Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Təhlükəsiz dünya dövrü başa çatıb – Xüsusi xidmətlər necə işləyir?


news content
User
Kateqoriyalar

Analitika


Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür

22 Dekabr 2024

Bir neçə gün öncə Moskvada terror aktı nəticəsində qətlə yetirilən general İqor Kirillov Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyənlər arasında ən yüksək rütbəli qurban oldu. Ukrayna xüsusi xidmət orqanları düşmən ovuna çıxıblar və hələlik keçmiş “KQB” üzrə “yoldaşlarını” üstələyirlər. Çünki yeni müəllimlərdən yeni üsullar öyrənirlər.

Ukrayna hələ 2014-cü ildən onun suverenliyinə zərbə vuranları “ovlamağa” başlayıb: Krım ilhaq ediləndən, Donetsk və Luqansk vilayətlərində “xalq respublikaları” yaradılandan sonra “rus baharı” iştirakçıları və satqınlar xüsusi xidmət orqanlarının hədəfi çevriliblər. 2022-ci ildə genişmiqyaslı müharibə başlayandan sonra isə rusiyalı hərbi komandirlər və təbliğatçılar hədəf olub. Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri “The Wall Street Journal”a bildiriblər ki, Ukrayna Təhlükəsizlik Xidməti (UTX) öz işini xaricdə düşmənlərin təqibi ilə tanınan İsrailin “Mossad” kəşfiyyat xidməti modeli əsasında qurur.

UTX zabitlərindən biri Kirillov haqqında deyib: "Ukraynalıları öldürən hər kəsi belə şərəfsiz sonluq gözləyir. Müharibə cinayətlərinə görə cəza qaçılmazdır”. Amerikanın “Teneo” konsaltinq şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə məsləhətçisi Andrius Tursa isə əlavə edir: “Kiyev açıq şəkildə göstərir ki, Rusiyanın hərbi əməliyyatlarına və cinayətlərinə görə məsuliyyət daşıyan ən yüksək vəzifəli məmurlar da, hətta Moskvada belə, özlərini təhlükəsiz hiss edə bilməzlər”.

Kirillov hələlik Ukrayna xüsusi xidmət orqanlarının hədəfinə çevrilənlər arasında sonuncu qurbandır. Yalnız son bir ayda öldürülənlər siyahısında raket gəmiləri briqadasının qərargah rəisi, 1-ci dərəcəli kapitan Valeri Trankovski (UTX onun mülki hədəfləri raketlə vurmaq əmri verdiyini bildirir, avtomobili Sevastopolda partladılıb), ukraynalı hərbi əsirlərin işgəncələrə məruz qaldığı Olenovsk koloniyasının keçmiş rəhbəri Sergey Yevsyukov (avtomobili Donetskdə partladılıb), Rusiya ordusunun Ukrayna ərazisinə buraxdığı ballistik raketlərin modernləşdirilməsi ilə məşğul olan “Mars” Konstruktor Bürosunun baş konstruktor müavini Mixail Şatskinin (güman edilir ki, onunun qətlini Ukraynanın başqa bir xüsusi xidmət orqanı – Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi həyata keçirib, Şatski Moskvada güllələnib) adları var.

Bundan əvvəl isə gurultulu qətllər arasında "Rus dünyası" ideyasının ideoloqu Aleksandr Duqinin qızı Darya Dugina (mümkündür ki, hədəf atası olsa da, təsadüfən qızı öldürülüb) və hərbi müxbir Vladlen Tatarskinin öldürülməsini göstərmək olar.

Yuxarıda sadaladığımız qətllər öz rəqiblərini məhv etmək üçün terror üsullarından istifadə etməyə başlayan dövlətlər siyahısına Ukraynanın da qoşulduğunu göstərir. Gurultulu qətllər bir neçə il əvvəl İsrailin iranlı nüvə fizikini məhv etməsilə başlayıb. İsrailin Mossad kəşfiyyat xidmətinin agentləri robot vasitəsilə iranlı nüvə fiziki Möhsün Fəxrizadəniöldürüblər. “The New York Times” bir neçə il əvvəl bu barədə ABŞ, İsrail və İrandakı mənbələrə istinadən yazmışdı.

Fəxrizadə 2020-ci ilin noyabr ayında İranın şimalında öldürülmüşdü. Onun olduğu avtomobil uzaqdan idarə edilən iri çaplı silahdan atəşə tutulmuşdu. “The New York Times”in qeyd etdiyinə görə, İsrail agentləri Belçika istehsalı olan pulemyotu robot qurğuya bərkidiblər. Qurğu təxminən bir ton ağırlığında olduğundan, onu İrana hissələrlə gətiriblər və yerindəcə yığıblar. Daha sonra qatil-robotu “pikap” avtomobilinə yerləşdiriblər.

Digər səs-küylü qətl hadisəsi ABŞ-ın dəqiq raket zərbəsi ilə İranın əsas hərbi xadimi sayılan Qasım Süleymanini məhv etməsi olub. Tramp administrasiyası general İraq ərazisində olarkən onun öldürülməsi barədə qərar qəbul etmişdi.

