Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Biz aşkarlıqdan niyə qorxuruq?


Biz aşkarlıqdan niyə qorxuruq?
Hətta icra başçısının hesabatını da öz saytlarında yerləşdirməkdən çəkinənlərin məramı nədir?

Biz aşkarlıq barədə dəfələrlə yazmışıq. “Qaranlıq dəlisi” olan məmurların aşkarlıqdan necə qaçdıqlarını, necə gizləndiklərini konkret faktlarla göstərmişik. İndi elə zamana gəlib çatmışıq ki, internet resurslarından -saytlardan, sosial şəbəkələrdən nələrisə gizlətmək az qala mümkünsüz olub. Lakin rayon icra hakimiyyətinin başçıları, idarə müdirləri, bələdiyyə sədrləri maksimum məsafədə aşkarlıqdan qaçmaq istəyir və qaçırlar.
Təsəvvür edin, təxminən bir ay öncə Masallı İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov cənablarının rayon sakinləri ilə görüşü olub, lakin aradan 1 ay keçməsinə baxmayaraq bu görüşün nəinki təfərrüatları, heç görüş barədə bir neçə sətirlik xəbər də Masallı-İh.gov.az saytına qoyulmayıb.
Görən səbəb nədir? 2 il öncə keçirilən hesabatın tam mətni həmin sayta yerləşmişdi. Biz də həmin materialdan istifadə edib “Cənub xəbərləri” qəzetində “Başçının hesabatı” adlı yazı ilə rayon rəhbərinin söylədiyi yalanları konkret faktlarla oxuculara aşkarladıq.
İş elə gətirdi ki, bu dəfə başçının hesabat tədbirində özüm iştirak etməli oldum. Büdcə təşkilatlarının hətta xadimələrini də zorla tədbirə gətirmələrinə baxmayaraq Mədəniyyət Evinin 300 nəfərlik zalını tam doldura bilməmişdilər. Səbəbi yəqin ki, çoxları üçün maraqlıdır – rayon sakinlərinin orada danışılanlara inamsızlığı.
Tədbirdə diqqəti cəlb edən ən maraqlı məqamlardan biri də İcra Başçısı Rafil müəllimlə polis rəisi, polkovnik Nəriman İmranovun o tədbirdə, yuxarıda qoşa əyləşməsi idi. Bir sıra xeyirxah işlərinə görə polis rəisinə hörmətimiz olsa da, niyə başçının hesabatında yuxarıda başçı ilə yanaşı ancaq onun oturması qəribə suallar doğururdu? Axı, icra başçısının 1-ci müavini var, şəhər üzrə nümayəndəsi var, şəhər üzrə bələdiyyə sədri var, təhsil şöbə müdir, prokuroru, məhkəmə sədri... var. Bəlkə icra başçısı onlarla yanaşı oturmağı özünə yaraşdırmır? Bəlkə onlar belə yüksək postlara layiq deyil? Elədirsə, onlar elə yüksək postlarda niyə əyləşirlər? İcra başçısının polis rəisi ilə hesabat yığıncağının rəyasət heyətində qoşa əyləşməsinin isə bir anlamı var – birdən kimsə çaşıb xatalı sual verib, xatalı çıxış edər ha - polis rəisi buradadır.
Tədbirdə isə cəmi 3 nəfər çıxış etdi –Əməkdar müəllim Mirqabil Hüseynov, icra başçısından xeyirxahlıq görmüş bir şəxs, bir də məşhur YAP-cı Hacı Rafiq Bağırov. Təkcə Rafiq müəllim bir neçə təkliflər səsləndirdi ki, onlar da elə söz olaraq o zalda qaldı.
