Belə və buna bənzər düşünənlər onlarladır.

Lakin bu sahədə fikirlərin olduqca fərqli olmasından, hökumətlərin uşaqlara qayğısından asılı olmayaraq, onların romantikasından, şirin danışığından, saflığından doğan qəribəlikləri, qeyri-adi kəlamları həmişə unudulmazdır.
Uşaq bağçaları ilə bağlı araşdırmalarımız isə çox maraqlı məqamları ortaya çıxartdı.
Uşaq bağçalarının tarixi
Hələ XVIII, XIX əsrlərdə Avropa ölkələri körpə balaları üçün uşaq bağçaları açanda bizdə molla məktəblərini çıxmaq şərti ilə cəmi 3-4 dünyəvi məktəb var idi.
Azərbaycanda ilk uşaq bağçaları Sovet hakimiyyəti qurulandan sonra təşkil edilib. 2-ci dünya savaşından sonra isə Masallı (indiki
Dadva ərazisində), Lənkəran, Cəlilabad və digər rayonlarda uşaq bağçalarının açıldığı barədə məlumatlar var.
Bəs bu gün dünyada, eləcə də qonşu ölkələrdə
və bizdə vəziyyət necədir?
Bu günümüzə bir nəzər
Televiziyada, internet səhifələrində tez-tez yeni tikilmiş, yaxud təmir edilmiş bağçaların açılışlarına, yarlı-yaraşıqlı mebellərinə,
burada bəxtəvərcəsinə şənlənən uşaqlara rast gəlirik. Təkcə bir kənd rayonu olan Masallıda son 7 ildə 6 uşaq
bağçası əsaslı təmir edilib və tikilib. Bunlar olduqca fərəhvericidir.
Bəs bu uşaq bağçalarından neçə nəfər faydalanır?
Elə Masallı rayonundakı uşaq bağçalarının statistikasına nəzər yetirik.
2019-cu ilin yanvar ayının 1-nə olan statistikaya görə (Respublika Statistika Komitəsi) Masallıda bağça yaşlı (1-5) 18 min 773 uşaq var. Bu uşaqların isə cəmi 5 faizi, 1010 nəfəri uşaq bağçalarına cəlb edilib. Rayonda hökumətdən maliyyələşən 17 uşaq bağçası var ki, onların da az qala yarısı, yəni 7-si 2 qruplu (40 nəfərlikdir) bağçalardır. Müqayisə üçün deyək ki, Lənkəranda yerləşən 280 nəfərlik bağçaya bu 2 qruplu bağçalarının 7-si, yəni hamısı yerləşər.
30 minlik əhalisi olan ərazidə uşaq bağçası yoxdur
Masallı rayonun 10-dan artıq kəndini, 30 minə yaxın əhalisini birləşdirən Şərq tərəfində - şəhər
ərazisinə daxil Digahdan başlamış Banbaşı, Yeyənkənd, Xəlfələr, Abbasbəyli, Böyük Xocavar,
Köhnə Alvadı, Tatyan, Güllütəpə, Əmirtürbə, Yeni Zuvand, Yelağac və digər kəndlərdə bir
ədəd belə uşaq bağçası yoxdur.
Tikilən, dağılan və sökülən bağçalar
Yuxarıda qeyd etdik ki, Masallıda son 6-7 ildə 6 uşaq bağçası tikilib, yaxud əsaslı təmir edilib.
(Hazırda biri- Səmidxan kənd uşaq bağçası da təmir edilir)
Bəs son 1990-2010-cu illərdə Masallıda hansı uşaq bağçaları bağlanıb, təyinatı dəyişdirilib, bərbad günə qalıb, qrupları azaldılıb və sair? (İnfoqrafikaya diqqət yetirək)
Qısası, indi Masallıda 1000-dən artıq uşağın yerləşə biləcəyi (yəni, indi fəaliyyətdə olan sayda bağçalara cəlb edilən uşaqlar qədər) 10-dan artıq uşaq bağçaları ya fəaliyyət göstərmir, ya da qrupları azalıb. Yəni, həmin bağlanmış 10 uşaq bağçasının bərbad vəziyyəti ürək ağrıdır.
