Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ad günündə nəşi tapılan şəhid


“Cənub.az”dan xatırlatma: Millət vəkili Məşhur Məmmədovun təşəbbüsü və Masallı Təhsil Fondunun təşkilati dəstəyi ilə həmyerlimiz yazıçı - jurnalist Nurəddin Ədiloğlu Vətən müharibəsində şəhid olmuş masallılıların döyüş yolundan bəhs edən “Şəhidlik manifesti” adlı xatirə kitabını nəşrə hazırlayır. Kitaba 51-i Masallıda və 11 -i ölkəmizin başqa regionlarında dəfn olunmuş əslən Masallıdan olan şəhidlər haqqında məqalələr toplusu daxil ediləcək. “Cənub.az” saytı müəllifin  mayor Anar Novruzov (Ərkivan), Vətən Müharibəsi Qəhrəmanı polкovniк-leytenant Ramiz Cəfərov (Ağakişibəyli), əsgər Əsəd Əsədli (Çayqıraq), əsgər Şahin Ağayev (Öncəqala), əsgər Ruslan Abbasov (Xırmandalı), əsgər Şaiq Kəlbiyev (İsgəndərli),   Vətən Müharibəsi Qəhrəmanı gizir İntiqam Əsgərli (Viləş), əsgər Əbdülrza Rəfibəyli (Boradigah), əsgər Əlisa Əliyev (Qızılağac) və baş gizir İntiqam Abbasov (Köçəkli) haqqında bədii-publisistik yazılarını oxuculara təqdim edib. Növbəti yazı  əsgər Masim Qurbanovun (Ərəb kəndi) döyüş yoluna həsr olunub.

                                                                            ***

Qısa tanıtım: Masim Hafiz oğlu Qurbanov 7 yanvar 2001-ci ildə Masallı rayonunun Ərəb kəndində anadan olmuşdur. 2008-2017-ci illərdə M.Hacıyev adına Ərəb kənd ümumi orta və X.Məmmədov adına Xırmandalı tam orta məktəblərində təhsil alıb. 2019-cu ilin yanvar ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin iyul ayında hərbi xidmətini başa vurub. Arzusu Fövqaladə Hallar Nazirliyində işə düzəlmək idi. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi uğrunda  başlanan Vətən müharibəsinə könüllü yola düşüb. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. İgid döyüşçü Qubadlı rayonunun “Qanlı təpə” yüksəkliyi uğrunda döyüşlərdə şəhid olub. Ölümündən 70 gün sonra tapılan nəşi 10 yanvar 2021-ci ildə böyük izdihamla doğulduğu Ərəb kənd qəbiristanlığında torpağa tapşırılıb. Subay idi.


                                                       Şəhidlik ölümün gözünə dik baxmaqdı 


 ...Vətənə məhəbbət insanın qəlbində yaşayan, onu doğma yurdunu, xalqını qorumağa sövq edən ən güclü mənəvi-əxlaqi hisdir. Hələ həqiqi hərbi xidmətdə olarkən düşmənlə üzbəüz mövqedə xidmət edən Masim Qurbanov Ali Baş Komandanın döyüş əmrinə hər zaman hazır olan Vətən əsgərlərlərindən biri olmuşdur. “Vətəni qorumaq ən müqəddəs və şərəfli vəzifədir” deyiminin arxasında Masim kimi mətin, igid, vüqarlı bir gəncin canla-başla durması təsadüfi deyildi. Atası Hafiz Qurbanov Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdu, II qrup müharibəsi əlili idi. Tez-tez övladlarına əfsanəvi “Babək-44” taboru və Milli Qəhrəman Əliyar Əliyevin başılıq elədiyi dəstədə birlikdə döyüş yolu keçdiyi silahdaşlarından söz açardı. 

...2020-ci ilin yayında hərbi xidmətdən tərxis olunandan sonra Masimin arzusu Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində mülki müdafiə kursu keçmək idi. 2020-ci ilin iyulunda Tovuz istiqamətində düşmən təxribatından sonra səfərbərlik və hərbi çağırış idarələrinə üz tutan Vətənin bütün təəssübkeş övladları kimi Masim də yaxşı bilirdi ki, dövlət sərhəddində baş verənlər adi sərhəd toqquşması deyildi. Bu, erməni faşistlərinin öz işğalçı siyasətini davam etdirmək cəhdi idi. Masim kimi qeyrətli oğulların çoxdan gözlədiyi məqam yetişmişdi. Tərəddüt etmədən senyabrın 29-da  könüllü  olaraq silaha sarılıb Vətən uğrunda  savaşa yollandı. İşğal altında olan torpaqlarımızı  erməni murdarlardan təmizlənməsində rəşadət göstərdi.  İrəlilədikcə, işğaldan azad etdikləri ərazilərin qələbə sevincini silah yoldaşları ilə birlikdə yaşadı. Artıq astaralı tabor komandiri polkovnik-leytenant Nail Orucovun aslanları sırasında əks-hücum əməliyyatlarında uzun məsafə qət edərək Qubadlı rayonu boyunca Azərbaycan-Ermənistan sərhədinə çatmışdılar. Oktyabrın 29 –da Masim Bazarçay ilə Həkəri çayı arasında yerləşən “Yazı düzü”ndən ata-anası ilə son dəfə telefonla danışanda: “Bir azdan döyüşə qalxırıq. Zəhmətinizi halal edin” demişdi. O gün payız günəşinin Qubadlı dağlarında qürub çağı idi... 