İcra başçısı rayonda görülən və görüləcək işlərdən xeyli danışdı. Nöqsanlardan danışanda isə ancaq əhlini günahlandırdı – parkların qədrin bilmirlər, ayaqyollarını dağıdırlar və sair və il axır. İcra başçısı demədi ki, büdcə təşkilatlarına verilən tikinti, dəftərxana, avadanlıq və sair üçün pullarının neçə faizi onlardan oğurlanır? Təhsildəki rüsvayçılıqlar niyə açıq-aşkar himayə edilir? Bələdiyyələrdəki özbaşınalıqlara niyə göz yumulur? Və sair.
Biz hansı zamanda yaşayırıq? Dünyanın ən uzaq nöqtəsində baş verən hadisələr barədə bir neçə dəqiqə sonra xəbər tuturuq, amma öz rayonumuzda, qəsəbəmizdə, kəndimizdə olanlardan xəbərsiz oluruq.
Bir anlıq bələdiyyələrə nəzər salaq. Hansı bələdiyyə nə qədər qazanıb, necə qazanıb, qazandığını necə xərcləyib? Bunları bilən varmı? Bir neçə həftə Qəriblər bələdiyyəsindən xahiş etdik ki, redaksiyaya gəlib gördükləri işlər barədə bizi məlumatlandırsınlar. Bələdiyyə sədri isə redaksiyaya Seybətin bələdiyyəsinin sabiq sədri, hazırda Qəriblər bələdiyyəsində özünün dediyinə görə, mətbuat xidmətinə rəhbərlik edən Zöhrab Hüseynovu göndərdi. Biz Hüseynovdan soruşduq ki, 1 ildə hansı işləri görmüşünüz? Dedi ki, bizə rəsmi yazın, biz də cavab verək. Bildirdik, tutaq ki, biz rəsmi sorğu verdik, bəs minlərlə seçiciniz sizin işlər barədə necə xəbər tutacaq? Niyə sizin adi bir feyzbook səhifəniz yoxdur ki, seçiçiləriniz gördüyünüz işlərdən xəbər tutsun. Bilsin ki, Viləşdən hər ay nə qədər daş-çınqıl çıxardırsınız, bu işlərdən qazandıqlarınız pullar hara köçür? Hər ayda, iki ayda seçiçilərinizin üzərinə etdiyiniz hücumları, hətta döydüyünüz seçiciləri hansı sehri-cadu ilə zərərsizləşdirirsiniz?
Bu irad təkcə Qəriblər bələdiyyəsinə aid deyil. Demək olar ki, bütün bələdiyyələr qapalı işləyir. İldə bir dəfə oyuncaq hesabat seçki yığıncağı keçirib 5-10 nəfər qohum-qardaşını, dost-tanışını ora yığıb əndrəbadi hesabat verənlər doğrudanmı özünü xalqın elçisi sayır?
Niyə, hətta 7-8 yaşlı uşaqlar internetdə maraqlı şəkillər, mətnlər, çıxışlar paylaşırlar, amma icra başçısı, ərazi nümayəndələri, bələdiyyə sədrləri belə imkanlardan istifadə edib video çıxışlarını yaymır, xalqı gördüyü işlərin detalları ilə məlumatlandırmırlar.
Bələdiyyələr daim yeni səlahiyyətlər istəyir. Görəsən, onlar öz səlahiyyətlərindən məhəllə komitələrinə, icmalara verirlərmi? Yaxud, həmin birliklərin yaranmasına şərait yaradırlarmı? Xeyriyyəçilikdən tutmuş pirlərədək hər şey niyə monopoliyadadır?
Səhv etmirəmsə Göyçayda bir sahibkar anasının xatirəsinə 80 nəfərin kredit borcunu bağlayıb, bəs bizİmkilər necə? Elə bilirlər ölənlər üçün 40 gün saqqal saxladılar, iş bitdi
Bir neçə minlik müəllim ordusu olan təhsil şöbələrinin nəinki saytları, heç adi feyzbook səhifələri də yoxdur (hansı ki, belə səhifələri yaratmaq pulsuz və bir neçə dəqiqənin işidir).