Kolatanda yeni açılmış uşaq bağçası istisna olmaqla Masallıda heç bir uşaq bağçasının son 10 ildə bir ədəd belə yeni qrupu açılmayıb.
Ən bərbad uşaq bağçaları binalarının yerləşdiyi ünvanlar isə Ərkivan qəsəbəsi, Xırmandalı və Həsənli kəndlərindədir.
Bütün müqayisələr ziyanımızadır
İstər dünya, istər keçmiş SSRİ məkanı ilə müqayisələr Azərbaycanın, Azərbaycanda isə əhali sayına görə sayı Masallıya nisbətdə az olan rayonlarla müqayisələr açıq-aşkar Masallı ilə mənfi yüklüdür.
Dünyada
Finlandiya dünya üzrə azyaşlıların uşaq bağçalarına qəbulunun faizinə görə ən öndə gedir.
Belə ki, bu ölkədə uşaqların 99 faizi uşaq bağçalarına qəbul olunub.
Bu rəqəm Belçikada 95, Almaniyada 82 faizdir. Norveç isə dünyanın uşaqlar üçün cənnət sayıldığı bir məkandır.
Əhalisi təxminən Azərbaycan qədər olan, bizdən aldığı borc hesabına yaşayan Belarusiyada azyaşlıların 81 faizini birləşdirən 4100 uşaq bağçası var. (müqayisə üçün Azərbaycanda 1679, yaxud 2, 5 dəfə az). Həmin uşaq bağçalarında 51 min pedaqoji işçi çalışır ki, onun da yarısı ali təhsillidir.
Azərbaycanda
Azərbaycanda isə azyaşlıların cəmi 17 faizi (Respublika Statistika Komitəsinin məlumatına əsasən ) uşaq bağçalarına cəlb edilib. Onu da xatırladaq ki, uşaq bağçalarının bir neçə yüzündə məcburi köçkünlər məskunlaşıb.
Tanınmış iqtisadçı, professor Qubad İbadoğlunun araşdırmalarına görə- 19 91-ci ildən 2018-ci ilədək Azərbaycanda 400 uşaq bağçası bağlanıb, bağçalarda 15 minədək uşaq sayı azalıb
- Ölkədə boşanma çoxalır, nikah və doğuş isə azalır. Respublika Statistika Komitəsinin açıq məlumatlarına görə, təkcə Masallı rayonunda son 6 ildə yeni doğulanların sayı 1026 nəfər azalıb.
Şəhər və region uşaq bağçaları
Azərbaycanda uşaq bağçalarının hamısını eyni “tərəziyə” qoymaq düzgün olmazdı. Belə ki, Bakıda və bir sıra şəhər mərkəzlərində uşaq bağçaları olduqca gəlirli bir məkana çevrilib. Bu məkanlarda azyaşlılar həmin bağçalara aylıq 500-700, bəzən 1000 manat ödəməklə qəbul olunur.
Hətta dövlət bağçalarının qəbulun qiyməti paytaxtda və bəzi şəhərlərdə 200-300 manatdan aşağı olmur.
Regionlarda, xüsusən əyalətin əyaləti sayılan ucqar kəndlərdə isə uşaq bağçaları min cür əziyyətlərlə fəaliyyət göstərir, Həmin bağçalarda çalışanların bəzisi sanki gün cürüdür və daim “cinayət” içindədirlər. Dərdlərini deyəndə də bir hədə eşidirlər “İstəmirsən, ərizə ver, çıx”.
Əgər regionda 40 yerlik uşaq bağçasının müdiri 01 oktyabr 2019-ci ilə olan məlumata görə 320-240 manat alırdısa, 6 ay öncə bu rəqəm 160-180 manat idi), Bakıda isə cəmi 1 uşağa dayəliyin məvacibi isə 450-500 manatdır.
Biz aşağıdakı bölümlərdə region bağçalarının problemlərindən bir qisminə nəzər salmağa çalışacağıq.
