Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

[Yenilənib] 27 iyun 2016. Çəpərüstü söhbət



- Qıza, yayın istisi ola, gün təpənə döyə, bacılığınla çənəni qızdırıb, çəpər üstündə mırt vurasan. Belə məqamda da ağlına nə gəldi danışsan. Bərkə düşəndə də uzağı deyəcəksən ki, gün vurmuşdu təpəmə, heç bilmirdim nə danışıram.
- İndi özünü belə sığortalamaqla, deyəsən, çox xatalı şeylərdən danışmaq istəyirsən?
- Xatalı iş qalıb ki? Xatalı söhbət pul-para, bir də “o məsələ” ilə bağlı olurdu, onlar da adiləşdi. Yəni, MTN-də milyonlar, milyardlar zibil kimi adi rüşvətə çevriləndən sonra heç 5-10 min manat alanlardan yazmağın yeridir?
Yaxud, qurban olduqlarımız, ətəklərində namaz qıldıqlarımız, televiziya namus-qeyrət dərsi keçib, mədrəsədə və ona bənzər yerlərdə seks-bomba ilə məşul olandan sonra, hətta bir məmur-hacı şəhərin mərkəzində priton fırladandan sonra (elə əməllər ki desən dil yanar, dodaq çatlar) daha “o məsələdən” nə danışasan ki, əhli-müsəlman üçün maraqlı olsun.

- Bəs onda neyləyək, “Çəpərüstü”nü bağlayaq, ya icarəyə verib pivəxana eləyək?
- Hələ bir az tələsmə. Ora-buranı qurdalayıb, nəsə tapmağa ümidim var.
- İnanmıram ki, nəsə fərli bir şey tapasan. Qəhrəman xalqımız gecə-gündüz seriallara baxandan, saatlar domina vurandan sonra elə yatıb ki, onu heç cür tərpətmək olmur. Məsələn, gecə-gündüz hökuməti, məmurları eninə-uzununa tənqid edirsən, birinin də tükü tərpənmir. Deyirsən, valı dəyişim, bəlkə hökuməti tərifləyim, bəlkə o vaxt qorxaqlar ürəklənib tərpənişə, yenə cınqırları çıxmır.
- Hə, saytda oxudum, hökumətin gördüyü və görəcəyi bəzi işləri yaman reklam eləmişdin.
- Düzünə qalsa, orada yalan bir şey yox idi. Olanı yazdım, ən azından görünəni yazdım. Gözlədim, kimsə alqışlayacaq, amma bir səs-səmir olmadı. Ümid etdim ki, heç olmasa, müxalifət yazdığımı təhlil edib, bu işlərin pərdə arxası məqamlarını göstərəcək, bu da olmadı.
- Bəs fikrin nədir?
- Elə bəzi qədim jurnalistlər kimi istəyirəm, özüm-öz yazdıqlarıma tərs bucaqdan baxam. Tutaq ki, orada bir qəşəng məhkəmə binasının şəklini verib, altında da yazmışam ki, 1 ilə Masallıda gözəl, hər cür şəraiti olan, cənubda analoqu olmayan məhkəmə binası tikiləcək. Elə bilirdim ki, kimsə dərhal yazacaq ki, məhkəmənin binası lap tövlədə olsun (məsələn Astan müəllimin 71 metrlik elit tövləsində), təki oradakı hakimlər hər işdə vicdanlarının səsinə qulaq assınlar, haqqı nahaqqın kuzasına atmasın, məhkəmə otaqlarını alverxanaya döndərməsinlər, azyaşlını zorlayanı pul alıb şellənməyə yollamasınlar, arvaddan xəbərsiz onu kişisindən boşamasınlar və sair. Yəni, “Neynirəm qızıl teşti, içində qan qusam” məsəlini təzədən camaatın yadına salmasınlar.
- Amma bunu deyən olmadı, hə?
- Yox, olmadı, amma bir nəfər bu mövzuda maraqlı bir şərh yazıb. Həmin ismi pünhan bildirir ki, son vaxtlar türmə və məhkəmə binalarını ona görə müasirləşdirir, hər cür rahatlığı olan məkana çevirirlər ki, bilirlər, gec-tez özləri də burada müttəhim kimi əyləşəcəklər. Yadındadır, rəhmətlik Brejnevin yeznəsi, Daxili İşlər nazirinin müavini olmuş Çurbanov demişdi ki, bilsəydim, nə vaxtsa özüm də türmədə yatacam, bütün dustaqxanaları kurort şəhəri Yaltada tikdirərdim. Amma bizim indiki məmurlar uzaqgörəndir, bunu nəzərə alıblar.
