: alman aviasiyasının növbəti hədəfinin Koventri şəhəri olacağı haqda Çörçillə 1940-cı il noyabrın 14-də, bombardmana dörd saat qalmış xəbər verilib. Amma baş nazir qiymətli informasiya mənbəyini ələ verməmək üçün nə şəhərin müdafiəsi üçün xüsusi tədbirlər görüb, nə də əhalini təxliyə edib. 

Uinterbotem kitab üzərində işləyərkən yalnız öz yaddaşına güvənə bilərdi: savaş dövrünün arxiv materialları o vaxt hələ də qapalı idi. 

Hərbi-hava qüvvələrinin Çörçillə göndərdikləri məlumatların məzmunu 1980-ci illərdə açıldı. Aydın oldu ki, sözügedən məlumatda almanların başlayacağı “Ay sonatası” əməliyyatının mümkün hədəfləri kimi beş rayonun adı çəkilir və onların arasında Koventri yoxdur. 

Həmin gün Çörçill Xüsusi kəşfiyyat xidmətinin rəhbərindən tamamilə məxfi məlumat alıb.  Tarixçi Frederik Teylor “Koventri: 14 noyabr 1940-cı il” kitabında bir sıra sənədləri və xatirələri analiz edərək belə bir nəticəyə gəlir:  həmin məlumatda həqiqətən də hücumun Londona deyil, başqa yerə ediləcəyi deyilir, amma mütləq Koventri olacağı göstərilmir. 

Tarixçi həm də deyir ki, Çörçill Koventrinin bombardmanı haqda öncədən bilsəydi belə, o dövrün kommunikasiya səviyyəsi ilə sayılı saatlar ərzində iri (250 min nəfər) şəhərin təxliyəsini həyata keçirmək sadəcə mümkün deyildi. 

ABŞ prezidenti Ruzveltin qarşısına çılpaq çıxıb

Çox güman, həqiqətdir. Bunun sübutunu Çörçillin mühafizəçisi Uolter Tompsonun və katibi Patrik Kinnanın xatirələrində tapmaq olar.  

Çörçillin bioqrafiyasının tədqiqatçısı Riçard Lenqvort yazır ki, hadisə 1940-cı ilin sonları - 1941-ci ilin əvvəllərində, Çörçill Ağ evdə qalarkən baş verib. Ruzvelt müharibədən sonra beynəlxalq təşkilat, Birləşmiş Millətlər yaratmaq barədə ağlına gələn ideyanı bölüşmək üçün arabasında qəflətən Çörçillin otağına gedir. 

Çörçill həmin vaxt vannadan çıxmışdı, ən yaxın köməkçisi Harri Hopkinsin təbirincə, “anadan olduğu qiyafədə, çəhrayı və işıqsaçan”. Qarşısında Ruzvelti görən baş nazir özünü itirməyərək söyləyir: “Cənab prezident, mənim sizdən gizli heç nəyim yoxdur”. 

Lenqvort yazır ki, Çörçill özü bu əhvalatın gerçəkliyini nə təsdiq, nə təkzib edirdi. Bir tərəfdən, Böyük Britaniyaya qayıdandan sonra VI Corca deyir: “Sir, düşünürəm, mən dünyada yeganə adamam ki, çılpaq şəkildə dövlət başçısını qəbul etmişəm”.

Digər tərəfdən isə, Ruzveltin bioqrafı Robert Şervudun birbaşa sualına qeyri-müəyyən cavab verib: “Heç olmasa dəsmala bürünmədən prezidenti qəbul etməzdim”. 

Hər gün bir şüşə erməni konyakı içirmiş

Doğru deyil. Çörçill, həqiqətən də, konyakı sevib. Çörçill Beynəlxalq cəmiyyətinin saytında başqalarından üstün tutduğu içki markası da göstərilir: Fransanın “Hine” markası. 

Erməni konyakına gəldikdə, onun dadına baxması dəqiqdir - bu barədə çoxlu dəlillər mövcuddur. Məsələn, sovet sərkərdəsi Aleksandr Qolovanovun xatirələrində Stalin və Çörçillin 1942-ci ilin avqustunda görüşündən bəhs edən əhvalat var: “Britaniya baş nazirinin əlində erməni konyakı gördüm. Etiketinə baxandan sonra Stalinin qədəhini doldurdu. Əvəzində Stalin həmin konyakdan Çörçill üçün süzdü. Tostlar bir-birinin ardınca səslənirdi. Stalin və Çörçill bərabər içirdilər”. 

“Erməni yeməyi: faktlar, uydurmalar və folklor” kitabının müəllifləri İrina Petrosyan və Devid Andervud Çörçillin erməni konyakı ilə təchiz edilməsi barədə arxiv mənbələrində hər hansı bir sübut tapmağa çalışıblar, amma uğursuzluğa düçar olublar və bu əhvalatın uydurma olması qənaətinə gəliblər. 

SSRİ-nin təcridçi siyasətini təsvir edən “dəmir pərdə” terminini düşünüb

Yarıgerçəkdir. Termini Çörçill düşünməyib, amma geniş istifadəyə o buraxıb. 