İran hakimiyyəti hələ də HƏMAS terror təşkilatının lideri İsmayıl Haniyyənin necə məhv edilməsinin üstünü aça bilməyib – İsrail onu Tehranda xüsusi mühafizə olunan ixtisaslaşmış oteldəcə öldürmüşdü.

"Hizbullah" terror təşkilatı İsrailə qarşı müharibəyə başladıqdan sonra isə təşkilatın lideri şeyx Nəsrullah Livandakı yeraltı bunkerdə dəqiq bombalı zərbəsi ilə məhv edilmişdi.

İsrailin "Hizbullah"ın bütün komandirlərinə qarşı təşkil etdiyi "peycer hücumu"nu da xatırlamaq olar. Nəticədə, təşkilatın orta ranqlı bütün döyüşçüləri ya məhv edilmiş, ya da sıradan çıxarılmışdı.

İndi isə bu tendensiya şimala doğru hərəkət edir. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev general Kirillovun ölümündən sonra Ukraynanın mərkəzi hakimiyyətinin Moskvanın qanuni hədəfi olduğunu bəyan edib. Onun sözlərinə görə, Kiyevin hərbi-siyasi rəhbərliyini "qaçılmaz qisas" gözləyir. Yəqin ki, indi Kiyevdə də Kremlin mümkün terror hücumlarına qarşı təhlükəsizlik tədbirlərini gücləndirirlər.

Beləliklə, vəziyyət son dərəcə təhlükəli xarakter almağa başlayıb. Kremlin Ukraynanın dinc əhalisinə qarşı törətdiyi vəhşiliklər fonunda Kiyevin hərəkətlərini qınamaq çətindir. Bununla belə, yüksək vəzifəli şəxslərə qarşı terror üsulunun getdikcə daha geniş yayılması narahatlıq doğurmaya bilməz. Eyni zamanda, bu tendensiyanın təkcə Rusiya və Yaxın Şərq ölkələri ilə məhdudlaşmayaraq, digər ölkələrə yayılmaq təhlükəsi də var. Sual yaranır: uzaqdan idarə olunan qətl üsulunun geniş yayılma təhlükəsi nə dərəcədədir?

Mövzunu Pressklub.az-a təhlükəsizlik üzrə ekspert İlham İsmayıl şərh edib.

O, xüsusi xidmət orqanlarının fəaliyyətində yeni üsulların tətbiqinin texnoloji yeniliklərin sürətli inkişafı ilə paralel şəkildə həyata keçirildiyini qeyd edir.

"Texnoloji imkanlar insanların həyatına daxil olmamışdan əvvəl, xüsusi xidmət orqanlarının işində istifadə olunur və bu proses indi də davam edir. Uzaqdan idarə olunan qətllərin yaranması və yayılmasının müəyyən üstünlükləri var. İran generalı Qasım Süleymaninin öldürülməsi xüsusi təyinatlı qüvvələr tərəfindən qorunan obyektin məhv edilməsinə nümunə ola bilər. Amma deyək ki, Üsamə bin Laden kimi daima gizlənən terrorçuya qarşı bu üsulu tətbiq etmək çətindir. Buna görə də "Əl-Qaidə" lideri klassik hücum əməliyyatı ilə məhv edildi", – deyə ekspert bildirib.

Onun sözlərinə görə, Kirillovun öldürülməsi və yuxarıda qeyd olunan digər oxşar əməliyyatlar zamanı “nöqtə” üsulu seçilir və "Krokus terroru"ndan fərqli olaraq, bu əməliyyatlar zamanı digər insanlara zərər verilməməsi üçün maksimum səy göstərilir.

"Çünki əsas hədəflə birlikdə günahsız insanlar da həlak olduqda, cəmiyyət bunu qeyri-adekvat hərəkət kimi qəbul edir.

Bir məqamı qeyd edim: texniki imkanlar nə qədər geniş olsa da, hədəfin insanların sıx toplaşdığı yerlərdə zərərsizləşdirilməsi zamanı əsas maneə yenə də insan amili olur. Son vaxtlar əməliyyatlar zamanı vaxt amilini azaltmaq üçün muzdlu icraçılardan istifadə edilir. Bu zaman əməliyyatı sifariş edən tərəf üçün muzdlu qatilin tutulub-tutulmayacağı əhəmiyyət daşımır. Əsas məqsəd – hədəfi məhv etməkdir. Kirillovu öldürən Özbəkistan vətəndaşının ələ keçməsi artıq UTX üçün əhəmiyyət kəsb etmir. UTX bu əməliyyatı təşkil etdiyini heç gizlətmədi.

Hələlik uzaqdan idarə olunan qətl üsulunun geniş yayılma təhlükəsi yoxdur. Lakin bu texniki vasitələr cinayətkar ünsürlərin əlinə keçdiyi zaman ciddi problemlər başlayacaq", – deyə İlham İsmayıl vurğulayıb.

Rauf Orucov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10