- Bəs xəstəxananın dünya standartlarına uyğun təmir olunmasına nə deyə bilərsən?
- Gözəl xəstəxana bütün hallarda yaxşı işdir. Düzdür, bir çox yerlərdə, məsələn, Gürcüstanda hökumət xəstəxana tikmir, şəxsi adamlar öz vəsaitləri hesabına xəstəxana açırlar, hökumət isə tibbi sığorta xətti ilə insanlara pul verir ki, gedin, hara yaxşıdır, orada müalicə etdirin. Bizdə isə köhnə xəstəxananın köhnə dərdi olur, təzə xəstəxananın təzə. Məsələn, eşidirsən ki, yeni xəstəxanada təmirdən sonra onlarla dializ aparatı quraşdırılacaq, 100-ə yaxın masallılı dializ xəstəsi qonşu rayonlara müalicəyə getməkdən xilas olacaq, kompüter-tomoqrafiya aparatı qulağının dibində olacaq - buna çox sevinirsən. Amma eşidəndə ki, təzə xəstəxanaya köçməmiş köhnə xəstəxanada hər şöbə müdirinə, hər həkimə, hətta hər xadiməyə yeni taslar qoyulub (aşağı-yuxarı 3 min, ya 300 manat verməsən, sənə təzə binada yer yoxdur tələbi ilə), onda xəyallanırsan. Bilirsən ki, 3 min rüşvət verən şöbə müdiri-həkim buna görə, neçə adamın qulağı əvəzinə burnunu, böyrəyi əvəzinə dalağını kəsəcək. Pul almasa, xəstəni gözgörəsi mələdəcək ki, verdiyini çıxartsın. Əslində bu özü də təzə xəbər deyil.. Babalı deyənlərin boynuna, xəstəxanada adi xadimə ştatının da tası 1000 manatdan aşağı deyil. (Biri söz verib, sözündən qaçmasa, oradakı rüşvət cədvəlini daha detallı şəkildə mənə verəcək).
- Şəxsən mən bu sözlərə inanmaram. Hörmətli dostumuz Cəlil müəllim dünyanın, eləcə də pulun hər cürəsini görüb, adamı da hamıdan güclü, o belə xırdalıqlara getməz. O, nə edir, xalq üçün edir.
- Bax, elə indicə e-mailimə bir mesaj gəldi. Deməli, adı pünhan olan bir vətəndaş yazır ki, bu, yeni uşaq bağçası açırlar ha, orada da müdirlərin və işçilərin aylıq əmək haqqı 100-150 manat olacaqsa, işçilər günü 4-5 manata işləyəcəksə, uşaqlara hər gün 3 dəfə verilən yemək üçün 40-50 qəpik pul ayrılacaqsa – bundansa, o parıltısı göz deşən uşaq bağçalarını açmasalar, yaxşıdır. Yetimxanalar da vəziyyət bu bağçalardan abırlıdır.
- Səninki lap dava-dava oldu. İndi hər nə yaxşı varsa, bir qulp qoyacaqsan? Buna böyüklər neyləsin? Bunlarınkı plana saldırıb, tikməkdir, içindəki hoqqalara gərək biz imkan verməyək. Sən ki, belə başlamısan, bəlkə, bayraq meydanına da bir qulpun var?
- Bayrağımıza canım qurban, balalarım qurban. Amma mən bilən, o bayrağımız var ha, onu ilk yaradanların, ilk dəfə dünyaya bəyan edənlərin çoxunu az qala Vətən xaini çıxartmaq istəmədikmi? Məncə, müstəqillik bayrağı öncə qəlbimizdə, ruhumuzda dalğalanmalıdır. Onun dirəyini daha hündür, parçasını daha enli etməklə iş bitmir ki.
- Doğrudan, bunları ürəkdən deyirsən?