                                                               “Qanlı Təpə”də  son döyüş...


Qubadlıda düzəngah yer anlamında olan “Yazı düzü” ətrafındakı “Qanılı  dərə”, “Qanlı təpə”  və başqa yer-yurd adları qədim oğuzların yadigarlarıdır. “Qanlı Təpə” strateji  yüksəkliyinini  əldən vermək istəməyən düşmənlər geri çəkilsələr də vəziyyəti dəyişmək məqsədilə tez-tez təxribata əl atırdılar. Oktyabrın 30-da Gorus istiqamətindən güclü artileriya atəşi nəticəsində taborun 20-dən çox döyüşçüsü həlak oldu. O gün 3 silahdaşı ilə birlikdə Masim 8 erməni əsgərinin 4-nü sərrast atəşlə yerə sərdi. Ərkivan qəsəbəsindən olan Sənan Seyfullayevlə sağ qalan 4 düşmən əsgərinin izinə düşərkən şəxsi heyətdən təqribən 200 metr aralanmışdılar. Bu zaman ermənilər xarabazara çevirdiyi kəndin dəmir qülləsindən onları fasiləsiz minamiyot atəşəinə tuturlar və...  Ertəsi gün qanını da, canını da Vətən yolunda fəda edən polkovnik -leytenant Nail Orucovla birgə taborun 22 nəfər şəhidinin nəşi döyüş bölgəsindən çıxarılır. Amma şəhidlərin arasında Masim Qurbanovla, Sənan Seyfullayevin nəşi olmur. Beləcə hər iki döyüşçümüzün nəşi tapılana qədər itkin sayılır... 


                                                            Arxa cəbhənin qəhrəman qadınları


 44 günlük Vətən müharibəsində xalqımız arxa cəbhədə kitabalara sığmayan misilsiz qadın –ana fədakarlıqlarının şahidi də oldu. Şəhid oğlunun tabutu həyətinə gətirilən gün “Vətən sağ olsun” deyən analarla bərabər, şəhid ərinin tabutunu çiynində aparan cavan gəlin, nişanlı oğlunun tabutunu xonça ilə qarşılayan və şəhid balasının tabutu qabağında oynayan ana... Kəfənlik üçün yığdığı pulu ordumuzun  yardım fonduna köçürən ağbirçək nənə... 

  Düz 70 gün Masimin nəşini gözləyən anası Gülnar Gənciyeva isə onun tapılmasına iki qoç qurbanı boyun almışdı. “Mənim də balamın payına torpağa qurban getmək düşdü” deyən ana qəhər içində sadəcə bunları deməklə kifayətlənmirdi,  həm də oğlunun nəşinin torpağa tapşıralacğı gün ehsan edəcəyi  qoçları nəvazişlə bəsləyirdi. Arzusu ürəyində, ömrü yarıda qalan Masimin nəşini torpağa tapşırmaq üçün təkcə ata-anası, qohum-əqrabası deyil, Ərəb kəndinin böyükdən-kiçiyə bütün sakinləri intizarla gözləyirdilər. “Sənin kimi üç minə yaxın şəhid atası var" deyə 3 oğul 1 qız boya-başa çatdırmış Gülnar ananı təsəlli edənlər  onun ürəyində hansı fırtınaların qopduğundan da xəbərsiz deyildilər. Son günlər arayatı yuxularında oğlunun evə qələbə bayrağı ilə döndüyünü  görən və  “Qarşıla ay ana, döndüm evimizə” deyən Masimin səsindən diksinən ana susqunluğunu özünə sipər eləmişdi...