“Dəmir pərdə” ifadəsini bu kontekstdə ilk dəfə, yəqin ki, “Dövrümüzün apokalipsisi” kitabında Vasili Rozanov işlədib. “Rusiya tarixi üzərinə taqqıltı, şaqqıltı, cırıltı ilə dəmir pərdə enir”,  - yazırdı. 

Daha sonra Etel Snouden “Bolşevik Rusiyası ilə” kitabında və Almaniyanın təbliğat naziri Yozef Göbbels “Das Reich” qəzetindəki “2000-ci il” məqaləsində bu termindən istifadə ediblər. 

Amma bütün dünya bu ifadəni Çörçillin 1946-cı il martın 5-də Fulton şəhərində (ABŞ) səsləndirdiyi çıxış sayəsində eşitdi: “Baltikdəki Ştettindən başlayaraq Adriatikdəki Triyestə qədər bütün qitə boyu uzanan dəmir pərdə enmişdir. Bu xəttin arxasında Mərkəzi və Şərqi Avropanın qədim dövlətlərinin bütün paytaxtları yerləşir: Varşava, Berlin, Praqa, Vyana, Budapeşt, Belqrad, Buxarest və Sofiya - bütün bu şəhərlər ətraflarındakı əhali ilə birlikdə sovet sferası adlandırmalı olduğum yerdə yerləşir və onlar hamısı, bu və başqa formada təkcə sovet təsirinin deyil, həm də çox böyük və bəzi hallarda artan Moskva nəzarətinin obyektidirlər”. 

Çörçill öz nitqini “Sinews of Peace” adlandırsa da - bunu “Sülhün əzələləri” kimi tərcümə etmək olar, - tarixə “Dəmir pərdə haqqında nitq” kimi düşdü. 

“Stalin Rusiyanı xışla qəbul etdi, atom bombası ilə təhvil verdi” deyib

Doğru deyil. Cümlənin müəllifi britaniyalı tarixçi və publisist İsaak Doyçerdir. “Guardian” qəzeti 1949-cu il dekabrın 21-də, Stalinin 70 illiyi günündə Doyçerin məqaləsini dərc etdi və orada yazılırdı: “Ola bilər, Stalinin hakimiyyətinə yekun vuran gələcəyin tarixçisi yazacaq ki, Rusiyanı ağac kotanla qəbul etdi və nüvə reaktorları ilə təchiz edilmiş halda təhvil verdi”.

Bir neçə il sonra, Stalinin ölümünün ertəsi günü solçu “Manchester Guardian” qəzetində həmin Doyçerin müəllifi olduğu nekroloq yayıldı. Mətndə öz tezisini təkrar edirdi: “Stalinin tarixi nailiyyətlərinin mahiyyəti ondan ibarətdir ki, o, Rusiyanı ağac kotanla qəbul etdi və nüvə reaktorları ilə təchiz edilmiş halda təhvil verir”.

Sitat sonralar Doyçerin “Rusiya Stalindən sonra” (1953) kitabına və hətta “Britaniya ensiklopediyası”na (21 c. 1964) daxil edilib. 

Nina Andreyevanın hay-küylü “Prinsiplərimdən vaz keçə bilmərəm” (“Sovetskaya Rossiya”, 13 mart 1988) məqaləsindən sonra SSRİ-də həmin cümləni Çörçillə aid etməyə başladılar. 

Daha sonra “Pravda” qəzetində təkzib verildi: “Onun [Andreyevanın] sitat gətirdiyi mədhnamə heç də Çörçillə aid deyil. Buna oxşar fikri ingilis trotskist İ. Doyçer deyib”. 

Amma təkzib məqalənin özü qədər rezonans doğurmadı. 

Ədəbiyyat üzrə Nobel mükafatı laureatıdır 

Doğrudur. Çörçill təkcə siyasətçi yox, həm də yazıçı idi. Gəncliyində mətbuatla xeyli əməkdaşlıq edirdi: “Daily Graphic”in Kubada hərbi müxbiri idi, “Pioneer” və “Daily Telegraph”da Hindistandan reportajlar yazırdı və bur müharibəsini “Morning Post”da işıqlandırırdı. 

Artıq siyasi karyeraya başlayandan sonra Çörçill öz atasının ikicildlik bioqrafiyasını, birinci Marlboro hersoqu olan əcdadı Con Çörçill haqda dördcildlik və “Mənim erkən illərim” memuarlarını yazıb. 

Onun ədəbi mirası - çoxsaylı nitqlər toplusu nəzərə alınmazsa, - ümumən 15-ə qədər kitabdan ibarətdir. Əsərlərinin çoxu sənədlidir, bədii ədəbiyyata gəldikdə, Çörçill yalnız bir roman və bir neçə hekayə yazıb. 

Nobel mükafatını da “tarixi və bioqrafik təsvirlərin ustalığına, eləcə də ali bəşəri dəyərlərin müdafiəsinə yönələn parlaq natiqlik məharətinə görə” 1953-cü ildə aldı.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.bbc.com/russian/articles/c5ypzj9r530o 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10