Regionlarda bağçaların əksəriyyəti 2
qruplu olduğundan öncə onlardan söz açaq
Hər rayonda uşaq bağçalarının sayı elə də böyük önəm daşımır. Əsas həmin bağçaların neçə qruplu olmasıdır. Yəni, bir rayonda beş 2 qruplu bağça, digərində iki 6 qruplu bağça varsa, həmin 6 qruplu bağça həm uşaq sayına, həm ştat vahidlərinə görə daha üstündür.
2 qruplu bağçaların pedaqojikomandasına müdir,
2 tərbiyəçi, 1 musiqi rəhbəri, 2 dayə daxildir.
2 qruplu uşaq bağçalarında təsərrüfat müdir yoxdur, bu işləri də müdir icra etməlidir. Metodist yox, tibb bacısı yox. Mühasibat da birləşmiş mühasibatlıq. Bağça müdiri bilmir saatlarla menyu, anbar kitabını doldursun, ərzaq daşısın, icranın tapşırıqların yerinə yetirsin, təsərrüfat müdirliyi etsin, tərbiyəçilik etsin, həftədə bir neçə dəfə, hətta istirahət günləri iclaslara, digər tədbirlərə getsin.
Ona görə, 2 qruplu bağçaların rəhbərləri açıq-aşkar, daima da günahkar olur, hər hansı mükafatdan, təltifdən də uzaqdırlar.
Uşaq bağçalarına hansı idarələr rəhbərlik edir?
Bağçanın əsas işi azyaşlı uşaqların tərbiyəsi ilə məşğul olmaqdır.
2012-ci ildə Uşaq Bağçaları təhsil nazirliyinin tabeliyindən ayrılıb İcra hakimiyyətlərinə veriləndən sonra uşaq bağçalarının ərzağı Ərzaq Tədarükü İdarəsinə, kadr işi icra hakimiyyətinə, təsərrüfat fəaliyyəti isə ərazi nümayəndəliklərinə tapşırılıb ki, bunların da heç biri tərbiyə işinə cavabdeh deyil.
Bağçaya nəzarətçilər isə kifayət qədərdir -“sanepstansiyadan” icra hakimiyyətinədək.
Hamı yoxlayır. Məsləhət verən, öyrədən, yardım edən azdır.
Nəqliyyat
Əksər inkişaf etmiş ölkələrdə orta məktəb şagirdlərinin belə dərsə xüsusi avtobuslarla getdiyi vaxtda, heç kim inanmaz ki, 3-5 yaşlı uşaqlar bağçaya özləri gedir. Buna görə isə uşağını bağçaya aparıb - gətirən valideyn xeyli vaxt və vəsait itirir.
Uşaq bağçalarının büdcələri
Masallıda, Ərkivan qəsəbəsindəki uşaq bağçasının müdiri Reyhan Əzizova deyir ki, uşaq bağçalarının büdcələrində də qəribə hallar var.
Smeta o qədər əndrabidir ki... Məsələn, bağçada telefon yoxdur, smetada telefon xərci var. Ay ərzində bağça müdiri, tərbiyəçilər valideynlərlə danışığa görə mobil telefona 20-30 manatlıq pul xərcləyir, amma mobil danışıqlar üçün vəsait yoxdur.
Ölkə daxili nəqliyyat üçün pul var (bağça işçiləri başqa rayonlar niyə getsin ki?). Bağça müdirləri ayda azı 10 dəfə əlaqədar təşkilatlara, müxtəlif tədbirlərə gedib-gəlir, amma bunun üçün vəsait yoxdur. Hələ su pulu və digər adı olub özü olmayan xidmətlər üçün ayrılan vəsaitləri demirik.
Hər hansı qəfil çətinlik yaranarsa, operativ addım atmaq şansları yoxdur. Yanvar ayının yanacaq, dəftərxana xərci may ayının sonunda verilir. Əlbəttə, bu çətinliklər regiona, ucqar kəndlərdəki bağçalara daha çox aiddir,
Niyə ali təhsilli pedaqoqlar region uşaq
bağçalarında işləmək istəmir?
Müqayisə edək - ali təhsilli, 18 ildən yuxarı iş stajı olan müəllim ayda 600 manat, həmin göstərici ilə bağça tərbiyəçisi 290 manat alır. (1 iyun 2019-cu ilə olan məlumat)
Halbuki, bağça tərbiyəçisi həftədə 30 saat, müəllim 18 saat işləyir.