- Yox e, bacı qurban, elə-belə, camaatı tərpətmək üçün deyirəm. Bax, bayaq da dedim, tərif yazıram, tərpənmirlər, tənqid yazıram, tərpənmirlər, qəsəbəmizin, kəndimizin saytın yaradıram, tərpənmirlər, icma yaradıram, xeyriyyəçilik edirəm, tərpənmirlər.
- Ayıb olmasın, bəlkə, tərpənən yerləri xarab olub. Ya da bir teatrda deyilmişkən, bizə “cadu” ediblər. Ona görə böyük işlərə çox baş qoşma. Gəl, xırda məsələlərdən qırıldadaq, ilişəndə altından çıxmaq da olsun. Yəni nə iqtidar diksinsin, nə müxalifət səksənsin.
- Qırıldad, baxaq da.
- Bilirsən ki, mənim müqayisə aparmaqdan xoşum gəlir. Bu yaxında da bir neçə müqayisə apardım. Məsələn, evdə də işıq yandırırıq, şirkətdə də - qiymətlər eyni. Amma evdə işlədilən telefona görə 2 manat, şirkətdə işlədilən telefona görə 7 manat ödəyirik. Xeyir ola, bəlkə kabinetdə danışanda səs daha məlahətli çıxır. Yaxud, küçənin bu tərəfində yaşayış evi tikirsən, 3 mərtəbə, hündürlüyü də 12 metrə qədər qaldırmağa icazə verirlər, küçənin o biri tərəfində eyni torpaqda dükan tikirsən, 2-ci mərtəbəyə görə aləm dəyir bir-birinə, ancaq 2-ci mərtəbənin sənədləşməsinə 2 dükanın xərci çıxır.
- Müqayisələrin elə bu idi?
- Müqayisələr qurtaran deyil. Məsələn, 65 yaşı olan həkim dövlət xəstəxanasında xəstəyə baxa bilməz, amma özəl xəstəxanada baxa bilər. Adam adamdır da, özəl xəstəxana olsun, ya dövlət. Onsuz həmin pulu ondan alırlar. Deyirəm, bəlkə, belə qərarları bir başda 2 beyni olanlar yazır.
- Demək deməkdir, bir müqayisə də mən deyim. Masallıda 2 orijinal dükan var - biri Şərab dükanı, biri Kitab dükanı. 1-cinin, şərab dükanının qabağında həmişə adam olur, kitab dükanının isə qapısını açan olmur. Deyirəm, bəlkə, bizdə dindarlar başqa işlərlə məşğuld belə xırda işlərə vaxtları olmur.
- Hazırda toyların qızğın vaxtıdr, bəlkə, söhbəti xoş sonluqla bitirək? Toy edənlərə bir məsləhətdən, zaddan.
- Əvvəllər toy edənlərə çox məsləhət vermişəm, əməl etməyiblər. Amma birini də deyim. Toyda aşpazlardan ehtiyatlı olsunlar, bir də gördün, əkişdirdilər. Məsələn, bu yaxınlarda Yardımlıda bir ziyafət zamanı toy sahibi aşpazlardan şübhələnir. Him-cimlə öyrənir ki, aşpazlar toy üçün doğradıqları ətdən 2 vedrə tövlədə gizlədiblər. Toy sahibi də eləməyib tənbəllik, gedib həmin vedrədəki ətləri başqa qablara boşaldıb, vedrəni isə eşşək peyini ilə doldurub. Aşpazlar da bunu bilmədən peyinləri evə aparıblar. Qalanını özün fikirləş də.
- Yaxşı, söhbəti bitirək. Hər şeyə bir qulp qoydun, bəs bu yaxında təməli qoyulacaq, 300 milyona yaxın dəyəri olacaq Viləşçay dəryaçasının 2-ci bəndinin tikintisinə nə sözün?
- Bax, buna qulp qoya bilmərəm. Bu iş rayonumuz üçün o qədər faydalıdır ki, (turizm, yüzlərlə yeni iş yeri, təsərrüfatların su ilə gen-bol təminatı və sair) buna qulp qoysam, bir parodiyaçı demişkən, adamın ağzı əyilər.
-Daha bəsdir. Bu gün lap çox danışdın. İstidir, get evə. Hər şeyə baş qoşma. Şair demişkən “başın var, başını başsızdan qoru!”
Zahir Əmənov






Önceki Sonraki
Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10