Tanınmış şair Sevinc Elsevərin yeni şeirlərini təqdim edirik.
səfərbərliyə çağırıldığını
gizlədir evdən
anası deyir, təzə, isti köynək alsa yaxşıdır əyninə
təzə köynək almağa əli gəlməz indi
“qayıtsam alaram”- deyə köks ötürür
pencəyini kiçik qardaşına bağışlayır
payız astanada...
***
“xına dəyməyib oğlumun əlinə”
ah-vay edir əsgər anası
“balası ona “ata” deməyib hələ”-
göz yaşı axıdır əsgər qadını
bir başqa evdəsə deyirlər:
“oğul-uşaq toyu görməyib o
nəvə oynatmayıb...”
səfərbərliyə çağırıldığını
gizlədir evdən
anası deyir, təzə, isti köynək alsa yaxşıdır əyninə
təzə köynək almağa əli gəlməz indi
“qayıtsam alaram”- deyə köks ötürür
pencəyini kiçik qardaşına bağışlayır
payız astanada...
***
“xına dəyməyib oğlumun əlinə”
ah-vay edir əsgər anası
“balası ona “ata” deməyib hələ”-
göz yaşı axıdır əsgər qadını
bir başqa evdəsə deyirlər:
“oğul-uşaq toyu görməyib o
nəvə oynatmayıb...”
oğlu müharibəyə çağırılan ananın təsəllisi:
“oxumuşları da aparırlar!”
***
atası əngəlli əmisi oğluna verəndə
nə oyunlar çıxartmışdı
xatırlayıb utanır
indi gecələri bir tək o rahat yatır
müharibə başlayandan bəri…
***
hər gecə minlərlə qadın
dizin-dizin sürünərək
yalvararaq əl açır Allaha:
“ailəmin bütövlüyünü qoru!”- deyə
ölkənin bütövlüyü uğrunda gedən müharibədə…
***
burnu deşilmiş corablarını
su buraxan ayaqqabılarını
gizləmişdilər ayaqları
bir-birlərinin arxasında
həmişə arxa durmuşdular bir-birinə
indi də salamat ayağı itik ayağının boşluğunu
gizləməyə çalışır əvvəlki kimi
çəpəki uzanaraq
qardaşının boşluğuna
qazinin Şəhidlər Xiyabanında çəkilmiş fotosunda...
***
göyərçinlərin arasına soxulub dənləyən
tez-tez kənara sıçrayan
yenə dənə qayıdan sərçələr haqqında
uşaqkən nə düşünürdüm
bilirsənmi?
onlar da nə vaxtsa böyüyüb
göyərçinlərə çatacaqlar.
***
telefonum yandı qəfildən
içində son beş ilin xatirələriylə
şəkillər, görüntülər, nələr-nələr...
salıb itirmiş
yaşamamış kimi hiss etdim o beş ili
şiddətli təəssüf hissi gəmirdi ürəyimi
yaddaşımda, xəyallarımda daha çox yer verə bilərdim o xatirələrə
xəyallar qurardım tez-tez
xəyal qurmaq yaddaşın məşqidir
bu balaca, qara qutucuğa arxayın olmasaydım halbuki
niyə soyuq, ürəksiz bir alətə özümdən çox etibar etmişəm?
Payızın əlaməti
qadının islaq pəncərə arxasında
ağlamağı da
payızın əlamətlərindən biri
gecə işıqları kimi çoxalırlar bir-bir
pəncərələrdə
və payızdan xəbər verir qadınlar da
dolub-boşalan buludlar
yağan yağışlar
yarpaqları küləklərlə sovrulan ağaclar tək
qadın da ağac kimidir
o da payız gələndə saçlarını tökür əlcə-əlcə
daraq-daraq
qadın da bulud kimidir
gözləri dolub-boşalır tez-tez
kədər təkcə payızda bu qədər sevimlidir
payız özü də bunu bilir.
Manqoyla tanışlıq
qırx yaşıma az qala
hardan ağlıma gəldisə
manqo aldım bazardan
“evdə bişməyib, qonşuda görməmişəm”
toplaşıb uşaqlar başıma
əcnəbi meyvəni doğramağımı gözləyirlər...
Robinzon Kruzo kimi heyrətlə baxıram ona
əlimdə bıçaq
hardan başlasam
içini necə açsam əcəba?
qabığı da yeyilirmi görəsən?
internetdən video tapıb izlətdirir qızım
iki daş arasında
baxıram ki,
qəliz məsələdir videodakı qadın kimi doğramaq
manqonu o cür kəsməkdənsə
qoyun kəsim, asanı odur...
bildiyimiz şaftalı kimi yanaşıram yad qonağa
manqo da heyrət edir buna
yaman da sərt çıxır əti, dərisi
kəsib paylayıram uşaqlara
əlimi kəsmədiyimə şükür edərək
böyük bir çəyirdək qalır əlimdə təkcə
udmaq qorxum olmadan
toyuq budu kimi sümürürəm onu
dadlıdır
elə azca da şaftalı kimi dadır
amma reyhanlı şaftalı kimi bəlkə də...
həyatı körpə uşaq heyrətiylə öyrənir insan
elə hər yaşda
yaşamaq təkcə buna görə gözəl deyilmi?
gözəldir yaşamaq
və dünyanı tanımağa çalışmaq
yetmişində də...
***
mavi ekranda şeir oxuyur
qart bir şair
dinləyirmiş kimi görünən aparıcı qızın əynindəki
çəhrayı don
gözəldir şairin şeirindən
qız özü də cığaraya sarılmış çiçək kimi
ürək kimi bir şey…
***
atasıyla anasının savaşarkən
zədələdiyi qapıya
rəngli boyayla
rəsm çəkib balaca qız
atasının yumruğunun yerində
rəngarəng bir çiçək açmış.
kulis.az