Çünki aşkarlıqdan qorxurlar. Əsl aşkarlıq olsa idi görünərdi ki, Masallıda bu ilki Yeni il şənliyi necə gülünc və urəkbulandırıcı keçdi. Pulsuz olan yeni il hədiyyələri bəzilərinə pulla satıldı, o gülünc tədbirə saxta hədiyyə dəvətlanamələri paylandı, bir çox uşaqlar Heydər Əliyev Mərkəzindəki tədbirdən əliboş, hədiyyəsiz, söyə-söyə qayıtdı. Tədbirin də səviyəsi sıfırdan da aşağı. Əgər təhsil şöbəsinin normal saytı, feyzbook səhifəsi olsa idı və ora aşağıdakı məlumatlar yerləsəydi (hər məktəbdə hər sinif üzrə neçə sinif, məktəbdə hansı müəllimlər - təhsili, haranı bitirməsi göstərməklə, eləcə də neçə texniki işçi-adı və vəzifəsi göstərmək) yuxarıdan gələn yoxlayıcıların möcüzə kəşf etməsinə ehtiyac qalmazdı.
Təhsil şöbə müdirlərin çox yox, 10 dəqiqəlik video çıxışları yayılsaydı xalq elə onun danışığından həmin müdirin səviyəsin müəyyənləşdirərdi.
Təkcə Masallının timsalında görünür ki, rayonun təbliğat aparatı heç özünün yaxşı işlərini də təbliğ edə bilmir. Orda-burada, kiçik auditoriyalarda yayılır ki, rayonda filan-filan işlər görülüb və görüləcək.
Mənim qənaətimə görə, onlar yalanlarının üzə çıxmasından qorxaraq çıxışlarını saytlara qoymurlar. Məsələn, icra başçısı illik hesabat yığıncaqındakı çıxışında deyir ki, Viləş çayının sahilində bir neçə hektarlıq park salınacaq. Doğrudan da, sevinməli xəbərdir. Amma sual doğur, əgər rəhbərlik rayonun ən qədim bağı, indi Xətai parkı adlanan sahəyə 5 ədəd normal oturacaq, uşaqlar üçün əyləncə qurğusu qoya bilmirsə, 2 ildir parkın kənarındakı çalanı normal doldura bilmirsə, ora 2 işıq dirəyi basdıra bilmirsə, elə yeni salınacaq parkın yanındakı uşaq bağçasını istifadəyə vermək üçün vəsait tapmırsa, biz onun vədinə necə inana bilərik?
Aşkarlıq olsaydı, bilinərdi ki, 2 il öncə Nizami parkında şütüyən uşaq maşınları necə yoxa çıxdı, H. Əliyev Mərkəzində əyləncə qurğular təsadüfi adamlara həvalə edildiyindən qısa müddətdə necə dağılıb zibilliyə tullandı.
Məhz bu aşkarlıqdan qaçışa görədir ki, icra başçılarının saytı bəzən həftələrlə təzələnmir-(dekarın 12-dən 30-dək Masallı-ih.gov.az saytına bir material belə qoyulmadı) yəni bu rayonda həyat əlaməti yoxdur.
Məhz aşkarlıqdan qaçışa görədir ki, Masllilar.az saytı durduğu yerdən tərpənmir, arkivan.az saytı daşa dönüb. Belə saytlar hər gün təzələnsə, bu internet resurslarında rayonun nəbzi döyülsə, xaricdəki həmvətənlərimiz də rayonda baş verənlərlə daha tez tanış olar, yaxşı işlərə görə qürur duyar, problemlərin həllinə yardımçı olar, bədbəxtiçiliklə üzləşən-evi yanan, qəzaya düşən şəxslərə yardım əllərinə uzadarlar.
Bəlkə icra başçılarının vəsaitləri tükənib-aşkarlığa maya qoyan bilmirlər? Elədirsə, hansı saytı açırsan cənubdakı rəhbərlərin, deputatların Dostluq parkından tutmuş Turkandakı, Novxanıdakı milyonluq villalarından, övladlarının dəbdəbəli və qudurğan həyatından yazırlar. Yalanmı?
