Ölkə başçısı dünyanın onlarla telekanalına, hətta bizə dost olmayan kanallara heç bir sualdan çəkinmədən açıq-canlı müsahibə verir. Amma siz region kanalına müsahibə verməmək üçün hansı hallara düşürsünüz.
Rəhbərlik etdiyim cenub.az saytında və cənub xəbərtv-də verdiyimiz materiallarda maksimum obyektiv və bitərəf olmağa çalışırıq. Yəni, kanalımız müvafiq qanunlara əməl etmək şərti ilə hamının üzünə açıqdır, eləcə də iqtidar mənsublarının üzünə. Lakin iqtidar təmsilçiləri ilə efirdə müsahibə almağa çətinlik çəkirik.
Konkret nümunə. Bir həftədən artıqdır ki, Masallı Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavin Məmməhüseyn Hüseynli ilə intensiv telefon əlaqəsi saxlayırıq ki, onunla cənub xəbərtv-də müsahibə alaq. Həmçinin bildirmişik ki, veriliş canlı olmayacq, montajdan sonrakı efirə gedən variantı sizə göstərəcəyik. Buyurun, yaxşı, ürəkaçan hansı işləriniz var, qarşıda hansı hədəfləri müəyyənləşdirəcəksiniz, gəlin danışın. Gah dedi administrasiya ilə razılaşmalıyıq, gah dedi, sabah, gah birisi günə söhbəti uzatdı. Sonda heç mesajlarımıza cavab vermədi.
Bəlli olduğu kimi bu günlərdə bir çox yerlərdə ictimai şuralara yaradılacaq. Mətbuata belə münasibət göstərənlər həmin ictimai şurada nə qədər səmimi olacaq? Görəsən, bunlar xalqdan niyə qaçırlar? Biz havay-kalam təbliğat üçün meydan veririk, bunlar kənara çəkilir. Axı, icra başçısı, hörmətli Şahin müəllim deyir ki, heç kimdən qorxmuram? Bu qorxmazlığı əməkdaşlarına da öyrətsin ki, onlar da efirdən çəkinməsin. Qəribədir, deməyə sözləri yoxdur, ya danışmağa...
Biz bu günlərdə ölkədə fəaliyyət göstərən 52 partiyanın Masallıda dayaq dəstəsi olan 21 təşkilatının təmsilçilərinin adını, ünvanını çap etməklə onlara müraciət ünvanladıq ki, buyurun meydana, xalqa sözünüzü deyin. Əksəriyyətin səsi çıxmadı. Təkcə AXCP-nin rayon təşkilatının sədri Əlişir Bəşirov əlaqə saxladı və yəqin ki, yaxın günlərdə ona efir vaxtı verəcəyik. (Yeri gəlmişkən, ona sualı olanlar rəy bölümünə yaza bilərlər) Başqa hansı partiya təmsilçinin də sözü varsa, ona da meydan verməyə hazırıq.
Bir anlığa ölkə başçısı cənab İlham Əliyevin çağırışlarına diqqət yetirək. Hamını nöqsanlara qarşı mübarizəyə çağırdı. Aşkarlıq olmasa, bu mübarizənin effekti necə olar? Ölkə başçısı dünyanın onlarla telekanalına, hətta bizə dost olmayan kanallara heç bir sualdan çəkinmədən açıq-canlı müsahibə verir. Amma siz region kanalına müsahibə verməmək üçün hansı hallara düşürsünüz.
Əgər bu gün qapalı məkanda, yəni canlı olmayan efirdə insanlarla üz-üz qalmaqdan ehtiyatlanırsa, sabah 100 adam meydana çıxsa, kim onların qarşısında çıxış edib, mövqe ortaya qoyacaq?
Belə getsə, biz Prezident Administrasiyasına müraciət edəcəyik ki, sizləri bizə müsahibə vermək üçün razı salsınlar?
Nə isə, ağır söhbətdir. Fikirlərinizi bilmək maraqlı olar?
Cenub.az. Zahir ƏMƏNOV