Lerik rayonunun vətənpərvər oğulları 1-ci və 2-ci Qarabağ savaşlarında fədakarlıqla döyüşmüşlər. Leriklilər 213 şəhid oğlunun xatirəsini həmişə əziz tutur. Məhz bu ehtiramın təzahürüdür ki, bu günlərdə tanınmış lerikli yazar Xalid Mahmud Lerik şəhidlərindən bəhs edən 444 səhifəlik “Əbədiyyət yolçuları” kitabı ilə oxucuların görüşünə gəlib
Xatırladaq ki, Xalid Mahmud 1982-ci ildə Lerik rayonunun Şivlə kəndində anadan olub. Atası Qədiməli Əhməd də resblikanın tanınmış qələm adamlarından biridir. Bir çox nəzm, nəsr, elmi və publisistik əsərlərin müəllifidir.
Xalid Mahmud “Azərbaycan” Universitetinin filologiya fakültəsini bitirib.
İlk şeirlər kitabı olan “Həsrət qoxulu sevgi” 2007-ci ildə nəşr edilmişdir. Elə həmin ildə “Qar yağır” şeirinə görə “Qarabağ harayı” fəxri fərmanı ilə təltif edilmişdir. Sonralar "Azərbaycan", "Ulduz", "Mars", "Sənət", "Kaspi" və digər qəzet və jurnallarda əsərləri çap olunmuşdur. Sonralar onun daha bir neçə şeir kitabı işıq üzü görüb. Prezident təqaüdçüsü, “Məmməd Araz mükafatçısı” və bir sıra müsabiqələrin qalibidir.
Bu yaxınlarda isə Xalid Mahmudun Lerik şəhidlərindən bəhs edən “Əbədiyyət yolçuları” kitabının yenidən işlənmiş və təkmilləşdirilmiş variantı çapdan çıxıb. Kitab Lerik rayonunun Çayrud kəndində doğulan I Qarabağ Müharibəsinin “Rembo” ləqəbli əfsanəvi qəhrəmanı Elxan Əlibəylinin həyat yoldaşı, hazırda Nederland krallığında yaşayan Vəsilə Əfladdun qızı Almasovanın maddi dəstəyi ilə işıq üzü görüb.
Kitabda biri 20 Yanvar, biri Xocalı şəhidi olmaqla bərabər 213 lerikli şəhidin qısa tərcümeyi-halı, keçdiyi döyüş yolu öz əksini tapmışdır.
Birinci Qarabağ savaşı şəhidləri arasında 5 nəfər lerikli Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülülb:
Müslümov Valeh Əlizaid oğlu,
Şahbazov Fəxrəddin İbrahim oğlu,
Abdulayev Rövşən Əbdülhüseyn oğlu,
Ağayev Fərhad İslam oğlu,
Əliyev Əsgər Ələkbər oğlu.
Lerikli Xaqani Xanıbəy oğlu Rüstəmov ölümündən sonar “Azərbaycan Bayrağı” ordeni,
Pələngov Bünyadəli Qulam oğlu isə ölümündən sonra “İgidliyə görə” qızıl medalı ilə təltif olunublar.
Xatırladaq ki, 2015-2016-cı illərdə Tovuz və Aprel döyüşlərində də Lerik rayonu 3, 2-ci Qarabağ savaşında isə 60-dan artıq şəhid vermişdir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci ildə imzaladığı sərəncama əsasən Füzuli cəbhəsində tank komandiri olan lerikli mayor Amid Rəbbil oğlu Heydərova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə döyüşlərdə qəhrəmancasına şəhid olmuş 7 lerikli müxtəlif ordenlərə layiq görülmüşdür:
1. Polkovnik-leytenant Mehman Mirəziz oğlu Şirvanov "Qarabağ" ordeni,
2. Baş-leytenant Əliqismət Mükafat oğlu Yaqublu “Azərbaycan Bayrağı” ordeni,
3. Leytenant Murtuz Çingiz oğlu Abbasov “Azərbaycan Bayrağı” ordeni,
4. Xüsüsi Təyinatlı Qüvvələrin giziri Vasif Gülhəsən oğlu Mehbalıyev “Azərbaycan Bayrağı” ordeni,
5. Xüsüsi Təyinatlı Qüvvələrin giziri Babək Süleyman oğlu Mahmudov “Zəfər” ordeni,
6. Dövlət Sərhədd Xidmətinin kiçik giziri Təbriz Məhərrəməli oğlu Talıbov “Vətənə xidmətə görə” ordeni,
7. Hərbi Dəniz Qüvvələrinin miçmanı Elvin Ramiz oğlu Səfərov “Qarabağ” ordeni.
Bundan əlavə onlarla lerikli fədakar xidmətinə görə müxtəlif medallarla təltif olunmuşlar.
Hazırda 1-ci və 2-ci Qarabağ savaşında döyüşərək qəhrəmanlıqlar göstərən lerikli Qazilər haqqında kitabın çapı üçün hazırlıq işləri gedir.
Cenub.az. Faiq Hüseynzadə