  Masim Qurbanovun adı  Vətən tarixinə əbədi həkk olunan, İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərən minlərlə igidlərimizin cərgəsində idi. Onun ata-baba ocağına gələnlər isə şəhid anasının oğlunun nəşinin tapılacağı  gün  üçün  bəslədiyi xınalı qurbanlıq qoçlara baxıb dərindən köks ötürürdülər... Masimin mərd anası haqqında eşitdiklərim və gördüklərim gözlərimin önündə “Dədə Qorqud” dastanındakı qadın qəhrəmanların obrazını canlandırdı.


                                                                     Oğlunun nəşini axtaran ata


  Uzun müddət nəşi tapılmayan Masimin atası Hafiz Qurbanov vaxtilə özünün döyüşdüyü səngərlərə  üz tutub getdi. Hadrudda hərbi biləşmənin komandiri general-mayor Mayis Bərxudarovla və Masimin sağ qalan döyüşçü yoldaşları ilə görüşdü. Düşmənın minaladığı ərazilərə buraxılmayanda atanın təşəbbüsü və təkidi ilə şəhidlərin nəşini axtaran əməliyyat qrupuna oğlunun ordudan tərxis olunmuş lənkəranlı Mehman və İmişli rayonundan İbrahim adlı silahdaşlarını da qoşdular. 20 yaşının tamam olduğu gün - 2021-ci ilin yanvarın 7-si Masimin tapılmış nəşi sanki Tanrı tərəfindən onun nigaran ruhuna və ailəsinə sevinc bəxş edən ən qiymətli “hədiyyə” oldu. Yanvarın 10-da torpağa tapşırmamışdan qabaq anasının nəzir elədiyi qurbanlıq qoçlar üç dəfə Masimin tabutunun başına çevirdilər. Şəhidlə vida mərasimində Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, ictimaiyyət nümayəndələri, ağsaqqallar və ziyalılar iştirak edirdi. Oğlunun tabutuna bükülmüş Azərbaycan Bayrağını  şəhidin xatirəsinə düzəldilmiş güşədə saxlayan atası deyir: “Masim həqiqi hərbi xidmətə 2019-cu ilin yanvarın 10-da Masallı şəhərindəki Bayraq Meydanında 30 çağrışçı gənclə müqəddəs Quranın altından keçib, bağrağımızı öpərək saat 13 radələrində yola düşmüşdü. Taleyin işinə bax ki, iki il sonra onun milli bayrağımıza bükülmüş tabutu həyətimizə elə  yanvarın 10-da  gətirildi və saat 13 radələrində nəşi torpağa tapşırıldı...” Bu ağrı-acının və sonsuz kədərin içində səbrlə danışan atanı Ərəb kənd məscidi dini icmasının sədri axund Əhliman Hüseynov və hacıtəpəli şair-publisist Əlizaman Baxışla birlikdə dinləyirik. Şəhid atası deyir ki, oğlumu döyüş bölgəsindən çıxartmağa əsgər yoldaşları can atsalar da, düşmən həmin ərazini atəşə tutduğunda onu oradan uzun müddət götürə bilməyiblər. “Sonra həmin ərazilər qalın qar altında qalıb...” Hafiz kimi ataların, Masim oğulların timsalında Vətən sevgisinin miqyasını, ölçüsünü bir qələm adamı kimi mənə sözlərlə ifadə etmək çox çətindir, amma Birinci Qarabağ müharibəsinin iştirakçı olan ata ilə İkinci Qarabağ müharibəsində şəhid olan oğlunun Vətənə canları, qanları ilə bağlı olduğundan döyüşdükləri səngərlər sanki dil açıb “danışır.” Ən qəribəsi də budur ki, atanın 1992 –ci ildə düşmənlə döyüşdüyü “Yazı düzü” ərazisində 28 ildən sonra oğlu vuruşub və qəhrəmancasına həlak olub... 


                                                                             Son söz yerinə


Masimin doğulub boya-başa çatdığı ata ocağında səliqə-sahmanla yaradılan xatirə güşəsini qonşu kəndlərin sakinlərinin də ziyarət ediklərinin şahidi olduq. Kənd məscidinin yaxınlığında Birinci və İkinci Qarabağ müharibəsində həlak olan beş ərəbli gəncin xatirələrinin əbədiləşdirilməsi üçün  tikilmiş “Şəhidlər bulağı”abidə kompleksi də müqəddəs məkana çevrilib... Yazı “Cənub.az” saytı üçün hazırlanarkən şəhidin atası Hafiz Qurbanovla bir daha əlaqə saxladıq. Bildirdi ki, Müdafiə nazirliyində qəbuldadır. “Uzun müddət  itikinlər siyahısında olan Masimin nəşi tapılandan sonra adı hərbi birləşmə komandanlığı tərəfindən Müdafiə nazirliyinə “Vətən uğrunda”, “ Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmağa təqdim olunub...”


Nurəddin ƏDİLOĞLU





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10