Rayonda qısa müddətdə 10-a yaxın Uşaq Bağçasının tikilməsi, yaxud əsaslı təmir olunması gözlənilir.
Masallının Uşaq Bağçalarının tarixinə qısa bir nəzər salaq. Hələ ötən il müsabiqə üçün hazırladığımız araşdırma məqalədə (Link əlavə olunur- http://cenub.az/4768-vdeolar-ka-yen-uaq-olaydm-yaxud-bir-d-uaq-olmaq-istmirm-zahir-mnovun-tqdimatnda.html)
qeyd etmişdik ki, Masallı rayonu uşaqların bağçalara cəlb olunma faizinə görə ölkə üzrə çox aşağı pillədədir. Yəni, ölkə üzrə bu rəqəm 17 faizdirsə, Masallıda 5 faizdir.
Onu da qeyd etmişdik ki, müstəqillik dövründə Masallıda 10-a yaxın uşaq bağçası (Yeddioymaq, Qarğalıq, Səmidxan, Böyük Xocavar, Boradigah, Türkoba, Şatıroba, Xıl, Musaküçə) bağlanıb, Ərkivan, Mahmudavar, Göyçöl və sair yerlərdə qrupların sayı azalıb, Qızılavar kəndində Uşaq Bağçasının tikintisi yarımçıq qalıb və təyinatı dəyişdirilib.
Son 3-4 ildə isə bu sahədə nisbətən irəlilyiş oldu. Belə ki, Böyük Kolatan kəndində 100 yerlik yeni bağça açılıb, Sərçuvar və Şəhər 2 saylı uşaq bağçaları əsaslı təmir edildi. Şəhər mərkəzində 100 yerlik ilk özəl "Viləş" adlı Uşaq Bağçası inşa olundu. Ötən il təmirinə başlanınılan 100 yerlik Səmidxan kənd uşaq bağçası isə əsaslı təmirdən sonra istifadəyə tam hazırdır.
Lakin buna baxmayaraq Masallı rayonu əhalisi ondan xeyli az olan rayonlarla müqayisədə daha az uşaq bağçalarına sahibdir. Ortada olan 17 uşaq bağçasının isə az qala yarısı, yəni 7-si 2 qrupludur.
Bununla bağlı ötən il hazırladığımız infoqrafikanı yazıya əlavə edirik.
Bu məlumatları niyə xatırlayırıq?
Son günlərdə Masallı rayonunda İcra Hakimiyyəti Başçısının Millət Vəkili Məşhur Məmmədovun ciddi səyi və təşəbbüsü ilə yeni Uşaq Bağçalarının tikintisinə və təmirinə dair geniş proqram reallaşmağa başlayıb.
Belə ki, Uşaq Aləmi mağazasının arxasında, 2 il öncə yeni binaya köçmüş 2 saylı bağçanın yerində 100 yerlik yeni tipli uşaq bağçasının təməli qoyulub. Ərazi artıq inşaat işçiləri üçün hasarlanıb. Təməlqoyma mərasimində İcra Başçısı Şahin Məmmədov və Millət Vəkili Məşhur Məmmədov iştirak edib. (Yeni inşa ediləcək Uşaq Bağçasının dağılmış binasının fotosu əlavə olunur )
Bundan əlavə İcra Hakimiyyəti ilə üzbəüz 150 yerlik uşaq bağçasının sökülüb, yenidən tikilməsi planlaşdırılır.
Daha harada uşaq bağçalarının təkintisi və təmiri planlaşdırılıb?
- Boradigah qəsəbəsində - 100 yerlik yeni bağçanın tikilməsi;
- Ərkivan qəsəbəsində 100 yerlik yeni bağçasın tikintisi, yaxud da əvvəlkinin əsaslı təmiri;
- Yeddioymaq kəndində yeni Uşaq Bağçasının tikintisi;
- Köçəkli kəndində yeni yeni Uşaq Bağçasının tikintisi;
- Həsənli kəndindində köhnə Uşaq Bağçasının əsaslı təmir;
- Mahmudavar kəndində Uşaq Bağçasının əsaslı təmiri.
Adı çəkilən ərazilərdə uşaq bağçası binalarının tikilməsinin Heydər Əliyev Fondu və yerli sahibkarların vəsaiti hesaabına təmin olunması gözlənilir. Həmçinin nəzərdə tutulur ki, bu uşaq bağçalarının inşası bu ilin sonuna kimi başa çatsın.
Zahir Əmənov. Cənub.az