Məktəb müəllimi iyunun 15-dən sentyabrın 15-dək 90 gün, + il boyun 3 dəfə 5 günlük tətillər (cəmi 105 gün) istirahətdə olur. Bağça tərbiyəçisinin isə bundan 2 dəfə az-42 günlük istirahət şansı var.
Belə halda – ikiqat az əmək haqq, ikiqat az istirahət müddəti və ikiqat çox dərs yükü ilə yalnız əlacsızlar bağçada çalışmağa üstünlük verir.
Bəs uşaq bağçalarına qəbulda seçim necə edilir?
Məsələn, Ərkivan qəsəbəsinin ərazisində 700 nəfərə yaxın bağça yaşlı uşaq var. Bağça isə 40 uşaq üçün nəzərdə tutulub. Bəs qalan 660 uşaq? Seçim necə edilir?
Ən ağrılısı odur ki, həmin 40 yerlik bağçaya da uşaqlar zülmlə cəlb edilir. Niyə? Uşaq bağçasının əsas hissəsində məcburi köçkünlər yaşayır. Valideynlər bildirir ki, həmin məcburi köçkünlər gözəl, mədəni, zəhmətkeş insanlardır. Onlara diqqət göstərmək hamımızın borcudur. Onların bir neçəsi də bağçada çalışır. Amma... təsəvvür edin, uşaq bağçasının həyətində onlarla qoyun, inək, göyərçin, dovşan, hətta it saxlanılır. Ona görə, bəzən həmin bağçanın yaxınlığında yaşayanlar öz uşaqlarını bura yox, evlərindən 5-6 km. aralı olsa belə, daha təmirli, komfortlu olan uşaq bağçalarına aparırlar.
Məsələn, Masallıda 3 min əhalisi olan Sərçuvar kəndində Uşaq bağçası tam təmirli olduğu üçün ora o qədər uşaq gəlir ki, az qala normadan artıq qəbul etsinlər. 17 minlik Ərkivan qəsəbəsində isə uşaq bağçası bərbad vəziyyətdə olduğu üçün uşaq bağçasında 40 yerlik planı da bəzən dolmur.
Statistika nələri aşkarlayır?
Öncə Lənkəran iqtisadi rayonuna nəzər salaq.
Göründüyü kimi Lənkəranla Masallının əhali sayında elə ciddi fərq yoxdur. Cəmi, 2 min nəfər. Lakin Lənkəranda azyaşlıların 3 mini, Masallıda isə cəmi 1 min nəfəri uşaq bağçalarına cəlb edilib. Masallıda azyaşlı uşaqların sayının 18 mindən yuxarı olduğunu nəzərə alsaq, bundan sonra hər il Masallıda 1000 yerlik uşaq bağçası tikilməlidir ki, 18 ilə bir rayonda bağça problemi tam həll edilsin.
Digər rayonlarla müqayisə
Bəs çıxış yolu nədədir?
Təcrübəli pedaqoq Alzaman Baxış qeyd edir ki, öncə uşaq bağçalarına rəhbərlik ya təhsil şöbəsinə verilməli, ya da bununla bağlı ayrıca qurum, komitə təşkil edilməlidir. Bu sahə üzrə hökumətin daha çevik və işlək proqramı olmalıdır. Olduqca işgüzar debatlar təşkil olunmalıdır.
Alzaman Baxış həm də bildirir ki, uşaqları daha kütləvi şəkildə bağçalara cəlb etmək üçün yeməksiz - bir neçə qruplu, mobil məktəbəqədər müəssisələr yaradılmalıdır. Artıq Masallıda bunun bir nümunəsi var. “Şəkərbala” adlanan ödənişli məktəbəqədər kursa 150-yə yaxın uşaq cəlb olunub. Burada uşaqlara üçün yemək və yatmaq təşkil edilməsə də, onlar hər gün 4 saat olmaqla kifayət qədər əylənir, şeir, mahnı, nağıl və s. öyrənirlər.