Məhkəmələrimizə nəzər salaq. Çünki aşkar, müstəqil məhkəmə olmayan yerdə demokratiya axsaq olur. Estoniyada hər bir vətəndaş evində oturub yerli məhkəmədən tutmuş Ali məhkəməyədək həmin gün keçirilən məhkəmə iclaslarını internetlə izləyə bilir. Bizdə isə ən adi məhkəmə iclaslarına girmək, onların qərarlarını internetdə izləmək belə müsibətə çevrilir.
Çünki bu məhkəmələrdə ədalətsizlik, özbaşınalıq, rüşvətxorluq ərşə çıxıb. Məhkəmə hakimlərinin savadsızlığı bir yana, onları qul təbiəti adamın ürəyini ağrıdır. Əgər bizim məhkəmələri açıq müşahidə etmək imkanınız olsaydı, görərdiniz ki, Masallı məhkəməsinində hörmətli Anar müəllim kimi hakimlər icra başçısının arqumentsiz iddia ərizəsini arqumentləşdirmək üçün özünü necə yazıq günlərə qoyur. Bu barədə yaxın vaxtlarda ətraflı yazacağıq. Hələlik isə sadə bir məqamı diqqətinizə çatdırırıq. Deməli, vətəndaş, başçının pullu işinə toxunduğu üçün rəhbər də onu məhkəməyə verir ki, guya həmin şəxsin tikdiyi ev qanunsuzdur. Amma qanunsuz olan nədir-onu nə başçının nümayəndəsi deyə bilir, nə iddia ərizəsindən aydın olur, nə də məhkəmənin hakimi Anar Alməmmədov (familiyanın gözəlliyinə bax e AL-Məmmədov. Yəni almamış heç nə etmə). Sadəcə vaxtı uzadıb insanları süründürürlər. Pul yığanlarına, “şahın təlxəklərinə” xoş olmaq üçün məhz belə günahsız insanlara zülm edirlər ki, guya bilinsin, bunların da gücü var. Güc budursa? Yaxın saylarımızda onlar yırtılan maskaların “ətrini” hiss edəcək, bu güclərin hansı güclərin qarşısında necə sındığının şahidi olacaqsınız.
Adam bilmir, ölkə başçısının dediklərinə inansın, ya yerli rəhbərlərin fikirlərinə. Ölkə başçısı deyir ki, ölkədə heç bir sosial proqram təxirə salınmayıb. Rayon rəhbəri isə deyir ki, küçəyə daş-qum tökməyə pulumuz yoxdur. Ötən il Masallıda nəinki yeni məktəb, heç bir yeni sinif otağı da tikilmədi. Təmirə dayanan Mərkəzi Xəstəxananın təmirinin hələ neçə il çəkəcəyi hələ də bilinmir. Bu il yeni il bayramında imkansızlara yardım etməyə belə pul tapmadılar. Şəhər mərkəzində isə adi dükan yeri 15 min manatdan aşağı deyil.
Aşkarlıq olsa, Masallı məhkəməsinin iyrənc qərarlar üzrə ixtisaslaşmış, azyaşlılara təcavüz edənləri müdafiə etmək üzrə püxtələşmiş Nemət Musayev kimi hakimlərinin əməli bütün xalqa bəlli olar
Aşkarlıq olsa, gecə-gündüz namusdan, qeyrətdən, hallalıqdan danışanların astar üzü sizə daha aydın olar.
Aşkarlıq olsa, kadr işindəki biabrçılıqlar daha aydın detallarla bəlli olacaq. (Necə deyərlər, bizi izləyin)
Biz isə öz növbəmizdə aşkarlıq uğrunda səylərimiz daha da gücləndirəcək, çox “güngörməz” əməllərinə işıq salmağa çalışacağıq.
Zahir Əmənov






Önceki Sonraki
Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10