Əgər yemək verilən, dövlətin maliyyələşdirrdiyi bir uşaq bağçasının saxlanması hökumətə 1 ildə 60 minə başa gəlirsə. Belə, yeməksiz, 2 qrupla özəl bağçalar yemək verilmədiyi, daha az ştatda işlədiyi üçün bundan 2 dəfə az məsrəflə çalışırlar.
Masallı şəhər sakini Elçin Mirzəyev bildirir ki, uşaq bağçalarında qaranlıq məqamların aradan qaldırılması üçün həmin binaların hamısında kameralar qurulmalı, bu qurumlarda aşkarlıq tam təmin edilməlidir.
Avropa İttifaqının Masallıdakı icma əsaslı “Uşaq bağçaları”
Ötən ildən başlayaraq ölkənin bir sıra regionlarında, o cümlədən Masallı rayonundakı 19 ərazidə Avropa İttifaqının maliyyə dəstəyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə icma əsaaslı uşaq bağçaları fəaliyyət göstərməyə başlayıb. Masallı Təhsil şöbəsinin məsul işçisi Abbas Abbasovun bildirdiyinə görə, hər birindən 20 azyaşlı olmaqla ümumilikdə 19 məktəbdə 21 belə qrupda 200-dən artıq uşaq cəlb olunub. Bu mini “Uşaq bağçaları” ən müasir avadanlıqlar və əyləncə qurğuları ilə təmin edilib. Ən maraqlısı odur ki, belə qrupların idarə olunmasında valideynlər də yaxından iştirak edir. Layihə 2 illikdir.
Masallıda bir özəl uşaq bağçası da fəaliyyət göstərir
ki,bu da bir çox özəllikləri ilə seçilir
Özəl Uşaq bağçasının rəhbəri Şəfa Allahverdiyeva bildirir ki, bağçamız texniki təminatına (kamera, elektron lövhə, mikroavtobus və s.), olduqca orijinal tədbirləri, ekskursiyaları, təkcə ölkənin yox, qabaqcıl dünya təcrübələrində səmərəli istifadəsinə görə çoxlarının ciddi marağına səbəb olub. Məhz bizim iş nümunəsi göstərir ki, rayonun əksər kəndlərində belə bağçaların yaranması daha effektli olar.
Vaxt var idi Masallıda 3 pioner düşərgə fəaliyyət göstərirdi
Söz ki, uşaqların tərbiyəsindən, dincəlməsindən düşdü, onu da xatırladaq ki, sovet hakimiyyəti illərində təkcə Masallıda 3 pioner düşərgəsi var idi.
Biri, indi Təkgeçid deyilən məkanda, hazırda “Meşəçi” istirahət mərkəzinin yerində yaradılan, yayda, 3 növbədə 500 nəfərə yaxın məktəblinin dincəldiyi düşərgə.
- İkincisi, indi “Viləş” istirahət mərkəzinin yerləşdiyi ərazidə, tikintidə çalışan şəxslərin övladları üçün yay mövsümündə 350-yə yaxın uşağın dincəldiyi “İkar” adı düşərgə.

- Üçüncüsü, Tüklə kəndində “Alov” , yay mövsümündə 300-dən artıq şagirdin pulsuz dincəldildiyi, hazırda 2 hektar ərazisi istifadəsiz qalmış, bir çox ağacları yanıb məhv olmuş “Alov” pioner düşərgəsi.
Bundan əlavə hazırda istifadəsiz qalan, keçmiş “Türkan” istirahət mərkəzinin yerində əlil uşaqlar üçün 100 nəfərlik sanatoriya fəaliyyət göstərirdi. Həmin mərkəz də istifadəsizdir.Hələ minlərlə uşağın cəlb edildiyi Əmək və İstirahət düşərgələrini demirik. (ABŞ-dakı Kampuslar kimi)
Jurnalist Cəmil Nemətov xatırlayır ki, həmin vaxtlar Masallıda böyüklər üçün cəmi bir istirahət mərkəzi var idi- “İsti-Su” sanatoriyası.
İndi isə böyüklər üçün istirahət mərkəzlərinin sayı 40-a yaxınlaşır, amma uşaqlar üçün heç 5 nəfərlik də bir istirahət mərkəzi də yoxdur
Zahir Əmənov